1. İqtisadi məqsədlər: - milli bazarın dünya iqtisadiyyatı sisteminə effektiv daxil olması;
- xarici və milli investisiyaların cəlb edilməsi;
- beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə edilməsi;
- ölkə büdcəsinə valyuta daxilolmalarının artırılması.
2. Sosial məqsədlər: - iqtisadi cəhətdən geridə qalmış regionların kompleks inkişafı;
- iş yerlərinin sayının çoxaldılması və əhalinin məşğulluğunun təmin edilməsi;
- ixtisaslı kadrların təhsil və peşə təcrübələrinin artırılması.
3. Elmi-texniki məqsədlər: - ən yeni yerli və xarici texnologiyaların istifadəsi;
- idarəetmənin yeni formalarının həyata keçirilməsi;
- texniki mərkəzlərin, elmi araşdırmaların istehsala cəlb edilməsi;
- istehsal gücünün və infrastrukturun keyfiyyətinin artırılması ( 29 ).
Ayrı – ayrı ölkələrin inkişaf səviyyəsindən asılı olaraq xüsusi iqtisadi zonaların yaradılması məqsədləri də fərqli olur. Nisbətən zəif inkişaf etmiş ölkələrdə xüsusi iqtisadi zonalar əsasən işsizliyin azaldılması, əraziyə xarici investisiyanın cəlb edilməsi, infrastrukturun inkişaf etdirilməsi, yerli istehsalın inkişaf etdirilməsi, əlavə iş yerlərinin təmin edilməsi və digər bu kimi məqsədlərlə yaradılır.
İnkişaf etmiş ölkələrdə isə məqsədlər xeyli fərqlənir. Belə ki, bu ölkələrdə xüsusi iqtisadi zonaların yaradılmasından məqsəd qabaqcıl texnologiyanın və idarəetmə sistemlərinin tətbiq edilməsi, yüksək ixtisaslı kadrların formalaşdırılması, yüksək səviyyəli kommersiya xidmətlərinin göstərilməsi və s. ibarətdir.
Xüsusi iqtisadi zonaların yaradılması, xüsusi vergi, gömrük siyasətinin tətbiqi nəticəsində dövlətin müəssisələrin biznes fəaliyyətinə müdaxiləsi və təsiri xeyli dərəcədə zəifləyir, onlar daha səmərəli şəraitdə biznes fəaliyyətini həyata keçirmək imkanı əldə edirlər. Bu zonalar son nəticədə beynəlxalq iqtisadi əməkdaşlığın inkişafına, daha səmərəli biznes əlaqələrinin yaradılmasına xidmət göstərir. Belə zonalarda həmçinin, yeni texnologiyaların və idarəetmə metodlarının tətbiqi həyata keçirilir.
Xüsusi iqtisadi zonalar yaradılanda dövlətin və sahibkarların məqsədləri bir - birindən xeyli fərqlənir ki, bu da təbii bir haldır. Bu zaman dövlətin əsas məqsədi ondan ibarətdir ki, ölkəyə varici kapital qoyuluşları həyata keçirilsin, ölkədə işsizliyin azaldılması məqsədilə əlavə iş yerləri yaradılsın, ixrac imkanları genişləndirilsin, idxaləvəzləyici məhsulların istehsalı artırılsın. Lakin sahibkarların məqsədləri bir qədər fərqli formalaşır. Onların əsas məqsədlərinə əsasən – biznes fəaliyyətini inkişaf etdirmək, müxtəlif xarakterli ödənişləri, inzibati maneələri azaltmaq, istehlakçılara istiqamətlənən strategiyanı tətbiq etmək, beynəlxalq əlaqələri genişləndirmək, ən vacibi isə daha çox mənfəət əldə edilməsini təmin etməkdən ibarətdir.
Qarşıya qoyulan məqsədlərə uyğun olaraq xüsusi iqtisadi zonalar bir sıra mühüm vəzifləri yerinə yetirir. Həmin zonalarda sənayenin modernləşməsi həyata keçirilir, ixrac potensialının artırılması, mütərəqqi texnologiyaların tətbiqi sayəsində daha səmərəli istehsal proseslərinin həyata keçirilməsi mümkün olur.
Xüsusi zonalarda səmərəli biznes fəaliyyətinin həyata keçirilməsi üçün bir sıra şərtlərə əməl edilməsi lazım gəlir:
1. Ölkədə siyasi sabitliyin mövcud olması. Siyasi sabitlik xüsusi iqtisadi zonalarda fəaliyyət göstərən həm yerli və həm də xarici müəssisələr üçün olduqca mühüm şərtdir.
2. Qanunvericilik bazasının mövcudluğu. Hər bir müəssisə mövcud qanunvericilik bazası çərçivəsində fəaliyyət göstərir. Bu baxımdan zonalarda qanunvericilik bazasının formalaşması və onun səmərəli işləmə mexanizminin mövcudluğu biznes iştirakçıların fəaliyyətinə güclü təsir göstərir.
3. İnkişaf etmiş infrastruktur. Xüsusi iqtisadi zonalarda yüksək səviyyədə inkişaf etmiş infrastrukturun mövcudluğu zonanın normal fəaliyyətinin təmin edilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir.
4. Əlverişli təbii-coğrafi mühit. Coğrafi mühit biznes fəaliyyətinin ətraf mühit amillərindən biri hesab olunur, ərazinin coğrafi yerləşməsi, iqlim şəraiti, nəqliyyat sistemi kimi göstəricilərlə xarakterizə olunur. Bütün bu göstəricilər zonada normal iqtisadi fəaliyyətin həyata keçirilməsində mühüm rol oynayırlar.
5. Əlverişli iqtisadi vəziyyət. Hər bir müəssisənin normal fəaliyyətinin təmin olunmasında əlverişli iqtisadi vəziyyətin mövcudluğu əsas şərtlərdən biridir.
Praktikada xüsusi iqtisadi zonaların təşkilinə iki konseptual yanaşma mövcuddur: