NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2015, № 7 (72)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2015, № 7 (72)
MEHRİ SEYİDBƏYLİ
Naxçıvan Dövlət Universiteti
E-mail:m.seyidbeyli@mail.ru
UOT: 576.895
NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA YERLİ BİTKİ MƏNŞƏLİ ANTİHELMİNT
PREPARATLARIN TƏTBİQİ VƏ ONLARIN XÜSUSİYYƏTLƏRİ
Açar sözlər : bitki mənşəli, antihelmint, preparatlar, kənd təsərrüfatı ,ekoloji
Key words : herbal , antihelmintic , preparation , agriculture ,ecological
Ключевые слова: травяной , антигельминтные, препараты, сельское хозяйство
,екологический
Hazırda inkişaf etməkdə olan ölkədə və əhalinin sayının artdığı bir dövrdə Azərbaycan
Respublikasının, həmçinin Naxçıvan MR-nın vətəndaşlarının ekoloji təmiz ərzaq məhsulları ilə
təmin olunması dövlət qarşısında prioritet məsələlərdən biridir. Bu məqsədlə 2008-ci ildə «2008—
2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair
Dövlət Proqramı» nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
qüvvəyə minmişdir. Həmin proqramın əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və
məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ekoloji təmiz ərzaq məhsulları ilə
tam təmin edilməsinə nail olmaqdan ibarətdir.
Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində kənd təsərrüfatı heyvanlarının
artırılması və çoxaldılması mühüm yerlərdən birini tutur. Belə ki, məhsuldar iri və xırda buynuzlu,
həmçinin ev quşlarının yeni cinslərinin seçilməsi, saxlanılması, keyfiyyətli və ekoloji təmiz qida
məhsulları ilə təmin edilməsi ilə bu sahəni inkişaf etdirməyə nail olmaq olar. Ancaq unutmamalıyıq
ki, Naxçıvan MR ərazisində kənd təsərrüfatı heyvanlarında hələ də xəstəliklər, həmçinin də
helmintozlar müşahidə olunmaqdadır. Bu isə həmin heyvanların məhsuldarlığını aşağı salmaqla
yanaşı, bəzən də kütləvi məhvinə səbəb olur.
Hazırda ölkədə və onun hüdudlarında kənd təsərrüfatı heyvanlarının helmintozlarına qarşı
mübarizə əsasən kimyəvi preparatlarla (alben, piperazit, fenotiazin, nilvern və s.) aparılır. Kimyəvi
preparatların sənaye əsasında istehsalı onların işlətmə dozalarının çox az, müalicə səmərəsi isə
yüksək olması helmintositlərin böyük əhəmiyyətli olduğunu göstərir. Lakin kimyəvi preparatlar
parazit qurda təsir göstərməklə bərabər sahibin orqanizminə də müəyyən qədər zərər verir.
Helmintozlara qarşı müalicə təsiri olan, ekoloji cəhətdən təmiz vasitələrin axtarışı aktual
məsələlərdən biridir. Yerli dərman bitkilərinin xəstəliklərə qarşı işlədilməsi iqtisadi cəhətdən
səmərəliliyi, ekoloji cəhətdən təmizliyi, sahibə mənfi təsir göstərməmək kimi üstünlüklərə malikdir.
Bu baxımdan Orta əsr Azərbaycan təbabətində 387 bitki növündən istifadə olunduğu halda, təəssüf
ki, müasir Azərbaycan təbabətində onların 252 növü (69%) farmakopeyaya daxil edilməmiş, cəmi
135 növü rəsmi dərman bitkisi kimi qəbul olunmuşdur. Azərbaycan florasının 150 fəsilə, 1000
cinsə, 5000-ə yaxın bitki növündən, 300-ə qədəri hazırda xalq təbabətində istifadə edilir [5]. Qeyd
etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasının əlverişli relyef şəraiti, özünəməxsus torpaq-
iqlim xüsusiyyətləri, günəşli günlərin çoxluğu burada zəngin floraya malik bitki örtüyü
formalaşdırmışdır. Ərazidə 171 fəsiləyə, 885 cinsə daxil olan 2961 növ ali sporlu, çılpaqtoxumlu və
çiçəkli bitkilərin yayıldığı məlum olmuşdur. Bu isə Azərbaycan florası növlərinin 65,8%-ni təşkil
edir. Ərazidə 27 faydalı bitki qrupları: yem, bal verən, qida, aşı maddəli, boyaq əhəmiyyətli, bəzək-
bağçılıq üçün yararlı, lifli, dərman, efir yağlı, qlükozidli, alkaloidli, vitaminli, kosmetik və sair
faydalı bitki qrupları mövcuddur. Onlardan 150-si müxtəlif illərdə Dövlət Farmakopeyasına daxil
24
edilmiş rəsmi dərman bitkiləridir. Regionda geniş yayılmış, sənaye əhəmiyyətli, təbii ehtiyatı bol
olan dərman bitkiləri çoxdur. Onlara adi boymadərən, təpəlik kəklikotu, adi dazıotu, adi qaraqınıq,
qatlı solmazçiçək, aptek gücotu, hündür andız, hündür qantəpər, quş qızılcığı, ürək damotu, tarla
qatırquyruğu, dərman şahtərəsi, gürcü boyaqotu, adi üzərrik, yarpaqsız öldürgən, çöl nanəsi və
sair növlər aiddir [10].
Yeni dərman bitkilərinin axtarılması, öyrənilməsi və geniş miqyasda baytar təcrübəsinə
tədbiqi böyük xalq təsərrüfatı əhəmiyyətinə malikdir. Təbiət Naxçıvan MR-nın otlaqlarını müəyyən
xüsusiyyətlərə malik dərman bitkiləri ilə mükafatlandırıb. Qış otlaqları helmintlərə qarşı, vitaminli
dərman bitkiləri ilə zəngindirlər. Ev heyvanları tərəfindən yeyildikdə təbii sanasiya baş verir və
kənd təsərrüfatı heyvanlarının nəsilvermə qabiliyyəti artır. Dərman bitkiləri şərti-patogen
mikrofloraya qarşı immunobioloji sərhəddin yaranmasına səbəb olur, orqanizmin ümumi
rezistentliyini artırır, yeni doğulmuş balaların immun mühafizə qüvvələrini stimulə edirlər [1, 13,
15, 16]. Yem əhəmiyyətinə və eyni zamanda müalicəvi təsirə malik olan bitkiləri istifadə etmək
daha səmərəlidir, ona görə dərman bitkilərinin tədbiqi təbii qidalanma formasında da ola bilər.
Ev heyvanlarının helmintozlarına qarşı müxtəlif bitki mənşəli preparatların tətbiqinə dair
ədəbiyyat məlumatlarının təhlili göstərir ki, sahib orqanizmində parazitlik edən sap, lentşəkilli və
sorucu qurdlara qarşı acı yovşan (Artemisia absinthium), dazıotu (Hypericum perforatun), qurdotu
Linaria millefolium), dağ tərxunu (Tanacetum vilgore), sarımsaq (Allium sativum), soğan (Allium
altissimum), şam (Pinus sylvestris) və küknar (Picea abies), acı paxla (Lupinus), andız (Inula
britannica), dağnanəsi (Ziziphora rigida), ilankölgəsi (Ferula communis), çuğundur (Beta vulgaris),
meşə fındığı (Corylus maxima), qabaq (Cucurbita pepo), qarpız (Citrullus lanatus), turp (Raphanus
sativus), ayıdöşəyi (Dryopteris filix-mas), nanə (Mentha piperita), boymadərən (Achillea
millefolium), əvəlik (Rumex acetosa), kəvər (Copparis spicasa), üzərlik (Peganum harmala),
sabunotu (Sapanoria officinalis), hindyovşanı (Acina) və bibər (Pipernarginatum) yüksək səmərə
verir.
Azərbaycanda müxtəlif dərman bitkilərindən hazırlanmış preparatların qoyunların
helmintlərinə təsirinin öyrənilməsi istiqamətində R.Ş. Eminov (1982) tədqiqat işləri aparmışdır. O,
Azərbaycanın Böyük və Kiçik Qafqaz otlaqlarında bitən bitkilərdən baldırğan (Heracleum
sosnowskyi), dazıotu (Hypericum perforatum), çobantoxmağı (Dachylus glamerate), ləçəksiz
çobanyastığı (Matricoria discoideo), çöl nanəsi (Menthe arvensis), dağtərxunu (Tanacetum
vulgare), şahduran (Achimilla), xırda çiçək sibbaldiya (Sibboldia parviflora), qırmızı yonca
(Trifolium incarnatum), çəmən yoncası (Tr. pratense), Qafqaz kəklikotu (Thynus caucosica),
sürünən kəklikotu (T.serpillum), zirə (Carum carvi ), boymadərənin (Achillea mellifolium)
nematodlara təsiri olduğunu müəyyən etmişdir [19].
Son illərdə Naxçıvan MR ərazisində kənd təsərrüfatı heyvanlarından qoyunlarda helmintoz
xəstəliyinin törədicilərindən biri olan və praktiki əhəmiyyətə malik monieziyaya qarşı E.N.
Məmmədov (1995-96) tərəfindən boymadərən, baldırğan, acı yovşan, dazı otu bitkisi istifadə
olunmuş və müsbət nəticələr əldə olunmuşdur. Təcrübələrin nəticəsinə görə ən yüksək antihelmint
səmərə (EE-60%) boymadərən bitkisinin ot ununu 10 gün müddətində, hər gün 25 q miqdarında
fərdi qaydada işlədilməsindən alınır. Bu göstərici eyni qaydada tətbiq edilmiş baldırğan və yovşan
üçün 40%, dazı otu üçün isə nisbətən zəif (EE-20%) olmuşdur. Bundan əlavə müəllif bitkilərin
kəskin toksiklik parametrlərini də müəyyən etmişdir [8, 9].
Naxçıvan MR və Kiçik Qafqazın dağətəyi otlaqlarında bitən 8 növ bitkinin – yastıtoxum
karapodium (Carapodium platycarpum), diricəalaq (Ajuga), dərman pişikotu (Valerian
oftycarpum), xırdadaraq (Mirolophus beher), dazıotu (Hypericum perforatun), tülküquyruq acıbiyan
(Goebelia olopecnroides), çöl qatırquyruğu (Equisetum arvense) və solmazçiçəyinin (Helichrysum
plicatum) qoyunların helmintlərinə, əsasən mədə - bağırsaq nematodlarına bu və ya digər dərəcədə
təsiri müəyyənləşdirilmişdir [17].
Ümumiyyətlə, qoyunların kompleks helmintfaunasının formalaşma xüsusiyyətlərini və mədə-
bağırsaq nematodlarına qarşı antihelmint bitkilərin tətbiqi və onların toksikoloji
qiymətləndirilməsinə dair S.H. Məhərrəmov (1993-2011) Naxçıvan MR ərazisində iri həcmli
fundamental işlər aparmışdır. O, ilk dəfə olaraq Naxçıvan MR-da qoyunların kompleks şəkildə
25
helmintfaunasını müəyyənləşdirməklə yanaşı, müxtəlif landşaft-ekoloji zonalarında və torpağın
tərkibindən asılı olaraq helmintlərin yayılma səviyyəsini öyrənmişdir. Muxtar Respublikada yayılan
13 növ bitkinin (sarımsaq, yovşan, yonca, biyan, üzərlik, dəvətikanı, qoz yarpaqları, çaşır,
zəncirotu, qızılçətir, qaraqınıq, əvəlik, acılıq) vegetativ və generativ orqanlarından hazırlanan
birləşmələrin antihelmint xassələrini öyrənmiş, yüksək helmintosit təsirə malik bitkiləri bir-biriləri
ilə və albenlə qarışıqlarının antihelmint səmərəliliyini müəyyənləşdirmişdir [6, 7].
Naxçıvan MR-da xüsusi təsərrüfatlarda saxlanılan ev su quşları (qaz və ördək) arasında
helmintozların geniş yayıldığı, dərman preparatlarına tələbatın artdığı bir dövrdə yerli antihelmint
xüsusiyyətlərə malik bitkilərinin həm iqtisadi, həm də ekoloji cəhətdən əlverişli və tətbiq üçün
perspektivli olduğunu nəzərə alaraq biz yuxarıda adları sadalanan bitkilərdən daha çox parazitlərə
təsir edə biləcək və MR ərazisində geniş yayılmış 4 növ (baldırğan, boymadərən, solmazçiçəyi, dazı
otu) bitkini bu ərazidə ilk dəfə olaraq tətbiq etməyi qarşıya məqsəd qoymuşuq. Ona görə də həmin
bitkilərin bəzi xüsusiyyətləri haqqında məlumat veririk:
Baldırğan - Heracleum sosnowskyi. Ikiilik və çoxillik ot bitkisi olub, 3 m-ə qədər inkişaf edir.
Qədim zamanlardan insanlar tərəfindən tibbdə müalicəvi (Qədim Misir), Qafqaz ərazisində isə 2-3
min ilə əvvəl qida məqsədilə istifadə olunması məlumdur. Azərbaycan ərazisində daha geniş 1 növ
H. sosnowskyi növü Naxçıvan, Xanlar, Dəvəçi, Xızı və s. rayonlarda dağlıq və dağətəyi ərazilərində
yayılmışdır. Suvarılan süni əkin sahələrində də yüksək məhsuldarlıqla yetişir. Bəzi tədqiqatçıların
məlumatlarına görə bitkinin 100 q toxumunda 5-5,5 q efir yağları vardır. Efir yağlarının tərkibində
30% aktil spirti, aktil–asetat və aktil-butiran müəyyən edilmişdir. Yarpaq və kökündə
furokumarinlər, berqaten, və s. kimyəvi birləşmələr müəyyən edilmişdir [4, 11, 14].
