Мяммядаьа султанов йазылы абидялярин тядгиги бакы – 2010 азярбайжан милли елмляр академийасы



Yüklə 0,77 Mb.
səhifə7/9
tarix31.01.2017
ölçüsü0,77 Mb.
#7237
1   2   3   4   5   6   7   8   9

NADİR BİR ƏLYAZMA
Nizami Gəncəvinin yaratdığı zəngin xəzinədən incilər toplayıb öz əsərlərini bəzəyən onlarca sənətkarlar içərisində Təskin təxəllüslü şairin adı heç bir mənbədə yad edilmir.

Nizami və ondan ilham alan Yaxın və Orta Şərq klassik­lərinin həyat və yaradıcılığını tədqiq edən alimlər də “Sərvü Gül” adlı əsərdən bəhs etməmişlər. Təskin təxəllüslü şairin “Sərvü Gül” əsəri qiymətli bir dəfinə kimi tədqiqatçıların nəzərindən kənarda qalmışdır. Beləliklə, nə Təskinin kim olduğundan, nə onun “Sərvü Gül” mənzum dastanından bəhs edilməmiş, adı tarix səhifələrində batmış bir çox istedadlı şairlər kimi, o da bir növ unudulmuşdur.

Azərbaycan EA Əlyazmalar İnstitutunda “Sərvü Gül” əsərinin M-393 şifrəsi altında saxlanılan yeganə əlyazması diqqətimizi cəlb etdi. Əsəri oxuduqda onun müəllifinin Təskin təxəllüslü şair olduğunu öyrəndik. Lakin bütün səylərimizə baxmayaraq, bu maraqlı şair haqqında hələlik heç bir əlavə məlumat əldə edə bilməmişik. Şair əsərinin sonunda özü haqqında son dərəcə qısa məlumat vermişdir:

عرب زاده من از شهر قطيفم

بغربت مانده وزار و نحيفم

پدر از عبری مادر قطيفی

بدو شم کرد غم بار نحيفی

ز عبری بختم از راه کينه

اگر گيرد کس از ياران سراغم

وطن در گوشه شاه چراغم (vərəq 108a).

“Özüm ərəb oğlu Qətif şəhərindənəm,

Qürbətdə qalıb zavallı gündəyəm.

Atam İbri, anam Qətiflidir,

Qəm mənim çiynimə zavallılıq yükü qoymuşdur.

Bəxtim İbridən gəmi vasitəsilə

Kinlə məni Şiraza gətirdi.

Əgər dostlardan biri məni axtarsa,

Bilsin ki, indi mənim vətənim Şahçirağın bir guşəsidir”.


Buradan məlum olur ki, şair əsasən Ərəbistan yarıma­da­sının şimal-şərq sahilində kiçik liman olan Qətif şəhərindəndir. Vəziyyətinin ağırlığından gəmi ilə cənubi İrana, oradan da şahirlər şəhəri Şiraza gəlib, onun yaxınlığında yerləşən Şahçiraq məhəllində məskən salmışdır. Qətiflilər ərəb dili ilə yanaşı, fars dilini də gözəl bildiklərindən, şair Şahçiraqda ikən tarixdə yadigar qoymaq üçün sanballı bir əsər yaratmağı lazım bilmiş, məhz bu “Sərvü Gül” dastanını qələmə almışdır. Şair ana yurdu Qətifdə dillər əzbəri olan bu dastanın bikr mövzu olduğunu çox maraqlı bir girişlə sübut edir.

Hər şeydən əvvəl o, qiymətli əsərlər yadigar qoyan gör­kəmli ustad şairləri xatırlayıb yazır:

چو فردوسی به فردوس برين تافت

برای يادگاری شعر [ها بافت]

نظامی رفت نامش بر زبانهاست

بعالم شهر نقل جای خوانهاست

اگر بر بوستان رفتست در خواب

گلستانش بود [مهر جهانتاب]

اگر خسرو ز دهلو رخت بربست

روانش ذره سا با مهر پيوست

اگرچه بود شا گرد نظامی

ولی مانده ست [از و فرخنده نامی]

ز عالم خواجه حافظ گر روان شد

کلامش باعث آرام جان شد

اگر ابن حسام از اين جهان رفت

ندارد غم که [اوج آسمان رفت]

زتن گر روح خواجو شد ز کرمان

بکرمان جسم او شد قوت کرمان

کنونی مانده ست اندر روزگارش

کتاب سام نامه ياد گارش

اگرچه هاتفی رفت از زمانه

بجا بگذاشت در عالم نشانه

ز مکتبخانه رفت ار مکتبی زود

بقصر جاودان خلد [موعود]

برست ازوی بزير چرخ گردون

صدای عشق از ليلی و مجنون

غرض هر يک دراين دنيای فانی

بنا کردند دلکش [خانمانی]

ترا بايد بساطی ساخت محلم

که از هر آفتی باشد مسلم

بنايی ساز کوهر گز نميرد

خردمندان بجان و دل پذيرد (vərəq 2b).

“Elə ki, Firdovsi behiştə getdi,

Yadigar üçün şerləri qaldı.

Nizami getdi, adı dillər əzbəridir,

Dünyada onun əsərləri oxunmaqdadır.

Əgər (Sədi) öz “Bustan”ında yuxuya getmişsə,

Onun “Gülüstan”ı dünyanı işıqlandıran günəşdir.

Əgər Xosrov Dehlidə vəfat etmişsə,

Ruhu zərrə kimi günəşə qovuşmuşdur.

Əgər o Nizaminin şagirdi idisə,

Özü də hörmətli ad sahibidir.

Xacə Hafiz dünyadan köçmüşsə,

Onun kəlamı ruha qida verir.

Əgər İbn Hüsam bu dünyadan getmişsə,

Nə qəmi var, o göylərə yüksəlmişdir.

Əgər Kirmanda Xacunun ruhu uçdusa,

Kirmanda onun cismi qurdlara yem oldusa,

İndi ondan dünyada “Samnamə” kimi əsər yadigar qalmışdır.

Əgər Hatifi zəmanədən getdisə,

Əsəri bir nişanə kimi aləmdədir.

Əgər Məktəbi dünyadan tez köçdüsə,

Əbədi qəsrə- behiştə getdisə,

Onun sayəsində dünyaya “Leyli və Məcnun” eşqinin avazəsi yayıldı.

Xülasə, hər kəs bu fani dünyada

Bir ürək açan bina tikib getdi.

Sən də elə möhkəm bir bina yarat ki,

Heç bir bəla ona kar etməsin!”

Təskin özünəqədərki böyük şairləri yad etdikdən sonra hansı əsəri yaradacağı barədə düşünür və deyir:

کتاب فکر پيش خود نهادم

بفکر ليلی و مجنون فتادم

[دگر چون] خسرو و شيرين و وامق

ز عذراء و ز عشاق موافق

ز عشاق و ز معشوق دلا رای

حديث عشق از سلمان و ليلا

خيال عشق بهرام و گلندام

دل پر حسرت فرهاد ناکام

ز عشق شاه شيران و شمايل

که بودندی بهم گرديده مايل

(vərəq 3a).

“Xəyal kitabını qarşıma qoyub düşündüm.

İstədim “Leyli və Məcnun”a əl atım,

Sonra fikirləşdim “Xosrov və Şirin”,

Ya “Vamiq və Əzra” yazım.

Ya da aşiq və gözəl məşuqə olan

“Səlman və Leyla”dan yazım.

Ya “Bəhram və Güləndam”ı qələmə alım,

Bəlkə, nakam Fərhadın həsrət dolu ürəyini təsvir edim.

Ya “Şirvanşah və Şəmayil” dastanını yazım

Ki onlar necə sevişirdilər......”

Göründüyü kimi şair orta əsrlərdə bir çox şairlər tərəfindən təkrar-təkrar qələmə alınmış, sevilə-sevilə oxunan ənənəvi aşiqanə dastanları bir-bir xəyalından keçirir və nəhayət deyir:

کهن شد قصه شيرين و فرهاد

بنايی بايد از نو کرد بنياد

کهن شد قصه ليلی و مجنون

حديث از گل بگو و رنگ گلگون

کهن شد شرح شروان و شمايل

بقد سرو و گل گرديده مايل

بهر چيزی که پر تکرار گرديد

ميان خلق بيمقدار گرديد

(vərəq 3a).

“Fərhad və Şirin” hekayəsi köhnəldi,

Yeni bir bina tikmək lazımdır.

“Leyli və Məcnun” dastanı köhnəldi,

İndi gül və rəngi-külufdan danışmaq lazımdır.

“Şirvan və Şəmayil”i şərh etmək köhnəlmişdir.

İndi “Sərvü Gül”ün qədd-qamətindən söz açmaq lazımdır.

Hər şey çox təkrar olsa,

Xalq arasında qədr-qiyməti olmaz”.

Şair bütün bu məşhur aşiqanə dastanları təkrar etməyin əhəmiyyətsiz olduğunu deyib, hələ heç kəs tərəfindən yazıl­mamış bir dastanı nəzmə çəkmək istəyir və yazır:

سواد دل بسری سرو گل شد

مرا رخساره و ز شادی چومل شد

به بوستان هيچ به از سرو و گل نيست

به محفل هيچ به از شمع و مل نيست

در آن خانه که باشد سرو هم گل

نگردد خالی از قمری و بلبل

بهر منظوری، منشوری رسيدم

کتابی به ز سرو و گل نديدم

(vərəq 3a).

“Könül “Sərvü-Gül”ə meyl etdikdə

Üzüm şadlıqdan şərab kimi qızardı.

Bostanda heç şey sərv və güldən yaxşı olmaz.

Heç bir məclisdə şam və şərabdan xoş şey olmaz.

Hansı evdə sərv və gül olsa,

O ev qumru və bülbülsüz olmaz.

Xülasə, nə qədər düşünüb-daşındımsa,

“Sərvü-Gül”dən gözəl bir dastan (kitab) görmədim”.

Müəllif xalq arasında yayılan bu dastanın özündən qabaq Ziyai təxəllüslü bir şair tərəfindən qələmə alındığını və yarım­çıq qaldığını da qeyd etməkdən çəkinmir:

کتاب سرو و گل در دهر عام است

وليکن از ضيائی نا تمام است

رساند هر که آغازش به انجام

توانم گفتش اوستاد نکو نام

(vərəq 3a).

“Sərvü-Gül” kitabı zəmanədə məşhurdur.

Lakin Ziyai onu bitirə bilmədi.

O dedi: “Kim bu əsərin əvvəlini sona çatdıra bilsə,

Mən onu adlı-sanlı ustad adlandıraram”.

Beləliklə, Təskin bu bikr dastanı yenidən əvvəldən axıra qədər nəzmə çəkmək qərarına gəlir və onun yarımçıq qalaca­ğından ehtiyat edib, əvvəlcə əsl süjet xəttini tamamlayır. Sonra da onu ikinci dərəcəli əfsanə və ricətlərlə bəzəyir. Özü bu mə­sə­ləyə toxunaraq əsərini “əsl mətn” və “fəri mətn”,- deyə iki qismə bölür.

Şair bu əsərin yazılmasında ona kömək edən şəxsi xoş təəssüratla yad edərək, onun adının Mirzə Şərəf, oğlunun isə Ələkbər olduğunu bildirir (vərəq 2a).

Şair dərvişlərin hamisi olan bu hörmətli şəxslə görüşünü belə təsvir edir:

[همان شخص گرامی محفلی] ساخت

ز هر جانب سخن با من بپرداخت

در آخر گفت آن مرد وفادار

بود طبع تو همچو ابر دربار

چو تسکينی دلم را ساز تسکين

بود اندر خيالت شعر رنگين

زند کج نغمه غ از هر طرف جوش

جرا بلبل بود در باغ خاموش

(vərəq 2a).

“O möhtərəm şəxs bir məclis qurub,

Mənimlə hərtərəfli söhbət etdi.

Axırda o vəfalı kişi dedi:

“Sənin təbin incilər yağdıran bulud kimidir....

Özün Təskin olduğun üçün mənim qəlbimi sakitləşdir!

Sənin fikrində rəngarəng şerlər vardır.

Hər tərəfdən qarğalar qarıldadığı zaman,

Bülbül bağda nəğməsiz qalmamalıdır!”


Şair Mirzə Şərifin sözlərini belə yekunlaşdırır:

کنون خواصم که ای تسکين جانم

گذاری نامی اندر اين جهانم

ز نظم تو دلم خواهد کتابی

ز جام وصل تو خواهد شرابی

بماند ياد گاری از تو بر من

بخواند هر کس او را گويد احسن

بجن خويش مهر شرا خريدم

برای مطلبش بستم کمر را

شدم مشغول سفتن اين گهر را

اگر خواهی که تار يخش بدانی

بگويم آشکارا تا بدانی

گذشت از هجرت پيغمبر و آل

هزار يکصد و هشتادونه سال (vərəq 3ab).

Dedi: “Səndən indi, ey Təskin,

Bu dünyada mənim adımı da əbədiləşdirməyini istəyirəm.

Könlüm səndən bir kitab arzulayır.

Sənin vüsal camından bir şərab istəyir

Ki, səndən mənə yadigar qalsın,

Və oxuyanlar desinlər: “Əhsən!”

Mən bu şirin sözləri eşidən kimi

Onun məhəbbətini can bahasına aldım.

Onun xahişini ödəmək üçün kəmər bağlayıb,

Bu mirvarini deməyə başladım.

Əgər tarixini bilmək istəyirsənsə,

Aydın deyim ki, biləsən:

Peyğəmbərin hicrətindən,

Min yüz həştad doqquz il keçmişdir.

Deməli, şair bu əsəri hicri 1189 (miladi 1774)-cu ildə Şirazda, yerli hakim Mirzə Şərəfin himayəsi ilə yazmışdır. O, əsərinin kamil olub-olmadığı haqqında deyir:

در اينجا کرچه نظمش نا تمامست

به شهر چين و مصراين قصه عامست

دلم ميخواست از اول تابه آخر

کنم بر دوستانش جمله ظاهر

[همين] چون روزگار آن تنگ گرديد

کميت خامه من لنگ گرديد

شبيخون لشکر غم کرد چندان

که کرد اقليم دل را جمله ويران

حکاياتش بسی نا گفته مانده

بسی دور صدف ناسفته مانده

چو تسکين بود از ايام مضطر

ز صد بيتش يکی نامد بدفتر (vərəq 108a).

“Əgər burada əsər tamamlanmamış qalsa da,

O, Çin və Misirdə olduqca məşhurdur.

Mən istəyirdim əvvəldən axıra qədər yazıb

Onu sevənlərə çatdırım.

Ancaq vəziyyətim ağır olduğundan,

Qələmim çox (ləng) axsaq hərəkət edirdi.

Qəm mənə elə hücum etmişdi ki,

Bütün can mülkünü viran etmişdi.

Buna görə bir çox hekayətlər deyilməmiş qaldı.

Təskin bu zəmanədə elə zavallı oldu ki,

Onun yüz beytindən biri də kitaba keçmədi”.

Deyilənlərdən aydın olur ki, Təskin belə gözəl dastanı qurtaranda öz işindən razı qalmayıb, bundan daha yaxşı, daha kamil əsər yaratmağa qabil olduğunu nəzərə çatdırmaq istəmişdir. Lakin Təskinin qələmindən çıxan “Sərvü-Gül” dastanı heç də yarıtmaz olmayıb, Nizami Gəncəvinin “Xosrov və Şirin”, eyni zamanda XVI əsrin məşhur Azərbaycan şairi Əssar Təbrizinin “Mehr və Müştəri” əsəri ilə səsləşir. Təskinin aşağıdakı beyti də onun Nizamidən ilham aldığına sübutdur:

نظامی در سخن دادم تمامی

ولی که ميتوان بودن نظامی

(vərəq 108a).

“Mən sözü tamam bir nizamla düzdüm,

Ancaq mən Nizami kimi necə ola bilərəm?”

Azərbaycan EA Əlyazmalar İnstitutunda mühafizə edilən bu yeganə əlyazma 108 vərəqdən ibarət olub, hicri 1210 (mila­di 1796)-cu ildə, kitabın təlifindən 20 il sonra xəttat Həsən xan Soltan vələdi-Mustafa bəy tərəfindən incə nəstəliq xətti ilə köçürülmüşdür.

Əlyazmanın ilk tovhid vərəqi düşmüş, sərlövhələr qırmızı, mətn qara mürəkkəblə, əruzun həzəci-müsəddəsi-məhzuf bəh­rində (məfailün Məfailün fəülün) yazılmışdır. Ölçüsü 18x22 sm-dir.

Əlimizdə olan kataloqları gözdən keçirib onun ikinci nüs­xəsinin ancaq Təbriz Milli Kitabxanasında saxlandığını müəy­yən­ləşdirdik.

Kataloqlarda bu nüsxənin müəllifi, məzmunu haqqında qısa məlumat belə yoxdur. Çox ehtimal ki, bizim əlimizdə olan nüsxə hər cəhətdən mükəmməl və qədimdir. Əsərin təhlili və lazım gələrsə, gələcək nəşri zamanı bu nüsxə əsas hesab edil­məlidir.

“Sərvü-Gül” dastanının qısa məzmunu haqqında söz aç­madan əvvəl denəliyik ki, müəllif şiə məzhəbli olmuşdur. Buna görə də yeri gəldikcə o, İmam Əli və onun 11 övladına rəğbət bəslədiyini nümayiş etdirir. Əsərin hər fəsli Saqinamə ilə başlayır və “Nağıl deyən müdrik qoca belə nəql edir”, -deyə dastanın məbədini xəbər verir.

Dastan belə başlayır:

کسانی کين سخن را ساز کردند

حکايت را چنن آغاز کردند

که شاهی بود اندر مصر با داد

دل خلق جهان از عدل او شاد

فلاطون دانشی از عقل و ادراک

ارسطو بينشی در صفحه خاک

سخاوت پيشه و صاحب کرم بود

بدرويشان همه لطفش درم بود

سپاه بيکرانش چون ستاره

فزون از حد بيرون از شماره

گرفته باج از شاهان ايام

بشادی ميگذشتی صبح تا (شام)

چنينی گفتند دانايان اخبار

که بود از نسل يوسف آن جهاندار (vərəq 3b).

“Bu sözə ziynət verənlər

Hekayəni belə başladılar:

Ki, Misirdə bir şah vardı,

Onun ədalətindən xalq şad yaşardı.

Bilikdə, ağılda Əflatun kimi,

Uzaqgörənlikdə Ərəstun kimi idi.

Səxavətli və kərəm sahibi idi,

Kasıblara lütf edib pul paylardı.

Ulduzlar qədər saysız,

Və hesaba gəlməz sayda qoşunu vardı.

Öz dövrünün şahlarından bac alardı,

Səhərdən axşama qədər şad yaşardı.

....Bu xəbəri yaxşı bilənlər demişlər

Ki, o hökmdar Yusif nəslindən idi”.

Misir padşahı belə ədalətli və qüdrətli təsvir edildikdən sonra onun iki oğlu göstərilir. Kiçik oğlundan bir nəvəsi olur, adını Fələknaz qoyurlar. Fələknazın Rüstəm Zal kimi güclü olduğunu təsvir edən şair Misirə hücum edən divləri onun əli ilə məhv edir. Bir az sonra Xristian Faruq şah Misirə hücuma keçərkən, Fələknaz az qoşunla Faruq qoşununa qalib gəlib, Faruqun oğlu Səlduq və Mərzuqu öldürür.

Fələknazın şəkli əldən-ələ keçir. Bir Misir taciri bu şəkli özü ilə Şərqə aparır. Xavərzəmin ölkəsi şahının Afitab adlı bir qızı, onun da Əxtər adlı bir kənizi vardı. Fələknazın şəklini görən Afitab ona aşiq olur. Onun Misir padşahının oğlu olduğunu bildikdə rəssam çağırtdırıb, öz şəklini çəkdirir və həmin tacirlə birlikdə kənizi Əxtəri Misirə göndərir.

Tacir Xavərzəmindən Misrə qayıdır və Afitabın şəklini Fələknaza göstərir. Fələknaz şəkli görüb ona aşiq olur və öz sədaqətli qulu Müştərini Əxtərlə birlikdə göndərir ki, Afitabla görüşsün.

Müştəri Fələknazın şəklini Afitaba göstərərkən orada olan Zöhrə adlı qıza aşiq olur. Sabahı gecə Müştəri məst halda saraya, Zöhrəni görməyə gələrkən şahın gözətçiləri tərəfindən tutulur. Şah bu qərib adamı düşmən bilib onun ölümünə fərman verir.

Şahın Zühəl adlı vəziri və Mərrix adlı bir cəlladı vardı. Onlar Müştərini qətl etmək istəyirlər. Lakin şah Müştərini Əxtərin xahişi ilə hələlik həbsə saldırır. Gecə Zöhrə Mərrix qiyafəsində zindana gedib Müştərini xilas edir. Müştəri at üstündə Misrə yollanır. Çətin yollar keçərək Misrə çatır və əhvalatı, habelə Afitabın dəvətini Fələknaza çatdırır. Fələknaz Məkkə ziyarətinə getmək bəhanəsi ilə dənizlə Xavərzəminə gedərkən tufana düşür və gəlib Fərəhabad adlanan şəhərə çıxır. Bir qoca şəhərin yaxınlığında olan mağarada iki pələng olduğunu və şahın onları dəf etmək iqtidarında olmadığını xəbər verir.

Fələknaz qorxuya düşmür. Mağaraya girib pələngləri öldü­rür. Bu yer Fərəhabad (yəni şadlıq yeri) adlansa da, Fələknaz öz vətəni üçün bərk darıxır. Burada Bazu adlı yerli bir şəxslə tanış olur və ona adının Bəhruz, özünün də tacir olduğunu bildirir.

Bazu Fələknaza bildirir ki, bu şəhərin çox qüdrətli bir padşahı vardı. Çin və Xarəzm ölkələri də ona tabe idilər. Lakin indi o ölmüş və yerində Sərv və Gül adlı iki qızı qalmışdır. Bazu bu qızların gözəlliklərini o qədər tərif edir ki, Fələknazın xəyalında Afitab kölgədə qalır.

Xarəzm şahı Ehtişan və onun qaniçən qardaşı Mehran çalışırlar ki, bu qızları ələ keçirib, ölkəyə də sahib olsunlar. Əvvəlcə Ehtişan Sərv və Gülün atasına tabe olduqlarını xatırladıb, belə bir işə iqdam etməməyi məsləhət görürsə də, Mehran onunla razılaşmır və qardaşını inandırır ki, əgər Sərv və Gülü ələ keçirsələr, o zaman Çinə də ağalıq edə bilərlər. Məqsədlərinə çatmaq üçün Ehtişan məcbur olur ki, Sərv və Gülə məktub yazıb, onlara evlənməyi təklif etsin. Lakin Sərv və Gül ona belə cavab verirlər:

شنيدم نظمی از نظم نظامی

که بر آن ختم شد شيرين کلامی



چو خر گوش افکند در برد باری

کند هر کودکی بروی سواری

اگر فرصت دهد بيچون خداوند

جد سازم هر يک بندو پيوند

(vərəq 23b).

“Şirin kəlamın onunla bitdiyi

Nizami şerində oxumuşuq ki:

“Eşşək tabe olub qulaq sallasa,

Şər uşaq ona minmək eşqinə düşər”,

Əgər Allah kömək olsa,

Hər kəsi bəndü bəndindən ayırarıq”.

Sərv və Gül yazırlar ki, Xarəzmdən qoşun çəkib qadınlarla müharibə etmək istəsəniz, şah atamızın sizə etdiyi ehtiram gö­zü­nüzdən gəlsin.

Sərv və Güldən belə hiddətli cavab alan Ehtişan qardaşı Mehranla qoşun çəkib Fərəhabada tərəf gəlir. Bu müharibədən Fələknaz xəbər tutur.

Bundan sonra əsl “Sərvü Gül və Fələknaz” dastanı baş­layır. Fələknazın Bəhruz adı ilə qəhrəmanlıqlar göstərməsi, Sərv və Gülün rəğbətini qazanması, aramsız müharibələr, Sərvin meydanda vuruşması, əsir alınması, Fələknazın Sərvi azad etməsi, hər iki bacının ona aşiq olması, Fələknazın yaralandıqdan sonra Sərv və Gül qoşununun zəifləyib Şadab dağındakı qalaya pənah aparması, Ehtişanın Fərəhabada sahib olması, Şadab qalasının mühasirəsi təsvir olunur. Qalanın yaxınlığında Xəllüx adlı bir şəhər var idi. Mehran Sərv və Gülə tabe olan Xəllüx hakiminə hücum edir. Fələknazın yarası bir kənddə yaxşı olduqdan sonra yenə bu müharibədə iştirak edir. Sonra isə Fələknazın Şadab qalasına gəlib Sərv və Gülə qovuşması, Mehranın məğlubiyyəti, Ehtişanın Çindən kömək istəməsi, Çin şahının kiçik oğlu Xurşidafərinin böyük qoşunla Ehtişana köməyə gəlməsi təsvir edilir.

Çin şahının son dərəcə güclü pəhləvan oğlanları da Sərv və Gülə müştəri idilər. Digər tərəfdən, Şadab qalasını qoruyan Bəhram və Bəhman adlı iki qardaş da Sərv və Gül ilə evlənmək fikrində olurlar. Buna görə də onların Fələknazı görməyə gözləri yox idi. Onlar Novruz bayramı şənliyində Sərv və Gülü qaçırmaq qərarına gəlirlər. Lakin Fələknaz bu xain qardaşları öldürür.

Xurşidafərin də Mehranla birləşib, Şadab qalasını ələ keçirmək istərkən Gülə aşiq olur və Mehranı öldürüb, bu iki bacıya havadar çıxır.

Burada Fələknaz və Xurşidafərin bu bacılara qovuşmaq istəyirlər. Bundan sonra Rəngin Nigarin adlı əfsanəvi Pəri hekayəti başlayır. Başqa bir rəvayətdə Fələknaz Afitabla, Müştəri isə Zöhrə ilə evlənir. Sonra Fələknazın Misirə qayıtması, Faruqu dara çəkməsi, Fələknazın vəfatı təsvir olunur.

Göründüyü kimi, bu dastan çox mürəkkəb fabulaya malik olub iki süjetlidir. Dastanın əsl mətnində Fələknazın Sərvlə, Xurşidafərinin Gül ilə evlənməsi, fərində isə Fələknazın Afitabla, Xurşidafərinin pəri qızı Rəngin Nigarinlə, Müştərinin Zöhrə ilə evlənməsi təsvir edilir. Buna görə də əsəri çap edərkən, dastanın əslini əsas götürmək, fərini isə bir variant kimi vermək lazımdır.

Şair özü kitabın sonunda dastanın iki varintda yazılmasının səbəbini belə izah edir:

کتاب سرو و گل در دهر عامست

بود بعضی تمام و نا تمامست

برای آنکه ترسيدم ز دوران

مبادا کار من نايد به سامان

نميديدم وفا از عمر ايام

بسی بودی حکايت تابه اتمام

کميت خامه کردم زينجهت بند

گرفتم اصل فرع او بجا ماند

نخستين بسته شد شرح فلکناز

ابا خورشيد و گل سرو سرافراز

چو فارق شد قلم از اين حکايت

ميان ناس افتاد اين روايت

بهر کوی سرای و بزم گلشن

چو تيغ مهر عالم ساخت روشن

بمن کردند ياران سعی بسيار

که اصلش بسته ای فرعش بنظم آر

چو ديدم اعتبار از عمر ايام

کمر بستم پی فرعش به اتمام

روان گشتم بسوی ملک خاور

زبهر آفتاب و ماه اختر

نمودم همنشين مهر با فلکناز

مکردم هر دورا با خويش دمساز

دگر ديدم چه از عمر اعتباری

سوی ملک پری کردم گذاری

برون آوردم از ملک پريزاد

بت رنگين نگارين قد شمشاد

بخورشيد آفرينش و صل کردم

دراميد بر رويش گشادم

کتاب سرو با گل آن تمام است

که در هر داستان ساقی و جامست

چو تسکينی يافت از غم جان مسکين

درين دفتر تخلصی گشت تسکين

(vərəq 108ab).

“Sərvü Gül”dastanı aləmdə məşhurdur,

Lakin bəzisi tam, bəzisi natamamdır.

Mən zamandan (qocalıqdan-M.S.) qorxduğum üçün

Ki, məbada işi bütünlüklə tamamlaya bilmərəm,

Ömrümdə vəfa görmürdüm.

Hekayət isə olduqca çox idi,

Buna görə qələmi bəndə salıb,

Əslini yazdım qurtardım, fəri qaldı.

Əsli Fələknaz, Xurşid(afərin) ilə,

Sərvü Gül əhvalatı oldu....

Elə ki, bu şəkildə hekayəti qurtardım,

Və xalq onu həvəslə oxumağa başladı,

Hər saraya, məclisə, evə o,

Günəş nuru kimi işıq saldı.

Dostlar mənə çox üz vurub dedilər:

İndi ki, əslini bitirmisən, fərini də yaz!

Gördüm hələ ömrə etibar var,

Fərini də yazmağa səy göstərdim.

Təzədən Xavərzəminə üz qoyub,

Afitabla Əxtər əhvalatını bitirməyə çalışdım.

Onları Fələknazla həmnişin etdim,

Bu da qurtarandan sonra, gördüm hələ yenə ömrə etibar

etmək olar.

Buna görə pərilər aləminə əl atdım,

Onların mülkündən Rəngin Nigarin kimi

Şümşad qamətli gözəli

Xurşidafərinlə birləşdirərək,

Ümid qapılarını üzlərinə açdım...

“Sərvü Gül beləcə tamamlandı.

Onun hər dastanı saqi və camla başladı.

Elə ki, bu yazıq canım qəmdən qurtardı (sakitlik tapdı),

Buradaca təxəllüsümü Təskin qoydum....”


Deyilənlərdən aydın olur ki, şair özü əsəri biri-digərinə pər­çimlənmiş iki variantda qələmə almışdır. Əlimizdə olan nüsxə məhz avtoqraf qədər əhəmiyyətə malikdir. Onun islah olunmuş variantı hələlik elm aləminə məlum deyildir.

Gördüyümüz kimi Təskin təxəllüslü şairin çox yüksək sənətkarlığı vardır. Onun seçdiyi oynaq vəzn, tam qafiyələr, obrazların astroloqik adlanması, son dərəcə bədii tərzi-ifadə və fiqurlar, lüft, kinayə, təşbeh, istiarə, mübaliğələr müəllifin istedadlı və geniş elmi biliyə malik şair olduğunu sübut edir.


Мягаля яввялляр Республика Ялйазмалар Фондунун «Ялйазмалар хязинясиндя» Ясярляринин В жилдиндя (Бакы, 1979, с.56-65) вя «Мяммядаьа Сул­танов. Азяр­бай­жан ялйаз­машцнаслыьы мясяляля­ри» китабында (Бакы: Елм, 2000, с.51-67) няшр едилмишдир.

AZƏRBAYCAN VƏ İRAN ƏDƏBİ ƏLAQƏLƏRİ TARİXİNDƏN
(Əttar Nişaburi və Əhmədi Təbrizi)
Azərbaycan EA Əlyazmalar İnstitutunda saxlanılan orta əsrlərdə azərbaycanlı müəlliflər tərəfindən yazılmış, ya tər­cümə edilmiş əsərlər dilimizin fonetik, leksik və qrammatik qu­ruluşunu öyrənmək, lüğət fondu ilə tanış olmaq, arxaik­ləşmiş sözləri müəyyənləşdirmək, bilxassə Azərbaycan dilinin əsrlər boyu inkişaf tarixini izləmək baxımından böyük əhəmiy­yətə malikdir.

XV əsr Azərbaycan şairi Əhmədi Təbrizi tərəfindən Fəri­dəd­din Əttarın “Əsrarnamə”sinin azərbaycan dilinə tərcüməsi hesab edilən əsər də indiyə qədər məhz Azərbaycan dilinin təqribən 500 il bundan qabaqkı vəziyyətini öyrənmək istiqa­mətində tədqiq edilmişdir.

Fəridəddin Əttar kimdir, doğrudanmı Əhmədi Təbrizi onun “Əsrarnamə” əsərini sadəcə olaraq tərcümə etmişdir, yoxsa biz bu əsərə Azərbaycan ədəbiyyatının orijinal ədəbi irsi kimi baxmalıyıq?

Bu suallara sıra ilə cavab verək:

Əttar təxəllüsü ilə şöhrət tapan Fəridəddin Məhəmməd bin İbrahim Nişaburi (1120-1230) yüz ildən artıq ömr etmiş və yüz min beytdən artıq əsər yazmışdır.

Əttar Şərq ədəbiyyatında görkəmli təsəvvüf şairlərindən biri hesab edilir. Sənai Qəznəvi ilə Cəlaləddin Rumi arasında bir körpü təşkil edən Əttar öz dövrünün bütün elm xəzinəsinə sahib olmuş ustad şairdir. O, ərəb ölkələrini, Hindistanı, Türküstanı gəzmiş, məşhur elm və sənət adamları ilə tanış olub onlardan bilik əxz etmişdir.

Əttar çox qiymətli əsərlər yaratmışdır. Onun “Təzkirətül-övliya”, “Məntiqüt-teyr”, “Müsibətnamə”, “Muxtarnamə”, “İlahinamə”, “Pəndnamə”, “Cəvahirnamə”, “Xosrovnamə”, “Əsrarnamə”..... əsərləri təsəvvüf ədəbiyyatında böyük şöhrət qazanmışdır.

Təsadüfi deyildir ki, Cəlaləddin Rumi kimi ustad şair öz böyük sələfi olan Əttar haqqında demişdir:


هفت شهر عشق را عطار گشت،

ما هنوز اندر خم يک کوچه ايم

Tərcüməsi:

Əttar eşqin yeddi şəhərini gəzdiyi halda,

Biz hələ bir küçənin tinində qalmışıq.
Habelə yenə özündən qabaqkı ən müqtədir sufi şairlə­rin­dən bəhs edərkən demişdir:
عطار روح بود سنايی دو چشم او،

ما از پی سنايی و عطار آمديم

Tərcüməsi:

Əttar ruh idi, Sənai-onun iki gözü,

Biz Sənai və Əttarın ardınca gəlmişik.
Cəlaləddin Rumi başqa bir şerində özünü Əttarın şagirdi adlandırır və hər sözünü Əttardan əxz etdiyini söyləyir. Cəla­ləddin Ruminin bu sözlərindən aydın olur ki, XIII əsrdən sonra gələn təsəvvüf şairləri əsas etibarı ilə Əttarı özlərinə ustad hesab etmişlər.

XIII əsrin məşhur Azərbaycan şairi və alimi Şeyx Mahmud Şəbüstəri də “100 ildə Əttar kimi bir şəxsin yetişə bilmə­diyini”1 təsdiq etmişdir. Dövlətşah Səmərqəndi Əttarı təriflər­kən onu “sirlər xəzinəsi və hikmətlər dəryası” adlandırmışdır2. XIV əsrin görkəmli təsəvvüf şairi Əlaüddövlə Səmnani də bu dünyanın sirlərinə vaqif olmağı Əttar və Mövlana Rumidən öyrəndiyini qeyd etmişdir. Hatif İsfəhani, hətta Hafiz Şirazi kimi ustad şairlər də Əttardan mütəəssir olmuşlar.

Bütün bunlar aydın surətdə göstərir ki, təsəvvüf ədəbiy­yatına meyl edən, vəhdəti- vücud təriqəti üzrə qələm çalmaq istəyən orta əsr şairləri istər-istəməz Əttarın əsərlərini mükəm­məl öyrənməli idilər. Əttar öz əsərlərinə qiymət verərkən “Əsrarnamə”ni “Mərifət dünyası” adlandırdığı üçün mərifət kəsb etmək istəyənlər də əsasən bu əsərə müraciət etməli ol­muş­lar.

Təsadüfi deyildir ki, XV əsrin çox az öyrənilmiş diqqətə­şayan Azərbaycan şairlərindən Əhmədi Təbrizi də öz “Əsrar­namə” əsərini yaradarkən məhz Əttar xəzinəsindən incilər toplamağı lazım bilmişdir.

Təbrizli Əhmədi tərəfindən hicri 884 (miladi 1479)- cü ildə Azərbaycan dilində yazılmış mənzum “Əsrarnamə” əsəri barədə Azərbaycan ədəbiyyatı tarixində həmişə bir tərcümə əsəri kimi bəhs edilmişdir. 1943-cü ildə nəşr edilən “Azər­baycan ədəbiyyatı tarixi” kitabında Əhmədinin “Əsrarnamə”si haqqında verilən məlumat bir az da dəqiqləşdirilərək, 1960-cı ildə nəşr edilən “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində təkrar edilmişdir3.

Burada oxuyuruq:

“Hələ XIV əsrdən fars və ərəb dillərində yazılmış bəzi əsərlərin azərbaycancaya tərcümə edildiyini görürük. Tərcümə əsərlərindən Fəridəddin Əttarın “Əsrarnamə” əsəri bu sahədə ilk əsərlərdən biri kimi maraqlıdır.

Tərcüməçi (Əhmədi- M.S.) canlı dildən geniş surətdə isti­fadə etdiyi kimi, tərcümə etdiyi dildən aldığı çətin kəlmələri də işlətmişdir. Tərcümədə bugünkü danışıq dilimizdə işlən­mə­yən, unudulmuş, artıq ərəb, fars sözlərilə əvəz olunmuş bir sıra kəlmələr də vardır...”Əsrarnamə”nin tərcüməsi dil tariximizi (kursivlər bizimdir. –M.S.) öyrənmək üçün əhəmiyyətlidir”4.

Alimlərimizin diqqətini yayındıran məhz “Əsrarnamə” əsərinin müəllifi Əhməd Təbrizi özüdür.

O, əsərin “Xatimeyi-kitabi-Əsrarnamə” adlanan son hissə­sində öz əli ilə aşağıdakı beytləri yazmışdır:

Xətmdir yəni bu söz Əttardan,

Gənci-məni sahibi-Əsrardan,

Nafeyi-əsrar olmaz müşkbar,

Ona Əttar olmayınca dəstyar.

Çünki Əttarın sözü oldu tamam,

Əhmədiyə düşdü növbət, ey hümam!

Dinlə onu dəxi hərdəm sözünü,

Necə qul etmiş bu yolda özünü:

Xuşəçini-xərməni-Əttar olub,

Yolda düşmüş nazimi-Əsrar olub,

Farsidən çün türkə qıldım tərcümə,

Yadigar olmaq üçün hər əncümə.

Kitabın sonunda açıq-aydın qeyd edilmiş yuxarıdakı beyt­ləri oxuyan hər alim, şübhəsiz ki, Əhmədinin Əttar “Əsrar­namə”sini tərcümə etdiyini qəbul edəcək və buna görə də əsə­rin məzmununa diqqət etmədən ona ancaq Azərbaycan dili nöq­teyi-nəzərindən əhəmiyyət verəcəkdir. Belə də olmuşdur. Azərbaycan ədəbiyyatı tarixi üçün Əttar “Əsrarnamə”sinin məz­mununu təhlil etmək vacib deyildir. Buna görə də bu əsərlə maraqlanan tədqiqatçı alimlərimiz, haqlı olaraq, ona bir Azərbaycan dili abidəsi kimi yanaşmış və əsərin XV əsr Azərbaycan dilinin leksik-qrammatik quruluşu və lüğət fondu ilə əlaqəsinə diqqət yetirmişlər. Lakin əsərin məzmunu və tərcümənin keyfiyyəti ilə tanış olub, ona bir ədəbi abidə gözü ilə baxan kimi məsələ tamamilə ayrı şəkil alır.

Biz filologiya elmləri doktoru Cahangir Qəhrəmanovun XV əsrin Azərbaycan dili baxımından hərtərəfli tədqiq edib, qlossari və sözlüyünü çap etdirdiyi həmin “Əsrarnamə” əsə­rinə diqqət yetirib, Əhmədinin bir mütərcim kimi orijinalı nə qədər düzgün saxladığına qiymət vermək istərkən gözlənilməz bir vəziyyətin şahidi olduq. Ciddi yoxlama zamanı Əhmədi “Əsrarnamə”sində olan 37 hekayətin ancaq üçünü Əttar “Əs­rarnamə”sində tapdıq. Ciddi axtarış nəticəsində məlum oldu ki, yerdə qalan 34 hekayəyin 14-ü Əttarın “Müsibət­namə” əsə­rindən alınıb, sərbəst tərcümə edilmiş, 20 hekayət isə ya Ətta­rın başqa əsərlərindən, ya Cəlaləddin Ruminin “Məs­nə­vi”sin­dən alııb “tərcümə” edilmiş, ya da Əhmədinin öz qələminin məh­suludur. Əttar “Əsrarnamə”sində olan 81 heka­yət­dən alı­nan üç hekayət aşağıdakılardan ibarətdir:

Əhmədidə: 1. Hekayəti-Məcnun (vər.5 a),

2. Hekayəti-rəftəni-həkimi-hind be məmləkəti-Çin5.

3. Hekayəti- Şeyx Bəyazid Bəstami və dər bəyani-biy və və şərayi-u (vər. 18 b).

Haman hekayətlər Əttarın “Əsrarnamə”sində belə adlanır:

1.Hekayəti-mərdi-bidil

2. Hekayəti-rəftəni-həkimi-hind suyi-şəhri-Çin,

3. Hekayəti-salik və güzardəni-cehil həcc6.

Əvvəla mənbələrin səhifələrinə diqqət edilsə, görünür ki, bu az-çox müvafiq gələn hekayətlər həm ardıcıl deyil, həm də sərlövhə və həcm etibarı ilə fərqlidir. Məsələn: Əttar “Əsrar­namə”sində “Hekayəti-mərdi-bidil” 108 misra olduğu halda, haman hekayət Əhmədi “Əsrarnamə”sində “Hekayəti-Məc­nun” adı ilə 88 misradır. Bəyazid Bəstəmiyə aid olan hekayət Əttarda 44 misra olduğu halda, Əhmədidə 30 misradır və habelə.

Digər tərəfdən, bu hekayətlər məzmun etubarı ilə uyğun olsalar da, qətiyyən eyni olmayıb, haman hekayətin yeni va­riantı şəklinə salınmışdır.

Müqaisə üçün bircə paralel aparmaq yerinə düşər.

Əttarın “Əsrarnamə”sində “Hekayəti-mərdi-bidil” belə baş­layır:

شنيدم من که جايی بيدلی بود

که از دل همچو ما بيحاصلی بود

Tərcüməsi:

Eşitdim ki, bir yerdə könlünü itirmiş bir adam vardı

Ki, o da bizim kimi, könüldən bir xeyir görməmişdi.

Əhmədi “Əsrarnamə”sində bu “Hekayəti-Məcnun” adla­nıb belə başlayır:

Məgər var idi bir Məcnuni-bidil,

Cahanın pəhlivanı, mərdi-aqil.

Göründüyü kimi, lap birinci beytdən ciddi fərqə rast gə­lirik. Əttarın dediyindən aydın olur ki, təsvir olunan şəxs aşiqpeşə bir adamdır. Əhmədi isə onu “Cahanın pəhlivanı, ağıllı bir kişi” adlandırır.

Sonra haman hekayə belə davam edir:

Əttarda:


ز دندش کودکان سنگی زهرراه

تگرگی نيز پيدا گشت ناگاه

Tərcüməsi:

Uşaqlar hər yolda onu daşa basırdılar,

Birdən dolu da yağmağa başladı.
Haman bir beyt Əhmədidə dörd beytdə verilmişdir:
Çıxmazdı xəlayiq ortasına,

Yetişən daş vurardı arxasına.

Düşər bir gün uşaqlar cənginə ol,

Urarlar başına, arxasına bol.

Uşaqlar yağdırarlar başına daş,

Çıxar səhrayə doğru mərdi-qəllaş.

Uşaqlar daş atarlar hər yanadən,

Dolu yağmağa başladı həvadən.


Əttar davam edir:

بسوی آسمان بر داشت سررا

که خونی کرد دل اين بيخبر را

تگرگ و سنگ کردی بر تنم بار

شدی تو نيز با اين کودکان يار

Tərcüməsi:

Başını göyə qaldırıb dedi:

Sən bu xəbərsizin qəlbini qana döndərdin,

Bədənimə dolu və daşı yük etdin.

Sən də bu uşaqlara yoldaş oldun?


Bu iki beyti Əhmədi beş beyt ilə belə “tərcümə” etmişdir:

Dəli tutdu yüzünü asimana,

Dedi: Ey qadirü hiyyü təvana,

Sənə noldu ki, məndən böylə doydun

Ki sən dax bu uşaqlaramı uydun?

Olar daşa tutarlar, sən doluya,

Rəvamidir sənin kimi olaya (“uluya”-M.S.)

Ki uşaq sözünə uyub qalasan,

Mana bunca ləyin işlər qılasan?

Çu məsti haqq idi ol mərdi-kamil,

Həqəxoş gəldi bu sözlər, yəqin bil!
Qısaca danışsaq, bu müqayisədən aşağıdakı nəticələr əldə edilir:


  1. Bu hekayət Əttar “Əsrarnamə”sində 108, Əhmədi “Əs­rar­­namə”sində isə 88 misradır.

  2. Əttarın 76 misrasını Əhmədi qətiyyən nəzərə al­ma­mış­dır.

  3. Əhmədinin 56 misrası Əttarda yoxdur.

Bunlardan sadəcə olaraq belə riyazi nəticə əldə edilir ki, təkcə bu hekayətdə Əttarla Əhmədinin ancaq 32 misrası mü­vafiq gəlir7.

Müqayisədən göründüyü kimi, Əttar “Əsrarnamə”sinə müvafiq gələn misraların özləri də sərbəst və mənaca fərqlidir. Az-çox oxşar olan bu üç hekayəti Əhmədi “Əsrarnamə”sindən tamamilə çıxarıb atsaq, o zaman Əttar “Əsrarnamə”sində ol­mayan 34 hekayət qalır. Yuxarıda deyildiyi kimi, bunlardan on dördünü Əhmədi Əttar “Müsibətnamə”sindən alıb eyni səbkdə avtorizə edərək öz “Əsrarnamə”sinə daxil etmişdir. Yerdə qalan 20 hekayət ya Əhmədinin öz qələminin məhsuludur, ya Əttarın başqa əsərlərindən, ya da Ruminin “Məsnəvi”sindən gülçin edilmişdir.

Əhmədi Təbrizinin nə üçün orijinala sadiq qalmayıb, “Əs­rarnamə” adlandırdığı əsərin Əttar “Əsrarnamə”sinin tər­cü­məsi olmadığını göstərməmişdir? Bu məsələnin həllinə giriş­mədən əvvəl ümumiyyətlə orta əsrlərdə ədəbi abidələrin tər­cümələrində bir ənənə kimi yol verilən sərbəstlikdən bəhs et­mək lazım gəlir. Şərqdə tərcümə tarixi elm aləminə hələ Sa­sanilər dövründən məlumdur. Məşhur “Kəlilə və Dimnə”nin tər­cümə zamanı başına gələn əhvalat maraqlıdır. O, hind mən­bəyi kimi “Pançatantra” adlanaraq orta fars dilinə tərcümə za­manı məzmununda müəyyən dəyişikliyə uğradığı üçün “Kəlilə və Dimnə” adlandırılmışdır. Orta fars dilindən IX əsrdə ərəb dilinə tərcümə edilərək yenə müəyyən dəyişikliyə uğramış, XIV əsrdə məşhur Vaiz Kaşifi bu əsəri müasir fars dilinə kö­çürərkən adını “Ənvari-Süheyli” qoymuş və onun məzmununu öz zövqünə görə yenə əsaslı surətdə dəyişdirmişdir8. Yaxud Füzuli haman Vaiz Kaşifinin “Rövzətüş-şühəda”sını farscadan Azərbaycan dilinə çevirərkən o qədər dəyişdirmişdir ki, son­ralar onu alimlər tərcümə deyil, orijinal əsər kimi qiymət­lən­dirmişlər. Füzuli öz əsərinin adını da dəyişərək “Hədiqətüs-süəda” qoymuş və özünün orada olan əhvalata müvafiq şer­lə­rini yazıb əsərə artırmışdır. Füzulinin müəsiri Əhdi Əhməd Bağ­dadi də özünün “Gülşəni-şüəra” adlı təzkirəsində Füzu­linin bu əsəri özünəməxsus şəkildə işlədiyini qeyd etmişdir. Bu fikri məşhur ingilis şərqşünası Eduard Braun da öz əsə­rində qeyd etmişdir9.

Belə hal Türkiyədə də özünü göstərmişdir. XIV əsrdə (755=1354) Xacə Məsud ibn Əhməd Sədi Şirazinin “Bustan” əsərini “Fərhəngnameyi-Sədi” adı ilə tərcümə edərək ona əsaslı əlavələr etmiş, özünü də mütərcim deyil, mütərcim-nazim adlandırmışdır10.

Eynən bu cür məşhur türk alim-şairi Şeyx Əhməd Gülşəhri 717 h. (1371) ilində Fəridəddin Əttarın “Məntiqüt-teyr” əsərini ciddi əlavələrlə farscadan türkcəyə tərcümə etmişdir. O, Əttarın əsərinə Cəlaləddin Ruminin “Məsnəvi”sindən də bir neçə hekayət artırmış, öz zəmanəsinə aid həsb-halları və şikayətləri də buraya əlavə etmişdir. Məşhur alim Məhəmməd Fuad Köprülüzadə Gülşəhrinin bu “tərcümə”sini Əttarın “Məntiqüt-teyr”indən daha üstün hesab etsə də11, hər halda onu əsl mənada tərcümə kimi qəbul etmək olmaz. Habelə İsmayıl Kamaloğlu adlı bir şair də h. 789 (1387)-cu ildə Xətiboğlu tərəfindən ərəb dilində yazılmış “Fərəhnamə” adlı əsəri türkcəyə tərcümə edərək, əslinə bir neçə əlavələr etdiyini göstərmişdir12. Deməli, orta əsrlərdə bir ədəbi abidəni bir dildən başqa dilə tərcümə edərək onu mütərcimin istədiyi kimi dəyişmək bir adət şəklini almışdı. Hətta XIX əsrdə Dövlətşah Səmərqəndinin məşhur “Təzkirətüş-şüəra” əsərini türkcəyə tərcümə edən Süleyman Fəhmi əfəndi əsərdə olan tarixi, siyasi məlumatları tərcümə etməmiş, özünün tanıdığı şairlər haqqında məlumatları da buraya əlavə edərək, əsərin adını dəyişdirib “Səfinətüş-şüəra” qoymuşdur. Bu səbkə və ənənəyə riayət edən Nişati də (XVI əsr) Vaiz Kaşifinin “Rövzətüş-şühəda”sını Azərbaycan dilinə sərbəst tərcümə etmiş və onu az savadlı kütlənin də başa düşəcəyi hala salıb, ən səlis və sadə dildə avtorizə etmişdir. Eləcə də professor Y. Paqava “İran ədəbiyyatında ictimai romanın janr xüsusiyyəti” mövzusunda danışarkən orta əsr gürcü ədəbiyyatında da sərbəst tərcü­mə­lər­dən bəhs etmiş və mütərcimin orijinala istədiyi kimi müdaxilə etməyə, öz biliyini tərcüməsinə əlavə etməyə haqlı olduğunu bildirmişdir13. Bir fransız mütərcimi də yazmışdır: “Mən ingi­lis­cədən tərcümə edəndə əsərdə olan yaxşı cəhətləri tərcümə edirəm, qoy pislər özlərinə qalsın” demişdir. Beləcə də 1714-cü ildə bir fransız tərcüməçisi Homerin “İliada” əsərindən 24 nəğmə əvəzinə, ancaq xoşu gəldiyi 10 nəğməni tərcümə et­mək­lə kifayətlənmişdir. Akademik D.S.Lixaçov demişdir ki, slavyan tərcüməçiləri də əsərləri yaradıcı surətdə tərcümə edib onları müəsirləşdirmişlər.

Bütün bu yuxarıda deyilənləri nəzərə alaraq, düşünmək olar ki, XV əsr Azərbaycan şairi Əhmədi Təbrizi də Fəri­dəd­din Əttarın məşhur “Əsrarnamə” əsərini tərcümə etmək is­tər­kən məhz yaradıcı yolla getmiş və “Əsrarnamə” adlandır­dığı əsərini özünün və təsəvvüf ədəbiyyatından xoşu gəldiyi he­ka­yətlərin sərbəst tərcüməsi ilə tərtib etmişdir.

Əhmədi Təbrizinin Əttar “Müsibətnamə”sindən seçib sər­bəst tərcümə etdiyi 14 hekayətin qısa məzmununu veririk. Bu hekayətlər Əttar yaradıcılığı ilə tanış olmaq və Əhmədinin nə kimi hekayətlər seçdiyini dəqiqləşdirmək baxımından əhə­miy­yətlidir14.


  1. Yüklə 0,77 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin