1.2. Mühasibat uçotu idarəetmədə mühüm amildir
Mühasibat uçotu prinsipləri, sistemi və standartları daima təkmilləşdirilməklə, bazar iqtisadiyyatının formalaşmasında «sahibkarlıq dili» vəzifəsini yerinə yetirməklə, idarəetmədə mühüm rol oynayır. Mühasibat uçotu idarəetmədə mühüm vasitə olmaqla yanaşı planlaşdırmada, müəssisə təsərrüfat-maliyyə fəaliyyətinin tənzimlənməsində, istehsalın daha yüksək səviyyədə təşkil olunmasında əsaslı rol oynayır. Müasir idarəetmə sisteminin bazar iqtisadiyyatı tələblərinə uyğun təşkili bilavasitə mühasibat uçotunun beynəlxalq uçot sistemlərinə uyğun inkişafı və təkmilləşdirilməsi ilə əlaqədardır.
Təsadüfi deyildir ki, bir sıra iqtisadi cəhətdən yüksək dərəcədə inkişaf etmiş dünya ölkələrinin iqtisadçı mütəxəssislərinin hesablamalarına görə idarəetmədə istifadə olunan informasiyaların 70 faizdən çoxu ancaq mühasibat uçotu məlumatları hesab olunur. Bir qayda olaraq iqtisadi subyektlərin bütün əmlakı, o cümlədən əsas vasitələr, xammal-materiallar, yanacaq-energetika, əmək və maliyyə ehtiyatları informasiyaları mühasibat uçotunda sistemləşmiş şəkildə toplanaraq istehsalat, maliyyə-təsərrüfat fəaliyyəti üzrə istənilən nəticələrin əldə olunmasına şərait yaradılır.
Mövcud olan informasiyaların idarəetmə sistemində faydalı istifadə olunmasını təmin etmək üçün isə mühasibat uçotunun elə bir sistemli təşkili lazımdır ki, o müasir dövrdə dünya ölkələrində istifadə olunmuş qabaqcıl mühasibat uçotu və beynəlxalq standartların metodu və prinsiplərindən istifadə edilməsinə uyğunlaşmaqla, hesablama texnikasından geniş istifadə edilməsinə şərait yaratsın.
İdarəetmə sistemində mühasibat uçotu bir sıra vəzifələr yerinə yetirir ki, onlar içərisində mühüm əhəmiyyəti olan nəzarət funksiyasıdır. Onu da qeyd etmək lazımdır ki, idarəetmənin təkmilləşdirilməsi dövriyyədə müxtəlif mülkiyyət formalarının yaranması ilə bazar münasibətlərinin formalaşması mühasibat uçotunun nəzarət funksiyası və onun forma, metodları xarici ölkələrin təcrübələrindən istifadə edilməsi ilə daha da genişlənir və möhkəmlənir.
Keyfiyyətli təşkil olunmuş mühasibat uçotu informasiyası müəssisə və şirkətlərin istehsal əməliyyatlarının müxtəlif mərhələlərinə nəzarət etməklə, lazımi şəraitdə müəssisənin və onun bölmələrinin bütün əməliyyatlarının fəaliyyətinə nəzarət etməyə, onu təhlil etməyə və bu informasiya əsasında müxtəlif idarəetmə mərhələlərində idarəetmə qərarlarını əsaslandırmaq və qəbul etmək üçün istifadə edilir.
İdarəetmə sistemində mühasibat uçotu bir sıra vəzifələri yerinə yetirir. Həmin vəzifələr sırasında nəzarət, əmlakın qorunub saxlanması, informasiya və analitik vəzifələri xüsusi əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |