Multikulturalizm cavab Multikulturalizmə giriş” fənninin predmeti və əhəmiyyəti



Yüklə 55,37 Kb.
səhifə13/23
tarix02.01.2022
ölçüsü55,37 Kb.
#44415
1   ...   9   10   11   12   13   14   15   16   ...   23
Multikulturalizm cavab001

10.Yaxın Şərq dinləri: Zərdüştilik

Dünyanın ən qədim dinlərindən biri sayılan zərdüştiliyin mənsubları öz etiqadlarını “mazdayasna” (Avesta dilində “Mazda tanrısına pərəstiş” deməkdir. –Red.) və ya “vahvi-daena” (Avesta dilində “xeyirxah din” deməkdir –Red.), özlərini isə “behdin” (fars dilində “dindar” mənasına gəlir –Red.) adlandırırlar. Qərb dünyasında bu din Zoroastrizm kimi məşhurdur. Zərdüştilik və Zoroastrizm adları sözügedən dinin banisi Zərdüştün adından götürülmüşdür. Qədim yunanlar ona “ulduza sitayiş edən” mənasına gələn “Zoroastr” adını vermişlər. Onun adı zərdüştiliyin müqəddəs kitabı “Avesta”da “Zaratuştra Spitama” şəklində keçir. “Zaratuştra” sözü qədim pəhləvi dilində “dəvələri tərbiyə edən”, “yaşlı dəvə sahibi”, “sarı dəvə sahibi” mənalarına gəlir. Spitama isə Zərdüştün mənsub olduğu kahin nəslinin adıdır. Zərdüştün həyatı haqqında etibarlı məlumatları yalnız “Avesta”nın ən qədim hissəsi olan “Qat”lardan əldə etmək mümkündür. Lakin bu mötəbər məlumatların sayı azdır. “Avesta”nın digər mətnlərində Zərdüşt əfsanəvi şəxsiyyət kimi təsvir olunur. Onun həyatına dair əfsanə və rəvayətlər orta əsrlərdə pəhləvi dilində yazılmış zərdüşti ədəbiyyatda, habelə X-XI əsrlərdə Bəhram adlı şəxs tərəfindən fars dilində qələmə alınmış “Zərdüştnamə” kitabında əksini tapmışdır. Əksər tədqiqatçılar hesab edirlər ki, Zərdüşt peyğəmbər e.ə. VII-VI əsrlərdə yaşamışdır. Elm dünyasında onun doğulduğu yer barədə müxtəlif mülahizələr irəli sürülmüşdür. İran, Əfqanıstan, Fələstin və Orta Asiyada dünyaya gəldiyini iddia edənlər vardır. Lakin elm dünyasında Zərdüşt peyğəmbərin Cənubi Azərbaycanda anadan olduğunu bildirən tədqiqatçılar da az deyildir.

Zərdüştilik yarandığı coğrafi arealda çoxallahlılıq hökm sürürdü. Lakin bu dinin banisi Ahura Mazdanı yeganə yaradıcı tanrı elan etməklə çoxallahlılığı rədd etdi, bununla da Yaxın və Orta Şərqdə yaşayan bir çox xalqların dini həyatına yenilik gətirdi. Lakin Alman dinşünası Annemari Şimmelin (1922-2003) qeyd etdiyi kimi, bu din formalaşarkən daha əvvəlki inanclardan təsirlənmiş və onları sistemləşdirmişdir. Zərdüştün təlimi bu üç əsas prinsipə əsaslanır: xeyirxah fikir, xeyirxah söz və xeyirxah əməl. Tədqiqatçıların əksər hissəsi zərdüştiliyi dualist din sayırlar. Dini anlamda dualizm (latınca “ikili” mənasına gəlir) – canlı və cansız aləmin iki fövqəltəbii qüvvə, yaxud iki tanrı tərəfindən yaradıldığına, yaxud idarə olunduğuna inanmaq deməkdir. Lakin bir sıra alimlər zərdüştiliyi dualist deyil, monoteist və ya təkallahlı din hesab edirlər. Onların fikrincə, dualizm zərdüştiliyə sonradan keçmişdir. Bu nəzəriyyənin tərəfdarları öz mülahizələrini əsaslandırmaq məqsədilə “Avesta”nın “Qat”lar hissəsindən dəlillər gətirirlər. Zərdüştilər inanırlar ki, sonsuz nur içində olan xeyir tanrısı Ahura Mazda hər şeyin fövqündə dayanır. Onun varlığının başlanğıcı və sonu yoxdur. O, hər şeyi biləndir, bütün canlı və cansız aləmin yaradıcısı, dünyanın idarəçisi və hakimi-mütləqidir. Həmçinin Ahura Mazda işığın, saflığın və bütün həqiqətlərin tanrısıdır, hər bir yaxşılıq ondan gəlir. Ondan törəyən altı ilahi qüvvə və ya xeyir tanrıları isə kainatda harmoniyanın qorunmasında Ahura Mazdaya köməklik edirlər.

11.Uzaq Şərq dinləri: Konfutsiçilik

Konfutsiçilik Çin sivilizasiyasının mənəvi-mədəni imicini formalaşdıran iki əsas ənənəvi təlimdən biridir (digəri daosizmdir. –Red.). Uzun əsrlər boyu bu təlim Çin dövlətinin ideoloji əsaslarını təşkil etmişdir. 1911-ci ildə monarxiyanın devrilməsinə və Çin Xalq Respublikasının yaranmasına qədər Konfutsiçilik “Səma altının” dövlət ideologiyası və rəsmi dini olmuşdur. Çinlə yanaşı, Koreya, Yaponiya kimi bir sıra ölkələrin dini inanc sisteminə daxil olmuşdur. Mənəvi-mədəni fenomen olaraq Konfutsiçiliyin təbiətinə dair elm adamları arasında iki fikir mövcuddur. Bir sıra tədqiqatçılar Konfutsiçiliyi din statusunda görmürlər, əsasən etik-siyasi doktrina kimi nəzərdən keçirirlər. Ancaq bütün sinoloq-tədqiqatçılar Çin dinini “üç təlim” kimi təqdim edirlər: Konfutsiçilik, Daosizm və Buddizm. Ənənəvi olaraq, dinşünaslığa aid dərsliklər də bu prinsipə əməl edərək Konfutsiçiliyi din sahəsinə daxil edirlər. Belə ki, dünyəvi görünən xarakterinə baxmayaraq, Konfutsiçilik dini doktrinanın əsas meyarlarına tam uyğundur. Məzmun etibarilə o, insanın mənəvi fəaliyyət sahəsinə aiddir, insan həyatının daxili məzmununu harmonikləşdirən mistik təcrübəni nəzərdə tutur, Səma və əcdadlar qrupu şəklində mənəvi dünyanın varlığını təsdiqləyir, ritualların həyata keçirilməsinin, xüsusilə də, qurban vermənin zəruriliyini tanıyır. Konfutsiçilik termini Avropa mənşəlidir və təlimi formalaşmasına təsir göstərən şəxsin adından yaranmışdır. Çinin özündə isə bu təlim “ju tzya” kimi tanınır. Mənası “mütəfəkkirlərin, müdriklərin təlimi”, yaxud “alimlər məktəbi” deməkdir. Konfutsi Çin mütəfəkkiri və filosofu Kon Fu Dzının latınlaşdırılmış adıdır. O, e.ə. 551-479-cu illərdə yaşamışdır. Filosofun yaşadığı dövr böyük sosial və siyasi sarsıntılar dövrü idi – Çjou xənadanının hökmdarı Xan öz qüdrətini itirmişdi, patriarxal ənənəvi normalar sıradan çıxırdı, ümumiyyətlə, dövlət institutu dağılmaqda idi. Belə bir şəraitdə zadəganların bəzi nümayəndələri əvvəlki nüfüzunu itirərək ənənəvi Çin mətnlərini öyrətməklə, özəl dərslər vasitəsilə dolanmağa çalışırdı. Bu müəllimlərdən biri də Konfutsi olmuşdur. Konfutsi öz təlimində ibtidai inanclara - əcdadlar kultu, torpaq kultu, qədim çinlilərin ali tanrısı və əfsanəvi atası sayılan Şan-diyə ehtirama əsaslanmışdır. Nəticədə o, yer üzündə bütün canlıların taleyini müəyyənləşdirən ən yüksək ilahi güc olaraq Səma ilə əlaqələndirilməyə başlanılmışdır. Bu müdriklik və güc Konfutsinin portreti. Çin rəssamı Vu Daodzı. VIII əsr. MİLLİ DİNLƏR 167 mənbəyi ilə genetik əlaqə ölkənin adında “Səma altı” və XX əsrə qədər onun hökmdarının titulunda “Səmanın oğlu” şəklində kodlaşdırılmışdır.



12.Cənubi Asiya dinləri: Hinduizm

Hinduizm dünyanın ən qədim dinlərindən hesab olunur. Ehtimala görə, bu dinin meydana gəlmə tarixi e.ə. II minilliyə qədər gedib çıxır. Hinduizmin mənsubları (hinduistlər) öz dinlərini “Sanatana dharma” adlandırırlar. Bu kəlmə sanskrit dilində “əbədi din”, “əzəli qanun” və “əbədi yol” mənalarına gəlir. Hindistan əhalisinin 80 faizi bu dinə sitayiş edir. Dünyanın digər regionlarında yaşayan hinduistlərin sayı 45 milyon təşkil edir. Onların 18 milyonu MİLLİ DİNLƏR 177 Hinduizmi dövlət dini elan etmiş yeganə ölkə Nepalda yaşayırlar. Bütövlükdə dünya əhalisinin təxminən 12 faizi bu dinə mənsubdur. Hinduizm əsasən Brahmanizm, Buddizm, Çaynizm və Hindistanın digər yerli inanclarının sintezi nəticəsində meydana gəlmişdir. Tədqiqatçılar Hinduizmin formalaşma prosesini beş yerə bölürlər. 1.Vedalar dövrü (e.ə. II minillik); 2.Upanişadlar dövrü (e.ə. VIII-V əsrlər); 3.Klassik dövr (e.ə. V – b.e. V əsri); 4.Orta çağdakı ilahiyyat və fəlsəfənin tərəqqisi dövrü (Vedanta); 5.Müasir dövr.

Hinduizmdə tanrı anlayışı Hinduizmin inanc sistemində üç ali tanrı mərkəzi yeri tutur. Bunlar Brahma, Şiva və Vişnu tanrılarıdır. Mifologiyaya əsasən, Brahma yaradıcı, Vişnu qoruyucu, Şiva isə məhv edən, dağıdıcı tanrıdır. Onu da qeyd edək ki, Hinduizmin cərəyanlarında bu tanrılara münasibət fərqlidir. Belə ki, bəzi hinduist cərəyanlar bu tanrıları bərabər səviyyəyə qoysalar da, bəziləri yaradıcı tanrı Brahmanı daha üstün sayırlar. Bununla yanaşı Hinduizmin ən böyük qollarından olan Şivaizmdə Şivu, Vişnuizmdə isə Vişnu yeganə ali tanrı hesab olunur. Hinduizmdə həmçinin Brahma, Vişnu və Şiva tanrıları Brahman adlı Mütləq Varlığın təzahürləri hesab olunurlar. Bu dinin mənsubları inanırlar ki, bütün mövcudatın mütləq başlanğıcı sayılan Brahman sonsuzdur, dəyişməzdir, hərəkətsizdir, dünyanın ruhudur və hər hansı xüsusiyyətə malik deyildir. Hinduistlərin anlayışında Mütləq Varlıq saysız-hesabsız formalarda şəkillərdə təzahür edir və ona müxtəlif üsulda sitayiş etmək müm- “Hinduizmin üç tanrısı: Brahma, Vişnu, Şiva”.

Müqəddəs kitablar Hinduizmin müqəddəs kitabları qədim dillərdən sayılan sanskritcə tərtib olunub və iki əsas qrupa bölünür: “Şruti” (vəhyə əsaslananlar) və “Smriti” (dastan şəklində olanlar). Hinduistlər “Şruti” mətnlərinin “rişi” adlanan rahiblərə vəhy yolu ilə nazil olduğuna inanırlar. “Şruti” külliyyatına bunlar daxildir: 1. “Veda”lar – “İlahi bilgi” mənasına gələn “Veda”lar Hinduizmin ən qədim müqəddəs mətnləridir; 2. Brahmanlar – dini ayinləri izah etmək məqsədi ilə “Veda”lara yazılan şərhlərdir; 3. “Upanişad”lar – dini-fəlsəfi səciyyə daşıyan qədim hind mətnləridir. Bu kitablarda əsasən meditasiya və tanrının mahiyyəti kimi mövzular müzakirə olunur; 4. “Aranyaki”lər – əsasən müxtəlif təhlükəli dini təcrübələrdən bəhs edən qədim dini kitablardır. “Şruti” külliyatından bəhs edərkən, “Veda”lar barədə ətraflı məlumat vermək lazımdır. Çünki hinduistlər üçün “Veda”lar böyük sakral (müdəddəs) mahiyyətə malikdir. Qeyd edək ki, “Veda”lar dörd dini kitabdan ibarətdir: “Riqveda”, “Yadjurveda”, “Samaveda” və “Atharvaveda”.



13.Etnik birliklər və onların təkamülü

Etnik birlik və ya etnos - öz ərazisinə, adına, dilinə, mədəniyyətinə, özünüdərkə mənsub olan tayfa, xalq və millət kimi insan birlikləridir. Ailə, klan və qəbilə isə protoetnos qrupuna daxildir. Onlar etnoslarla müqayisədə daha kiçik birlik qruplarıdır. Protoetnoslar tayfa, sonralar isə xalq, millət kimi etnosların tərkibinə daxil olmuşdur. Protoetnosların müstəqil mədəniyyəti yoxdur. Etnoslarla onları yaxınlaşdıran amillərdən ümumi ərazini, birgə iqtisadi fəaliyyəti, ümumi tarixi göstərmək olar. Tarix boyu hər bir etnos müəyyən amillərin təsiri altında müvafiq dəyişikliklərə məruz qalır. Etnosun ilkin forması genişlənmiş ailədir. Tədricən bir neçə genişlənmiş ailə qan qohumluğuna əsaslanan qəbilə və tayfalarda birləşir. Qəbilə və tayfa sinfi cəmiyyətdən əvvəl, ibtidai icma quruluşu dövründə mövcud olmuşdur. Qəbilə ortaq dilə, adət-ənənələrə, əraziyə, mənşəyə mənsub olan qan qohumlarını özündə birləşdirirdi. Qəbilə üzvləri öz qan qohumluqlarını dərk edərək ümumi adla öz birliklərini nümayiş etdirirdilər. Hər bir qəbilə 40-50 nəfərdən ibarət idi. Qəbilənin iqtisadi əsasını icma mülkiyyəti təşkil edirdi. İcma mülkiyyətinə insanların yaşadıqları və özlərinə gündəlik ərzaq topladıqları ərazi daxil idi.



Tayfa qəbiləyə münasibətdə ibtidai icma quruluşu çərçivəsində insanların daha yüksək birlik forması idi. Onun əsas fərqləndirici cəhəti eyni kökdən çıxmış, lakin sonradan bir-birindən ayrılmış qəbilələrin birləşməsi idi. Buna görə də tayfa qəbilədən sayca daha böyük insan qrupunu özündə birləşdirirdi. Bununla belə qeyd etmək lazımdır ki, tayfanın da əsasını qan qohumluğu təşkil edir. Buna görə də tayfa da qəbilə kimi etnik kateqoriya olaraq qalırdı. Eyni zamanda tayfanın meydana gəlməsi cəmiyyətdə qərarlaşmış çoxfunksiyalılığın parçalanmasına gətirdi. Bu, onunla izah olunurdu ki, qəbilə hələ də cəmiyyətin təsərrüfat hüceyrəsi olmaqda davam edirdi. Tayfa isə ictimai funksiyaların yalnız bir hissəsini həyata keçirirdi. Belə olan bir şəraitdə etnik birliyin təsərrüfat funksiyalarından ayrılması prosesi başladı. Xalq insanların birlik forması kimi tarixin daha yüksək inkişaf mərhələsində formalaşır. O, qəbilə və tayfadan fərqli olaraq əsas birləşdirici amil kimi qan qohumluğunu yox, ümumi ərazi, təsərrüfat fəaliyyəti, ortaq dil, mədəniyyət, adət-ənənə, psixi davranış tərzini ehtiva edir. Xalqın formalaşması ilk dövlətlərin meydana gəlməsindən sonra baş verir. Xalqın bu xüsusiyyətləri onun müxtəlif insan qrupları arasında ərazi, təsərrüfat və qonşuluq əlaqələrinə əsaslandığını göstərir. Etnos tarixin ilkin insan birliklərini-qəbilə, tayfa, tayfa ittifaqlarını, xalqı əhatə edir və təbii-tarixi proses kimi kiminsə iradəsindən asılı olmayaraq yaranır. Millət isə milli hərəkatların gedişində çoxsaylı insanların, bəzi hallarda hətta onların bir neçə nəslinin müəyyən məqsədlərə, ilk növbədə isə siyasi məqsədlərə nail olmaq uğrunda apardığı uzun müddətli mübarizənin nəticəsində yaranır. Bu zaman etnik əlaqələr, etnik əlamətlər millətin müəyyənedici amili kimi yox, ilkin müqəddəm şərti rolunda çıxış edir.

14.Etnik dəyərlər və milli mentalitet

Mentalitet termini ilk dəfə 1856-cı ildə ABŞ alimi R.Emerson tərəfindən elmə gətirilmişdir. O zamandan xeyli vaxt keçsə də, bugünədək politoloqlar, mədəniyyətşünaslar və sosial psixoloqlar arasında bu məfhum haqqında fikir müxtəlifliyi qalmaqdadir. XX əsrdə isə mentallıq problemi əsasən SSRİ-dən mühacirət etmiş filosoflar - N.Berdyaev, S.Frank, S.Bulqakov, S.Trubetskoy və b., xaricdə isə C.Letevir, Levi-Bpyul, R.Mandey, E.Labruss və b. tərəfindən işlənmişdir. Sovet cəmiyyətşünaslığında bu problemin tədqiqinə qəsdən imkan verilmirdi. Çünki o, dinin, şüursuzluq affektlərinin və başqa bu kimi “keçmişin qalıqlarının” güclü təsiri altında olan Freyd və Nitsşe nəzəriyyələrinin cərəyanlarına aid edilirdi. XX əsrin 90-cı illərinin əvvəllərindən mentallıq əsasən fəlsəfə, mədəniyyətşünaslıq və psixologiya çərçivəsində öyrənilir. Siyasi nəşrlərdə də ciddi məqalələr meydana çıxmağa başlayır. Ümumiyyətlə isə mentalitet anlamının mahiyyətinin araşdırılmasının milli-etnik münasibətlər baxımından böyük əhəmiyyəti vardır.

Mentalitet – mürəkkəb, çoxtəbəqəli və müxtəlif keyfiyyətli təzahürdür,strukturca o, müxtəlif xüsusiyyətlərin elementləri ilə təmsil olunmuşdur. Xalqın, millətin mentaliteti daha konkret subyektivliyə malik olmaqla onların tarixi keçmişi və bu günü, həmçinin cəmiyyətin sosial-sinfi strukturu (stratifikasiyası), onun etnik, cins-yas, konfessional və s. keyfiyyətlərinin xüsusiyyətləri ilə müəyyən olunur. Mentalitet xalqın özünəməxsus sosial yaddaşıdır. Lakin onun hər bir törəməsi və tərkib hissələri şüurun və davranışın müəyyən stereotiplərinə bağlıdir. Son nəticədə bunlar xalqın mentaliteti adlana bilən toplusunu - məlumatlar məcmusunu təşkil ebir. Mentalitetin subyektivliyində cəmiyyətin kütlə və elita kimi iri təbəqələrini ayırmaq lazımdır. Məlum olduğu kimi, sonuncunun bir sıra sahələrdə - dövlət idarəçiliyi və ictimai fəaliyyətdə, elmdə, mədəniyyətdə, özünün ideal və dəyər komponentləri ilə birlikdə dünyagörüşündə rolu həmişə böyük olmuşdur. Xalq gözəlliklərin ilkin yaradıcısı kimi öz içərisindən alimləri, yazıçıları, şairləri, rəssamları, müsiqiçiləri yetişdirib ortaya çıxarır, onlar da öz sahələrində qiymətli mədəniyyət incilərini yaradırlar. Bunlarsa xalqın özünəməxsus yaradıcılığı, dastanlar, ənənələr, miflər, folklorla birlikdə elə bir mənəvi mental mühit formalaşdırır ki, o da yüz illərlə insanların sosial-psixoloji durumunu və əxlaqietik meyarlarını, obrazlarını, təsəvvürlərini, dəyərləndirmələrini, həyat tərzlərini və meyllərini müəyyənləşdirməyə qabildir. Qeyd olunanları isə nəsillər birbirinə “irsən” ötürürlər. Öz tarixi inkişafında millətlər (xalqlar), siniflər, qruplar, digər sosial təbəqələr, cəmiyyətin bütün mövcud sosial-iqtisadi və siyasi-dövlət strukturu sanki həyatın mental formasının əsası üzərinə qoyulur. Onlar da sosial proseslərin, münasibətlərin və əlaqələrin vəziyyətinə və dinamikasına davamlı və uzunmüddətli təsir göstərir.

15.Etnik-mədəni müxtəlifliyin tənzimlənməsinin mümkün siyasət modelləri: assimilyasiya, izolyasiya, aparteid və multikulturalizm

Multikulturalizm bir siyasət modeli kimi cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında isə cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Bir siyasət modeli kimi multikulturalizm ötən əsrin 60-cı illərində Kanadada meydana gəlmişdir. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli vasitəsilə tənzimləməyə çalışırdılar: assimilyasiya və izolyasiya. Assimilyasiya siyasəti milli azlıqların etnik-mədəni dəyərlərini titul (əsas) etnosunmədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. İzolyasiya siyasəti isə milli azlıqların etnik-mədəni dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir.

İzolyasiya siyasəti 2 formada özünü büruzə verir: a. O, milli azlıqların ölkəyə daxil olub orada məskunlaşmasına mane olur; b. Cəmiyyətdə artıq məskunlaşmış müəyyən qrup adamların assimilyasına mane olmaq məqsədilə onları təcrid edir. İkinci halda bu siyasət aparteid adlanır. Aparteid (afrikaans dilindən tərcümədə “ayrılıq”, “ayrılıqda yaşamaq” mənasını verir) Cənubi Afrika Respublikasında 1948-1994-ci illərdə tətbiq olunan siyasətdir. Aparteid siyasəti qeyd olunan dövr ərzində hakimiyyətdə olan Milli partiya tərəfindən aparılırdı. Bu siyasətin əsasını irqi ayrı-seçkilik təşkil edirdi. Aparteid siyasəti ölkə əhalisini 4 irqi qrupa bölürdü: “qaralar”, “ağlar”, “rənglilər” və “hindlilər” . 1960-1983-cü illər ərzində 3,5 milyon qeyri-ağ əhali yaşadıqları yerlərdən xüsusi zonalara (rezervasiyalara) köçürüldü. 1970-ci ildə ölkənin qeyri-ağ əhalisi siyasi təmsilçilikdən məhrum olundu. Onların vətəndaş hüquqları xeyli məhdudlaşdırıldı. Hakimiyyətdə olan irqçilər ayrı-seçkiliyi həyatın bütün sahələrində tətbiq edirdilər. Qeyri-ağ əhali üçün təhsil, səhiyyə, digər xidmət sahələri ayrılıqda fəaliyyət göstərirdI.

16.Qərb ölkələrində dözümsüzlüyün, ksenofobiyanın və ayrıseçkiliyin geniş yayılmış formaları

1)İslamofobiya Müasir dövrdə etnik–mədəni müxtəlifliyin tənzimlənməsi sahəsində Qərb ölkələrinin üzləşdiyi əsas problemlərdən biri islamofobiyanın bu ölkələrdə baş qaldırmasıdır. İslamofobiya dözümsüzlüyün, ksenofobiyanın və ayrıseçkiliyin geniş yayılmış formalarından biridir. Qərb ölkələrində islamofobiyanın yayılması orada multikulturalizmin iflasa uğramasının əsas göstəricilərindən biridir. 348 MULTİKULTURALİZMƏ GİRİŞ İslamofobiya məfhumu iki sözün birləşməsindən formalaşmışdır- İslam və fobiya (qorxu). Bu məfhumun etimologiyasına uyğun olaraq islamofobiya İslam dininə, müsəlmanlara, müsəlman dövlətlərinə və ümumiyyətlə bu dinlə bağlı olan hər bir sosial hadisəyə münasibətdə qorxuya və qorxudan irəli gələn, onun məntiqi nəticəsi olan nifrətə, o cümlədən ayrı-seçkiliyə, təqibə əsaslanır. Kembric lüğətində islamofobiyaya verilən tərifdə İslama və müsəlmanlara münasibətdə olan nifrət və ya qorxu haqlı olaraq əsassız hesab olunur, Meriam Vebster lüğətində isə - irrasional. Doğrudan da islamofobiyanın İslam dininə və müsəlmanlara münasibətdə təqdim etdiyi qorxu və nifrət əsassız, məntiqsiz, həmçinin ədalətsizdir. Buna görə də, yuxarıda qeyd etdiyimiz kimi, islamofobiya dözümsüzlüyün, ksenofobiyanın və ayrıseçkiliyin geniş yayılmış formalarından biridir. O, müsəlmanlara qarşı dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edir. Hətta bəzi tədqiqatçılar haqlı olaraq islamofobiyanı irqçiliyin konkret bir forması hesab edirlər.

2)Antisemitizm Yəhudi xalqının nümayəndələrinə qarşı nifrəti bildirmək üçün “antisemitizm” ifadəsi ilk dəfə 1879-cu ildə istifadə olunmuşdur. Toraya görə (Musa peyğəmbərin beş kitabından ibarət olan yəhudiliyin müqəddəs kitabı. Tora haqqında bu dərsliyin IV fəslinin 4.1.2.-ci bəndinin “Dini mətnlər” adlı altbəndində ətraflı məlumat verilir.- Red.), yəhudilər Nuhun üç oğlundan biri olan Simin birbaşa nəslindən gəlirlər. Həmçinin Sim bütün semit xalqların (ərəblər, babilistanlılar, assuriyalılar, finikiyalılar, aramilər, maltalılar və s.) əcdadı sayılır. Lakin avropalılar az qala bütün Avropa ölkələrində yaşayan yəhudilərlə daha çox qarşılaşdıqları üçün bu termin yalnız onlara aid edilməyə başladı. Ehtimal olunur ki, “antisemitizm” anlayışını ilk dəfə irqçi, fanatik jurnalist Vilhelm Marr işlətmişdir. Müasir dövrdə antisemitizm həm bir sıra Avropa ölkələrində, həm də Ermənistanda geniş vüsət alır. Məsələn, Ermənistanda nüfuzlu erməni politoloqu professor İqor Muradyan 1988-ci ildə “Ermənistanın səsi” qəzetində dərc olunan məqaləsində açıq şəkildə nasist ideologiyasının tərəfini tutur. Bu politoloqun məqaləsindən belə çıxır ki, yəhudi-erməni qarşıdurması semit və arilər arasında baş vermiş münaqişənin davamıdır. O, məqaləsində yəhudiləri qondarma erməni soyqırımında günahlandırmaq kimi standart ittihamlarla kifayətlənmir və daha dərinə gedir, cəfəng iddia ilə çıxış edərək Qarabağ münaqişəsinin arxasında yəhudi xalqı və İsrail dövlətinin dayandığını deyir.

17.Multikulturalizmin Kanada modeli

Multikulturalizm siyasətinin ilk tətbiq edildiyi ölkələrdən biri də Kanadadır. Bu dövləti ABŞ, Avstraliya və Yeni Zelandiya ilə birlikdə miqrasiya dövlətləri adlandırırlar. Bunun da səbəbi şübhəsiz ki, dövlətin miqrantlar tərəfindən formalaşdırılması idi. ABŞ ilə Kanada eyni coğrafi məkanı və oxşar tarixi taleyi paylaşsalar da, millətin formalaşmasında fərqli yol keçmişlər. ABŞda millətin formalaşması prosesi “əridən qazan”a (melting pot) bənzədilirdi. Burada əsas məqsəd fərqli köklərdən gələn insanların əridilərək vahid millət kimi formalaşdırmaq idi. Kanadanın “mozaika” adlanan modelində isə müxtəlif mədəniyyətdən gələn etnik qruplar milləti formalaşdırarkən öz fərqliliklərini də qoruyub saxlayırdılar. Kanada bu gün də miqrant qəbul edən və onlara ən yaxşı münasibət sərgiləyən ölkələrdən biridir. Hər il bu ölkə tələbələr, müvəqqəti işçilər, qaçqınlar istisna olmaqla 250 min miqrant qəbul edir.

Müxtəlif mədəniyyətlərin həmrəy olduğu Kanada dini müxtəliflik baxımından da rəngarəngdir. Ölkə əhalisinin 67 faizi xristian, 3,2 faizi müsəlman, 1 faizi yəhudi, 1,1 faizi buddist, 1,5 faizi hindus, 1,4 faizi siqhlərdən ibarətdir. 24 faiz kanadalı isə heç bir dinə sitayiş etmir. İngilis və fransız dilləri dövlət dilidir. Eyni çətir altında yaşayan müxtəlif mədəniyyətlərdən gələn miqrantların qarşılıqlı hörmət, anlaşma və dialoq şəraitində yaşamasını, iqtisadiyyata töhfə verməsini təmin etmək və bu multikultural mühiti qoruyub saxlamaq üçün müvafiq siyasi konseptin hazırlanmasını zəruri idi. Bu baxımdan Kanada hökuməti 1971-ci ildə multikulturalizmi miqrantların inteqrasiyası üçün ideoloji çərçivə olaraq qəbul etmişdir. Həmin il Kanadanın liberal Baş naziri Pyer Trudo elan etdi ki, onun hökuməti “multikulturalizmi ikidilli siyasət çərçivəsində” qəbul edir. Ötən əsrin 80-ci illərindən etibarən Kanadada bərabərlik multikulturalizmi dövrü başlayır. Multikulturalizmin bu dövrünün əsas xüsusiyyəti etnik-mədəni qrupların qorunub saxlanması, bərabərliyin təmin edilməsi, irqi ayrı-seçkiliyin və institusional maneələrin ortadan qaldırılmasına doğru dəyişməsi təşkil edir. Multikulturalizmin ölkə səviyyəsində əsas siyasət kimi təsbit edilməsinə yönəlmiş hüquqi sənədlər də elə bu zaman qəbul olunmağa başladı. Kanada multikulturalizminin maraqlı cəhətlərindən biri də xalqın çoxmədəniyyətliliyinin rəsmi şəkildə qeyd edilməsidir. 1996-cı ildən Kanada parlamentinin qərarına əsasən, hər il qara kanadalıların ölkəyə töhfəsinin rəmzi olaraq “Qaralar Tarixi Ayı” (Black History Month), hər ilin may ayında isə “Asiyalılar İrsi Ayı” (Asian Heritage Month) qeyd olunur. 27 iyun tarixi bütün kanadalıların öz ölkəsinə fərqli töhfələrinin qeyd olunması günü kimi təsdiq edilməsi də məhz “Multikulturalizm proqramı”nda yer alır. Bu gün Kanada multikulturalizmi sosial ədalət, mədəni kimlik və vətəndaş iştirakı prinsipləri üzərində qurulub. Qeyd edilməlidir ki, son dövrlərdə əksər Avropa ölkələrinin dövlət siyasətində, siyasi partiya liderlərinin çıxışlarında, mediada və ümumiyyətlə, ictimai müzakirələrdə multikulturalizmin getdikcə daha çox mənfi qarşılanmasına və neqativ çalar daşımasına baxmayaraq, Kanadada multikulturalizm hələ də cəmiyyətin birgəyaşayışının ən effektiv modeli kimi bütün səviyyələrdə müdafiə olunur və ictimai diskursda həmişə müsbət notlarla xarakterizə edilir.

18.Dini radikalizm və onunla mübarizə yolları

“Radikalizm” termini latın dilindəki “radix” (radiks) sözündən götürülüb, mənası əsas, köklü deməkdir. XVIII əsrin sonlarında İngiltərədə yaranan, sonra isə XIX əsrdə Avropa qitəsində yayılan bu termin ictimai-siyasi, iqtisadi və mədəni islahatlara, eləcə də müvafiq islahat təcrübəsinə əsaslanan fəaliyyət mənasında işlədilmişdir. Bu gün isə daha çox siyasi münasibətlərin, eləcə də siyasi sistemin əsas institutlarının qətiyyətli, köklü dəyişdirilməsinə yönəldilmiş ifratçı siyasi ideyaları və fəaliyyəti ifadə edir. Əvvəlcə siyasi mahiyyətdə işlədilən “radikalizm” müasir dövrdə həm də müxtəlif sahələrdə, o cümlədən dində köklü dəyişikliklər etməyə cəhd göstərən qruplara şamil olunur. Bu mənada “dini radikalizm” və ya “radikal dini qruplar” tez-tez rast gəldiyimiz ifadələrdir. Dini radikalizm hansısa dinin üstünlüyünü, xüsusi imtiyaza malik olduğunu təbliğ etməklə digər etiqadların mənsublarına qarşı dözümsüz münasibət göstərən ifratçı sosial-dini fenomendir. Dini radikallar isə bu cür ideyaların təsirinə məruz qalmış, din adı altında gizlənən fərdlər və ya qruplardır. Əslində, dini radikalizm termin kimi yeni olsa da, ictimai hadisə kimi yeni deyil. Tarix boyu din və məzhəb zəminində qanlı münaqişələr baş verib, günahsız insanların qanı axıdılıb.Dini radikalizmlə mübarizənin bir sıra metodları mövcuddur.

Şübhəsiz ki, birinci metod maariflənmədir. Savadsız insanı idarə etmək, istənilən tərəfə yönləndirmək asan olur. Bu baxımdan insanları radikalların təsirindən qorumağın ilkin metodu maarifləndirmə işinin aparılmasıdır. İnsanın özünə, ailəsinə, yaşadığı cəmiyyətə və bütün dünyaya faydalı ola bilməsi üçün ən gərəkli şey elmdir. Elmə gedən yol isə təhsildən keçir. Təhsil fərdin, cəmiyyətin bütün sahələrdə yüksəlişini təmin edir, zəruri məlumatları verərək şəxslərə bacarıq və istedad qazandırır, yüksək mənəvi dəyərlər aşılayır, pis vərdişlərdən, davranışlardan qoruyur, yaxşı keyfiyyətlərə yiyələndirir. Bu səbəblə dində elmə, oxumağa, öyrənməyə böyük dəyər verilmişdir. Təsadüfi deyil ki, insanların doğru yola yönəlməsi üçün göndərilmiş “Qurani-Kərim”in ilk əmri “oxu” olmuşdur (“Əlaq surəsi”, 1-ci ayə). Təhsilsiz insan dünyaya hansı istiqamətdən baxacağını müəyyən edə bilməz. Radikalizmin qurbanı da əksər hallarda bu şəxslər olur. Bu cür insanlar bir növ oyuncağa çevrilir və özləri də bilmədən zamanla topluma zərər verirlər. Radikalizmlə mübarizədə preventiv metod radikalların apardığı təbliğatdan bir addım öndə olmaq prinsipinə əsaslanır. Belə ki, onlar öz radikal fikirlərini dini mənbələrə istinad edərək yayırlarsa, dini maarifləndirmə işini həyata keçirənlər onlardan bir addım öndə olub, elə həmin mənbələrə müraciət edərək belə fikirlərin yanlışlığını, dinin radikallığa, ifratçılığa qarşı olduğunu insanlara çatdırmalıdırlar. Üstəlik, bu zaman etibarlı, əsaslandırılmış mənbələrə istinad edilməlidir ki, qarşı tərəfdə hər hansı şübhə yeri qalmasın.

Digər metod profilaktik metoddur ki, bu da radikal cərəyanların təsiri altına düşmək təhlükəsi ilə üzləşən insanlarla izahat işinin aparılmasıdır. Xüsusilə gənclər və yeniyetmələr radikal, ifratçı ünsürlərin təsirinə yenicə düşmüşsə, bununla bağlı dərhal fəaliyyətə keçmək lazımdır. Profilaktik metodu tətbiq edənlər həm insanların psixologiyasını, həm də dini dərindən bilməli, eyni zamanda el arasında yüksək nüfuza sahib olmalı, əxlaqlı və nümunəvi şəxsiyyət kimi tanınmalıdırlar. Dini radikalizmə qarşı ən sonuncu mübarizə üsulu kimi inzibati metoddan istifadə olunur. Lakin bu metod son anda tətbiq oluna bilər. Belə ki, əgər radikal qüvvələrin fəaliyyətində cinayət tərkibi olarsa, bu zaman onlara qarşı mübarizəni hüquq mühafizə orqanları həyata keçirir. Dini radikalizm digər sahələrdə gördüyümüz radikal münasibətdən daha şiddətli və daha dağıdıcıdır. Çünki din radikallaşdığı zaman birləşdirici olmaqdan daha çox, parçalayıcı xarakterə bürünür. Buna görə də dünyanın, demək olar ki, bütün ölkələrin tolerantlıq və birgəyaşayış mədəniyyətini, o cümlədən multikultural dəyərləri yaşatmaq və daha da inkişaf etdirmək məsələsi öz aktuallığını qoruyub saxlayır. Bəşəriyyətin gələcək rifahı yalnız bundadır. Harada olmağından və kimliyindən asılı olmayaraq hər kəs bəşəriyyət üçün böyük təhlükə sayılan zorakılığı, radikalizmi, terroru qınamalı, zorakılığın meyvəsinin şiddət olduğunu unutmayaraq ailədən cəmiyyətədək bütün sosial mühitlərdə hər şeyin qarşılıqlı anlayış və sülh çərçivəsində həll edildiyi mühitin formalaşmasına səy göstərməlidir.

19.Multikulturalizmin ABŞ modeli

2019-cu ilin statistikasına görə, Amerika Birləşmiş Ştatlarında 329 milyon əhali yaşayır. Bu rəqəm dünya əhalisinin 4,27 faizi deməkdir. ABŞ-da etnikmədəni müxtəliflik, əsasən, gəlmələr (miqrantlar) hesabına formalaşmışdır.Bu gün ABŞ dünyanın din, dil, mədəniyyət və etnik müxtəlifliyi baxımından ən çoxmədəniyyətli ölkələrindən biridir. İlk olaraq ABŞ-da yaşayan əhalinin mədəniyyəti, dil, din və irqi müxtəlifliyi ilə bağlı bir sıra məqamlara diqqət yetirmək lazımdır. Çünki qeyd edilən faktorlar ölkədə multikulturalizm siyasətinin xüsusiyyətlərini müəyyən etmişdir. Amerikada immiqrantların çoxluq təşkil etməsi nəticəsində bu gün yerli xalq etnik azlığa çevrilmişdir. Bu baxımdan ölkədə yaşayan əhali dörd qrupa bölünür. Birinci qrup - afroamerikanlar və ya qaradərililərdir. Vaxtilə Amerikaya gətirilmiş qullar indiki afroamerikanların əcdadlarıdır. Qaradərili amerikalılar ölkə əhalisinin təxminən 12 faizini təşkil edirlər. İkinci qrupa ispandilli xalqlar daxildir. Onlar əhalinin 13 faizini təşkil edirlər. Üçüncü qrupa Asiya ölkələrindən (Çin, Yaponiya, Koreya və s.) bura pənah gətirmiş xalqların nümayəndələri daxildir. Ölkə əhalisinin tərkibində onların payı təxminən 5 faizdir. Dördüncü qrupa yerli amerikalılar (hindular) daxildir. Onlar ölkə əhalisinin təxminən 1 faizini təşkil edirlər.

Dini müxtəliflik baxımından zəngin olan Amerika cəmiyyətində, demək olar ki, bütün dini denominasiyalar təmsil olunur. Araşdırmalar göstərir ki, əhalinin 70,6 faizi xristian dininə (protestantlar, katoliklər, mormonlar, pravoslavlar və digərləri), 5,9 faizi qeyri-xristian dinlərinə (yəhudi, müsəlman, buddist, hindu və s.) etiqad etdiyi halda, 22 faiz amerikalı heç bir dinə etiqad etmir (ateistlər, aqnostiklər). Qeyd edilən rəqəmlərə baxmayaraq, ABŞ-da rəsmi şəkildə heç bir dinə üstünlük verilmir. ABŞ Konstitusiyasına edilən birinci əlavədəki dini etiqad azadlığı ilə bağlı müddəada qeyd olunur ki, ABŞ Konstitusiyası rəsmi din elan etmir və bütün dinlərə bərabər hüquq verir. 1794-cü ildə Konqres tərəfindən Konstitusiyaya edilən birinci dəyişikliklə Amerikanın dövlət-din (kilsə-dövlət) münasibətlərində yeni eranın başlanmasına baxmayaraq, cəmiyyətdə dominant din təsiri mövcuddur. Hətta bir çox təhlilçi və siyasi analitik Amerikanı “Protestant xalq” və ya “Protestanlıq prinsipləri ilə qurulan dövlət” adlandırır.

20.Azərbaycan multikulturalizminin əsas xüsusiyyətləri

Azərbaycanda multikulturalizm siyasətinin əsasını Ümummilli lider Heydər Əliyev qoymuşdur. Yeni tarixi şəraitdə bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılır. Bunun əsas göstəricisi kimi cəmiyyət daxilində müxtəlif etnik qrupların və dini icmaların inteqrasiya olmalarıdır. Bu, etnik və dini zəmində baş verəcək münaqişələrin qarşısını alır. Azərbaycan multikulturalizminin meydana gəlməsini şərtləndirən səbəblər 2 qrupa bölünür: obyektiv və subyektiv səbəblər. Obyektiv səbəblərə ilk növbədə tarixi və coğrafi faktorlar daxildir. Tarixi faktor Azərbaycan multikulturalizminin formalaşmasında mühüm rol oynamışdır. Tarixin bütün mərhələrində Azərbaycan çoxmədəniyyətli bir dövlət olmuşdur. Onun ərazisində müxtəlif xalqların nümayəndələri birgə əminamanlıq şəraitində yaşamışlar.Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda ictimai-bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi, xüsusilə sovet ideologiyasının hökmranlıq etdiyi illərdə kifayət qədər sistemsiz və spontan mahiyyətə malik idi. Onun sanki bütün vacib özəllikləri mövcud idi. Tolerantlıq və mənəvi potensial, dini loyallıq və milli özünəməxsusluq, psixoloji səbat və bəşəri dəyərlərə açıqlıq Azərbaycan insanını multikultural bir rejimin içinə daxil etməyə hazır idi. Bu və buna bənzər xüsusiyyətlər Azərbaycan ədəbi-bədii düşüncə müstəvisində həm tarixən, həm də bu gün kifayət qədər görümlü və təsiredicidir. «Kitabi-Dədə Qorqud» dastanından, şifahi və yazılı ədəbiyyatımızdan keçən bariz nümunələr uzaq keçmişdən bugünümüzədək multikultural ənənələrin mövcudluğunu aşkar şəkildə sübut edir. Bunun fonunda müasir dövrdə həllini tapası yalnız bir əsas məsələ qalırdı: hüquqi və siyasi müstəvidə multikulturalizmin yerini müəyyən etmək. Və bunu Ulu öndər Heydər Əliyev etdi. O, Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və öz uzaqgörən, müdrik siyasəti ilə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Bu mərhələ siyasi mərhələ idi. Ulu öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. Akademik Ramiz Mehdiyev qeyd etdiyi kimi, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara vahid Azərbaycan dövlətinə mənsub olmalarının əsasında birlik hissi aşılanmağa başladı.



21.Multikulturalizmin Avstrailya modeli

Müasir dövrdə uğurlu multikulturalizm siyasəti aparan ölkələrdən biri də Avstraliyadır. Avstraliyanın etnik-mədəni müxtəlifliklə bağlı milli siyasətini dəyərləndirəndə məlum olur ki, multikulturalizm cəmiyyət üçün kimlik seçimidir. Çünki Avstraliya multikulturalizminin əsasında mədəniyyətlərin qovuşması, təntənəsi və harmoniyası dayanır. Uğurlu multikulturalizm siyasətinin aparılmasında həm dövlət, həm də xalq əsas rol oynayır. 2017-ci ildə Avstraliya Statistikası Bürosu tərəfindən dərc edilən “2016-cı ilin siyahıyaalmanın nəticələrinə” əsasən, sözügedən ölkədə etnik-mədəni müxtəliflik orada yaşayan insanların və valideynlərinin doğulduğu ölkə, aborigen olub-olmaması, danışılan dillər, dini etiqadları vasitəsilə müəyyənləşir. Avstraliyada yaşayan miqrantlar, əsasən, Britaniya, Yeni Zelandiya, Çin və Hindistandan köç etmişdir.Multikulturalizm siyasəti konsepsiyasının prinsiplərində aşağıdakı müddəalar qeyd olunmuşdur: 1. Sosial xidmətlərdən istifadə üçün bərabər imkanların yaradılması; 2. Qrupun, yaxud fərdin öz mədəniyyətini qoruması və digərinin mədəniyyətinə hörmət etməsi; 3. Müxtəlif mədəniyyətlərin qorunması və dil ehtiyaclarının ödənilməsi üçün xüsusi xidmət növlərinin yaradılması; 4. Miqrantların yerləşdirilməsi və yaşayış yeri ilə təmin edilməsi məqsədilə könüllü xidmətlərin təsis edilməsi.

Mədəniyyətlərarası münasibətlərin, qarşılıqlı anlaşmanın və dinc birgəyaşayışın gücləndirilməsi məqsədilə bir sıra dövlət proqramları qəbul olunmuşdur. Birinci proqram 1998-ci ildə qəbul edilmişdir. “Harmoniyada Yaşamaq” adlı bu proqramın əsas məqsədi Avstraliya dəyərlərini, vətəndaşlıq mövqeyini və inklüzivliyi gücləndirmək, miqrant və qaçqınları bərabər cəmiyyətdə iştirakçılığa həvəsləndirmək idi. Bu məsələdə vətəndaş cəmiyyətlərinin və icma təşkilatlarının rolunu artırmaq əsas məsələlərdən biri idi. Proqramın uğurlu icrası nəticəsində hər il 21 mart Avstraliyada “Harmoniya Günü” kimi qeyd olunmağa başladı, eləcə də vətəndaş cəmiyyətlərinin və icma təşkilatlarının bu işdə fəallığının artırılması məqsədilə müxtəlif qrantlar verildi.

22.Multikulturalizmin zəif və güclü formaları

Cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunmasına istiqamətlənən multikulturalizm siyasəti müxtəlif formalarda həyata keçirilə bilər. Bununla bağlı bu siyasətin 2 əsas formasını göstərmək lazımdır: zəif və güclü formalarını. Multikulturalizmin bu formaları arasında mühüm fərqli cəhətlər vardır. Multikulturalizmin zəif forması etnik-milli azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün imkan yaradır. Lakin azlıqlar öz imkanları ilə etnikmədəni dəyərlərini qorumaq iqtidarında olmadıqlarına görə yaranmış situasiyada cəmiyyətdəki hakim etnik-mədəni dəyərlərin qəbul edilməsini ən optimal çıxış yolu kimi dəyərləndirirlər. Başqa sözlə desək, onlar elə bir vəziyyətə düşürlər ki, onlara xarici təzyiq olmadan, öz istəkləri ilə titul xalqın etnik-mədəni dəyərlərini qəbul etmək sərf edir. Öz mədəni kimliyini, etnik-mədəni dəyərlərini qorumaq isə çətin olur. Mövcud vəziyyətdə azlıqların başqa çıxış yolu olmadığına görə, onlar könüllü şəkildə etnik-mədəni dəyərlərini qorumaq fikrindən tamamilə də olmasa müəyyən dərəcədə əl çəkirlər və bununla da yaşadıqları cəmiyyətə inteqrasiya olunmağı praktiki cəhətdən daha əlverişli hesab edirlər. Məsələn, multikulturalizmin zəif forması çoxmillətli Sovet İttifaqında müşahidə olunurdu. SSRİ-nin tərkibində olan bütün qeyri-rus ittifaq respublikalarının ərazilərində öz dillərini, ədəbiyyatlarını, mədəniyyətlərini qorumağa və inkişaf etdirməyə geniş imkanları olsa da, onlar daha çox rus xalqının etnik-mədəni dəyərlərini, tarixini öyrənməyə, rus dilində təhsil almağa üstünlük verirdilər. Çünki bu, onlara şəxsi karyeralarını qurmaqda, yaşadıqları cəmiyyətin bütün sahələrində nailiyyətlər əldə etməkdə kömək edirdi.

Multikulturalizmin zəif formasından fərqli olaraq onun güclü forması milli azlıqlara öz etnik-mədəni dəyərlərini qorumaq üçün azadlıq verməklə yanaşı onların yaşadıqları cəmiyyətin bütün sahələrində fəal iştirak etmələri üçün hər cür şəraitin yaradılmasını tələb edir. Multikulturalizmin güclü forması cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə münasibətdə dözümlülüyün nümayiş etdirilməsi ilə kifayətlənmir. O, bu müxtəlifliyin dövlət tərəfindən qorunmasını və inkişaf etdirilməsini, onun maddi, hüquqi və mənəvi cəhətdən dəstəklənməsini vacib hesab edir. Bununla əlaqədar multikulturalizmin tanınmış tədqiqatçılarından olan kanadalı professor Vil Kimlika göstərir ki, dövlət onun ərazisində yaşayan bütün etnik, dini və irqi qrupların hüquqlarını tanımalı və onların mədəniyyətlərinin qorunması istiqamətində xüsusi proqramlar təklif etməlidir. Onun fikrincə, dövlətin bu müdaxiləsi azlıqların mədəni müstəqilliklərinin saxlanılmasına kömək edəcəkdir. Bununla belə Kimlika hesab edir ki, milli azlıqlar yaşadıqları cəmiyyətin qanunlarına hörmətlə yanaşmalıdırlar.

23.Azərbaycan Respublikasının beynəlxalq təşkilatlarla əməkdaşlığı

-Bu gün Azərbaycan BMT, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM kimi mötəbər təşkilatların tamhüquqlu üzvüdür. Azərbaycan Avropa İttifaqının həyata keçirdiyi "Şərq tərəfdaşlığı" layihəsi çərçivəsində Avropaya inteqrasiya prosesini uğurla davam etdirir. Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir.2000-ci il iyun ayının 13-də Avropa Şurasının "Milli azlıqların hüquqlarının müdafiəsi haqqında" Çərçıvə Konvensiyasına qoşulmusdur. Milli Azlıqların Müdafiəsi haqqında Konvensiyanın qəbul olunmasında qarşıya qoyulan məqsəd,milli azlıqların tam və həqiqi bərabərliyini təmin etmək, həmçinin hüququn aliliyi, ərazi bütövlüyü və milli suverenlik prinsiplərinə hörmət çərçivəsində öz milli fərdiliyini ifadə etmək, qorumaq və inkişaf etdirməyə imkan verən şəraitin yaradılmasıdır.

Ayrı-seçkiliyi qadağan olunması;

Milli azlıqlarla əhalinin çoxluğu arasında bərabərliyin təmin olunmasına yardım etmək;

Milli azlıqların mədəniyyətinin, dininin, dilinin və adət ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması Söz, fikir, vicdan azadligi.Azərbaycan-UNESCO münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlib.Bu əməkdaşlıq çərçivəsində, Azərbaycan Respublikası mədəni müxtəlifliyim qorunması üçün UNESCO-nun iki mühüm konvensiyasını ratifikasiya etdi.Bunlar "UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya" və "Dözümlülük Prinsipi Haqqında Bəyannamə"dir.

Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası 2001-ci ildə "Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır".16 noyabr 1995-ci ildə qəbul edilən "Dözümlülük Prinsipi haqqında Bəyannamə" isə cəmiyyətimizdə sülhun genişlənməsi, xalqların iqtisadi və sosial rifahının təmin olunması üçün tolerantlıq prinsiplərinin vacibliyini elan edir. Bəyannamənin 1-ci maddəsində tolerantlığa bu cür anlayış verilmişdir: "Tolerantlıq dünyada mövcud olan mədəniyyətlərin, onların öz zənginlikləri və müxtəlifliyi ilə qəbul olunması, tanınması və hörmət olunmasıdır".2011-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu Forumlar UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə reallaşdırılır.Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə 2016-cı il "Multikulturalizm ili" elan edilmişdir.



24.Fransa, Böyük Britaniya və Almaniyada etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi


Yüklə 55,37 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin