MüNDƏRİcat



Yüklə 1,64 Mb.
səhifə46/100
tarix02.01.2022
ölçüsü1,64 Mb.
#1945
1   ...   42   43   44   45   46   47   48   49   ...   100
Anahtar kelimeler: kurumsallaşma, düyüm noktaları, çatallanmalar, paradigma, uzmanlaşma, entegrasyon.
İbn Sinanın

tibb və psixologiya elmlərinin

formalaşmasında xidməti




Mehriban Qasımova

Şərq düşüncə tarixində İbn Sina özünəməxsus elmi tədqiqatları və fəlsəfə dünyasına bəxş etdiyi əsərləri ilə məşhur olmuşdur. O, nəinki fəlsəfə dünyasında, eləcə də dünya düşüncə tarixində klassik əsərlər zəncirində əhəmiyyətli mövqelərə sahib olan fəlsəfi, psixoloji, tibbə dair çox dəyərli əsərlərin müəllifidir. Digər tərəfdən o, öz professional həkimlik qabiliyyəti və praktiki müşahidəyə əsaslanan bilgilərilə insan orqanizmi və onun davranışlarını araşdırmış, insan ruhu və onun bədən üzərindəki təsirlərini şərh etməyə çalışmışdır. Bu gün də müasir tibb dünyasında müxtəlif problemlər və onların həlli haqqında tarixi-klassik əsərlərdə İbn Sinanın düşüncələri istifadə olunur.

Təbabətdə onun innovasiyaları bütün varlıqların tək və zəruri ilk sə­bəbi (İlk Ağıl) düşüncəsinə əsaslanır [1, s.135]. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, İbn Sinaya görə eşq – varlığın səbəbidir. O, eşqi psixoloji və on­to­loji baxımdan ələ alıb, izah etmişdir. Belə ki, İbn Sinaya görə psixoloji ba­xım­dan eşq, gözəlliyin və uyğunluğun arzusudur. Daha doğrusu eşq, bir hiss və emosiyadır. Bununla da eşqin yaradılışdan insana bəxş edilmiş bir his­siy­yat olduğunu ifadə etmişdir. Ontoloji baxımdan isə eşq, varlığın səbəbidir, özüdür. Fərabi kimi, İbn Sina düşüncəsində də İlk və Vacib-Vücud olan Allah – “Aşiq, Məşuq və Eşqdir”[2, s. 302-303]. O, bu fikirləri ilə fəlsəfə dünyasında yeni bir düşüncə sistemin qurulmasında təsirli olmuşdur.

İbn Sinanın iki böyük əsəri tibb sahəsində əvəz olunmaz şöhrət qa­zan­mışdır. Bunlardan biri “Kitab əl-Şəfa” (Şəfa) əsəridir. Bu əsərdə İbn Sina mən­­tiq, təbiət elmləri, psixologiya, həndəsə, astronomiya, musiqi və meta­fi­zi­­kaya aid təlimlərini inkişaf etdirməklə, monumental bir əsər ortaya qoy­muş­dur. İbn Sinaya görə, xəstəliyin qiymətləndirilməsi fərdin həyatının bü­tün komponentləri diaqnozda tam bir şəkildə əks etdirilmədiyi müddətcə na­ta­­mamdır. Beləliklə də o, hər şeydən əvvəl tibbi diaqnostikaya diqqət çəkmişdir.

İbn Sinanın ikinci ən məşhur əsəri “əl-Qanun fi-t-tibb” (Qanun) ki­ta­bı­dır. Həqiqətən də, bu əsər XVIII əsrə qədər Avropada və İslam aləmində stan­dart tibb mətni hesab edilirdi. Bu əsər tibb elminin ümumi prinsipləri (əl-külliyyat), bəsit dərmanlar (müfrəd dəvalar), xəstəlik növləri, müəyyən or­qanlara aid olmayan xəstəliklər və mürəkkəb dərmanlar olmaqla beş əsas kitaba ayrılır. “Qanun” əsəri fiziologiya tədqiqatlarında sistematik təcrübə ilə əlaqəli giriş mahiyyətində olan bir əsər kimi tanınmaqla yanaşı, eyni zamanda yoluxucu xəstəliklərin kəşfi və infeksion (yoluxucu) xəstəliklərin yayılmasını məhdudlaşdırmaq üçün karantin haqqında və klinik təcrübələrlə [5] əlaqəli bilgi verən bir kitab kimi də məşhurdur. Digər tərəfdən bu ki­tab­da eləcə də bakteriya və virus orqanizmləri haqqında ilk izahatlar möv­cud­dur [6, s.45]. İbn Sina öz yetkin tibbi bilgisi ilə xəstəliklərin təsnifini verib, on­ları izah etməklə kifayət­lənmir, bu xəstəliklərin törəmə səbəblərini də qeyd edir. O, ilkin mərhələdə xəstəliyin səbəbini ayırd etmək məqsədi ilə ətraflı bir şəkildə tədqiq etdiyi altı əsas faktoru formulə edir. Bunlar: 1. in­sa­nın ətraf mü­hi­tin­­dəki hava, 2. yeyilib-içilən əzuqə, 3. hərəkət və istirahət, 4. yu­xu və yu­xu­suzluq, 5. evakuasiya və qidalanma, 6. emosiyadır [7]. İbn Si­na əl-Qa­nun­da diyetologiyanın əhəmiyyətini vurğulamış, havanın və ətraf mü­hitin sağ­lamlığa təsirindən və oral anesteziya vasitələrinin cərrahi əmə­liy­yat­lar­da istifadəsindən bəhs etmişdir. Əsərdə 760-a yaxın dərman mad­də­ləri, onların is­ti­­fadə şəkilləri və effektivliyi haqqında məlumatları qeyd edil­­mişdir. Bu əsərin tədqiqatçıları İbn Si­nanın nəbz ilə diaqnozda ixtisaslı bir həkim olduğunu bildirmişdirlər. [8, s.23-24]

Aparılan tədqiqatlar nəticəsində demək olar ki, İbn Sinaya aid olan tibb nəzəriyyəsi onun təbiət fəlsəfəsinə əsaslanır. Belə ki, elmlərin təsni­fin­də İbn Sinanın tibbi təbii elmlərin alt söbəsi olaraq qəbul etməsi [9,s. 448], tib­bin prinsiplərinin də təbii elmlərin prinsiplərindən təsirləndiyini göstərir. Baxmayaraq ki təbiət fəlsəfəsi ilə tibb ədəbiyyatı və nüfuzları baxımından bir-birindən fərqlənirlər, İbn Sina çox məharətli bir şəkildə bu iki sahəni uz­laş­dıra bilmişdir. İslam dünyasında orta əsrlərdə təbiət fəlsəfəsinin nüfuzlu sa­hibi Aristotel ilə tibb sahəsinin dahilərindən biri olan Qalen arasında bəzi möv­zularda ziddiyyətlərin mövcudluğuna baxmayaraq, İbn Sina belə uz­laşdırıcı təşəbbüs göstərmişdir.

Nəzəriyyəyə üstünlük verməsinə baxmayaraq, İbn Sina elmi metodlar haqqında fikirlər irəli sürmüş, hipotetik-empirik bir metod təklif etmişdir. Bu isə determinasiyanın emanasiya düşüncəsinə əsaslanır. Bu düşüncə, de­ter­minasiyanın sadəcə kənar təsirlərə bağlı olmadığını, onun funksiya­sının da­ha çox daxili (immanent) əlaqələrdən asılı olduğunu söyləyir. Bu funk­si­ya­nı isə İbn Sina ilahi inayətin bir təcəllisi kimi qiymətləndirir. Bu im­ma­nent determinasiyanın emanasiya cəhəti də fəal ağıldan ortaya çıxan for­malar vasitəsilə mümkündür. Məhz bu formaların bədəndəki funksiyalarını empirik bir tədqiqatda ölçmək olar. İbn Sinanın empirik metoda aid bu yeni üsulu əl-Qanun əsərində özünü əks etdirmişdir [10, s. 35].

Əlbəttə ki, bütün bunları nəzərə alaraq, belə bir sual ortaya çıxa bilər, daha doğrusu, dünya tibb tarixində və inkişafında İbn Sinanın təsirini diq­qə­tə alaraq, nəyə görə bu gün Qərb dünyasında onun tibbi sistemi özünə layiq gör­kəmli halı qorumamışdır? Bu sualın birmənalı cavabı yoxdur, lakin bir çox İbn Sina tədqiqatçıları bu suala iki səbəbdən çıxış edərək cavab ver­miş­dir [7]. İlk səbəb, 1700-ci illərin sonlarında elm adamları, xüsusilə bioloq­la­rın İbn Sinaya qarşı irəli sürdükləri tənqidlər olmuşdur ki, bu da əsasən əh­val-ruhiyyənin və metabolik alt hüceyrə qüvvələrinin reallığının İbn Sinanın xəs­təliklərin səbəbləri ilə əlaqəli görüşündə qeyd edildiyi kimi olmadığı haq­qında idi. Əslində texnoloji inkişaf tədqiqatçılara mikro-canlılar üzərin­də dərinləməsinə araşdırmalar aparmağa imkan verdiyi gündən bəri, əhval ru­hiyyənin və ya hisslərin ölçülməz və ayrışmaz olması fikrinə görə İbn Si­na­nın tibbi düşüncəsinə skeptik münasibət başladı. İkinci və bəlkə də ən əsas səbəb isə, İbn Sinanın canlı bakteriya və virus forma­larının möv­cud­lu­ğu­nu qəbul etdikdən sonra onların xəstəliklərin əsas səbəbi olduğu və daha çox pozulmuş metabolizmin nəticəsinin məhz onların olması fikrini rədd et­mə­si idi. Təbiidir ki, texnologiyanın inkişafı kimya, fizika sahəsində olduğu ki­mi, tibb sahəsində özünəməxsus elmi yeniliklər ortaya qoymaqla, əvvəlki el­mi düşüncələrin bəzilərini də ortadan qaldırmışdır.

İbn Sinanın nevroloji sahədə də yenilikləri olmuşdur. Belə ki “ver­mis”“tailed nucleus” məfhumlarını nevrologiyaya bəxş etmişdir. J.R. Green-ın fikrinə görə müasir dövrümüzdə tez-tez istifadə olunan “nucleus caudate” məfhumu məhs bu iki məfhumdan törəmişdir [11, s. 469]. Buna əla­və olaraq o, beyinə və onun iltihabına əsaslanan şiş (tumour) vasitəsilə mey­­dana gələn meningiti, bədənin istənilən hissəsində formalaşa bilən mik­rob hadisələrinin beyində yayılması nəticəsində meydana gələn meningitdən fərq­ləndirmişdir. O, sadəcə onların iki fərqli varlıq-patologiyası olduğunu idd­­ia etməklə qalmamış, eyni zamanda min il əvvəl artıq onu izah etmişdir [11, s.470]. Bundan başqa, onun göz hərəkəti fiziologiyası ilə əlaqəli izah­la­rı müasir tibb sahəsini işıqlandırmışdır. O, optik sinirlər, göz bəbəyi, mər­kə­zi və periferik üz iflici haqqında da çox qiymətli fikirlər söyləmişdir [12, s. 352].

İbn Sinanın digər bir yeniliyi isə onun öz xəstələrinə müalicə müd­də­tin­də tətbiq etdiyi metod idi. Bu metodun adı “təlqindir”. O, öz tibbi təc­rü­bə­lərinə əsaslanaraq qeyd etmişdir ki, bioloji baxımdan xəstə olan insan iradənin gücü ilə sağala bildiyi kimi, eyni zamanda sağlam insan da xəstəlik vəsvəsəsinə qapılaraq həqiqətən də xəstələnə bilər. Məhz bu təlqin vasitəsilə o öz xəstələrində sağalmağa doğru proqressiv nəticə əldə edə bilmiş və xəs­tə­lərdə sanki iradi immunitet meydana gətirmişdir. Çünki bu metod xəs­tə­də özü­nə inamı artırır və xəstəliyə qarşı psixoloji immunitet yaradır. Müasir dövr­də də bu metod həkimlər arasında çox yayğındır. Belə ki, əgər xəstə özü­nə inamı itirmiş olsa, həqiqətən də xəstəliyə qarşı tibbi nailiyyət əldə et­mək demək olar ki, qeyri mümkün olacaqdır. Təbiidir ki, belə halda həkim­lər ilk növbədə ruhun sakitliyini əldə etmək üçün özünə inamı möh­kəm­lət­məyə çalışırlar. Yeri gəlmişkən, İbn Sina bunu da qeyd etmişdir ki, qorxu ki­mi güclü həyəcanlar orqanizmin ahəngini poza bilər və hətta ölümə də sə­bəb ola bilər. Hissin və həyəcanın bu güclü təsiri inamın və qərarlılığın ruh­da meydana gəlməsi və daha sonra həzzin və ağrının onları izləməsi ilə ortaya çıxır [13, s. 42-43].

İbn Sina bir müsəlman psixoloq kimi özünün “Risalə fi dəf`i ğami`l-mevt” (Ölüm qorxusundan nicat haqqında risalə) əsərində ölüm qorxusunun sə­bəblərini, onun təsirlərini və bu qorxudan uzaqlaşma yollarını tədqiq et­miş və özünəməxsus şərhlər vermişdir. Eyni zamanda o, iki fərqli əsərində: “əl-Hüzn” (Kədər) və “Dəfu'l ğamm və'l həmm” (Qayğıdan və qorxudan xi­las) adlı əsərlərində tibbi tədqiqatın və müalicənin metodları ilə əlaqəli tib­bi-fəlsəfi mülahizələr ortaya qoymuşdur. İbn Sinanın hisslər nəzəriyyəsi hə­qi­qətən də özünəməxsus orijinallığını qoruya bilmişdir. Burada o, hisslərin qisimlərindən və çalışma mexanizmlərindən bəhs etmişdir. Əvvəlcə qeyd et­mək lazımdır ki, İbn Sina xəyal meydana gətirən qüvvəni, heyvani nəfsə aid beş daxili hissdən biri olaraq ələ almışdır. Beləliklə, İbn Sinaya görə daxili və xarici hisslər vardır. Xarici hisslər beş duyğu orqanına aid olan hisslərdir. İbn Sina daxili hissləri təsnif edərkən isə aşağıdakı qüvvələri ələ alaraq beş qüv­vədən bəhs edir: a) müştərək hisslər, b) təsəvvür qüvvəsi, c) xəyal qur­maq qüvvəsi, d) təxmin qüvvəsi, e) hafizə və xatırlama qüvvəsi. Müştərək his­slər (hissi müştərək və ya qüvvəi bantasya): bütün bu hisslərin təəs­sü­rat­ları (xarici hisslərdən başqa) bu müştərək hisslərdə toplanır və idraklar ha­lı­na dönür. Təsəvvür və xəyal qüvvəsi (musavvira və ya xəyal): müştərək his­sin beş hissdən aldığı hissi təəssüratları, hiss edilən obyektlər yox olduğunda da mühafizə edir. Xəyalqurma qüvvəsi (mutəxəyyilə): təsəvvür qüvvəsində olan surətləri birləşdir­mə və ayırma işini görür. Təxmin qüvvəsi (vəhmiyyə və ya mutəvəhhimə): maddi olmayan fikirləri, mənaları dərk edir. Bunlar, dərk edilən obyektlərin təbiətlərində mövcud olduğu sanılan və hiss edilən, la­kin mühakimə əsnasında hisslərlə dərk edilməyən dostluq-düşmənlik, yax­şı­lıq-pislik, nifrət-sevgi kimi mənalardır. Beləliklə də, bu hiss şəx­siy­yə­ti­mi­zin təməlidir. Daxili hisslərin sonuncusu olan hafizə və xatırlama (hâfiza-zâ­ki­ra) hissi: təxmin qüvvəsində yer alan məna və fikirləri hafizədə tutur. İbn Si­nanın vəhm (təxmin) qüvvəsi ilə əlaqəli görüşləri, canlı varlığın di­gər­lə­ri­nə göstərdiyi hissi münasibətləri izah edən və bugünkü psixoloji elmi izahlara uyğun düşən fikirlərdir [14, s. 36-37; 15, s. 159-162].

İbn Sinanın insan iradəsi ilə əlaqəli görüşləri müasir psixologiyada öz əksini tapmışdır. Müasir psixologiyaya görə insan davranışının meydana gəlməsini təmin edən ən əsas faktor motivdir (motivasiya). Motiv istək, ar­zu, ehtiyac, impuls və maraqları əhatə edən bir məfhumdur. Motivlər or­qa­niz­mi xəbərdar edir və onu fəaliyyətə keçirir, orqanizmin davranışını müəy­yən bir məqsədə istiqamətləndirir. Demək ki, davranışların təməlində motiv yer alır [16, s.230]. İbn Sina düşüncəsində insan feli müəyyən bir prosesdən sonra ortaya çıxır. Motiv onun düşüncəsində bir növ iradədir [bax:17].

Müasir dövrdə son əsrlərdə Yunqun istifadə etdiyi “əlaqə testləri” vasitəsilə keçmişdə mövcud olan sirləri və yaşanmış xatirələri araşdırmaq mümkündür. Bəzi nüfuzlu elm xadimlərinə görə İbn Sina bu metodun banisi və ilk tətbiq edənidir. O, “eşq və ehtiras” nəticəsində meydana gələn xəstə­liyi tibbi olaraq müalicə etmişdir. İbn Sina emosiyalar və fiziki vəziyyət arasında əlaqənin mövcudluğundan bəhs etmiş və musiqinin xəstələrdə fi­zi­ki və psixoloji effektə sahib olduğunu vurğulamışdır. Eyni zamanda bəzi mü­təfəkkirlərə görə, Freydin seksual travmaya əsaslanan psixoanalizi Bruer­dən əvvəl İbn Sina tərəfindən eşq müalicəsində tətbiq edilmişdir. Buna əla­və olaraq, uşaq psixologiyası və psixiatriyası haqqında böyük mütə­fək­ki­rin çox qiymətli düşüncələri də mövcud olmuşdur [17, s.15; 14, s. 37].

Burada nəticə etibarilə qeyd etmək lazımdır ki, İbn Sina ilə əlaqəli aparılan tədqiqatlarda nüfuz sahibi olan bir çox elm xadimlərinin də doğru olaraq qeyd etdiyi kimi, İbn Sina nailiyyətinin əsas səbəblərindən biri onun elmi düşüncəsində məhz tibbi, fəlsəfi və dini düşüncələrin müvəffəqiyyətli kombinasiyasına nail olması idi. Belə ki, onun təlimi həm islam fəlsəfəsi, həm psixologiya, həm də tibb ilə əlaqəli zəngin bilgisinin nəticəsi idi.




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin