İslamı yeniləmə və islah fəaliyyəti
Türkiyəli professor H.Karaman islam alimlərinin dini yeniləmə səylərinin iki yöndə olduğunu vurğulayır: birincisi, dində olmayıb sonradan ona edilən və müsəlmanları dinin özəlliyindən, əslindən uzaqlaşdıran əlavələri (müxtəlif növ xürafatı, bidətləri...) müəyyənləşdirərək islamı onlardan təmizləmək və ilkin saflığına qaytarmaq; ikincisi, dinin örfə, ənənəyə, zərurətə və sosial şərtlərə görə ictihadla ortaya qoyulmuş hökmlərini bu dayaqlar dəyişdiyi üçün dəyişdirmək, dinin dövrə, sosio-mədəni inkişafa uyğun olaraq öz vəzifəsini yerinə yetirə bilməsini təmin etmək (8, xil).
Şah Vəliyullahın “Hüccətullahi’l-baliğa” kitabı və “İkdü’l-cid fi ehkami’l-ictihad və’t-təqlid” risaləsi (tədqiqatçıların rəyinə əsasən demək olar ki, müəllifin digər əsərləri də) bu yönləri özündə ehtiva edən əsərlərdir. Və onların müəllifi mücəddid və müctəhid səviyyələrinə yüksəlmiş bir alimdir.
Şah Vəliyullahın yaşadığı dövrdə bütün İslam aləmində olduğu kimi, Hindistanda da siyasi-iqtisadi, sosial-mədəni və mənəvi tənəzzül son həddinə çatmışdı. Dini inancda zəifləmə, tövhid imanından uzaqlaşma hökm sürürdü. Müsəlmanlar arasında türbə və məzarları ziyarətgaha çevirmək, müqəddəslər adına qurban kəsmək və onlardan dilək diləmək və s. kimi bidət və xürafat yayılmış, təqlidçilik şüurlara hakim kəsilmiş, islam ayin və mərasimlərinə hinduizm və zərdüştilik adət-ənənələri sirayət etmişdi. Təsəvvüf və təriqət mənsubları Quran və Sünnəyə uyğun gəlməyən, tövhid inancına xələl gətirən təlim və ideyaları mənimsəmiş, toplumla əlaqələrini kəsərək zaviyələrə üz tutmuşdular. Bu haqda Şah Vəliyullah “ət-Təfhimatü’l-ilahiyyə” əsərində yazırdı: “...Biz gözlərimizlə mübarək insanları Allahdan başqa hamilər (Rəblər) qəbul edən zəif imanlı müsəlmanları gördük. Onlar yəhudilər, xristianlar kimi övliyalarının qəbirlərini səcdə yerləri (məbəd) halına saldılar... Doğrusunu söylərsək, bu gün hər zümrədə dinin təhrif olunaraq qavranılması, əslindən və gerçək şəklindən tamamilə ayrı, yanlış biçimdə anlaşılması geniş yayılmışdır...” (sitat üçün bax: 3, 162).
Hökm sürən şəraitə rəğmən, bu dövr həm də dini-mənəvi baxımdan dönüş, saflaşma, dini elmlərin dirçəldiyi dövrdür. Və bu yüksəlişin önündə gedən alimlərdən biri də Şah Vəliyullah Dehləvi olmuşdur.
Zamanın şərtlərini hərtərəfli təhlil edən Şah Vəliyullah Quran və Sünnənin müəyyənləşdirdiyi həyat tərzi ilə müsəlmanların özlərinə seçdikləri, yaşadıqları həyat tərzi – cəhalət, mövhumat və gerilik - arasındakı dərin fərqi dərk edirdi. Və bunun səbəbini müsəlmanların həqiqi islamdan, onun ilkin təlimindən uzaqlaşmalarında görürdü. Şah Vəliyullah Quran hikmətinin, islam prinsiplərinin düzgün anlaşılması və tətbiqinin, onların dövrə görə şərhinin və həyati gücünün təsbitlənməsinin müsəlmanları düşdükləri çətin vəziyyətdən qurtaracağına, onların tərəqqi və rahatlığını təmin edəcəyinə inanırdı. Bundan dolayı düşünür bütün səylərini islam inancını dirçəltməyə, müsəlmanların dinə münasibətində dönüş yaratmağa yönəltmişdi.
Şah Vəliyullahın islam ehkamlarını canlandırmaq, bidət və mövhumatdan təmizləmək və ilkin saflığına qaytarmaq səyləri çox geniş düşüncə və fəaliyyət sahələrini əhatə edir. Biz məqalədə onun islamı yeniləmə və islah fəaliyyətinin yalnız bir neçə məqamını işıqlandırmağa çəhd edəcəyik. Bunlardan birincisi, dini inancların islahı, Quran hikmətinə, tövhidə çağırış və şirki pisləməsi; ikincisi, hədis və sünnənin tədrisi və təbliği; üçüncüsü, islam hüququ ilə hədisi uzlaşdırmağa çalışması və ictihadın vacibliyini əsaslandırması.
Şah Vəliyullah müsəlmanlar arasında dinin zəifləməsinin, bidət və mövhumatın yayılmasının əsas səbəbləri sırasında onların Quran və Sünnə ilə güclü bir bağının olmamasını və tövhid inancından uzaq düşmələrini göstərirdi. Buna görə də o, dini inancı canlandırmaq, Allahla bəndə arasında sarsılmaz bir bağ yaratmaq üçün Qurani-Kərimin hökm və göstərişlərini anlaqlı şəkildə təhlil və təbliğ etməyi vacib sayırdı. Bu niyyətlə də Şah Vəliyullah xalqın doğru yolu Quranla tapa bilməsi üçün, Kitabın mənasını böyüklü-kiçikli hamının qavraya bilməsi üçün düzgün hesab etdiyi yolu seçdi: Qurani-Kərimin əsrlərlə Hindistanda rəsmi və elmi dil olan fars dilində təfsir və tərcüməsini hazırladı. Və bununla da Kitabı yalnız ərəb dilini bilən alimlərin anlaya bilməsi haqqında yayılmış qənaəti heçə çıxarmış, Quranın təbliği yolundakı maneələrin aradan qaldırılmasına yol açmış oldu.
Şah Vəliyullahın islami inancları yeniləmək və dirçəltmək yolundakı işləri onun Quranın tərcüməsi və təfsiri ilə, Quran dərsləri verməsi ilə məhdudlaşmamışdır. O, əsərləri vasitəsilə böyük islah və yeniləmə fəaliyyəti göstərmişdir. Mütəfəkkir əsərlərində əsasən ilahi vəhyin, islam ehkamlarının mahiyyətini açıqlamış, onların həyata tətbiqi yollarını göstərmiş və müsəlmanların yenilənmə hisslərini oyandırmağa çalışmışdır. Bu baxımdan Şah Vəliyullahın “Hüccətullahi’l-baliğa” əsəri çox qiymətlidir. Müəllif bu əsərində islamı bütün yönləri ilə bir tədqiqatçı kimi təhlil etmiş, onun prinsiplərinin həyati gücünü əsaslandırmış, islamın fəlsəfəsini yaratmışdır. Dini etiqadın dirçəldilməsinin ən qısa yolunu tövhid inancının şərhində və təbliğində görən Şah Vəliyullah, kitabda həqiqi tövhidin mahiyyətini açıqlayır və şirkin zərərlərini göstərir. O, tövhid inancına münasibətdə İbn Təymiyyəni örnək olaraq götürmüş və sələfin (əs-sələf əs-salihin), yəni Peyğəmbərin tərəfdarlarının və müsəlmanların ilk üç nəslinin yolunu tutmuşdur. Şah Vəliyullah tövhidin müsəlmanlar üçün çöx önəmli olmasını Məhəmməd Peyğəmbərin Allahdan nəql etdiyi bir hədislə açıqlayır: “Kim mənə yerüzü dolusu qədər xəta ilə gəlsə, ancaq Allaha heç bir şeyi şirk qoşmamış olsa, mən də onu işlədiyi xəta qədər əfvlə qarşılaram” (1, 217).
Allahın vahidliyinə inam və ona hər hansı bir şərik qoşmamaq islamın ən böyük əlaməti, birinci və əsas şərtidir. Diqqəti buna çəkən Şah Vəliyullah tövhidin dərəcələrini sıralayır və birinci yerdə Qurani-Kərimin hər kəs qarşısında qoyduğu tələbi göstərir: “«Vacibul-vücud» sifətini sadəcə Allah Təalaya şamil etmək və Ondan başqasının varlığını vacib görməmək” (1, 218).
Vəliyullah Dehləvi tövhidin həqiqi mahiyyətini açıqlamaqla bərabər Allaha şərik qoşmanın da geniş şərhini verir və şirk mənası ehtiva edən inanc və əməllərin Allahın təkliyinə inamı sarsıtdığını vurğulayır. Onun fikrincə, insanların Allaha şərik qoşmalarının səbəbi onların tövhidin və şirkin əsil mahiyyətini dərk etməmələrindən irəli gəlmişdir. Şah Vəliyullaha görə, bu, islamaqədərki müşrik ərəblərdə də belə olmuşdur, Məsihi “Allahın oğlu” və “Allah” adlandıran xristianlarda da, aralarına şirk inanc və davranışların girdiyi müsəlmanlarda da belədir. Mütəfəkkir yazırdı ki, islamaqədərki ərəblər Allahın varlığını və onun kainatın yaradıcısı, mütləq güc və qüdrət sahibi olduğunu qəbul etmişlər, ancaq bəzi məqamlarda həm də Allahın, sevdiyi insanlara özünə aid sifətlər və ilahilik bəxş etdiyinə inanmışlar: “Bu inanclara sahib olan müşriklər zaman keçdikcə onların adlarına daşlar yonmuşlar və bu heykəlləri ibadətləri əsnasında özlərinə qiblə etmişlər. Arxalarından gələn nəsillər bu qiblə edilən bütlərlə o bütlərin təmsil etdiyi kimsələr arasında bağlantıyı qavraya bilməmişlər və önlərindəki bütlərin müstəqil məbud olduğunu düşünməyə başlamışlar” (1, 219). Bununla da zaman keçdikcə bu heykəllərin əsil ilahlar olduğunu qəbul etmiş, onlara səcdə etməyə, adlarına qurban kəsməyə və and içməyə başlamışlar. Buna görə də Quranda onlar müşriklər adlandırılır və peyğəmbər də onları müşrik elan edərək, pisləyirdi. Müsəlmanların bir qismi bunun mahiyyətini anlamayaraq, elə hesab edirdilər ki, Allahın, ona aid bəzi sifətləri guya bir qisim insanlara həvalə etdiyini qəbul etmək, Allahdan dilədiklərini həmin insanlardan ummaq, onların adına dualar etmək və qurbanlar kəsmək tövhid inancına zidd və Allaha şərik qoşmaqla eyni deyildir. Bu baxımdan, Şah Vəliyullaha görə, əsas görüləcək iş tövhid inancı ilə şirk arasındakı qəti fərqi və peyğəmbərin şirkə qarşı açdığı savaşın mahiyyətini müsəlmanlara açıqlamaq lazımdır. Və özü bu yöndə geniş izahat apararaq, şirkin mahiyyətini belə izah edirdi: “Həqiqi şirk bir şəxsin, insanlar arasında ucaldılmış olan bəzi insanlardan təcəlli edən fövqəladə halların onlarda insana məxsus olmayan bir sifətə sahib olması üzündən qaynaqlandığına inanmasıdır. Onda varlığına inandığı bu sifət Vacibul-vücuda xas olan, ilahilik keyfiyyəti olmayan varlıqlarda rast gəlinməyən bir sifətdir. Şirkə inanan insana görə bu belə olur: Tanrı öz ilahilik libasından bir başqasına geydirir, və ya başqası Onun zatı içərisində öz varlığını yox edir və Onun zatı ilə bütünləşir, ya da daha başqa yollarla ilahlıq xüsusiyyəti qazanır. Bu cür xürafatlarla şirk qoşduğu şeyə müqəddəslik şamil edir” (1, 227).
Şah Vəliyullah islam ümmətini öz inanc və davranışlarında yalnız Allaha yönəlməyə, Quran və Sünnəyə istinad etməyə, bu məsələlərdə əshabənin və sələfin yolunu davam etdirməyə çağırırdı. Onun bu yöndəki fəaliyyəti hədis elmini dirçəltmək və yaymaq və hədisi islam hüququ ilə birləşdirmək səyləri ilə sıx bağlı olmuşdur.
Şah Vəliyullahın Hindistanda hədisi yayması və hədis dərslərini dirçəltməsi, hədis elminə böyük diqqət yetirməsi və bu sahədə apardığı araşdırmalar onun islamı yeniləmə və islah fəaliyyətinin çox mühüm bir istiqaməti olmuşdur. Bu da qanunauyğundur, çünki, tanınmış islam alimi Əbül-Həsən ən-Nədəvinin də yazdığı kimi, Peyğəmbərin yolu və hədislərin toplandığı əsərlər islah və yeniləmənin, müsəlmanlarda həqiqi islam düşüncəsinin əsas qaynağı olmuşdur. Və islam tarixinin müxtəlif dönəmlərində islah və yeniləmə yolunu tutanlar “həqiqi din bilgisini və saf islam düşüncəsini sünnət və hədislərdən almışlar; hədisləri dəlil və sənəd olaraq qəbul etmişlər. Din və islah dəvətində hədis onların sənədi, silahı və qalxanı olmuş, bidətlərlə, fitnələrlə, şərlə və hərc-mərcliklə mübarizədə hədis ən önəmli hərəkətverici və önləyici qüvvə olmuşdur” (3, 198).
“Hüccətulahi’l-baliğa” əsərinin türk dilinə tərcüməçisi dr. M.Ərdoğanın fikrincə, Şah Vəliyullahın hədisə ayrı bir önəm verməsinin iki əsas stimulu olmuşdur: birincisi, hədisin onun nəzərindəki yüksək yeridir; ikincisi isə, mövcud vəziyyəti (yəni Hindistandakı dini geriləmə və durğunluğu, hədis və sünnət kitablarından uzaqlaşmağı – Q.M.) aradan qaldırmaq üçün Sünnəyə müraciət olunmasını zəruri bilməsidir (4, lxxvi).
Hədisə “bütün yəqini elmlərin əsası və başı, dini bilgilərin dayağı və təməli” kimi dəyər verən, onu “ən azından Quran qədər önəmli” (1, 2) sayan Şah Vəliyullah hədis kitablarının tərcümə olunaraq nəşrinə, tədrisinə və yayılmasına böyük əmək sərf etmişdi. Rahimiyyə mədrəsəsi onun səyləri nəticəsində hədisin öyrənilməsi və təbliği mərkəzinə çevrilmişdi.
Şah Vəliyullah “Hüccətulahi’l-baliğa” əsərində hədislərin şərhinə və eləcə də dini məsələlərin sünnət əsasında izahına çox böyük yer ayırmışdır. O, həm də hədislə hüquq məktəbləri arasında vəhdət və uyğunluq yaratmağa çalışmışdır. Çünki uzun illər idi ki, islam aləmində, o cümlədən də Hindistanda fiqhlə hədis bir-birindən ayrı, müxtəlif sahələr kimi yan-yana mövcud idilər və fəqihlər çox hallarda yalnız özlərinə lazım olduqda hədisə müraciət edirdilər. Bəzi hallarda isə, əməllərində hədisə görə hərəkət edən fəqihlər üləmanın qəzəbinə tuş gəlirdi. Belə bir zamanda hüquq məktəblərini, onların istifadə etdikləri üsulları araşdırdıqdan və istinad etdikləri hədisləri öyrəndikdən sonra Şah Vəliyullah öz fəaliyyətində hədis alimi olan fəqihlərin yolundan getməyi üstün tutmuş, digər tərəfdən isə, hədisə önəm verməklə və fiqhlə hədisi qarşılaşdıraraq onlar arasında uyum yaratmaq cəhdləri ilə islami elmlərin dirçəlməsinə və yenilənməsinə mühüm xidmətlər göstərmişdir. O, hüquqi hökmlərin mütləq Allah kəlamı və Peyğəmbərin hədisi ilə əlaqələndirilməsini və əsaslandırılmasını, həm fəqihlərin görüşlərinin təxric edilməsinin, həm də hədislərin araşdırılmasının bir yerdə aparılmasını tövsiyə edərək, onların hər ikisinin də dində möhkəm təməli olduğunu vurğulamış, amma ən doğru yolun, Həsən əl-Bəsrinin söylədiyi kimi, orta yol olduğunu yazmışdır: “...alimlər çoxdan bəri hər iki metodu da istifadə etmişlər. Kimisi birini az istifadə etmiş, digərini çox, kimisi də əksinə, birini çox istifadə etmiş, digərini az; amma hər ikisinə də yer vermişlər. Bu hesabla, önəmli bu iki əsasdan hər birinə – hər iki tərəfin etdiyi kimi – tamamilə laqeydlik göstərilməsi uyğun deyildir. Görülməsi vacib olan iş, bunlardan hər birinin digərinə uyğunluğunun araşdırılması və ortaya qoyulması, hər birindəki əksikliyin digəri vasitəsilə tamamlanmasıdır” (1, 565-566).
Dehləvi islam aləmində haqq məktəblər kimi tanınan dörd hüquq məktəbinə (maliki, şafii, hənbəli və hənəfi) də eyni barışdırıcı münasibət bəsləmişdir. O, ifrat məzhəbçiliyə və o cümlədən fəqihlərin yolunu, hərəkət tərzini kəskin tənqid edən zahirilərə qarşı çıxmış, məzhəblər arasındakı ixtilafların durmadan dərinləşməsini tənqid etmişdir.
Şah Vəliyullahın düşüncəsinin formalaşması, mühəddis və müdərris kimi yetişməsi hənəfi hüquq üsulu çərçivəsində olmuşdur. Lakin o, Məkkə və Mədinədə qaldığı zamanlarda digər hüquq məktəblərinin də özəlliklərinə dair biliklər əldə etmək imkanı qazanmışdı. Və buna görə də bütün məktəbləri müqayisəli araşdıra bilmiş, onların üsul və dəlillərini təhlil etmiş və müəyyənləşdirmişdir ki, bütün hüquq məktəblərinin qaynağı birdir, ona görə də aralarındakı fərq köklü olmayıb təfsir fərqliliyidir. Dehləvi, hicri dördüncü əsrdən öncəki müsəlmanların tək məzhəbə bağlanıb qalmaq kimi vərdişlərinin olmadığını (1, 555-556) da örnək götürərək, hər hansı məktəbin tərəfini tutmaq yerinə, ən qüvvətli dəlilin tərəfini saxlamağa üstünlük vermişdir. O, dörd məzhəbin yolunu tutmağın faydasını vurğuladığı kimi, onların hamısını birdən tərk etmənin də zərərləri olduğunu əsaslandırmışdır (bax: 2). Beləliklə, Şah Vəliyullah tək bir hüquq məktəbinə bağlanıb qalmağı, qatı məzhəbçiliyi rədd edir və digər məktəblərin də görüş və dəlillərinə etinasız yanaşmamağı tövsiyə edirdi. Onun özü “Hüccətulahi’l-baliğa” əsərində hənəfi imamı Əbu Hənifənin elminin səviyyəsini, ictihadını yüksək dəyərləndirdiyi kimi, digər imamların - imam Malikin, imam Hənbəlin və imam Şafiinin də dərin bilik və böyüklüklərini hörmətlə yad edir (1, 533-540). Dehləvi eyni şəkildə mötədil mövqeyi, orta yolu ictihadla təqlid arasında da tətbiq etmişdir. İslam aləmində bu məsələlərdə də bir-birini rədd edən ifrat tərəflərin davamçıları vardı. Bir tərəfdə təqlidi haram elan edərək, istər alim olsun, istərsə də sıravi dindar – hər bir müsəlmanın öz əməl və hərəkətlərində Quran və Sünnəyə görə hökm çıxarmasını, yəni müstəqil ictihadını təqdir edən qrup; digər tərəfdə isə, “ictihad qapılarının bağlandığını” deyərək (X əsrdən etibarən sünni üləma arasında “ictihad qapıları bağlı” elan olunmuşdu) təqlidi əsas şərt hesab edən qrup dururdu. Şah Vəliyullah hər iki tərəfin görüşünü – həm təqlidin haram bilinməsini, həm də təqlidin mütləqləşdirilməsini və ictihadın qadağan olunmasını tənqid edirdi və onları müsəlmanların gerilik və durğunluğunun əsas səbəblərindən biri kimi göstərirdi. Buna görə də mütəfəkkir “Hüccətulahi’l-baliğa”da və bütünlüklə ictihad və təqlid məsələlərinə həsr etdiyi “İkdü’l-cid fi ehkami’l-ictihadi və’t-təqlid” əsərində ciddi araşdırmaların yekunu olaraq, bu qrupların görüşlərindəki ifratçılığın yerinə barışdırıcı, orta bir mövqe nümayiş etdirir. Təqlid məsələsinin şərhində o, islamın ilk əsrlərindəki müsəlmanların vəziyyətinə istinad edir, o dövrki alimlərin dini öyrənmək məsələsində özlərindən əvvəlkilərdən faydalandıqlarını, bununla da sələfin görüş və qənaətinə ehtiyacın həmişə sabit qaldığını vurğulayır. Şah Vəliyullah təqlidi labüd sayır, amma onun mütləqləşdirilməsini, dini ehkam səviyyəsinə qaldırılmasını rədd edir. O, təqlidi haram sayan İbn Həzmin dəlillərini təhlil edərək bu qənaətə gəlir ki, yalnız peyğəmbərin yolunu tutan, lakin Quran və Sünnədən düzgün hökmlər çıxarmağı və onları tətbiq etməyi bacarmayan müsəlmanın hər hansı bir məzhəbi, yaxud imamı təqlid etməsi qəbahət deyil. Mütəfəkkir həmçinin, yalnız bir alimin yolunu tutan müsəlmanla gah bir, gah da digər müctəhidin görüşünə əməl edən, dini və niyyəti möhkəm olan insan arasında heç bir fərqin olmadığını da yazır.
Ş.V.Dehləvinin islahatçı kimi gördüyü ən önəmli işlərdən biri “ictihad qapılarını açıq” elan etməsidir. O, təqlidin önəmini, dörd hüquq məktəbinin elminin dərinliyini, müsəlmanlar arasında nüfuz və hörmətini, böyük hədisçi fəqihlərin xidmətlərini qeyd etməklə bərabər, ictihadın da zəruriliyini və hər dövrdə ona ehtiyacın olduğunu əsaslandırmışdır. Şah Vəliyullaha görə, meydana gəlmiş çoxsaylı problemlər haqqında Quran və Sünnə əsasında hökmlər çıxarılmasına çox ehtiyac vardır və mövcud olan kitablardakı yazılar, çıxarılmış hökmlər yetərsizdirlər, həm də onların xeyli hissəsi mübahisəlidir, güvəniləsi deyil. Belə bir vəziyyətdə ictihad üsul və qaydalarına müraciət olunması zəruridir. Mütəfəkkir ictihadın tərifini və qisimlərini ətraflı şərh edərək, digər böyük islam alimləri kimi, onun məsuliyyətini və hər kəsin ictihad edə bilməyəcəyini də vurğulayır. O, ictihad etməyin əsas şərtlərini irəli sürür: “İctihad edəcək kəcin bunları bilməsi lazımdır: 1. Kitabdan (Qurandan – Q.M.) hökmlərlə əlaqədar ayələri; 2. Sünnədən hökmlərlə ilgili hədisləri; 3. Hansı hökmlərdə icma (ümumi rəy, qərar –Q.M.) olduğunu; 4. Qiyasın (bənzətmə - Q.M.) şərtlərini və təfəkkürün üsulunu; 5. Ərəb dilini; 6. Nəshedən və nəshedilənləri; 7. Rəvayətçilərin hallarını” (2). Amma Şah Vəliyullah bu şərtlərlə də kifayətlənmir və müstəqil müctəhidi digər alimlərdən fərqləndirən əsas keyfiyyətləri də göstərir. Qısa şəkildə ifadə edərsək, o keyfiyyətlər bunlardır: ictihad etməyin başlıca üsul və qaydalarını mükəmməl bilmək və onları tətbiq etməyi bacarmaq; Quran və Sünnəni çox yaxşı bilmək və ziddiyyətli dəlilləri araşdırmağı, onlar arasında doğru seçim etməyi bacarmaq; cavabı bu dəlillər içində aydın bilinməyən məsələləri yenə həmin dəlillərdən çıxış edərək incələmək (2).
Beləliklə, “ictihad qapılarının açılması”nı vacib sayan Şah Vəliyullah ictihadla təqlid arasında tarazlıq yaradan bir görüş ortaya qoyur və onun bu məsələdə tutduğu mövqe islamın əsas qayəsinə, şəriətin tələblərinə və sələfin yoluna uyğundur. “İctihad qapılarının açılması” tələbi Yeni dövrdə daha da aktuallaşır və islam islahatçılığının qabaqcıl nümayəndələri C.Əfqani, M.Abduh, R.Rza, M.İqbal və başqalarının yaradıcılıq və fəaliyyətində öz əksini tapır. Bu baxımdan Şah Vəliyullah XIX əsr islam islahatçılarının sələfi hesab oluna bilər.
Dostları ilə paylaş: |