Dazıotu – Hypericum perforatum. Bitkinin dərman məqsədilə istifadə olunması Hippokratın,
Dioskoridin, Plineyin, Paraselsin dövründən məlumdur. Botaniklər dazı otunun 200 – ə qədər
növünü təsvir etmişlər. Azərbaycanda da bir neçə növü yayılmışdır. Çoxillik ot bitkisi olub
hündürlüyü 30-100 sm, kökümsov gövdəli, yarpaqları sadə, oturaq, çiçəkləri beşüzvlü,
kasayarpaqları 5, ləçəkləri 5, toxumlarının sayı 50-60 ədəddir. Çiçəkləmə dövrü iyun – iyul,
toxumların yetişməsi sentyabr – oktyabr aylarına təsadüf edilir. Tərkibində flavinoidlərdən
hiperozid (çiçəklərində 1,1 %), otunda 0,7% rutin, kversetin, boyayıcı fotodinamik maddələrdən
hiperosin (0,1-0,4%), psevdohiperozin və onun törəmələri, pirokatexin törəməli aşı maddələr
(12%), efir yağı (0,3 %), saponinlər, xalin (3,4%), qətran (17%) və s. maddələr müəyyən edilib [2,
14].
Qatlı solmazçiçək - Helichrysum plicatum. Çoxillik ot bitkisidir, uzunluğu 15-60 sm-ə
qədərdir. İyun-avqust aylarında çiçəkləyir. Bitkinin tərkibində rütubətin miqdarı azdır, çiçəkləri
qurudur (hatta çiçəklərini qırandan sonra da olduğu kimi qalır). Dərman kimi çiçəklərindən istifadə
olunur. Çiçəklərini saplağı ilə birlikdə toplayırlar. Yığım zamanı bitkini kökündən çıxarmaq olmaz.
Toplanmış nümunələr havalandırması yaxşı olan otaqda, 2-3 sm qalınlığında kağız və ya parça
üzərinə düzülməklə qurudulur. Qurudulmuş bitkini 3 il müddətində yaxşı havalandırılan, qaranlıq,
qapalı otaqda saxlamaq olar. Bitkinin tərkibində efir yağları, flavinoidlər, saponinlər, karotin, C və
K vitaminləri, şəkər, mineral duzlar və mikroelementlər (K, Ca, Na, Fe, Mg) vardır. Antihelmint
xüsusiyyətlərə malik bitkidir [12].
Boymadərən - Achillea millefolium. Avropa, Asiya, Şimali Amerika, Avstraliya və Yeni
Zellandiyada geniş yayılmış çoxillik kökümsovlu ot bitkisidir. Çoxalması həm vegetativ həm də
generativ yolla gedir. Çiçəkləmə iyun - iyul, toxumların yetişməsi avqust – sentyabr aylarına
təsadüf edilir. Azərbaycanda 14 növü vardır. Tibbdə adi boymadərəndən (A. millefolium) istifadə
edilir. Gövdə və yarpaqlarında alkoloidlərdən axilenin və aktil - butirat aşkarlanıb. Yarpaqlarında və
kökündə furokumarinlər berqanten və s. kimyəvi birləşmələr müəyyən edilmişdir. Metilbetanin
0,05%, efir yağları 0,8%, mürəkkəb efirlər - tuyon, kamfara, temnol 8-10%, qarışqa, sirkə,
izovalerion, K və C vitaminləri, aşıyıcı və acı maddələr, pipulin, qətran karotin turşuları tapılmışdır
[2, 3, 14, 18].
Tərəfimizdən aparılan ədəbiyyat materiallarının analizi göstərdi ki, bitki mənşəli preparatların
tərkibində olan bioloji fəal maddələr həm in vivo, həm də in vitro şəraitində helmintlərə təsir
etməklə onlarda patomorfoloji dəyişikliklər yaradaraq, əzələ iflici, sinir – əzələ oyanması, cinsiyyət
26
orqanlarının, örtük toxumalarının və həzm orqanlarının dağılmasına gətirib çıxarır ki, bu da lazımi
dozalarda istifadə etdikdə sahibə mənfi təsir göstərmədən parazitlərin məhvinə səbəb olur. Bütün
yuxarıda qeyd olunanlar göstərir ki, antihelmint xüsusiyyətlərə malik yerli bitki mənşəli
preparatların tətbiqi Naxçıvan MR-nın əhalisinin qida tələbatının bir hissəsini ödəyən kənd
təsərrüfatı heyvanlarından əldə olunan təmiz qida məhsulları ekoloji təhlükəsizliyin təminatında da
mühüm rol oynayır.
Dostları ilə paylaş: |