MüNDƏRİcat



Yüklə 1,64 Mb.
səhifə39/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   35   36   37   38   39   40   41   42   ...   100
Anahtar kelimeler: enformasyon, bilgi toplumu, bilgi kaynakları, bilgi alış verişi, bilgilendirme.

Elmşünaslıq




Elmlərin təsnifatı və institutlaşma problemi



Səlahəddin Xəlilov

Elmlərin təsnifatı və onun təşkilatlanması pro­se­si sıx surətdə əla­qə­dar­dır. Belə ki, elm vahid, bü­töv koq­ni­tiv sistem kimi forma­laş­­madığına və bir çox xüsusi elmləri, fənləri, ixtisasları? tədqiqat is­ti­­qa­mət­lərini özündə bir­ləş­dir­diyinə görə və bu sahələr ara­sında hə­lə kifayət dərəcədə məsafə ol­du­ğu­na gö­­rə, əvvəlcə onların hər bi­ri­nin ayrılıqda strukturlaş­ma­­sına və ins­ti­tut­laş­ma­sına ehtiyac olur. Tə­­bii ki, bir kim­yaçının ədəbiyyatçıların və ya as­tro­­nom­ların işin­­­dən xəbər tutmasına ehtiyac olmaya da bilər. Am­ma onun kim­­ya­­çı­la­rın hazırda nə ilə məşğul ol­du­ğunu, hansı problemlərin gün­dəm­də ol­­du­ğunu bil­mə­si tələb olunur. Xü­susən, özünün tədqiqat apar­dı­ğı dar ix­ti­sas sa­həsində bütün dünya miqyasında gö­rü­lən işlərdən xə­­bər­dar olması şərt­dir. Yə­ni o, virtual şə­kildə də olsa həmin ixti­sas üzrə alimlər birliyinin üz­­vü ol­ma­lıdır. Hər bir yeni elmi nəticə mü­vafiq sa­hə­dəki biliklər sisteminə daxil edil­məli və bu birlik da­­xi­lində hamının ümu­mi sərvətinə çevrilməlidir. Əs­lin­­də söhbət elm­­lərin və ya fənlərin, ixtisasların koq­nitiv institutlaşması pro­se­­sin­dən gedir. Lakin bu pro­ses gec-tez müvafiq sosial institutlaşma ilə ta­mam­­lanmalıdır. Çünki elmi məzmun müstəvisində kom­muni­ka­siyanın tə­min edilməsi üçün hər hansı prob­lem və ya ixtisas üzrə mü­­təxəssisləri for­mal su­rət­də birləşdirən və onların əlaqəsini təmin edən so­si­al vasitələr ol­ma­lı­dır. Alimlər adətən müəyyən bir jur­nal ət­rafında birləşir. Dünya miq­ya­sın­da eyni ix­ti­sas üzrə bir neçə jur­nal çap olunursa, onların ha­mısı bir­ləşdirici amil kimi çıxış edir. Bun­dan başqa, elm və ixtisas sahələri üz­rə asso­si­a­si­ya­lar, ictimai təş­ki­lat­lar, dərnəklər, seminarlar da bu funksi­ya­ya xidmət edir. Am­ma ən vacib olan və daha sıx birliyin təmin olun­masına xid­mət edən mü­va­fiq ixtisas üzrə fakül­tə­lər, kafedralar, laboratoriyalardır. Keç­miş SSRİ-dən qa­lan ənənəni davam etdirən bəzi ölkələrdə Elm­­lər Aka­de­miyaları və mü­va­fiq institutlar, böl­mə­lər fəaliyyət gös­tə­rir ki, əslində bun­lar müvafiq ix­ti­­sas sa­hələri üzrə alimlərin daha sıx surətdə təmər­küz­ləş­mə­si­nə imkan ya­ra­dır. Am­ma bir ölkə daxi­lin­də sıx birləşmək yetərli olmur. Ona gö­rə də elmi ins­­ti­­tutlaşma bey­nəlxalq miqyasda həyata keçməli, bü­tün dün­yadakı mü­va­fiq ins­titutlar, fakültələr və ka­fed­ralarla əlaqə yaradılmalıdır. Bu prob­le­mə təh­lil edən R.Uitli diqqəti koqnitiv institutlaşma ilə sosial ins­­ti­­tutlaşma ara­sın­da əlaqəyə yönəldir. Onun fikrinə gö­rə, sosial təş­ki­latlanma olmasa alim­lər öz arala­rın­da elmi informasiya mü­ba­di­lə­si apara bilməsələr el­min koq­ni­tiv müs­təvidə institutlaşması və müs­təqil fən­lərin yaranması da mümkün deyil (8, s. 69-95). Uitli belə he­sab edir ki, Kun hər bir elmdə vahid bir para­diq­ma­nın olduğunu iddia et­s­ə də, əslində fərqli koqnitiv struk­turlar mövcud olur və onlar ara­sında eninə və də­rininə əlaqələr yaranır. Yəni müxtəlif struk­tur sə­viy­yələrindən danışmaq mümkündür (8, s. 71).

Lakin elmin fənlərə ayrılması və hər fənnin öz da­xili böl­gü­sü çox şərti və bəzən mübahisəli olduğu ki­mi, sosial institutlaşma və təşkilati forma mə­sə­lə­lə­rində də uyğun problemlər yaranır. Əs­lin­də vahid də­yişməz təsnifat apa­rıla bilməz, çünki elmin daxili di­­na­mikası buna imkan vermir. Zaman keç­dikcə bəzi ix­tisas sahələri ar­xa plana keçir və yeniləri yaranır. Bu proses müx­təlif bilik sahə­lə­rinin yaxınlaşması və kə­sişmə bölgəsində yeni prob­lem­­lərin üzə çıx­ması sayəsində həyata keçə bildiyi kimi, eyni bir sa­hə­nin nə­zəri və tətbiqi səviyyələri arasında körpü atılması sa­yəsində də həyata ke­­çə bilər. Məsələn, psixiatri­ya­nın nisbi müstəqil şəkildə institut­laş­masını M.Fu­­ko be­lə təsvir edir: “Qərarlaşdığı dövrdə, yəni XVIII əs­rin sonu – XIX əs­­rin əvvəllərində psixiatriya ümumi tə­ba­bə­tin ixtisaslaşmış sahəsi deyildi. XIX əsrin əv­vəl­­lərində, elə son­ra­lar da, bəlkə lap XX əsrin orta­la­rı­na­dək psi­xiatriya tibbi biliyin və ya nəzəriyyənin xü­susi bir sahəsindən çox, ic­ti­mai gigiyena sa­hə­si ki­mi fəaliyyət göstərirdi. Təbabətin bir bölməsinə çev­ril­­məz­dən əvvəl, psixiatriya sosial müdafiə, xəs­tə­­lik və ya xəstəliklə bir­ba­şa, ya da dolayı surətdə bağ­lı olan hadisələr üzündən cəmiyyətin qar­­şı­la­şa bi­­lə­cə­­yi hər hansı bir təhlükədən müdafiə sahəsi ki­mi ins­ti­­tutlaşmışdır. Psixiat­ri­ya bir növ so­sial pro­fi­lak­tika, bütövlükdə ic­ti­mai bədənin gigiyenası kimi ins­­titutlaşırdı” (24, s. 149). M.Fuko psi­xi­at­ri­ya­nın elm kimi for­ma­laşmaq yo­lunda bu sahədə elmi jurnal nəşr olun­ma­sını mühüm bir mərhələ kimi qeyd edir. O, yazır ki, psi­xi­at­ri­yanın əsaslı tibbi bilik sahəsi kimi forma­laş­ması və elmi instituta çevrilməsi üçün bir tərəfdən onun predmetinin, yəni əqli xəstə­lik­lə­rin müəyyən­ləş­dirilməsi, digər tərəfdən də, müvafiq sosial təş­ki­lat­­lan­ma tələb olunur (24, s. 149-150).

Eyni bir predmetin müxtəlif elmlərin tədqiqat ob­yektinə çev­ril­məsi dü­yün nöqtəsində sıxlığın art­ma­sına gətirir. Sanki bir mən­zə­rə fərqli dillərdə və ya müxtəlif sənət vasitələri ilə təsvir olunur. Rəs­sa­mın, bəstəkarın və şai­rin təsvirində təqdim olunan bir pred­met haqqında yaranmalı olan daha mü­kəm­­məl təsəvvür əslində ek­lek­tik bir təsəvvürdür; yəni onun vahid ahəngi yox­dur. ona görə də qar­şıda du­ran vəzifə hər üç təsvir üslubunu və ya hər üç dili eh­tiva edən universal bir modelin yaradılmasından iba­rət olur. İnsanın id­rak fəaliyyəti eyni vaxtda psi­xo­logiyanın, qnoseologiyanın və ney­ro­fizi­o­lo­giyanın pred­meti olmaqla bərabər, sanki onun kənardakı bir mo­delini, süni in­tellekti öyrənən informatika və ki­ber­ne­tikanın da predmeti olur. Bu fərqli elm sahələri nə­inki vahid bir elmdə bir­ləş­mir, əksinə, birləşmə ye­rində, dü­yün nöqtəsində yeni bir elm sa­hə­sinin ya­ran­ma tendensiyası hiss olunur. Pen­silvaniya Uni­ver­­si­te­ti­nin professoru Gary Hatfield bunu “beyin haq­qın­da yeni elm” (3), Dr. Brian L.Keeley isə neyro­etologiya (6) adlandırır. V.F.Venda isə tə­bii və süni in­tel­lekti bir müstəvidə öyrənən elmin pred­me­ti­ni “hib­­rid intellekt” termini ilə ifadə edir (12). Bir sözlə, in­tellekt özü in­tel­lek­tin predmeti kimi, çoxşaxəli bir prob­lem kimi çoxlu müxtəlif fənlərin kə­sişmə nöqtə­sin­də dayanaraq elmin düyünlərindən birinə çevril­miş­dir. İndi bu düyündən haçalanan yeni fənlərin kon­tek­s­tin­də müvafiq olaraq in­tel­lek­tin intensiv­li­yi­ni ölçmək üçün İQ, emosi­o­nal intellektin səviyyəsini ölçmək üçün EQ və yaradıcı intel­lek­tu­al­lığın qiy­mətləndirilməsi üçün CQ testləri hazırlanır (9, 17). Yəni in­tel­­lekt hər dəfə bir rakursda və ya fərqli kəsişmə nöq­tələrində nə­zər­dən keçirilir. Kibernetikanın əsa­sı­nı qoyan N.Viner elə kitabının adın­daca həm ma­şınların, həm də canlıların idarə olunması sis­te­mi­ni əhatə edir (13). Kibernetikanın digər elmlərlə əlaqələri və əlaqədən ya­ranan yeni tədqiqat istiqamətləri indi də geniş planda tədqiq olun­maqdadır.1

Ənənəvi elmlərin: fizika, kimya, biologiya və s.-in predmeti çox geniş sa­hələri əhatə edir. Amma za­man keçdikcə, elmlər dife­ren­siallaşır, budaqlar şaxə­lə­nir, sahələr daralır. Müəyyən problem­lər aktual­la­şır və onların tədqiqi üçün kifayət qədər alimlər qru­pu cəmləşir, müvafiq institutlaşma, sosial təş­ki­lat­lan­­malar gedir. Digər tərəfdən də, elmlərin kəsişmə nöq­tələrində prob­lem­lər üzrə tədqiqat mərkəzləri ya­ra­nır. Biz yuxarıda “intellekt” mövzusunu be­lə fən­lər­arası bir problem kimi nəzərdən keçirdik. Eləcə də, “insan” bir bü­­töv obyekt kimi müxtəlif elmlərin pred­metinə daxil olur, insanşünaslıq mər­­kəzləri ya­ra­nır. İnsan fenomenini bir küll halında öyrənmək cəhd­ləri gös­­tərilir.2 Lakin insan haqqında biliklərin bir yerə cəmlənməsi hələ bütöv fən­nin formalaşması de­yil. Bu cür məcmuələr olsa-olsa kollektiv mono­qra­fi­ya3, toplu4, lüğət və ya ensiklopediya5 halında olur. İnsanın ayrı-ayrı ra­kurs­lar­da deyil, bütövlükdə, va­hid funksional bir sistem kimi nəzərdən ke­çi­ril­mə­si nəticə etibarilə yeni bir fənnin yaran­ma­sı­na gətirə bilərdi. V.A.Lek­tor­ski yazır: “Elmlər sis­te­mi içərisində insan problemindən danışarkən etiraf et­­mək lazımdır ki, insan haqqında vahid termin hələ yoxdur; olsa-olsa mo­zaik, bir-birilə heç də həmişə əla­qələnməyən tədqiqatlardan söhbət gedə bilər. Biz hə­lə indi-indi üzərində insan haqqında gələcək elmi qur­maq üçün vahid ümumi əsaslar yaratmağa cəhd gös­təririk”.1 Doğrudan da, bu sahədəki elmi tədqi­qat­ların inkişaf dinamikasının izlənməsi göstərir ki, sis­tem bütöv­ləş­mədən parçalanır. “Şəxsiyyət” prob­le­mi ayrılaraq fəlsəfə, sosiolo­gi­ya və psixolo­gi­ya­nın kə­sişmə xəttində nisbi müstəqillik kəsb edir.2 Amma bu sahə də bütövləşmədən parçalanır və bəzi is­ti­­qa­mət­lər, məsələn, “şəxsiy­yə­tin psixologiyası”, nisbi müs­təqil fənn, yaxud Lakatosun termini ilə desək, təd­qiqat proqramı kimi formalaşır.3

Antropologiya artıq çoxdandır ki, müstəqil bir fənnə çevrilmiş və hətta onun öz daxili tədqiqat isti­qa­mətləri də nisbi müstəqillik əldə etmişdir. Düzdür, indi insanı cəmiyyət və mədəniyyət rakurslarında nə­zər­dən keçirən sahələr sosial-kulturoloji antro­po­lo­giya fənnində birləşir. İnsanı fiziki varlıq kimi öy­rə­nən sahələr fiziki antropologiyada, daha geniş plan­da, ruh və bə­də­nin vəhdəti kimi öyrənən sahə isə fəl­səfi antropologiya adlanır. Amma bu sa­hələr özü də bir tərəfdən, təmərküzləşərək vahid antropologiya el­mini təş­kil etsə də, bu düyündən daha geniş şə­bə­kə­li budaqlanma gedir və çoxlu say­da konkret antro­po­loji fənlər yaranır: linqvistik, koqnitiv, tarixi, iqti­sa­di, si­yasi, hüquqi və s. antropologiyalar (7). Düzdür, Azər­baycanda və azər­bay­can­lı oxucuların bələd ol­du­ğu Rusiya mətbuatında sosial (kulturoloji) antro­po­­logiyaya aid məsələlər əsasən “kulturologiya” adı al­tında araşdırılır, am­ma son vaxtlarda dünyada qə­bul olunmuş təsnifata uyğun olaraq antropolo­giya ter­minindən də istifadə olunur və bu adda kitabda kitablar yazılır.4

Yaxud təhsil sisteminin cəmiyyətdə yerinin və özü­nə­məxsus funksiya­la­rı­nın öyrə­nilməsi sosial fəl­sə­fənin və sosiolo­giyanın pred­metinə aid­dir. Təh­­sil sistemində ida­rəetmə məsələləri menecmen­tin sa­hə­­lərindən biridir. Təh­silin maddi-texniki baza ilə tə­min olunması, təhsil müəs­sisə­ləri­nin infra­struk­turu­nun for­ma­laşdırılması, təhsilin ma­liy­yə­ləşdirilməsi və s. bu kimi prob­­lemlər də əslində iqti­sadiy­yatın pred­metinə daxildir.

Beləliklə, təhsilin fəlsəfəsi, təhsilin sosiologi­ya­sı, təh­sil menec­men­ti, təhsilin iqtisadiyyatı və s. bu kimi nisbi müstəqil tədqiqat sa­hələri for­malaşır ki, bunlar da müstə­qil bir elm olmayaraq fəlsəfə, so­sio­logiya, menec­ment və iqtisadiyyat fənlərinin struk­turuna daxil­dir. Lakin bütün bu tədqiqatlar baş­qa bir en kəsiyində, məhz təhsil ön plana çəkildiyi təqdirdə, nisbi müstəqil bir fənnin – təhsilşünaslığın tərkib hissələri kimi də nəzərdən keçirilə bilər.

Elmşünaslığın özü də müxtəlif fənlərin, tədqiqat is­ti­qa­mət­lərinin kəsişmə sa­həsindəki düyünlərdən biridir. Elmin tarixi, sosiologiyası, iqtisa­diy­yatı, me­to­do­logiyası, fəlsəfi və epistemoloji rakursları, hətta məhz elmin tədqiqi ilə əla­qədar yaranmış yeni sahələr – hamısı belə bir düyündən budaqlanır.

Müasir kimyada maddənin quruluşu ilə bağlı müx­təlif struktur səviy­yə­lərinin hər birində fizika tət­biq olunmağa başlamışdır. Yəni kimya prob­lem­­lə­ri­nin araşdırılmasında riyazi və fiziki biliklərin və qa­nu­na­uy­ğun­luq­ların tətbiq olunması əvvəlcə fiziki kim­yanın, daha sonra riyazi kimyanın və nəhayət kvant kimyasının nisbi müstəqil fənlər kimi forma­laş­masına gətirib çıxarmışdır. Ənənəvi kimya məsə­lə­­lərinin daha dərindən və dəqiq tətbiq olun­ması on­la­rın fiziki problemlər müstəvisinə keçirilməsi ilə nə­ticələnir. Amma XIX əsrdə O.Kont kimyəvi və fi­zi­ki problemlər arasında həmişə bir sərhəd olduğu qə­naətində idi və kimya məsələlərinin fizika­laşdırıl­ma­sının əleyhinə çıxış edirdi. Hətta XX əsrdə aka­demik B.M.Kedrov da ona haqq qazandıraraq fizika ilə kimya arasında fərqlərin guya obyektiv təbiətə ma­lik olduğunu iddia edir. Amma zaman keçdikcə ta­rixən kimyaya aid olan mə­sə­lə­lər getdikcə daha çox dərəcədə fizikanın predmetinə daxil olur. Başqa söz­lə desək, fiziklər kimyanın ərazisinə daxil ola­raq, sanki onu özünün­kü­ləş­dir­məyə çalışırlar. Amma elm­lərin bir-birinə nüfuz etməsi qaçılmaz pro­sesdir və ortaq sahələrdə yeni-yeni fənlər və ixtisaslar ya­ranır (23, s. 71). T.Kun be­lə hesab edir ki, hər bir yeni fənnin ya­ranması ancaq müvafiq para­diq­ma­nın yaranması sa­yəsində mümkündür (18, s. 226-227). Amma fi­zi­kada elə nə­zəriy­yələr var ki, onlar bir fənnin çərçivəsindən kənara çı­xaraq bir çox fən­lərə təsir göstərirlər. Doğrudan da, hər bir normal elm sanki bir pa­ra­diq­ma­nın ətrafında yaranır. Yeni paradiqmaya keçid Kuna görə, elmdə in­qilab ki­mi dəyərləndirilir. Halbuki, yeni paradiqma həm də yeni fənn üçün baş­lan­ğıc rolu oynaya bilər. Yəni nəyi isə inkar etmədən, elmi əvvəlki inki­şaf tra­­yektoriyasından döndərmədən, başqa bir səmtdə də inkişafın tə­mə­li­nin qo­yulması prosesi gedir. Bu mə­nada düyün nöqtələri iki cür olur. Bi­rin­ci­si, əv­vəl­ki inkişaf xəttinin tamamlanması və yeni inkişaf xəttinə keçid. İkincisi, düyün nöqtəsindən haçalanma və yeni budaqların ayrılması. Bax, bu ikinci yol Kun təlimində nəzərə alınmamışdır. Bizim təklif etdiyi­miz düyün nöqtələrihaçalanmalar təlimi daha uni­versal modeldir.

Müxtəlif elm sahələri nə zaman eyni düyün nöq­təsində birləşir? Bu suala cavab vermək üçün ön­cə pozitiv və neqativ təbiətli düyünlərin fərq­lən­diril­mə­si lazımdır. Neqativ düyünlər adətən metod çatış­maz­lığında və ya di­lin məhdudluğunda özünü gös­tə­rir. Müxtəlif elmlər çox vaxt eyni me­tod­lar­dan, eyni ri­yazi aparatdan və modellərdən istifadə etdikləri üçün hələ kəşf olun­mamış bir universal əlaqə, qa­nun, düstur və ya metodun çatışmazlığı, boşluğu özü­nü fərqli vaxtlarda da olsa, bu elmlərin hamı­sın­da göstərir. Yəni hər bir fənn, elmi tədqiqat istiqa­mə­ti gec-tez bu çatışmazlığı, boşluğu hiss edərək onu doldurmağa, yeni metodu öz imkanları daxilində ax­tarıb-tap­mağa çalışır. Düzdür, burada bir vaxt sü­rüş­məsi, asinxronluq da olur, amma məsələnin həl­li­ni tapa bilməyən hər bir fənn gözləmə mövqeyi tu­tur, ta o vaxta qədər ki, başqa fənlər də gəlib burada ili­şirlər. Nəhayət, günlərin bir gü­nü, hansı elminsə kon­tekstində problemin həll metodu tapılanda, göz­lə­mədə olan digər elmlər də inkişaf üçün yeni im­puls almış olurlar. Kun təlimində bu mənzərənin təs­vi­ri problem-bilməcə (puzzle-solving) termini vasitə­si­lə verilir. Amma bu termin elmin inkişafında daha uni­versal pro­ses­ləri ifadə eləmək üçün nəinki yetərli de­yil, hətta əsas konseptdən kənara çıx­maqla termi­no­loji sistemə daxil ola bilmir. Digər tərəfdən də, yu­xarıda göstərdiyimiz kimi, Kunun işlətdiyi prob­lem-bilməcə (puzzle-solving) ifadə­si düyün ter­mi­ni­nin daşıdığı ikinci mənanı, yəni yeni haçalanmalar üçün tə­məl olmaq funksiyasını ehtiva edə bilmir.

Bir tərəfdən, haçalanma, genişlənmə və yeni dar ixtisas sahələrinin ya­ran­ması baş verirsə, digər tə­rəfdən, inteqrativ proseslər gedir. Amma hər hal­da min illər boyu əsasən sabit qalan fundamental böl­gü­lər vardır. Söhbət makrostrukturdan gedir. Məsələn, alim­lərin böyük əksəriyyəti hələ Platon və Aristotel döv­ründən qalan bir bölgünü indi də davam etdi­rir­lər. Belə ki, məntiq-riyaziyyat sahəsi, təbiət elmləri və ictimai elmlər indi də təsnifatların əsas sütunlarını təşkil edir.

Əlbəttə, elmin inkişafının müasir mərhələsində olduqca müxtəlif və sayca olduqca çox ixtisasların olması təsnifatı xeyli çətinləşdirir. Və belə düşün­mək olardı ki, qədimdə – elmlərin sayı az olanda təs­ni­fat daha rahat aparıla bilərdi. Amma tərsinə: ancaq elmin ən yüksək inkişaf səviyyəsindən baxdıqda də­rin qatdakı əlaqələr üzə çıxır və ənənəvi olaraq for­ma­laşmış müxtəlif fənləri vahid prinsiplər əsasında qruplaşdırmaq imkanı yaranır. Ona görə də, hər iki amili nəzərə alan universal bir yanaşma tələb olunur. Bu amillərdən biri ənənəvilik, o biri inkişafın son mər­hələsində üzə çıxan genetik əlaqələrdir. Məsələn, əgər Fərabi metod yaxınlığından çıxış edərək op­­ti­ka­nı və göy cisimləri haqqında elmləri, habelə mu­si­qi­ni riyaziyyatla bir qru­pa salırdısa, müasir dövrdə ta­ma­milə fərqli meyarlar tətbiq olunur. Mən­tiq və ri­ya­ziyyat bütün elmlər üçün universal vasitə və me­tod kimi dəyərlən­di­rildiyindən onları başqa elmlər­dən fərqləndirmək lazım gəlir. Zatən Platon məhz be­lə bir mövqedən çıxış edirdi. Riyaziyyatın çox və ya az tətbiq olun­ması elmilik şərtini müəyyənləşdir­mək üçün meyar olsa da, bölgü – təsnifat üçün me­yar ola bilməz. Təəssüf ki, lap bu yaxınlara qədər, keç­miş SSRİ-də və daha sonra MDB ölkələrində fi­zi­ka və riyaziyyat eyni elm blokuna daxil edi­lir və el­mi dərəcə verilərkən fiziklərə və riyaziyyatçılara va­hid bir ad ve­ri­lirdi: fizika-riyaziyyat elmləri dok­to­ru. Bu, əlbəttə mahiyyətdən yox, zahiri əlamətlər­dən çıxış etməyin nəticəsi idi. Digər tərəfdən, gö­rünür, ənənələrdən yaxa qurtarmaq elə də asan mə­sələ deyil. Maraqlı burasıdır ki, bəzi müstəqil fənlər isə əksinə, bütöv elm sahəsi kimi dəyərləndirilirdi. Mə­sələn, kulturo­lo­giya kimi fənlərarası və inteqrativ bir fənnin ayrıca elmi istiqamət kimi gö­tü­rü­l­məsi elm­şünaslığın tələbləri ilə heç cür uzlaşmır. Belə ki, mə­də­niy­yə­tin tarixi öyrənilirsə, bu – tarix elmlərinə, nəzəriyyəsi öyrənilirsə, bu – fəl­səfi elmlərə aiddir.

Digər tərəfdən, onda gərək kibernetika, siner­ge­tika, biokimya, biofizi­ka, fiziki kimya və s. fən­lərarası ixtisas sahələri də riyaziyyatdan, fizikadan, kim­yadan və s. ayrılsın və kimə isə “biokimya elm­ləri doktoru”, “kiberne­ti­ka elmləri doktoru” və s. adı ve­rilsin. Belə pərakəndəliyə yol verməmək üçün elm­lərin fundamental təsnifatından çıxış edilməlidir.

Əgər elmlərin təsnifat tarixini nəzərdən keçir­sək, hər şey fəlsəfənin da­xili bölgüsündən başlanır. Çünki qədim dövrdə elmlər hələ fəlsəfədən ay­rıl­­ma­mışdı. Təsadüfi deyil ki, Aristotel də elmlərin təs­ni­fa­tını fəlsəfənin da­xi­li hissələri kimi vermişdi. O, fəl­səfəni üç yerə ayırırdı: nəzəri, praktiki və ya­ra­dı­cı. Nəzəri fəlsəfəyə məntiqi, riyaziyyatı, fizika və me­tafizikanı aid edir­di. Praktik fəlsəfəyə etikanı, iq­ti­sadiyyatı və siyasəti aid edirdi. Bundan başqa o, sə­nət sahələrini də elmin (fəlsəfinin) bölmələri kimi gös­tərir poezi­ya­nı, ritorikanı və incəsənəti buraya aid edirdi. Maraqlıdır ki, bütün bu sa­hə­lər üzrə Aris­to­tel ayrıca əsərlər yazmış, və elmin bütün sahələrini ehtiva etməyə çalışmışdır.

Orta əsrlərdə də elm fəlsəfədən hələ tamamilə ayrılmamışdı və filosoflar müxtəlif elm sahələri ilə də məşğul olurdular. Amma artıq ayrılma tenden­si­ya­sı da hiss olunurdu. Məsələn, Əbu Nəsr Fərabi öz təs­nifatında elmləri fəlsəfədən ayrı, müstəqil surətdə nəzərdən keçirirdi. O hətta “Elm­lə­rin təsnifatı haq­qın­da” ayrıca bir əsər də yazmışdı. Maraqlıdır ki, bi­rin­ci böl­mə­yə Fərabi dil haqqında elmləri daxil edirdi. Dilə belə yüksək qiymət ve­ril­məsi ilə biz bir də düz min il sonra, linqvistik analiz və analitik fəl­səfə nümayəndələrinin timsalında rastlaşırıq. Fərabi ya­zır: “Dil haqqında elm iki hissədən ibarətdir. Bi­rin­ci hissə – sözlərin yadda saxlanması və onların mə­na­la­rını bilmək. İkinci – bu sözləri idarə edən qa­nun­ları bilmək(yəni qram­ma­tika – S.X.)” (10, s. 109). Daha son­ra Fərabi dilçiliyin öz daxili təsnifa­tı­nı verir, nitq his­sələrindən, söz birləşmələrindən, yazı qayda­la­rın­dan bəhs edir. Maraqlıdır ki o, poetikanı, şeirin da­xi­li qaydalarını və formalarını da dil­şü­naslığın tərki­bin­də nəzərdən keçirir.

Daha sonra Fərabi məntiq bölməsini açıqla­yar­kən bir daha qrammati­ka və poetika məsələlərinə qa­yı­dır, mühakimələrin təsnifatında poetik mü­ha­ki­­mə­yə ayrıca yer verir. Sofistika, dialektika, ritorika və s. ilə yanaşı, poe­ti­kanın da geniş tədqiqinə, habelə ka­teqoriyalara da ayrıca kitab həsr etməsi Fə­rabinin Aristotel təsnifatına sadiq olduğunu göstərir. Riya­ziy­yatı Fərabi çox geniş mənada başa düşür və bir növ o dövrdə bəlli olan bütün dəqiq elm­ləri bura da­xil edir. Görünür o, riyaziyyatı dəqiqliyin göstəricisi kimi qə­bul edirdi. Bununla yanaşı, Fərabi burada da bölgü aparır və fizikanı müs­təqil bir bölmə kimi nə­zərdən keçirir. O, fizikanı səkkiz sahəyə ayırır, birin­ci sahədə “təbiətin harmoniyasına” aid məsələlər top­lanır. İkinci sahəyə aid prob­lemlər “səma və kai­nat” adı altında toplanır. “Yaranma və məhvolma” böl­­məsində o, maddələrin əmələ gəlməsi və ele­ment­lərinə parçalan­ma­sın­dan bəhs edir ki, bu da əs­lin­də kimya elminə işarədir. Daha sonra Fərabi “mi­ne­ralogiya”, “bitkilər haqqında”, “heyvanlar haq­qın­da” və nəhayət, “nəfs haqqında” elmlərdən bəhs edir. Düzdür, Fərabi bu təsnifatı guya Aris­to­telin ki­tab­larının adına uyğun olaraq aparır, amma əslində Aris­totelin real təd­qiqat sferasından xeyli kənara çı­xır. Daha sonra Fərabi insan haqqında elm­dən (bu sa­hədə Fərabi əslində mədəniyyətşünaslıq və antro­po­lo­giyaya dair bilikləri toplayır) bəhs edir. Daha son­ra Fərabi hüquq və ilahiyyatı da öz təsnifatına da­xil etməklə o dövr üçün ən mükəmməl bir təsnifat sis­temi təqdim edir (10, s. 107-192).

İbn Sina isə xeyli dərəcədə fərqli bir təsnifat irəli sürür:


  1. Əməli elmlər: a) ölkənin idarə olunması; b) evin idarə olunması; c) insanın özünün idarə olunması.

  2. Nəzəri elmlər: a) ilahiyyat; b ) riyaziyyat (hesab, həndəsə, astronomiya, musiqi) c) xalis fizika.

  3. Tətbiqi elmlər: a) hesablama-ölçmə; b) mexanika; c) təbabət; d) əlkimya. (Bax: 15, s. 44).

İbn Sina təsnifatında əlamətdar cəhətlərdən bi­ri əməli elmlərlə tətbiqi elmlərin fərqləndirilməsidir. Belə ki, “tətbiq” dedikdə məhz elmi biliklərin tətbiqi nə­zərdə tutulur. “Əməli elmlər” isə əslində nəzəri el­mi biliklərin tətbiqi yox, elməqədərki mərhələ kimi gö­türülür.

İbn Sina öz yaradıcılığında bütün elmləri eh­ti­va etməyə çalışmışdır. Buna tam nail ola bilməsə də onun yazdığı əsərlərdən çıxış edərək onun elm­ləri ne­cə qruplaşdırdığını təsəvvür etmək olar. Türkiyədə çap olunan Şə­fa külliyatında İbn Sinanın aşağıdakı əsər­ləri ehtiva olunur1:


  1. Məntiq elmləri


    1. Yüklə 1,64 Mb.

      Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin