Tərbiyənin ali məqsədi. Tərbiyə qarşısında qoyulan məqsəd uydurulmur. Hər ölkənin sosial-iqtisadi ehtiyaclarına uyğun tərbiyə məqsədi müəyyənləşdirilir.
Yəni indi respublikamızda tərbiyənin ali məqsədi belə ifadə olunur: davranışla əlaqədar olan milli və ümumbəşəri mənəvi keyfiyyətlərin mənimsənilməsi yolu ilə Azərbaycanın dövlət müstəqilliyini, sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü qorumağa, respublikamızı inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan fəal vətəndaşlar yetişdirmək tərbiyənin ali məqsədidir.
Təlim kateqoriyası milli pedaqogikada necə başa düşülür?
Öyrədənin məqsədyönlü və planlı rəhbərliyi altında milli və ümumbəşəri dəyərlərlə əlaqədar olan biliklərin, bacarıq və vərdişlərin öyrənənlər tərəfindən mütəşəkkil mənimsənilməsi və bu zaman onların tərbiyə olunmaları və inkişaf etmələri prosesi təlimdir.
Təlimin'>Təlimin ali məqsədi. Təlim pedaqoji prosesin tərkib hissəsi olduğundan onların məqsədləri, demək olar ki, üst-üstə düşür; təlimin məqsədi də tərbiyənin məqsədinə uyğun gəlir: milli və ümumbəşəri dəyərlərlə əlaqədar olan biliklərin, bacarıq və vərdişlərin mənismənilməsi yolu ilə Azərbaycanın dövlət müstəqilliyini, sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü qorumağa, respublikamızı inkişaf etmiş demokratik dövlətlər səviyyəsinə qaldırmağa qadir olan fəal vətəndaşlar yetişdirilməsi təlimin ali məqsədidir. Fərq orasındadır ki, təlim zamanı şəxsiyyətə pedaqoji və psixoloji təsirlər əsasən təbiət və cəmiyyətlə əlaqədar olan biliklər, bacarıq və vərdişlər vasitəsi ilə həyata keçirilir; tərbiyədə isə bir qədər fərqlidir: şəxsiyyətə ünvanlanan pedaqoji-psixoloji təsirin məzmununu əsasən davranışla əlaqədar olan mənəvi keyfiyyətlər təşkil edir.
Təlim və elmi idrak. Təlim və elmi idrak arasında oxşarlıq var: Hər ikisi fəaliyyətin növləridir. Hər ikisi xarici aləmi dərk etməyə yönəlir; hər ikisi məqsədyönlü və planlı fəaliyyətdir; təlimin də, elmi idrakın da mərhələləri əsasən uyğun gəlir: elmi idrakın ilk mərhələsi müşahidədir, təlim də müşahidədən başlayır. Elmi idrakın ikinci mərhələsi anlayışlar səviyyəsində cərəyan edir; təlimin də ikinci mərhələsində məfhumların mahiyyətinə nüfuz edilir. Elmi idrakın son – üçüncü mərhələsi təcrübədir, sınaqdır. Təlimin də üçüncü mərhələsi biliklərin təcrübədə möhkəmləndirilməsi və tətbiqi ilə səciyyələnir.
Təlim və elmi idrak arasında fərqli cəhətlər də var. Başlıcası budur ki, təlimdə sonuncu mərhələ bilik və bacarıqların yoxlanılması və qiymətləndirilməsidir. Elmi idrakda belə mərhələ yoxdur.
Unutmayaq ki, elmi idrakın xüsusiyyətlərini bilib nəzərə almaq təlimdə müvəffəqiyyətin şərtlərindən biridir.
Dostları ilə paylaş: |