Bacarıq.
Hər hansı hərəkəti və ya hərəkətlər sistemini dəqiq və şüurlu icra etmək, yaxud icra etməyə hazır olmaq bacarıqdır. Pedaqoji proses zamanı tələbələrə aşılanan bacarıqlar çoxdur. Onları üç əsas qrupa ayırmaq olar: tədris bacarıqları, davranış bacarıqları və təfəkkür bacarıqları.
Yazılı nitq və şifahi nitq bacarıqları, riyazi bacarıqlar, rəsm bacarıqları, musiqi alətləri ilə əlaqədar bacarıqlar, idman bacarıqları və s. tədris bacarıqlarına aiddir.
Məişətlə əlaqədar olan bacarıqlar, müəllimə, yoldaşlara, kiçiklərə, yaşlılara münasibətlə əlaqədar bacarıqlar, gün rejimi ilə əlaqədar bacarıqlar və s. davranış bacarıqlarıdır.
Öyrənilən hadisələri təhlil etməyi bacarmaq, təhlildən nəticə çıxarmağı bacarmaq, hadisələri, faktları ümumiləşdirməyi, qruplaşdırmağı bacarmaq, hadisələri, faktları müqayisə etməyi bacarmaq və s. bacarıqlar təfəkkür bacarıqlarına aiddir.
Vərdiş.
Hər hansı hərəkəti və ya hərəkətlər sistemini şüurun xüsusi nəzarəti olmadan avtomatik (qeyri ixtiyari) şəkildə dəqiq icra etmək vərdişdir. Bacarıq məşq yolu ilə vərdişə çevrilir. Həm tədris bacarıqlarını, həm davranış bacarıqlarını, həm də təfəkkür bacarıqlarını vərdiş halına salmaq mümkündür.
Biliklər, bacarıq və vərdişlər təhsil sisteminin əhatə etdiyi tədris müəssisələrində mənimsənilir.
Dostları ilə paylaş: |