5.2.Hazır məhsulun analitik və sintetik uçotu
Hazır məhsulların uçotunun düzgün təşkil olunmasını təmin etmək üçün müəssisənin istehsal etdiyi məhsulların nomenklaturasının, yəni onların çeşidinin müəyyən olunması çox vacib məsələdir. Çeşid göstəricilərində istehsal olunmuş məhsulları bir-birindən fərqləndirən cəhətlər (model, fason, artikul, marka, sort) əks olunur. Hazır məhsulun nomenuklatura nömrəsi onların hərəkəti ilə əlaqədar olan bütün sənədlərdə əks olunmalıdır.
Hazır məhsullar natural və həm də dəyər ifadəsində uçota alınır. Müəssisə balansında hazır məhsullar faktiki istehsal maya dəyəri, plan (normativ) maya dəyəri və ya qısaldılmış maya dəyəri (ümumtəsərrüfat xərcləri daxil olmamaqla) ilə əks etdirilə bilər.
Məhsulun faktiki istehsal maya dəyəri hesabat ayının sonunda hesabat dövrü ilə əlaqədar olan bütün sənədlər mühasibatlığa daxil olduqdan və sərf olunmuş ehtiyatlar kalkulyasiya edildikdən sonra müəyyənləşdirilir. Məhsulun daimi hərəkətini nəzərə alaraq, cari uçotun təşkili üçün hazır məhsulun tənzimlənmiş uçot qiymətinin müəyyənləşdirilməsi lazımdır.
Hazır məhsulun sexdən anbara verilməsi üçün iki nüsxədən ibarət qaimə yazılır, onun bir nüsxəsi məhsulla birlikdə anbar müdirinə, digər nüsxəsi isə anbar müdirinin imzası ilə sexdə saxlanılır. Hazır məhsulun sifarişçiyə verilməsi, sifarişçi müəssisənin vəkalətnaməsi əsasında onun nümayəndəsinə qəbul-təhvil qaiməsi əsasında verilir.
Hazır məhsulun mövcudluğu və hərəkətinə dair məlumatların ümumiləşdirilməsi üçün mühasibat uçotunun Hesablar Planında 40 saylı «Hazır məhsul» hesabı nəzərdə tutulmuşdur. Bu hesab maddi istehsal sahələrinin müəssisələri tərəfindən istifadə edilir və aktiv hesab sayılır.
Komplektləşdirmə üçün, yəni dəyəri müəssisənin məhsulunun maya dəyərinə daxil edilməyən yaxud satılmaq məqsədilə mal kimi alınan hazır məmulatlar 41 saylı «Mallar» hesabında uçota alınır. Kənar üçün yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin dəyəri 40 «Hazır məhsul» hesabında əks etdirilmir. Onlara çəkilən faktiki xərclər isə istehsal məsrəflərini uçota alan hesablardan birbaşa 46 «Məhsul (iş, xidmət) satışı» hesabına silinir. Sifarişçiyə yerində verilən və qəbul-təhvil aktı ilə rəsmiləşdirilməyən məhsullar bitməmiş istehsalın tərkibində saxlanılır və 40 «Hazır məhsul» hesabında uçota alınmır. Hazır məhsullar 40 «Hazır məhsul» hesabında faktiki istehsal maya dəyəri ilə uçota alınır.
40 «Hazır məhsul» hesabının debetində olan qalıq məbləği hesabat dövrünün əvvəlinə və sosnuna müəssisə anbarlarında olan məhsulların qalığını göstərir. Hesabın debet dövriyyəsi istehsalatdan buraxılmış yaxud alıcıdan qaytarılmış məhsulun faktiki və ya normativ maya dəyərini, kredit dövriyyəsi isə hesabat dövründə alıcıya yüklənmiş məhsulun faktiki və ya normativ maya dəyərini göstərir.
Hesabat dövründə müəssisə anbarına mədaxil olunan hazır məhsullar uçot qiymətilə 40 «Hazır məhsul» hesabının debetində və 20 «Əsas istehsalat», 23 «Köməkçi istehsalatlar» hesablarının kreditində əks olunur.
Satış və qismən müəssisənin öz ehtiyacları üçün hazırlanmış hazır məhsulun mədaxili 40 «Hazır məhsul» hesabının debetində, istehsal məsrəflərini uçota alan hesabların isə kreditində əks etdirilir.
Əgər hazır məhsul bütünlüklə müəssisənin özünün istifadəsi üçün sərf olunarsa bu zaman o, 40 «Hazır məhsul» hesabına mədaxil edilməyə bilər. Həmin məhsul onun təyinatından asılı olaraq 10 «Materiallar», 12 «Azqiymətli və tezköhnələn əşyalar» və sair müvafiq hesablarda uçota alına bilər.
Yüklənmiş yaxud istehsal yerində malalanlara təhvil verilmiş hesablaşma sənədləri həmin malalanlara təqdim edilmiş hazır məhsul saitılmış məhsul kimi 40 «Hazır məhsul» hesbaından 46 «Məhsul (iş, xidmət) satışı» hesabının debetinə yazılmaqla silinir.
Mühasibat uçotunda sintetik uçotla yanaşı hazır məhsulların ayrı-ayrı məhsul növləri üzrə analitik uçotu aparılmalıdır. Nəzərə almaq lazımdır ki, 40 «Hazır məhsul» hesabı üzrə analitik uçot hazır məhsulların saxlanma yerlərində, ayrı-ayrı növləri üzrə aparılır.
Dostları ilə paylaş: |