Pedaqoji prosesin tarixliyi. Pedaqoji proses cəmiyyətin yaranması və inkişafı ilə birlikdə yaranmış və inkişaf etməkdədir. Tərbiyə daim cərəyan edən zəruri prosesdir. N.Tusi haqlı olaraq yazırdı ki, tərbiyə insanla yaranmış, insanla davam edir və hər bir şəxs öldükdə o da yekunlaşır. Cəmiyyətin ehtiyaclarına uyğun olaraq
pedaqoji prosesin məzmunu, təşkili formaları, üsulları və prinsipləri dəyişir. Məsələn, ibtidai icma zamanı qəbilələr halında yaşayan adamlar öz sosial təcrübələrini balıq tutanda,
ov edəndə, meyvə yığanda, əməyin digər növlərində uşaqlara öyrətmişlər. Quldarlıq dövründə məktəblər açılmış, pedaqoji işlə məşğul olan xüsusi şəxslər meydana gəlmişdir və s. Deməli,
pedaqoji prosesin məzmunu, təşkili formaları, üsulları ictimai-iqtisadi formasiyalardan asılı olaraq dəyişdiyindən tarixi səciyyə daşıyır.
Pedaqoji prosesin sinfiliyi. Sinifli cəmiyyətdə pedaqoji proses sinfi xarakter daşıyır. Sinifli cəmiyyətdə adamlar əsasən iki böyük qrupa parçalanır: fiziki əmək adamları və zehni əmək adamları. Bu fərq pedaqoji prosesdə də özünü göstərir. Varlıların uşaqları
əsasən zehni əməyə, yoxsulların uşaqları isə əsasən fiziki əməyə istiqamətlənir.
Sosializm şəraitində pedaqoji proses ümumxalq səciyyəli olmuşdur. İndi Azərbaycanda pedaqoji prosesin ümumxalq səciyyəsi daşımasına, bütün siniflərin və təbəqələrin mənafeyinə xidmət etməsinə səy göstərilir. Bununla yanaşı, Azərbaycanda pedaqoji prosesdə sinfilik əlamətləri də görünür.
Deməli, maddi imkanlarla bağlı uşaqların fərqli təhsilə istiqamətlənmələri pedaqoji prosesin sinfi səciyyə daşıdığını göstərir.
Dostları ilə paylaş: