Milli pedaqogikada psixoloji inkişaf kateqoriyası necə başa düşülür?
İnkişaf fəlsəfi kateqoriyasıdır: təbiət, cəmiyyət və təfəkkür hadisələrinə, bütövlükdə dünya proseslərinə xas olan başlıca keyfiyyət göstəricilərindən biridir.
Burada inkişaf deyəndə, insanlarda yalnız qavrayış, təsəvvür, təxəyyül, təfəkkür, diqqət, iradə, hafizə kimi psixoloji keyfiyyət və xüsusiyyətlərin inkişafı nəzərdə tutulur.
Deməli, pedaqoji prosesdən ayrılmaz olan psixoloji qüvvələrin: diqqətin, hafizənin, təxəyyülün, təfəkkürün, hisslərin, motiv və maraqların təlim-tərbiyə zamanı müəllim (tərbiyəçi) tərəfindən məqsədyönlü, planlı və mütəşəkkil formada işə salınaraq mənimsəmənin gah zəmininə, gah da nəticəsinə çevrilməsi psixoloji inkişafdır.
Təlimdə, təhsildə və tərbiyədə psixoloji imkanların reallaşdığı şəraitdə təlimin də, təhsilin də, tərbiyənin də səviyyəsinin xeyli yüksəldiyi, onların vahid pedaqoji prosesdə birləşməsinin zəruriliyinə əlavə sübutdur.
Milli pedaqogikanın əzəmətli binası təlim, təbiyə, təhsil və psixoloji inkişaf kateqoriyalarını özündə birləşdirən pedaqoji proses zəminində ucalır. Bu kateqoriyaların mahiyyətini və məzmununu, habelə onların qarşılıqlı əlaqə xüsusiyyətlərini aydın başa düşən şəxs pedaqoji elmin zirvələrinə doğru cəsarətlə irəliləmək imkanı tapmış olur.
Pedaqoji elmin qolları
Pedaqoji elm sürətlə inkişaf edir. 1964-cü ildə Bakıda çap olunmuş “Pedaqogika” adlı kitabda bu elmin doqquz qolunun adı çəkilirdi. İndi onun on beşdən artıq qolu fəaliyyət göstərir:
Körpəlik pedaqogikası. Üç yaşınadək olan uşaqların fiziki və psixoloji inkişafına qayğı və diqqət məsələləri ilə məşğuldur.
Məktəbəqədər tərbiyə pedaqogikası. Bağça yaşlı uşaqların tərbiyəsi, təlimi və psixoloji inkişafı məsələlərini tədqiq edir və tərbiyəçilər üçün əsaslandırılmış tövsiyələr hazırlayır.
Məktəb pedaqogikası. İbtidai, natamam orta və orta ümumtəhsil məktəblərində, litseylərdə, gimnaziyalarda təlim, tərbiyə, təhsil və psixoloji inkişaf məsələlərini araşdırır, müəllimlərə və ümumi təhsillə bağlı olan digər tərbiyəçilərə elmi əsaslarda istiqamət verir.
Texniki peşə məktəb pedaqogikası. Müxtəlif tipli texniki peşə məktəblərində pedaqoji prosesin spesifik məsələlərini öyrənir, müəllimlərə və ustalara əsaslandırılmış məsləhətlər verir.
Orta ixtisas məktəbi pedaqogikası. Müxtəlif tipli texnikumlarda, kolleclərdə pedaqoji prosesin spesifik problemləri ilə məşğul olur və onlara elmi pedaqoji köməklik göstərir.
Xüsusi pedaqogikalar və ya əlahiddə pedaqogikalar. Elmin bu sahələri görmə, eşitmə və nitq orqanlarında ciddi qüsurları, habelə psixikasında müəyyən pozuntuları olan uşaqların təlim, tərbiyə, təhsil və psixoloji inkişaf problemlərini öyrənir. Xüsusi pedaqogika özü bir neçə şaxəyə ayrılır: kar və lal uşaqların təlim, tərbiyə, təhsil və psixoloji inkişaf məsələlərini surdopedaqogika, kor uşaqların-tiflopedaqogika, ağıl cəhətdən geri qalan uşaqların - oliqofrenopedaqogika öyrənir.
Ali məktəb pedaqogikası. Müxtəlif tipli institutlarda, universitetlərdə, akademiyalarda və ali təhsil verən digər tədris müəssisələrində pedaqoji prosesin spesifik məsələlərini tədqiq edir və əsaslandırılmış məsləhətlər hazırlayır.
Hərbi pedaqogika. Hərbi hissələrdə, habelə hərbi və polis tədris müəssisələrində gənclərin təlim, tərbiyə, təhsil və psixoloji inkişaf məsələlərini araşdırır.
Əmək islah pedaqogikası. Hüquq qaydalarını pozan şəxslərin saxlandığı yerlərdə gənclərin təlim, tərbiyə, təhsil və psixoloji inkişaf problemlərini tədqiq edir.
İstehsalat pedaqogikası. Fabriklərdə, zavodlarda, idarə və təşkilatlarda aparılan tərbiyə işlərini öyrənir və ümumiləşdirir.
Mədəni-maarif işi pedaqogikası. Mədəniyyət saraylarının, klubların, muzeylərin, teatrların, kitabxanaların, konsert zallarının xalq kütlələri arasında apardığı tərbiyə tədbirlərini tədqiq edir.
Fənlərin tədrisi metodikası. Ayrı-ayrı fənlərin, məsələn, coğrafiyanın, yaxud kimyanın tədrisi məsələlərini nəzərdən keçirir və müvafiq fənn müəllimlərinə tutarlı məsləhətlər verir.
Pedaqogika tarixi. Azərbaycanda, habelə xarici ölkələrdə məktəbin və pedaqoji fikrin inkişafı məsələlərini araşdırır.
Ailə pedaqogikası. Uşaq tərbiyəsində valideyn-valideyn, valideyn-övlad, övlad-övlad münasibətlərini və digər amillərin rolunu araşdırır.
Azərbaycan xalq pedaqogikası. Nağıllarda və dastanlarda, atalar sözləri və zərb məsəllərdə, tapmaca və bayatılarda, şifahi xalq yaradıcılığının digər növlərində təlimə, tərbiyə və təhsilə aid fikirləri öyrənir və təbliğ edir.
Milli pedaqogika. Azərbaycanda pedaqoji prosesin bütün sahələri üçün səciyyəvi olan cəhətləri ümumiləşmiş şəkildə ifadə edir.
Doktorantura pedaqogikası, ixtisasartırma pedaqogikası, məktəbdənkənar tərbiyə pedaqogikası da formalaşmaqdadır.
Pedaqoji elmin bəzi sahələri öz növbəsində inkişaf edərək şaxələnir. Məsələn, yalnız məktəb pedaqogikasının inkişafı sayəsində tərbiyə işinin metodikası, didaktika, məktəbşünaslıq, təhsilin iqtisadiyyatı və s. kimi nisbi müstəqil sahələr yaranmışdır.
Dostları ilə paylaş: