MüNDƏRİcat



Yüklə 1,64 Mb.
səhifə41/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   37   38   39   40   41   42   43   44   ...   100
Fundamentaltətbiqi bölgüsü əslində nəinki fənn da­xi­lində, hər bir tədqiqat daxilində də aparıla bilər. Məsələn, yazılan dis­sertasiya işlərinin çoxu, hətta tətbiqi məsələlərə həsr olunsa da, gi­riş hissəsində problemin nə­zə­ri-fundamental tərəfləri işıqlandı­rıl­mış olur. Bu cür fəndaxili və təd­qiqatdaxili bölgülərlə yanaşı, bəzi fən­ləri bütövlükdə fundamental elmlərə, digərlərini isə tətbiqi elm­lə­rə aid etmək praktikası da yayılmışdır. Məsələn, ümumi bir fənn ki­mi fizika, kimya, biologiya, coğrafiya və s.-dən bəhs olu­nar­kən çox vaxt fundamental elmlər nəzərdə tutulur. Həmin fənlərdən ay­rıl­mış tətbiqi elmlər isə nisbətən dar sahələri əhatə etməklə ayrıca ad­lar altında təs­nif olunurlar; məsələn, elektrotexnika, tətbiqi me­xa­nika, spektroskopiya, aş­karlar kimyası və s. Akademik D.İ. Blo­xin­tsev belə hesab edir ki, alimin fəa­liyyətini fundamental və tət­bi­qi sahəyə ayırmaq praktiki olaraq qeyri-müm­kündür. Əslində kon­kret elmi fəaliyyətin tərkibində onlar bir-birini ta­mamlayırlar (11, s. 77). A.Zo­tov və M.Xolmyanski də belə hesab edirlər ki, tət­biqi elmlər bü­töv elmin üzvi tərkib hissəsidir və onu fundamental təd­qi­qat­lar­dan ayırmaq olmaz (16, s. 67). V.V. Çeşev də həmin mövqedə duraraq ya­zır ki, fundamental elmi tətbiqi elmlə qarşılaşdırmaq yox, hər bir təd­qi­qatın idraki əsasları kimi dəyərləndirmək olar. “Fundamental elm­də baş ve­rən proseslər həm texnoloji, həm də sosial-mədəni əla­qələrlə vasitələnirlər” (25, s. 69).

“Dəqiq elmlər” ifadəsi çox vaxt “təbiət elmləri”nə yaxın mənada iş­lə­nir. Lakin fərq bundan ibarətdir ki, bura riyazi elmlər də daxil edil­diyindən daha geniş planda götürülür. Son vaxtlar bəzi ictimai elm sahələrində də riyaziyyat geniş miqyasda tətbiq olunur. Bu sı­rada ilk növbədə iqtisadi nəzəriyyələri göstərmək mümkündür. Gö­rü­nür, buna görə də, iqtisadi fən­lərin də dəqiq elmlər sırasına daxil edil­məsi təklif olunur. Həm də belə təkliflər indi Azərbaycanda da səs­lənməkdədir.1

Dəqiq elm nümayəndələri öz tədqiqatlarını ancaq öz dar ixti­sas sahə­lə­rinin bazasında apardıqlarına görə və elmi biliklərin ciddi de­ter­minasi­ya­sından çıxış etdiklərinə görə çox vaxt onların başqa elm sahələri ilə, xüsusən ictimai və humanitar elmlərlə əlaqəsi zəif olur. Halbuki müəyyən bir fənn daxilində formalaşmış ənənəvi dü­şün­cə tərzindən, metodologiya və metod­lar­dan kənara çıxmaq və prob­lemlərə başqa bucaq altında baxa bilmək üçün di­gər elm sahə­lə­ri ilə əlaqə qurmaq, onların bilik bazasından və metod­ların­dan da ya­rar­lanmaq, ən başlıcası isə öz fənlərinin labirintindən xilas ol­maq tə­ləb olunur. Düzdür, böyük elm adamları heç vaxt məhdud el­mi dün­ya­görüşü içərisində qalmır, fəlsəfi və humanitar düşüncə tər­zindən qi­da­lan­maq­la elmdə qərarlaşmış şablonlardan xilas ola bi­lirlər. Bu kontekstdə adə­tən A.Eynşteynin “mürəkkəb prob­lem­lə­rin həllində F.Dostoyevski mənə Qaus­dan daha çox kömək etmiş­dir” fikrini misal çəkirlər. Belə misallar əs­lin­də çoxdur. Hətta müa­sir elmşünaslığın yaradılmasında da humanitar dü­şün­cənin az rolu ol­mamışdır. İxtisasca fizik olan Tomas Kun özünün məş­hur “Elmi inqilabların strukturu” əsərinin necə ərsəyə gəldiyi barədə yazar­kən, belə bir hadisəni xüsusilə vurğulayır ki, 1958–59-cu tədris ilin­də onu “davranış haqqında elm mərkəzi”nə təcrübə keçməyə gön­dərirlər. Və bu za­man Kun belə bir cəhətin şahidi olur ki, ic­ti­mai elm adamlarının məsələlərə ya­naşması və düşüncə tərzləri xey­li dərəcədə fərqlidir və onlar hadisələrin elə tərəflərinə toxunurlar ki, bu dəqiq elm adamlarının heç ağlına da gəlmir. Bax, bu fərqli ya­naşmaların bir araya gətirilməsi “elmi paradiqma” an­la­yı­şı­nın formalaşmasına da təkan vermişdir (18, s. 16-17).

Daha sonra Kun ümumiyyətlə mühitdən, texniki tərəqqinin, xa­rici so­si­al-iqtisadi və intellektual şəraitin elmlərin inkişafına tə­si­rin­dən bəhs edir. Onun fikrinə görə, elmin inkişaf qanunauyğun­luq­ları təkcə onun daxili epis­te­moloji təhlili ilə öyrənilə bilməz və bu­rada mütləq humanitar, sosial-iqti­sa­di və texniki şərait və onların el­min daxili məzmununun araşdırılmasına təsiri də nəzərə alın­ma­lı­dır (18, s. 19).



Maraqlı haldır ki, Şərq ölkələrində elmin tarixi və inkişaf qanuna­uy­ğun­luqları elm adamları tərəfindən deyil, əsasən şərqşü­nas­lar tərəfindən öy­rə­nilmişdir. Amma bildiyimiz kimi, şərqşü­nas­lıq özü humanitar elmlərə da­xil edilir, çünki bu problemlərlə əsa­sən dilçilər və tarixçilər məşğul olur. Bu ba­xımdan Şərqdə elmin öy­rənilməsi bir qayda olaraq humanitar düşüncə priz­masından keç­miş­dir. Bu paradoksallıq L.Reysner tərəfindən hətta müs­bət mə­qam kimi qələmə alınır. O, Y.Raşkovskinin “Elmşünaslıq və Şərq” ki­­tabına yazdığı ön sözdə bu əsərin əsas məziyyətlərindən biri kimi məhz elmşünaslığa humanitar düşüncə aspektindən yanaşılması fak­tını qeyd edir (22, s. 4-5). Necə deyərlər, hər pis şeyin yaxşı tərəfini də tap­maq olar. Bəli, biz bu hadisəyə məhz pis bir ənənə kimi baxırıq. Be­lə ki, Şərqdə əldə olun­muş bir sıra böyük elmi nailiyyətlərlə ya­na­şı, elmin bir tam halında də­yər­lən­dirilməsi, ictimai fəaliyyət sa­hə­ləri arasında elmi fəaliyyətin yerinin mü­əy­yənləşdirilməsi, bir söz­lə, ümumi planda baxılması və adekvat münasibət bəs­lənməsi hal­ları da az olmamışdır. Bir sistem halında olmasa da, belə fikirlər və dəyərləndirmələr Şərq elmşünaslığının rüşeymləri kimi götürülə bi­lər. Bununla belə, elm özü nisbi müstəqil bir ictimai sistem kimi məhz Avropada formalaşdığından elmin özünüdərki də məhz bu öl­kələrdə getmiş və elmşünaslıq da burada formalaşmışdır. Y.Raş­kov­skinin yazdığına görə, müasir dövrdə elmşünaslıq Şərq ölkələri içə­risində ancaq Hindistanda geniş yayılmışdır (21, s. 141). Bu da görünür Hindistanın uzun müddət ingilis müs­təmləkəsi olmasından irəli gə­lir. Və bu mənada əslində söhbət hind yox, in­gilis elmşünaslığın­dan getməlidir. Təəssüflər olsun ki, Yaponiya da daxil ol­maqla, Şərq ölkələrinin heç birində müstəqil bir elm konsepsiyası or­taya çıx­­mamışdır. Yəni indi bu ölkələrdə elm öz qədim elmi yaradıcılıq ənə­nə­lə­ri­nin davamı kimi deyil, Qərb elminin transferi və inkişafı kimi mövcuddur.
Əslində dəqiq elmlərin özünüdərk səviyyəsinə çatması iki as­pektdə hə­yata keçir. Elmə məntiqi-epistemoloji rakursda, biliklər sistemi və elmi ya­radıcılıq aktlarının cəmi kimi baxan elm adam­la­rı elmi özünüdərk sistem­lə­rində də riyaziyyatın və dəqiq elmlərin me­tod­larından istifadə edirlər. On­lar təbii ki, ictimai elmlərin bura­ya qatılması haqqında heç düşünmürlər də. Halbuki, özünüdərk ha­di­səsi əslində fəlsəfənin predmetinə daxildir. Və də­qiq elm adam­la­rı da bu məsələlərə toxunarkən əslində fəlsəfi qatda bu­lunduqla­rı­nın fərqində olmurlar. Məsələyə filosoflar müdaxilə etdikdə isə, on­lar dəqiq elm və ictimai elm arasında ayrıseçkilik etmədən, daha uni­versal yanaşma üsulundan çıxış edirlər. Ona görə də, elm fəl­sə­fə­sinin ictimai elm­ləri əhatə edən hissəsi daha çox dərəcədə fəlsəfə təd­qiqatçıları və sosioloqlar tərəfindən həyata keçirilmişdir.1 Həm də belə bir mövqe mövcuddur ki, ic­ti­mai gerçəkliyin dərk olunması tə­biətin dərkinə nisbətən spesifik xü­su­siy­yət­lərə malikdir və ona gö­­rə də, “ictimai idrak”, “sosial idrak”, “tarixi idrak” ki­mi termin­lər­dən istifadə olunur.2 T.Haff həm təbiət, həm də cəmiyyət elm­ləri üçün vahid metodoloji prinsipdən çıxış etməyin tərəfdarı olan K.Men­qe­lin “naturalistik monizm” mövqeyi ilə V.Dilteyin iki fərq­li metodologiyadan çıxış etmək mövqeyini qarşılaşdıraraq kom­pro­mis yaratmağa, ortaq bir va­ri­ant tapmağa çalışır (4, s. 462-463). Həm də bu fikri T.Haff M.Veberin sosial elm­lərin metodologiyasına dair təlimini şərh edərkən söyləyir. J.Aqassi də ictimai elmlərin spesifikasını öy­rən­məyin tərəfdarıdır. O, yazır: “Fizika hey­rə­tamizdir, amma fi­zik­lə­rin qiymət vermədiyi ictimai elmlər bəzən daha hey­rətamiz olur” (1, s. 27).
Müvafiq elm sahələri qarşısında qoyulan və­zifələri daha kon­­kret dərk edə bilmək üçün bu sahə­lərin özünə də dife­rensial ya­na­şa bilməli, onları fərq­ləndir­mə­li­yik.

Humanitar və ictimai elmlər ilk baxışda nə qə­dər ya­xın gö­rün­sələr də, əslində xeyli dərəcədə fərqli mahiy­yət və məzmuna ma­likdirlər.

Digər tərəfdən də, bir var humanitar elmlər, bir də var ümumiyyətlə humanitar sahə.

İnsan, onun mənəviyyatı, estetik dünyası, arzu və idealları – hu­manitar sahənin əsas predmetidir. Tarix, bədii ədəbiyyat, incə­sə­nət də humanitar sa­hə­yə aiddir. Bu başqa məsələ ki, göstərilən hu­ma­­nitar hadisələrin hər birinin öz elm və fəlsəfə səviyyəsi də var­dır. Tarix, tarix­şünaslıq («tarix elmi» – bə­zən sadəcə «tarix» də de­yi­lir; yəni hər iki məna eyni söz­lə ifadə olunur) və ta­rix fəl­səfəsi, bə­dii ədəbiy­yat, ədəbiyyatşünaslıq (filologiya) və ədəbiyyat fəl­sə­fə­si (aşağı yarusda bu sahə «ədəbi tənqid» kimi məlumdur), incə­sə­nət, sənətşünaslıq və sənət fəlsə­fə­si (estetika), din, dinşünaslıq və din fəlsəfəsi, mə­­nəvi tər­biyə, pedaqogika və etika geniş planda gö­tür­­dükdə humanitar sa­hə­yə aiddir. Son vaxtlar daha inteqrativ bir elm sahəsi kimi insanşü­nas­lıq­dan, bə­zən də antropologi­ya­dan bəhs olu­nur. Mənaları eyni olsa da, bu iki tədqiqat istiqamətində bəzən fərqli məzmunlar qruplaşdırılır.

Sovet dövründə insan özü də ilk növbədə so­sial varlıq kimi götürül­dü­yünə görə, insanşünaslıq da cəmiy­yət­şünaslığın içərisində əri­dilmişdi. İnsan fərdiyyətinin önə çəkilməsi daha çox dərəcədə Qərb dünyası, kapitalist öl­kə­ləri üçün səciyyəvi idi. Ona görədir ki, hu­manitar təfəkkür də, insan haqları möv­­­zusu da, irsiyyət məsə­lə­ləri də, fərdi-psixoloji problemlər də daha çox Qərbdə öyrənilirdi. İn­sanın sosiallaşması hətta bədii ədəbiyyatda da öz əksini tapmışdı. İn­di kommunist ideologiyasından ayrıl­dıq­­dan sonra, qarşımızda du­ran vəzifələrdən biri də insanşünaslığı bərpa etmək, fərdin cə­miy­yətdə it­mək, fərdiyyətini itirmək təhlükəsinin qarşısını al­maqdır.

Din də humanitar sahəyə aiddir. Çünki in­sanın mə­nəvi aləmi ilə bi­la­va­sitə bağlıdır. Lakin müx­təlif din­lərdə bu bağlılıq bir qədər fərqlidir. Mə­sə­lən is­lamda dini etiqad ilk növbədə fərdə aiddirsə, xris­tianlıqda kil­sələr in­san­la Allah ara­sında vasitəçilik mis­siyasını üzə­rinə götürərək dini ictimai­ləş­­dir­miş­lər. Ona görə də, is­lam alə­min­də ilahiyyat və din­şü­naslıq əsasən hu­manitar sahəyə aid olsa da, xristian dünyasında cəmiyyət sfera­sına aiddir. Am­ma islam­da da hər bir fərd üçün nəzərdə tutulan həyat tərzi və davranış qay­da­la­rı (fiqh) dini yönlü dövlətlərdə cəmiyyət və dövlət səviyyəsində təs­bit olun­maqla hüquq sisteminin əsasını təşkil edir və beləliklə ic­­ti­mailəşmiş olur.

İstənilən halda bütün dinlər həm humanitar, həm də cə­miy­yət sferası ilə sıx surətdə bağlıdır.

Tarix də həmçinin. Tarix özü və tarixlə tər­bi­yə daha çox hu­ma­nitar sa­hə­yə aid olsa da, ta­rix­şü­naslıq və tarix fəlsəfəsi daha çox ic­timai elmlərə aiddir.

Eləcə də fəlsəfə. Bir çox təsnifatlarda fəlsəfə hu­ma­nitar sa­hə­yə aid edilir. “Özünü dərk et” prin­si­pindən çıxış edildikdə, bu doğ­rudan da belədir. Am­ma insan fəl­səfəsindən fərqli olaraq tarix fəl­səfəsi daha çox dərəcədə ictimai yönlüdür. Yəni onun pred­me­ti­ni insan yox, cə­miyyət; fərdi ruh yox, ic­ti­mai ruh təşkil edir. İnsa­nın özünüdərki, millətin özü­nüdərki və nəhayət, bəşəriyyətin özü­nü­dərki fəl­səfənin strukturunda fərqli səviyyələrdir.

Göründüyü kimi, biz humanitar və ictimai elm­­lər böl­gü­sün­də insan və cəmiyyət bölgüsünə əsas­lanırıq.

Lakin sual olunur ki, insan problematikasına onun fiziki var­lı­ğı, bə­də­ni ilə bağlı məsələlər də aid­dirmi, yox­sa ancaq mənəvi aləm, onun iç dünyası nəzərdə tutulur? Belə ki, bəzi təsnifatlara gö­rə, in­san bədəni bir təbiət hadisəsi olmaqla, təbiət­şü­nas­lığın pred­me­tinə daxil edi­lir.

Əslində isə insan bədəni, bir tərəfdən, təbiətə aid olsa da, di­gər tərəfdən, onun əməli fəaliyyəti və mənəvi-ruhani aləmi üçün də mü­hüm bir rol oyna­dı­ğı­na görə, həm də humanitar sahəyə aiddir. Bu mə­na­da insanın fi­ziki sağlamlığına xidmət edən sə­hiy­yə sistemi və idman da humanitar sa­hə­yə aid edilə bilər. Maraqlı haldır ki, sə­hiy­yə özü insana xidmət etməklə hu­ma­nitar mahiyyət daşısa da, tə­babət bir elm sahəsi kimi humanitar elmlərə deyil, daha çox də­rəcədə təbiətşünaslığa aiddir. Lakin son dövrün praktikası göstərir ki, təbabət hər halda sa­dəcə təbiət elmi kimi qəbul edilə bilməz, çün­ki burada insan ruhu, psixikası ilə və deməli, ümumiyyətlə, hu­ma­­nitar sahə ilə sıx bağlılıq vardır.

K.Marks və F.Engels yazırdı: “Harada ki, spekulyativ təfək­kür həqiqi həyatla üzləşərək kəsilir, orada həqiqi müsbət elm, prak­tik fəaliyyətin, in­san­­ların praktik inkişaf prosesinin təsviri baş­la­yır” (19, s. 26). Bəli, antik fəl­səfədən, nəzəri fəlsəfi təfəkkürdən başlanmış bö­yük idrak marafonu ha­ra­da isə gerçək həyatın daşlı-kəsəkli yol­la­rında finişə yaxınlaşır, nəzəri mo­del­lərlə həyatın reallıqları ara­sın­dakı uyğunsuzluqlar getdikcə daha çox də­rə­cədə özünü büruzə ve­rir və təfəkkürün gücü öz enerjisini tükətdiyindən in­san hər şeyə san­ki yenidən – sıfırdan başlayır. Bu dəfə insan öz empirik dü­şün­­cə­sini işə salır və sadə həyat məsələlərinin təcrübi dərkindən baş­la­ya­raq nə­zəri təfəkkürə doğru yeni bir marafon yürüşünə çıxır.

Hazırda müxtəlif xalqlar və ölkələr vahid elm sistemindən eyni dərə­cə­də istifadə etmirlər. Əksər ölkələrin iqtisadi və texnoloji inkişaf səviyyəsi müa­sir elmin tətbiqinə uyğun gəlmir. Bunun üçün həm ictimai-təşkilatı in­fra­struktur, həm iqtisadiyyatın texnoloji strukturu müasir elmin “dilində” ya­zılmış – qurulmuş olmalıdır.

Q.M.Qlaqoleva yazır: “Elmi kəşflərin və tətbiq üçün hazır­lan­­maların texnoloji mənimsənilməsi onların yeni texnikanın real nümunələrində, yeni texnoloji prosesdə həyata keçirilməsinə imkan verir. Təcrübi-eksperimental istehsal məhz elmi prosesi sənaye pro­sesinə çevirən halqa olur; həm də elə bir halqa ki, özündə həm el­mi tədqiqatın, həm də istehsalın elementlərini bir­ləşdirir” (14, s. 47). Əl­bət­tə, müəllifin elmdən istehsala gedən yolu key­fiy­yətcə fərqli mər­hə­lə­lərə ayırmaq cəhdi təqdirəlayiqdir. Lakin Q.M.Qla­qo­leva bu mə­sə­lə­də ardıcıllıq nümayiş etdirmir. Belə ki, “yeni texnika nü­mu­nə­si” və “yeni texnoloji proses” əslində fərqli mərhələlərdir. Başqa sözlə desək, “nümunə” tək nüsxədə olduğu halda, “yeni texnoloji proses” ancaq silsilə istehsal aktlarına aiddir.

Elmi kəşfin tətbiq üçün hazırlanması isə əslində elmi fəa­iy­ətd­n fərqli təbiətə malikdir. Belə ki, elmin məqsədi obyektiv ger­çək­likdə, təbiətdə olan qaydanın, ahəngin, strukturun aşkar edil­mə­si və terminlərlə, yaxud riyazi dillə ifadə olunmasıdır. Halbuki, tət­biq üçün hazırlanma prosesində insan özünün bildiklərini təbii ma­te­riala transfer etməyə çalışır. Elmi inkişafın ilk dövrlərində alim­lər hər iki mərhələni özündə birləşdirir və özlərinin hansı isə ide­yasını tətbiq üçün özləri hazırlayırdı. P.L.Kapitsa yazır: “Əvvəlki vaxtlarda nəinki Nyuton və Hyugens, hətta Maksvell kimi nəzəriy­yə­çilər də öz nəzəri mülahizələrinin eksperimental yoxlanmasını öz­ləri həyata keçirir­dilər. İndi isə ancaq istisna hallarda nəzəriyyəçi öz nəzəriyyəsini yoxlamaq üçün təcrübə qoyur” (17, s. 190-191). Yəni artıq elmin öz daxilində əmək bölgüsü, diferensiallaşma getmiş, yeni bir qayda for­malaşmışdır.



Müasir dövrdə qloballaşmanın və dayanıqlı inkişaf konsepsi­ya­sının tə­ləb­lərinə uyğun olaraq müxtəlif elm sahələri arasında qar­şı­lıqlı əlaqə getdik­cə genişlənir və elmdaxili inteqrativ proseslər ge­dir. A.D.Ursul “dayanıqlı inkişaf problemlərinin təbii-elmi, hu­ma­­nitar, texniki, kənd təsərrüfatı, tibbi və fənlərarası sahələrin təd­qi­qat cəbhəsinin genişlənməsini, bioloji və sosial sistemlərin taraz­laş­ması, habelə yer və kosmosun bütöv sisteminin ayrı-ayrı ele­mentləri və prosesləri üzrə biliklərin ümumi elmi istiqamətlərdə birləş­mə­sini” yeni dövrün əsas tələbləri kimi qeyd edir (20, s. 137). Onun fik­rinə gö­rə, müasir inkişaf mərhələsində elm, texnika və texnologiya noosfer ori­yen­tasiyasına keçməlidir (20, s. 136). Belə ki, Yerin təbiətinə antro­pogen təz­yiq azalmalı noosferogenezin kosmik magistralı for­ma­laşmalıdır (20, s. 138). Əlbəttə, noosfer ideyası gələcək elmin əsas inte­qra­tiv prinsiplərindən bi­ri ola bilər. Amma elmin məhz hansı isti­qa­mət­də inkişaf edəcəyini birqiymətli şəkildə proqnozlaşdırmaq hələ müm­kün deyil.

Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin