İNSANIN YARANIŞI VƏ CİNSİ AZĞINLIQ
Əzəldən qoyulmuş ilahi təqdirə əsasən kişi və qadının müəyyən əlaqələrindən sonra ata belində olan sperma ana bətninə keçir və getdikcə ayrı bir şəklə, yəni insan formasına düşməyə başlayır.
Lakin ata və ana, bətndə mövcud olan varlığın kimliyini, necəliyini və hansı cinsdən olduğunu anlamır. Ana, öz analıq vəzifəsini yerinə yetirərək bətnində olan uşağı doqquz ayadək özü ilə gəzdirir, əziyyətlərə qatlaşır və bu yolda bir çox çətinliklərə göz yumur.
Ata və ana, birlikdə dünyaya yeni qədəm qoyan körpənin intizarındadır. Lakin nədənsə günlər və aylar gəlib çatmaq bilmir. Bətndə qərar tutmuş sperma qan parçası və sonra ətə çevrilir, daha sonra ət parçasına sümük verilir və nəhayət insanın böyük xaliqi tərəfindən üfürülən ilahi ruh, ana bətnində olan varlığı, vücudu kamil olan bir insana çevirir və bundan sonra onun oğlan və yaxud qız olduğu aydınlaşır.
Axır ki, ata və ananın səbir- sizliklə yolunu gözlədikləri körpə dünyaya qədəm qoyur. Bəşəriyyətin hidayət kitabı Qurani-kərimdə belə oxuyuruq:
يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُم مِّن ذَكَرٍ وَأُنثَى...
Ey insanlar! Həqiqətən sizi bir kişi və bir qadından xəlq etdik.1
Qurani-kərimin ayrı bir yerində isə belə oxuyuruq:
يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ
Ey insan! Böyük Rəbbinin huzurunda səni qürurlandıran nədir? O rəbbin ki, səni yoxdan vücuda gətirib, kamil insan şəkilinə salaraq səni münəzzəm etdi...2
Doğrudan da insan hansı üzlə bu böyük Rəbbin hüzurunda qürurlanıb onun əleyhinə qiyam etsin?
Qurani-kərimin dediyinə əsasən, görəsən insanın yada düşmədiyi günü olmuşdurmu?
هَلْ أَتَى عَلَى الْإِنسَانِ حِينٌ مِّنَ الدَّهْرِ لَمْ يَكُن شَيْئًا مَّذْكُورًا
Görəsən insan üçün onun yada salınmadığı ruzigarı keçmişdirmi?3
Beləliklə İnsan daima öz Rəbbini və böyük xaliqini xatırlamalı və onun hüzurunda aciz olduğunu fikirləşməlidir ki, məhz bu yolla əbədi səadətə nail ola bilər.
Haqqında danışdığımız insan (dünyaya gəlmiş yeni körpə) bir müddət öz anasının südü ilə qidalanır və ana da öz növbəsində övladına məhəbbət və atifə ilə süd verir.
Ata və ana birlikdə əl-ələ verib körpənin boya-başa çatması yolunda min bir əzab-əziyyətə dözür və zəhmətlərə qatlaşırlar. Körpə uşaq gün-gündən inkişaf edir, ata və anasına qarşı isinişməyə başlayır.
Bəzi psixoloqların nəzərinə əsasən, körpə uşağın elə bu vaxtlardan 7-8 yaşlarına qədər, öz ata və anasına ehtiyacı olur və ata-ana məhəbbəti onun qəlbində get-gedə çoxalır.
Uşaq bu mərhələdə yavaş-yavaş dil açıb danışmağa başlayır və bu mərhələdən sonra ayrı bir mərhələyə qədəm qoyur. O, bu mərhələdə ətraf mühiti öyrənmək və onlar haqqında məlumat toplamaq istəyir. Bu mərhələdə onun həyat təcrübəsi yox dərəcəsindədir və o hələlik həyatın çətinliklərini görmədiyi, həmçinin bir çox azğınlığa düçar olmadığı üçün sadə və təmiz zehn və qəlbə malikdir. Onun bu mərhələdə hamıdan çox rəfiq və dosta ehtiyacı vardır. O, ata və anasına məhəbbət bəsləməklə yanaşı, 7 və ya 8 illik bir dosta ehtiyaclıdır.
Bu mərhələ də sona yetdikdən sonra o, yeni bir mərhələyə qədəm qoyur ki, bu mərhələyə keçmək çox çətin və həyatın mühüm hadisələrindən sayılır. İnsan bu mərhələdə yeniyetməlik və daha sonra gənclik dövrünə qədəm qoyur.
O, məhz bu mərhələdə bir çox böyük çətinliklərlə üzləşməli olur və həyatının həll edici anlarını keçirir. İnsan bu mərhələdə həm ruhi, həmdə cismi dəyişiklikləri müşahidə edir, özünün keçmiş mərhələ ilə müqayisədə dəyişildiyini görür. O, bu dəfə özündə cinsi yetginliyi hiss edir.
Belə bir həssas dövranda ona «cavanlığının qədrini bil» sözünü deyən lazımdır. Adətən oğlanlar 15 , qızlar isə 9 yaşında cinsi yetginliyə çatırlar. Bu yetginlik onların boyunun uzanması, çəkisinin artımı, sümüklər və əzələlərin inkişafı və.. ilə gözə çarpır.
Cinsi yetginlik, həqiqətdə yeni doğuluşdur. İnsan bu mərhələdən sonra «müstəqil olmaq» «azad fikirləşmək» və «başqasından söz eşitməmək» kimi düşüncə və rəftarlara malik olur. Adətən yeniyetmələr həyatın bu mərhələsində tezküsən olur və kiçik bir sözdən belə ürəkləri sınır. Hətta valideynlər «biz artıq bu uşağı tanımırıq, o təmamilə dəyişilmişdir» deyə şikayətlənirlər.
Cavan bu mərhələdən sonra daimən məsuliyyətli işi öhdəsinə alıb, həmişə öz adının hallanmasını istəyir. O , bu dövranda hövsələsiz olaraq özünü tez itirir və qəzəbli olur. Onun ətrafında olanlar, (ata, ana, bacı, qardaş və...) ehtiyatlı olmalı və onunla mehirbancasına rəftar etməlidirlər.
Əziz peyğəmbərimiz həzrət Məhəmməd (s) 14 əsr öncə valideynlər və müəllimlərə belə sifariş etmişdir:
Sizə sifariş edirəm ki, gənclərə qarşı mehriban olun. Çünki, onlar (ömrün bu dövranında) ürəyi yumşaq və incə ürəkli olurlar.
Cavanın bu mərhələdə uzləşdiyi yaxşı xüsusiyyətlərdən biri də onun «məhəbbəti»-dir. O, ata, ana, bacı-qardaş, qohum-əqrəba və sairəyə məhəbbət etməklə yanaşı, özünün müxalif cinsinə qarşı da şiddətli məhbbət göstərir ki, bu da öz növbəsində kainatın xaliqi tərəfindən Adəm övladlarına hədiyyə edilmiş böyük bir negmət sayılır.
Bu zaman valideynlərə, müəllimlərə və s... lazımdır ki, bu yeniyetməyə «şəxsiyyət» verib, onun şəxsiyyətini sındıran hər bir işdən əl çəksinlər. Nəhayət yetginliyə çatmış oğlan və qız həyatının ən mühüm və həll edici mərhələsi, onların yetginlikdən sonra müxtəlif səbəblər üzündən cinsi azğınlığa uğramasıdır.
Bu azğınlığa uğramış hər bir gənc və ya yeniyetmə öz çətinliyinin daha da təhlükəli olduğunu bilib, onun aradan qaldırılması yolunda addım atmazsa, böyük ziyankarlıq və peşmançılıqla üzləşəcək və həyatının şirinliyini dərk etməkdən aciz qalacaqdır.
Cinsi azğınlıq təkcə qərb ölkələrində deyil, hətta Afrika, Asiya və çox təəssüflər olsun ki, müsəlman ölkələrində də mühüm ictimai problemlərdən sayılır.
Qərb ölkələrində bu böyük çətinliyi aradan qaldırmaq üçün bir çox ictimai məsələlər üzrə filosof və psixoloqlar, müxtəlif nəzəriyyələr irəli sürmüş, lakin onların nəzəriyyələri yanlış olduğundan, mövcud vəziyyəti daha da gərginləşdirmişdir. Onların irəli sürdüyü nəzəryyələrdən biri də belədir: «Bəşərin bir şeyə rəğbət və meyli, həmin sahədə azad olmaqla azalar, o sahədə məhdudiyyətlə üzəşdikdə isə çoxalıb artmağa başlayar. Bizim cinsi ləzzətlərin pis nəticələrinin və bu sahədə baş verən azğınlıqların qarşısını almaq üçün yeganə yolumuz, bu sahədə hər bir maneə və məhdudiyyəti insanların qarşısından götürüb, onlara tam azadlıq verməkdən ibarətdir...»
Əziz oxucu! Elə bu yanlış nəzəriyyələrə əsasən bir çox ölkələrdə əxlaqsız filmlər, səhnələr, kitablar və s... azad qoyulmuş və təssüfflər olsun ki, belə bir böyük çətinliklə üzləşmişlər.
Qərb aləmi isə texnika və bir çox sahələrdə inkişaf etdiyinə baxmayaraq, əxlaq və mənəvi məsələləri öyrənmək üçün İslam dini qarşısında diz çökməlidir. Çünki, «Məsihiyyət» dini onların çətinliklərini aradan qaldırmaqda aciz qalmış və bu haqda həll edici bir göstəriş verməmişdir.
«Məsihiyyət»-in bu cür ictimai çətinlikləri aradan aparmaq üçün dəyərli göstərişi olsaydı, onlar heç vaxt cənab Froyd və bu kimi sair alim və psixoloqlara üz gətirməz, onlar da bu çətinlikləri aradan qaldırmaq üçün özlərindən yanlış fikir və nəzəriyyələr irəli sürməz və nəticədə bəşəriyyət daha da azğınlığa tərəf yönəlməzdi. Əlbəttə, təkcə «Məsihiyyət» deyil, «Yəhudiyyət», «Zərdüşt» və bütün din və məzhəblər də bəşəriyyətin ehityacları, o cümlədən bu kimi ictimai və fərdi çətinlikləri həll etməkdə aciz qalmışdır ki, yeganə qurtuluş yolu, müqəddəs İslam dini və onun dəyərli göstərişləridir.
Bu söz sadəcə iddia olmayaraq bütün din və məzhəblərə öz bacarağını göstərmiş, ağıl sahibləri isə İslam dininin bu bacarığını təsdiq etmişdir. Buna görə də İslam dininin yalnız ibadi bir din olduğunu iddia edənlər yanılmış və xəta etmişlər.
Böyük Rəbbimiz, Qurani-kərimdə həzrət peyğəmbərə (s) belə göstəriş verir:
قُلْ يَا أَيُّهَا النَّاسُ إِنِّي رَسُولُ اللّهِ إِلَيْكُمْ جَمِيعًا
De ki: Ey insanlar! Mən Allahın sizin hamınız üçün göndərilmiş peyğəmbəriyəm... 4
Həzrət Məhəmməd (s) və müqəddəs İslam şəriəti bütün bəşəriyyət üçün göndərilmişsə, şübhəsiz bəşəriyyətin bütün çətinlik və problemlərinə cavab verib onları həll etməyə də qadirdir. Qurani-kərimin digər surəsində oxuyuruq:
الَر كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ لِتُخْرِجَ النَّاسَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِِ
...İnsanları zülmətlərdən nura (aydınlığa) doğru çıxarmaq üçün bu kitabı (Quranı) sənə nazil etdik... 5
Hal-hazırda bəşəriyyətin düçar olduğu saysız-hesabsız çətinliklər, azğınlıq və fəsadlar zülmət və bədbəxtlikdən başqa bir şey deyildir. Bunu hər hansı bir şüurlu insan təsdiq edir ki, onlardan yaxa qurtarmaq üçün yeganə çıxış yolu, müqəddəs İslam dini və Qurani-kərimdə bəyan olunmuş dəyərli göstərişlərdir.
Bəli, şübhəsiz bu zülmət və bədbəxtlikdən yaxa qurtarıb aydınlıq və səadətə nail olmaq üçün hamılıqla İslam dininə üz gətirib, bu böyük və misilsiz dinin göstərişlərini dinləməliyik. Cinsi azğınlığın növlərinə gəldikdə isə deməliyik ki, əsasən qanuni yolla evlənməkdən başqa bütün növ cinsi bəhrələnmə, azğınlıq sayılır. Məsələn: Bir kişi ilə qadının qeyri-qanuni halda bir-biri ilə cinsi əlaqədə olması, iki kişinin bir-biri ilə cinsi məsələlərdə rabitə saxlaması, özündən (cinsi orqanından) sperma xaric etməsi və s...
Biz növbəti fəsillərdə cinsi azğınlığın bəşər həyatı üçün nə qədər ziyanlı olmasını və bu azğınlıqların hər biri haqqında İslam dini və fəqihlərin nəzər və fətvalarını, həmçinin bu azğınlıqlardan xilas olma yollarını, əziz oxucuların nəzərinə çatdıracağıq. İnşaallah.
HESABATLAR VƏ MƏLUMATLAR
Hörmətli oxucu! Bu hissədə, cinsi azğınlıq nəticəsində baş vermiş hadisə, təcavüz və fəsadlar haqqında məlumatları diqqətinizə çatdıracaq, qərb alimlərinin özbaşınalıqla irəli sürdüyü nəzəriyyələrin nəticəsində bəşəriyyətin necə də acınacaqlı vəziyyətə düşməsini sübut edəcək və nəhayətən bu barədə qəzavət etməyi sizin ixtiyarınıza qoyacağıq.
Siz bu məlumatlarda görəcəksiz ki, milyonlarla insan cinsi azğınlıqlar nəticəsində hələ də müalicə yolu tapılmayan «SPİD» xəstəliyinə tutulmuş və minlərlə uşaq qeyri-qanuni yolla dünyaya gəlmişdir.
Bu acınacaqlı vəziyyət isə, hələ də davam etməkdədir. Siz mülahizə edəcəksiniz ki, qərb aləmi artıq bu xoşa gəlməz və acınacaqlı vəziyyətdən bezmiş və elə buna görə də qərb ölkələrində intihar edənlərin sayı artmışdır. Həmçinin qeyd etməliyik ki, burada verilmiş məlumatlar əsasən bir sıra mötəbər qərb xəbər agentliklərinin verdiyi məlumatlardan ibarətdir ki, müxtəlif qəzet və jurnallardan götürülmüş və bu məlumatlar, 20-ci əsrin son on illərinə aiddir.
Ümidvaram ki, siz əziz oxucular bu məlumatları oxumaqla, bəşəriyyətin acınacaqlı vəziyyətini başa düşüb özünüzdə «bəs nə etmək lazımdır?» sualını vücuda gətirəsiniz.
İndi isə diqqətinizi bu haqda hesabat və məlumatlara cəlb edirik:
*Britaniya agentliyinin vediyi xəbərə əsasən hər il bu ölkədə məktəb və univerisitet tələbələrindən özünü intihar edən beş nəfərdən biri qızdır və 1995-ci ildə bu ölkədə vəfat etmiş 738-gəncin 19%-i özünü intihar etmişdir.
*Rusiya agentliyinin verdiyi xəbərə əsasən bu ölkənin 147 milyon əhalisindən iki milyon nəfəri narkotik maddələrdən istifadə edir və bu vəziyyət artmaq üzrədir.
*Britaniya mütəxəssislərinin dediklərinə görə bu ölkənin nümunə və əxlaqlı məktəb şagirdləri klub, televizor və videonun əxlaqsız səhnə və verilişlərinə tamaşa etdiklərinə görə, get-gedə azalmaq üzrədir və bu cür şagirdlərin sayı 1993-cü ildən 1997-ci ilədək, üç də iki faizdən üç də bir faizə enmişdir.
*Bolqarıstanın «Animus» qadınlar təşkilatının yaydığı xəbərə əsasən, 10 min qadın və qız bu ölkədən çıxarılaraq xaricdə iffətsizlik və çirkin işlərə məcbur olunmuşlar. Onlar əsasən bir sıra Avropa ölkələrinə və Türkiyəyə aparılmışlar.
*1996-97 təhsil illərində Amerikanın məktəblərində aparılmış tədqiqatlara əsasən, bu məktəblərdə 188 silahsız dava, 116 oğurluq və 98 dəfə digərinin mülkünü dağıtmaq kimi hadisələr baş vermiş və Amerika məktəblərinin 10%-də aparılmış yoxlamalara əasən bu məktəblərdə bir il ərzində 4100 dəfə cinsi təcavüz baş vermişdir.
*Aparılmış tədqiqatlara əsasən dünyanın ən təhlükəli 13 şəhərindən doqquzu Amerika Birləşmiş Ştatlarında yerləşir ki, Vaşinqton, LosAncles, Çikaqo, Finiks, Nyuyork və Sandieqo şəhərləri buna misal ola bilər.
*Britaniya daxili işlər nazirliyinin yaydığı xəbərə əsasən, ölüm və cinayət sarıdan Avropanın ən təhlükəli şəhərləri, Rusiyanın paytaxtı Moskva şəhəri və ondan sonra Helsink, Lissabon, Amsterdam, Belfast və Cenevrə şəhərlərindən ibarətdir. Bu məlumat 1994-96-cı illərdə aparılmış tədqiqatların nəticəsidir.
*Amerika konqresi son ildə ölkənin təhsil ocaqlarında cinayət və pozğunluğun qarşısını almaq üçün, 95 milyon dollar büdcə ayırmışdır.
*İtaliya agentliyinin Romadan verdiyi xəbərə əsasən hər beş İtaliyalının ikisi əxlaqsız filmlərə tamaşa etməyə razıdırlar. Həmçinin İtaliyalı ailələrdən aparılmış hesablamalara görə onlardan yalnız 35%-i əxlaqsız kinolara baxmaqla müxalifdirlər.
*1998-ci ildə aparılmış hesablamalara görə dünyada 190 milyon nəfər narkotik və digər zərəli maddələrdən istifadə edirlər.
*Doktor Sankay Çuq Dehlidə «İrna» agentliyinə verdiyi müsahibəsində demişdir: Hindistandakı ictimai vəziyyət elə gərgindir ki, 12-15 yaşlı qızlar tək və ya valideynləri ilə birlikdə polikilinikalara gəlib «abort» etdirirlər ki, aparılmış tədqiqatlara görə onların 20%-ni ailə həyatı qurmayan subay qızlar təşkil edir. Həmçinin Hindistan gənclərinin azğınlığı get-gedə artmaq üzrədir ki, 1991-ci ildə bu ölkədə dünyaya gəlmiş 25 milyon körpənin 11 milyonu abort olunmuşdur.
*Hindistanın sanitariya nazirliyi ölkə parlamentində etiraf etmişdir ki, ölkədə qeyri-qanuni abort məsələsi çoxalmaq üzrədir. Hindistan əhalisinin nəzərinə əsasən bu ictimai pozğunluqların əsas amili, «peyk ontenalı» (krosna), televizor və klub filmlərinin pis və üzdəniraq səhnələridir.
*Avropa birliyinin nəzdində fəaliyyət göstərən hesablama idarəsinin apardığı tədqiqatlara əsasən Avropada dünyaya gələn hər dörd körpədən biri qeyri qanunidir. Avropa qitəsində dünyaya göz açmış qeyri-qanuni uşaqların sayı, 1979-cu ildə 10%, son illərdə isə 20%-i ötmüşdür. Avropanın şimali ölkələrində isə vəziyyət daha da acınacaqlıdır. Aparılmış hesablamalara əsasən İslandiyada doğulmuş uşaqların üçdə ikisi, Danimarka, Norveç, İsveçrə və Estoniyada doğulmuş uşaqların isə üçdə biri qeyri-qanuni olmuşdur. Avropanın cənubi ölkələrində isə qeyri-qanuni doğulmuşb uşaqların sayı hələlik az olsa da, tədricən artmaq üzrədir.
*Şimali Amerikada aparılmış tədqiqatlara əsasən, Kanadalıların «İnternet»- kompüyuter şəbəkəsinin əxlaqsız proqramlarından istifadə etməsi, onların ailələrinin dağılmasına səbəb olmuşdur.
*Böyük Britaniyada aparılmış statistik hesablamalara əsasən, bu ölkədə doğulmuş uşaqların 87%-i, 15-19 yaşlı qeyri-qanuni yolla cinsi əlaqədə olmuş subay qızlardan olmuşdur. Bu rəqəmlərin Amerikada 62%, Polşada 30%, Yaponiyada isə, 10% olduğu xəbər verilir.
Almaniyanın «Şpigel» həftəlik qəzetinin saylarının birində yazılan məlumata görə, aparılmış hesablamalara əsasən, Almaniyada ailə həyatı get-gedə dağılmaq üzrədir.
*Verilmiş xəbərlərə əsasən, 1995-ci ildə üç Amerikalı əsgər Yaponiyanın «Okinava» adasında 12 yaşlı bir qızı zorlamışlar ki, bu da ada əhalisinin böyük etirazlarına səbəb olmuşdur.
*Amerikada nəşr olunan «Tu, Es, Ey, Tudi» qəzetinin yazdığına görə Amerika Birləşmiş Ştatlarında 1980-cı ildə qurulmuş hər min ailənin 200-ü, 1996-cı ildə isə qurulmuş ailələrin dörddə üç hissəsi boşanmaqla nəticələnmişdir.
*Amerika xəbər agentliyinin şərhçi və yazıçısı cənab «Ceymz», Birləşmiş Ştatların dövlət başçılarını əxlaqi səciyyələri qorumağa çağırmış və kilsənin siyasətə qarışmağını tələb etmişdir. Qeyd etmək lazımdır ki, hal-hazırda Amerika və bir sıra başqa ölkələrdə kişilərin bir-biri ilə evlənməsi qanuni sayılaraq dövlət tərəfindən himayə olunmaq üzrədir.
*Almaniya agentliyinin verdiyi xəbərə görə, dünyada «Spid» xəstəliyinə tutulanların sayı 40 milyon nəfəri ötmüşdür. Təkcə 1997-ci ildə orta sayla hər gün 16 min nəfər «Spid» xəsətəliyinə tutulmuşdur.
*Almaniyanın iqtisadi həmkarlıq nazirliyinin verdiyi məlumata əsasən, «Spid» xəsətəliyinə tutulanların üçdə ikisi Afrika qitəsinin payına düşür və indiyədək dünya üzrə «Spid» xəstəliyinə tutulanlardan 12 milyon nəfəri bu xəstəlikdən canlarını əldən vermişdir.
*İngiltərənin paytaxtı London şəhərində yayılmış xəbərə əsasən, bu ölkədə mövcud olan ailə həyatının yalnız 25%-i uğurludur. Amerika Birləşmiş Ştatlarında aparılmış tədqiqata əsasən, bu ölkədə yaşayan hər 1000 nəfər dilənçi qadından 5 nəfəri, «Spid» xəstəliyinə tutulmuşdur. əldə olunan məlumatlara əsasən, hər 20 Amerikalının bir nəfəri ruhi xəstəliklərə tutularaq, ömrünün müəyyən hissəsini ruhi xəstəxanalarda keçirmişdir.
*Londonda çap olan «əl-Həyat» qəzetinin yazdığına görə, Yəmən ərəb Respublikasında aparılmış tədqiqatlara əsasən bu ölkədə «Spid» xəstəliyinə tutulanların 68%-i kişi, qalan 32%-i isə qadınlar təşkil verir.
*Amerikanın –SNN- (Si.En.En.) agentliyinin Buxarest şəhərindən verdiyi xəbərə əsasən Avropa qitəsində «Spid» xəstəliyinə tutulan uşaqların yarısı Rumuniyanın payına düşür və hər ay on beş nəfərə yaxın «Spid» xəstəliyinə tutulmuş uşaq, müxtəlif xətəxanalara gətirilir.
*Çin Xalq Respublikası sanitarlarının dediyinə əsasən ölkədə «Spid» xəstəliyinə tutulanların sayı 300000 nəfəri ötmüş və Çində «Spid» xəstəliyinin əsas amili, cinsi əlaqədən ibarətdir ki, hazırki vəziyyət davam edərsə, on iki ildən sonra Çində bu xəstəliyə tutulanların sayı 10 milyon nəfərə çatacaqdır.
*Almaniyanın «Frankforter» qəzetinin yazdığı xəbərə görə, 1990-cı ildə Kampuçiya ölkəsinə Birləşmiş Millətlər Təşkilatı tərəfindən göndərilmiş sülh qoruyan ordu, bu ölkədə sülh və əminamanlıq yaratmaq əvəzinə pozğunluq və «Spid» xəstəliyinin yayılmasına səbəb olmuşdur. Qəzetin yazdığına görə halhazırda Kampuçiya ölkəsində 200- 207-yə yaxın ailə öz ailə üzvlərindən birinin özünü sataraq qazandığı pul ilə keçinirlər ki, bu da «Spid» xəstəliyinin yayılmasına səbəb olmuşdur. Belə ki, Kampuçiyanın bütün şəhər və kəndlərində fəsad mərkəzləri fəaliyyət göstərir.
*Birləşmiş Millətlər Təşkilatının nəzdində fəaliyyət göstərən «Yunesko» cəmiyyətinin yaydığı xəbərə əsasən hər 6 saniyə ərzində dünyada bir nəfər «Spid» xəstəliyinə tutulur.
*Son illərdə Fransa agentliyinin verdiyi xəbərə əsasən bu ölkədə olan subay qızların 34%-i, öz atalarının cinsi təcavüzünə məruz qalırlar.
Əziz oxucu, bu məlumat və hesabatlarla sizi yormaq istəmirik. Məqsədimiz yalnız sizi dünyanın acınacaqlı vəziyyəti ilə tanış etmək, həmçinin zehninizdə «bəs nə etmək lazımdır?» sualını vücuda gətirməkdir.
Bizim bu sual üçün lazımlı cavablarımız olduğu halda, çox yaxşı olardı ki, hər şeydən öncə cinsi azğınlığın əsas amili və səbəblərini diqqətinizə çatdıraq.
Dostları ilə paylaş: |