Yıxıldıqda, düzgün tullanmadıqda və ağırlıq qaldırarkən oynaq bağlarında sərpmə baş verə bilər. Bu zaman zədələnmiş oynaqda ağrılar və şiş əmələ qəlir, oynağın hərəkəti məhdudlaşır. Belə hallarda ilk tibbi yardım məqsədilə oynağa sıxıcı bint sarğı və buz qoyur, zədələnmiş oynağın rahatlığını təmin edirlər.
Oynaq sümüklərinin oynaq boşluğunda yerdəyişməsi (aralanması) zamanı çıxıq baş verir. Belə halda oynaq yerinin bütövlüyü pozulur, bəzən isə oynaq bağları qırılır. Ətraf oynaqlarında çıxıqların əlamətləri – oynaqların ağrısından, hərəkətin çətinləşməsindən, oynağın formasının dəyişməsindən, ətrafın (qolun, qıçın) qısalmasından və qeyri – adi vəziyyətdə dayanmasından ibarətdir.
Oynaqlarda çıxıq olarkən ətrafları immobilizasiya etməklə (tərpənməz hala salmaqla) oynağı rahat vəziyyətdə qoyub sarıyırlar. İri oynaqlarda – çanaq, bud, diz, bazu oynaqları, habelə onurğaarası oynaqda çıxıq baş verdikdə isə zədələnmiş adama ağrıkəsən dərman vurmaq məsləhət görülür.
Onurğaarası oynaqlarda çıxıq baş vermiş adamı ancaq bərk lövhədə arxası üstdə uzadılmış vəziyyətdə aparmaq olar. Çənəaltı oynaq çıxdıqda alt çənəni bərk saxlayan sarğı qoyurlar.
Sınıqlar zamanı ilk tibbi yardım
Kəskin hərəkət edərkən, zərbə nəticəsində, hündür yerdən yıxılarkən, avtomobil qəzası və digər qəzalar nəticəsində və ya zəlzələ zamanı bədənin sümükləri sına bilər. Sınıqlar qapalı və ya açıq olur. Qapalı sınıq halında dəri örtüyünün bütövlüyü pozulmur, açıq sınıq zamanı isə sınıq yerində dəri zədələnir. Açıq sınıqlar daha təhlükəlidir.
Sınıqları hər vaxt tez müəyyən etmək olmur, buna görə də şübhəli hallarda ilk tibbi yardımı sınıq halında oldugu kimi göstərirlər.
Sınıqlar zamanı ilk tibbi yardım göstərməyin əsas qaydaları – birinci növbədə, yaralının həyatını xilas edən ilk tibbi yardım tədbirlərini yerinə yetirməkdən, qapalı sınığın açıq sınığa çevrilməsinin qarşısını almaqdan, ətrafları və ya bədənin digər hissələrini immobilizasiya etməklə sınıq yerində sümükləri tərpənməz hala salmaqdan ibarətdir.
Qanaxma olan açıq sınıqlar zamanı əvvəlcə qanaxmanı dayandırır, sonra yaranı steril sarğı ilə örtür, yaralıya ağrıkəsən dərman vurur və yalnız bundan sonra tabel vasitələrindən və ya əlaltı vasitələrdən istifadə etməklə sümükləri tərpənməz hala salırlar. Sınıq yerinin tərpənməzliyini təmin edərkən xüsusi şin və ya əlaltı vasitələr elə qoyulmalıdır ki, bunlar sınıq yerinin yaxınlığındakı (sınıq yerindən yuxarıda və aşağıda) iki oynağı əhatə etsin. Belə immobilizasiya – nəqliyyat immobilizasiyası adlanır.