PİR
Povest
İyun ayının ortası idi. Günlər çox isti keçirdi.... Məşədi Allahverən sabah namazına durub
arvadını tələsik durquzdu:
"Ay qız Gülbadam! Gülbadam! Tez ol dur, uşağı da durquz, vaxt keçir hava sərin ikən yola
düşək."
Gülbadam sərsəm yuxudan oyanıb oturdu, gözlərini ova-ova o yan-bu yanına baxdı, istədi ərinə
deyə: "Nə üçün çığır-bağır edirsən, yatmağa qoymursan?...." Sonra fikrinə gəldi ki, gərək pirə
gedələr.... Heç bir şey söyləməyib bir az gərnəşdi, sonra əlləri ilə gözlərinə düşən saçlarını
düzəltdi, boynuna düşmüş ağ çit, qara çiçəkli yaylığı başına salıb boğazının altından sıxdı. Ağ
donunu geyindi, əsnədi, istər-istəməz ayağa durdu. Üzsüz boz balışı, üzü qırmızı çiçəkli çitdən
mitəkkəni döşəyin ortasına qoydu, sonra yorğan əvəzinə üstünə saldığı ağ döşək üzünü qatlayıb
istəyirdi yerini yığsın, bu vaxt Məşədi Allahverən namazını qurtarıb arvadına dedi:
"Yerləri yığmaq istəməz, gələrsən sonra yığarsan, vaxt keçir,sən uşağı durquz."
Gülbadam döşəyi buraxıb iki dizləri üstə çökdü, bir az uşağın üzünə baxıb ağ kisəyi köynəyinin
enli qolları ilə uşağın alnındakı təri sildi və sonra: "Cəbi! Anan sənə qurban, Cəbi! Oyan, dur
gedək. Dədən səni toşiyə mindirəcəkdir" deyə durquzurdu.
57
"Bir az yavaş, qorxar!"--deyib, Məşədi Allahverən axırıncı duasından əl çəkdi.
Axırıncı sözləri də bu idi: "Pərvərdigara! Mənim bu balama nicat ver!". Ondan qabaqkı sözlər də
buna oxşar sözlər idi. Daha doğrusu, sözlər deyildi, fikirlər idi. Həmişə namazdan sonra əllərini
yuxarı qaldırıb fikrindən keçirərdi: "Pərvərdigara! Özün şahidsən, buyurduğun əmrləri yerinə
yetirirəm: orucumu tuturam, namazımı vaxtında qılıram....Özün şahidsən, rəbbim! Yetir,
pərvərdigara! Bu "yetir" sözünü hər vaxt deyəndə tamam məişətini, alını-verini, zərərini-xeyrini
fikrindən keçirərdi. Elə də deyilidi ki, "ehdinəssiratəl müstəqim"in mənasını bilib də daha "allah,
mənə doğru yol göstər" kimi sözləri bir də təkrar etməyə ehtiyac qalmaya idi. Xeyr, Məşədi
Allahverən düz əlli yaşında idi və on beş yaşından namaz qılardı, bu sözlərin mənasını bilməzdi
və heç fikrinə gəlməzdi ki, namazda deyirlər: Allah! Mənim ürəyimi təmizlə, mənə doğru yol
göstər, o yolu ki, sənin tərəfinə gedir, o yoldan uzaq et ki, səndən uzaq düşür. Mənim qəlbimi
yumşalt, həlim və mehriban et.... Belə fikirləri Məşədi Allahverən nəinki namaz vaxtında, hətta
mərsiyəxan oxuyanda da başından keçirtməzdi. Bir gün hətta mərsiyəxan ağzı qızışmış bir
vaxtda dedi:
"Ey camaat, dürüst qulaq veriniz. Dizi üstə əyləşiniz, bir fərd oxuyacağam, demirəm başınıza
vurun, yox. Ancaq bu oxuduğum sözlərə göz yaşı tökərsinizsə və haman dəm ürəyinizdən nə
istəsəniz qəbulə keçər.
Məşədi Allahverən doğrudan çox-çox ağladı və ürəyindən bunu keçirtdi: "Allah, mənə bir övlad
ver!"
Zatən Məşədi Allahverənin ancaq bu fikirdə olmağının və bu kimi şeylər öz allahından
istəməyinin səbəbi var idi. Onun heç bir şeyə ehtiyacı yox idi: dükanı yaxşı işləyirdi, yaxşı
qazanırdı. Hələ bir az bankda, bir az da əllərdə faizlə pulları dolanırdı. Fəqət bir şeydən bədbəxt
idi: övladı olmurdu.
Məşədi Allahverən ibtida bir arvad aldı, gözəl, göyçək. 30 il onunla gün keçirib övladı olmadı.
Sonra istədi birini də alsın, arvad razı olmurdu. Ürəkdən boşamaq da istəyirdi. Fəqət qorxurdu.
Çünki arvadın qohumları bir az qolçomaq hesab olunurdular. Axırda əlacı üzülüb arvad ilə
gündə dava-qalmaqal edirdi, deyirlər, guya döyərdi, söyərdi, hətta ac da qoyardı.... Bu
səbəbdənmi və ya qeyri bir səbəbdən arvadı öldü. İkinci dəfə yenə bir pakizə qız aldı. Üç ilin
ərzində iki dəfə uşağa qaldı: birində üç aylıq, ikinci dəfə altı aylıq uşaqları düşürdü. Bu biçarə
arvad vaxtsız doğmaqdanmı və ya qeyri bir səbəblərdən ağrılara, mərəzlərə mübtəla oldu.
Günbəgün əriyib gah qarnından dad vurardı, gah başından, gah bütün bədənini ağrı tutardı.
Məşədi Allahverənin buna yazığı gəlib boşamaq istəməzdi. Çünki arvadın heç bir kəsi yox idi.
Fəqət atasından qalan bir-iki evin sahibi idi. Məşədi Allahverən bilirdi ki, boşasa yazıq arvad
evləri tək dolandıra bilməyəcəkdir. Buna binaən boşamaq da istəmirdi. Fəqət arvad həmişə
naxoş, zəif olduğuna görə ev işləri yaxşı getmirdi.... Məşədi də "məhrəm" bir "qulluqçu"
gəzirdi. Bu fikrini aşkar edib arvadından izin istədi. Arvadı da çarəsiz qalıb razı oldu. Tələsik
58
yavuq kənddən dul, çopur Gülbadamı aldı. Doğrusunu da demək Məşədinin daha o vaxtı deyildi
ki, gözəl qız arasın. Əlli yaşında, başı balaca, üzü enli, burnuyekə, balacaboy, gözləri bir az çəp,
həna altından bozaran saqqallı bir kişiyə nə gözəllik aramaq? Xeyr, Məşədi Allahverən öz "qədr-
qiymətini" bilən adam deyildisə də, daha çox da gözəl arvad almaq fikirlərini etməzdi. Ona
ancaq övlad lazım idi. Ona bina Gülbadamı aldı. Fəqət nə üçün şəhərdən almayıb kənddən aldı?
Gülbadam kimi şəhərdə çox dullar var idi. Bu da bir gizlin məsələ idi. Ancaq Məşədi özü
bilirdi.... Hər halda pirin adı çəkiləndə Gülbadamın da adı çəkilirdi.... Məşədi də fikir edərdi:
"Bəlkə Gülbadam pirsevən xoşbəxtlərdəndir...." İştə Gülbadamı aldı ki, bəlkə övladı ola.
Doğrudan da bir il keçməmiş Gülbadam uşağa qaldı. O vaxtlarda da Məşədi Allahverənin naxoş
arvadı bir sümük bir dəridə ikən canını tapşırdı. Bunun ölməyi Məşədi Allahverəni ağlatmadısa
da, ürəyini yandırdı. Çünki əli arvadın mülkündən çıxırdı; vərəsələr var idi....
Gülbadam arvadın ölməyinə qeyri günülər kimi nəinki sevinmədi, hətta bir az da qəmgin oldu.
Çünki naxoş, zəif arvada yazığı gəlirdi. Gülbadam ürəyi yumşaq, rəhmli adam idi. Sağlığında
zəif, naxoş arvada nəinki "günülük" etməzdi, hətta bir az da hörmət edərdi. Vaxtında xörəyini
verərdi, yedizdirərdi və hamama aparıb çimizdirərdi. Deyirlər, guya "günü gününün ölməyini
istər", fəqət bu arşınla hamı günüləri ölçsək işimiz fəna olar. Doğrudan da, insanda bir-birinin
ölməyini istəmək vəhşilikdir, deyilmi? Belə isə iki arvad, üç arvad və daha çox arvad almaq neçə
milyon arvadları vəhşi edərdi.... Nə isə, özgə günüləri bilmirəm, fəqət Gülbadam qeyrilərinə
oxşamazdı. Bu naxoş arvada Gülbadamın yazığı gələrdi, yazığı gələn adamın ölməyini. də
istəməzlər....
Məşədi Allahverən də vaxtında bu naxoş məzlumə arvadı sevərdi, fəqət uşaq məsələsində
ümidini ondan üzəndən sonra Gülbadama məhəbbətini salmışdı.... İndi odur, hələ dünyanın
işığını görməyən balasının səbəbinə Gülbadamın başına pərvanə kimi fırlanırdı, əlini isti sudan
soyuq suya vurmağa qoymur, səhər-axşam samovarı özü qaldırardı. Hətta doğmağına bir neçə
gün qalmış pilləkənlərdən çıxıb-düşməyə də qoymazdı. Çünki əvvəlinci arvadın uşaq
düşürməyini mamalar ağır şey götürməkdən bilirdilər və deyirdilər: "Uşaqlıq yerindən
oynayıbdır".... Məşədi bunların hamısına inanardı. Fəqət hamıdan çox qorxunu səbəb bilərdi və
öz aləmində ikinci arvadının uşaq salmasını da qorxudan bilərdi. Çünki arvad bir gün mülkündən
gələn mədaxilin hesabını bilmək istərkən bərk döyülmüşdü və hətta ortalıqda xəncər də
işləmişdi. O idi ki, Məşədi Allahverən çox mərəzin səbəbini qorxudan bilərdi, hətta axır vaxtlar
axşamlar evə gələndə darvazadan uca səslə oxuya-oxuya gələrdi ki, arvad qeyri bir adam bilib
diksinməsin.
Vaxt yetişdi, dükana xəbər apardılar ki, arvad ağrı çəkir. Məşədi Allahverən tez dükanı bağlayıb
evə gəldi. Mamaları çağırtdı, mamalar işə məşğul oldular. Bir gün, bir gecə Gülbadam ağrı
çəkdi. Bir gün, bir gecə Məşədi Allahverən yeməyini, içməyini bilmədi. Gah bu qapıdan mamanı
çağırardı, gah o qapıdan arvadının əhvalını xəbər alardı.
59
"Hə, necə oldu? Necə olacaq? Bəs necə olsun?"--deyib o yan-bu yana yüyürərdi. Neçə-neçə
qurbanlar vəd etdi, nəzirlər çıxdı, olmadı.... Axırda şəhərin yavuqluğundakı məşhur qoz ağacını,
"pir"i fikrindən keçirtdi və nəzir etdi ki, uşaq tez olsun, iyirmi manat pirə göndərsin. Bunu
fikrindən keçirtmişdi, o biri otaqdan: "Allah şükür, allah şükür! Oğlandır!" sədası gəldi.
Məşədi bu yaşa gəlmişdi, hələ belə bir şadlıq bunun üçün üz verməmişdi. Uşaq kimi atılıb-
düşürdü. İyirmi manata qədər muştuluq pulu buraxdı. Tez bazara çıxdı ki, bir az tədarük üçün
şeylər alsın. Çuxasının bir qolunu geyib birini də çiyninə atdı. Papağını əyriqoydu, belə ki, çirkli
araqçınının yarısı görünürdü. Tanış-biliş görəndə uzaqdan gülərdi, ucadan salam verərdi, hətta
tanımayan adamlara da salam verərdi.
Bunun şadlığının səbəbini bilmirdilər. Əlbəttə, bilsə idilər: "Məşədi, gözün aydın"sa da
deyərdilər. Özü utanıb şadlığının səbəbini deyə bilmirdi. Bununla belə, Məşədi Allahverən çox
istəyirdi ki, "Məşədi, gözlərin aydın!" sözlərini eşidə, tərs kimi bir soruşan da yox idi ki, bilinsin.
Nə üçün həmişə qaşqabaqlı Məşədi bu gün adamların üzünə baxıb irişir, uzaqdan uca səslə salam
verir, nə üçün papağını yan qoyubdur? Xeyr, heç kəs! Hətta Məşədi Allahverən bir neçə adamın
kefini də xəbər aldı: "Hə! Xala oğlu, kefin necədir?" Fəqət bu adamlardan da heç biri Məşədinin
kefini xəbər almadı ki, bəlkə söz açıla.... Deyəsən o gün hamının tələsik işi var idi. Biri o yana
gedirdi, biri bu yana, salam da verəndə quru salam verib keçirdilər. Axırda Məşədi Allahverən
uzaqdan ən yavuq dostu Kərbəlayı Xudaverdini görüb gülümsündü, sonra yavuqlaşanda gülə-
gülə dedi:
"Rəfiq! Yaxşı yarpaq dolması yemək istəyirsənsə, bu axşam gəl bizə."
Bu sözləri deyib Kərbəlayı Xudaverdinin gözlərinə baxdı ki, bəlkə bu isə şadlığının səbəbini
soruşa. Yox, soruşmadı, bununla belə Məşədi Allahverənin dolması Kərbəlayı Xudaverdinin bir
az fikirləşməyinə səbəb oldu. Çünki Məşədi Allahverən hər saatda dolma yedizdirən adamlardan
deyildi; ona görə Kərbəlayı Xudaverdi təəccüblə rəfiqinin üzünə baxdı:
"Hə, mat-mat nə üçün baxırsan? Soruş, soruş də!" Kərbəlayı Xudaverdi yoldaşının əlindən tutub
dedi:
"Doğrudan, bu nə qonaqlıqdır, rəfiq?"
"Qonaqlıq-zad yoxdur, fəqət bir səni çağırıram. Əsil qonaqlıq sonradır...."
60
"Yəni, necə sonra?"
"A kişi, rəhmətliyin oğlu, nə üçün düşünmürsən? Sonra da! Beş-altı gündən sonra!"
Məşədi Allahverən bu sözləri gülə-gülə deyirdisə də, fəqət içindən qovrulur idi: "Nə üçün bu
adamlar bunun şadlığının səbəbini soruşmurlar? Nə üçün belə bir böyük işdən bunların xəbərləri
olmasın? Nə üçün bu öz dili ilə gərəkdir desin: "Oğlum dünyaya gəlibdir!...."
Kərbəlayı Xudaverdi çox da nazik mətləb düşünənlərdən deyildi. Hətta "beş-altı gündən sonra"
sözləri də buna kifayət deyildi, gərək açıq-açığına deyilə idi: "Beş-altı gündən sonra ad
qoyulacaqdır". Məşədi Allahverən daha səbir etməyib bu sözləri özü dedi.
"Ay sağ ol! Sağ ol! Gözün aydın, Məşədi! Gözümüz aydın! Çox əcəb!"
Kərbəlayı Xudaverdinin bu sözləri Məşədi Allahverənin bütün damarlarına işlədi. Yəni bu
sözləri Məşədi Allahverən bütün varlığı ilə hiss etdi, sonra guya utanıb yerə baxa-baxa dedi:
"Bəli, allah-taala bizə bir oğul bağışladı."
Bu sözləri deyib Kərbəlayı Xudaverdinin üzünə baxdı, elə bir baxdı ki, guya Kərbəlayı
Xudaverdidən yenə də bir söz gözləyirdi. Məşədi Allahverənə xəyal, Kərbəlayı Xudaverdi
bunun sözlərindən sonra gərək deyə idi: "İnşaallah, sünnətində, toyunda yeyək, yainki toyunda
oynayaq....".
Nə isə, Kərbəlayı Xudaverdi düşünmədi və demədi. Deməyib də əli plovdan çıxdı; çünki
Kərbəlayı Xudaverdi gözaydınlığı verənvaxt Məşədinin fikrindən plov da keçdi, fəqət sonra
sözlərinin dalı gəlmədi.... Məşədi də ancaq bir dolmalıq alıb apardı.
Məşədi Allahverən hələ çuxasını çıxarmamış böyük mamanı səslədi:
61
"Hə, əhvalı necədir?"
"Yaxşıdır, yaxşıdır!"
"Göbəyi-zadı öz yerindədirmi?"
"Bəli, bəli!"
Mama "yaxşıdır-yaxşıdır" sözlərini ürəkdən demirdi. Fəqət qabaqda üzgörümçəyi olmağa körə
çarəsi yox idi. Nə isə, mama üzgörümçəyi alıb Məşədi Allahverəni uşağın yanına buraxdı.
"Hə, necəsən?"
İstər-istəməz arvadının əhvalını xəbər alıb uşağa baxdı və əlinə götürdü. Bu dəqiqə Məşədi
Allahverənin həyatında ən qiymətli, ən hissli bir dəqiqələrdən idi. Neçə illərlə arzusunda olan
balanı Məşədi indi əlində tutur. Bu hində Məşədi Allahverənin fikrindən nələr keçmədi: balaca,
dəmir, qəşəng kravat. Bir az sonra balaca ərəbə, daha bir az sonra quzu, eşşək, at, fayton, daha nə
bilim nə, nə ... hamısı bir-bir fikrindən keçirdi.
Haman bu hində də mamanın fikrindən qeyri şeylər keçirdi. Böyük mama təcrübəli bir mama idi:
doğrudur, elmsiz idi, oxumamışdı, fəqət təcrübəsi çox idi. 20 il idi mamalıq edirdi. Bu iyirmi ilin
ərzində çox balaları gözdən keçirmişdi. Bu uşaq qeyri uşaqlara bir az oxşamayırdı: üzü şiş, başı
qədərindən yekə bir uşaq idi və bir az da qeyri bir iy verirdi....
Günlər keçdi, aylar keçdi, balaca Cəbi yavaş-yavaş boy atırdı, fəqət həmişə zəif, üzü kiçik, başı
isə günbəgün zorbalaşırdı. Nə ki, danışmaq, yerimək vaxtı deyildi, Məşədi Allahverən və arvadı
uşağın başına və zəif olmağına çox da diqqət etməzdilər. Hətta qeyrilər Məşədi Allahverənə
uşağın başına dair bir söz söyləyəndə, Məşədi gülə-gülə deyərdi: "Görünür ağıllı olacaqdır".
Hətta belə bir şey eşitmişdi və yainki istəyirdi eşitsin ki, başı böyük adamın ağlı da çox olar....
Nə isə, vaxt yetişdi: gərək uşaq iməkləsin, yerisin, gülsün, danışsın, şad olsun.... Fəqət Cəbidə
bu əhvalatlar görünmürdü. Cəbini haraya qoyurdun orada dinməz-söyləməz uzanırdı. Verəndə
yeyirdi, verməyəndə heç. Su istəyəndə dodaqlarını bir-birinə sürtürdü. Çox vaxt matdım-matdım
bir nöqtəyə balaca gözləri ilə baxırdı. Fəqət bu gözlərdə təbii şəfəq, qığılcım yox idi. Alnı
62
qabağa çıxıb gözləri çuxura düşmüşdü. Ümumi zəiflikdən başqa ayaqları da əyri bitirdi.
Ayaqlarını ələ alıb buraxanda sanki bir rezin (trubka) kimi yerə düşürdü....
Nə isə, bir çox dualardan, nəzirlərdən sonra bir gün Gülbadam ərinə dedi:
"Şəhərə, deyirlər, bir yaxşı həkim gəlibdir. Gələsən aparaq uşağı bir baxsın."
Məşədi əvvəl dinmədi. Sonra razı oldu. Sabahı Gülbadam qonşusu Pərini də götürüb həkimə
getdi.
Həkim diqqətlə uşağa baxıb başını buladı və xeyli fikrə getdi. Arvadlara naxoşa dair bir söz də
deməyib dərman yazdı. Fəqət dedi ki, çox yaxşı olardı ki, uşağın atasını görmək.... Arvadlar evə
qayıdıb əhvalatı Allahverənə nağıl etdilər. Məşədi dedi:
"Mən əvvəl heç razı deyildim ki, siz uşağı həkimə aparasınız, çünki bu həkimləri mən jaxşı
bilirəm, yaxşı tanıyıram. Bir az çətinə düşəndə, ya mərəzi tapmayanda, naxoşun atasını istərlər,
anasını çağırarlar, babasını qəbirdən çıxartmaqdan da bunlar çəkinməzlər.... Gör nə axmaq-
axmaq sözlərdir. Naxoşdur, gəlibdir bax, müalicəni et, yoxsa sənin atası ilə nə işin? Xeyr, bunlar
boş sözlərdir....
Yenə dualar, yenə cadubazlıq meydana gəldi. Fəqət Gülbadam çox da duaya-zada inanan deyildi.
Bir azdan sonra Gülbadam uşağı daha bir təzə gəlmiş həkimə apardı. O da diqqətlə baxıb dedi
ki, atasına baxmaq lazımdır. Bu dəfə Gülbadam ərindən izinsiz getmişdi. Gülbadam əhvalatı
açıb dedi:
"Doğrudan, gələsən bir özün həkimə gedəsən, görək nə demək istəyir. Mən səndən izinsiz təzə
həkimə getmişdim. Uşağa diqqətlə baxıb o da dedi, atasını görsək yaxşı olardı.
Məşədi Allahverən istədi çığır-bağır etsin. Ancaq uşaq yatırdı, bir söz də söyləmədi. Sonra öz-
özünə fikir edirdi: "Yaxşı, həkim məni yeməyəcəkdir ki, bəlkə doğrudan da fikir edir ki, arvad
xeylağı onun dediklərinə layiqnncə əməl edə bilməyəcəklər. Onun üçün kişi xeylağı çağırır". Bu
fikirdə ikən Məşədi Allahverən səhəri həkimə getdi.
63
Həkim uşağı görüb bir neçə xəyallara düşmüşdü. Mərəzin səbəbini bilmək istəyirdi. Çünki
haman mərəzin bir neçə səbəbi ola bilərdi. Dürüst səbəbini bilib müalicəsinə girişmək istəyirdi.
Məşədi Allahverən həkimə özünü tanıdıb soruşdu:
"Həkimbaşı, mənim uşağımın mərəzi nədir?"
Həkim dedi:
"Uşağın beynini su alıbdır. Ayaq sümükləri də əyri bitibdir. Mənimcə, səbəbini atasında və
anasında aramaq lazımdır və tez də müalicəsinə şüru etmək gərəkdir. Yoxsa uşaq ya tez tələf
olar və yainki ağılsız, çolaq bir vücud qalacaqdır. Bunu da demək lazımdır: mərəz ağır bir
mərəzdir....
Bir çox söhbətdən sonra məlum olur ki, Məşədi Allahverən bir vaxt kif azarına mübtəla
olubmuş. Bir az sonra yenə də məlum olur ki, Gülbadamın əvvəlki əri də bu mərəzə düçar
olubmuş ki, bu mərəzdən tez tələf olur. Deyirlərmiş guya azar beyninə vurubmuş. Sonra yazıq
Gülbadamın ağzında bir yara var imiş və həkim əri içdiyi davanı buna da verərmiş....
Həkim bu məlumatı yığıb, mərəzin səbəbini özü üçün aşkar etdi və müalicəsini tədriclə başlamaq
istədi. Bununla belə Məşədi Allahverənə və Gülbadama dedi:
"Hərgah istəyirsinizsə belə bədbəxt balalarınız bir də dünyaya gəlməsinlər, özünüzə müalicə
ediniz...."
Həkimin bu sözləri Məşədi Allahverənin heç beyninə batmadı, qulağına heç girmədi. Bu fikir
edərdi: "Həkim boş sözdür söyləyir. Bu doğrudur, 30 yaşında bərk kif azarına mübtəla
olmuşdum. İndi bu iyirmi ilin ərzində bədəndə azarmı qalar?" Fəqət onu düşünməyirdi ki, ikinci
arvadının uşaq düşürməyinə də bunun mərəzi səbəb olmuşdu. İndisə iki tərəfdən--həm
Gülbadam və həm özü Cəbi kimi bədbəxt bir uşağın dünyaya gəlməsinə səbəb olduğunu nəinki
düşünmürdü, hətta həkimin sözlərini cəfəng bir şey hesab edirdi. Daha həkim sözü yanında
danışmaq olmurdu. Yenə dualar yazıldı, nəzirlər çıxıldı.... Axırda fikir etdi ki, "uşaq anadan olan
vaxt Gülbadam çox zəhmət çəkdi, axırda "qoz ağacı--pirə" nəzir dedikdə uşaqdan xilas oldu....
Nə üçün daha oturmuşam!...." O idi ki, Məşədi Allahverən cümələr uşağı pirə aparırdı. Bu
cümə də axşamdan pirə getmək üçün hər bir şey hazırlamışdılar. Ona bina Məşədi Allahverən
namazını qurtarıb Gülbadama deyirdi ki, uşağı durquzsun.
64
II
Bu cümə pirə gedən tək bir bunlar deyildilər. Çox adam gedirdi. Hər məhəllədən iki-üç nəfər
adam uşaqları ilə bir yerdə arabaya, faytona, ata, eşşəyə minib gedəcəkdilər və hər biriiin
getməyinə də bir səbəb var idi. Biri Məşədi Allahverən kimi oğlunu aparırdı, digəri anadanolma,
yainki sonratapma çaxotkalı qızını yanına salmışdı. Üçüncüsü vaxtında müalicə etməyib
traxoma göz ağrısından əbədi kor olmuş atasını yedəkləyirdi, dördüncüsü ərə getmiş doğmayan
qızını yanına salmışdı. Daha bir çoxu da Sibirə gedən oğlanları üçün nəzir aparırdılar.... Nə isə,
hər cümə günü kar, kor, şil, çolaq, çaxotkalı, yaralı, qızdırmalı, qarnı ağrıyan, övladı olmayan,
oğlan doğmayan, dul arvad, dul kişi, sonsuz, kimi arabada, kimi faytonda, kimi piyada pirə
gedən yolu tapdalayırdılar. Bunların içindəhətta elə bir arvadlar var idilər ki, ərləri pirə
qoymayanda cümədən qabaq yuxu da görərdilər. Səhər durub ərinə deyərdi: "Rəhmətlik ananı
pirin qapısında durmuş gördüm, məni görəndə dedi: "Ay balam, sənin yolunu gözləyirəm. Nə
üçün iki cümədir gəlmirdin...." Bu sözlərdən sonra əri də yumşalıb nəinki rüsxət verərdi, hətta
nəzir də göndərərdi. Elə vaxt olardı ki, kişilər özləri də cümə günləri işsiz qalıb pirə gedərdilər.
Fəqət çox adam Məşədi Allahverən kimi "mühüm məsələni" həll etmək üçün gedərdi, elə də
deyildi ki, işsiz gedən kişilər pirə inanmasınlar. Xeyr. Bu şəhərdə dürlü-dürlü adamlar vardı,
kimi Məşədi Allahverən kimi səmim-qəlbdən inanmışdı, kimi ondan bir az. Kimi nəziri qəbula
keçməyib, inanmasa idi də, ürəyindəkini heç kəsə deməzdi, şübhəli idi. Doğrudan da,
inanmamaq da olmazdı. Çünki bir də eşidirsən deyirlər: filankəsin neçə il imiş övladı olmur
imiş, pirə nəzir deyibmiş.... İndi övladı olubdur. Filankəsə on beş gün həkim baxıbdır, bir şey
çıxmayıbdır. Elə ki, pirə nəzir çıxıblar, dərhal şəfa təri gəlib, yaxşı olubdur.... Filankəs filan
şeyini itirmişdi, pirə nəzir dedi, tapıldı.... Nə bilim, daha nə ... nə.... Fəqət il uzunu pirə sürünən
çolaqlar, korlar, karlar, çaxotkalılardan səs çıxmayırdı....
Nə isə, inanan inanmışdı, inanmayan istəyirdi inansın və bir neçəsi də öz-özlərinə deyirdilər: hər
adamın nəziri qəbula keçməz ki? Əməli saleh adamın nəziri qəbul olunar, saleh olmayanınkı
olmaz. Əməli saleh də bu ölkədə Məşədi Allahverən kimisinə deyərdilər.
Zatən bu mahalın kişiləri, arvadları bir-birinə oxşardılar: surətdə yox, ruh cəhətincə bunlar bir-
birindən uzaq getməmişdilər. Bunlar oruclarını çox bərk-bərk tutardılar, belə bərk tutardılar ki,
toz olan yerdən keçmirdilər, dodaqlarını büzərdilər, burunlarını yaylıqla tıxayardılar. Ancaq
ağızları açılanda belə açılardı ki, gərək qulaqlarını tutub qaça idin. O deyildi ki, hamı bir qayda
ağızlarını aça idi. Xeyr, biri çox bərk açardı, o biri bir az ondan boş.... Eləsi də var idi, heç ağız-
zad açmazdı, dinməz-söyləməz qardaşının yetimlərinə çatan pulları hər gecə iftara toyuqplov
bişirib yeyərdi, zavallı yetimlər isə ac qarınlarını yerə sürtərdilər. Sonra namaz üstə öz allahına
deyərdi: "Pərvərdigara! Özün şahidsən, buyurduğun orucu tuturam, namazımı qılıram...." Bunlar
namazdan da bir-birindən uzaq getməmişdilər: intəhası biri namaz üstə çox dua edərdi, biri az:
65
çünki birinin azehtiyacı var idi, birinin çox. Fəqət hamı bir söz deyərdi: "Yetir, pərvərdigara filan
şeyi, özün şahidsən, buyurduğuna əməl edirəm". Bunların qanacaqları ilə allahın buyurduğu da
nə idi: oruc, namaz, zəkat, fitrə....
Fəqət bilmirəm, allaha rüşvət verib allahdan rüşvət istəməyi bunlara pir öyrətmişdi, yoxsa pirə
rüşvət vermək aldıqları tərbiyənin nəticəsi idi.... Odur, hamı rüşvətlə yola düşüb gedirlər: biri
qoyun aparır, biri quzu, biri toyuq aparır, biri xoruz, biri qızıl üzük, biri gümüş güzgü, biri çit
aparır, biri ipək parça, biri şam aparır, biri şamdan, kimi pul, kimi portman....
Fəqət bu nəzirlərin, bu rüşvətlərin içində məlum və naməlum nəzirlər də var. O deyil ki, hamısı
aşkar getsin. Odur, ayaqları bağlı qoyun bir yanı üstə düşmüş arabanın dalına sarınıbdır. Başı da
arabanın yanından sallanıb titrəyə-titrəyə araba getdiyi yolun çuxurlarını göstərir. Ayaqları bağlı
toyuq-xoruz da az deyil. Bunlar hamısı aşkar nəzirlərdir. Fəqət gizlin nəzirlər, rüşvətlər də az
deyil, hətta bir arabada bir külfətdən iki arvad gedir. Biri-birinin nəzirindən xəbərləri yoxdur.
Odur, altmış yaşında Məşədi Pərzad xala gəlini Gülzarla bir arabada yanba-yan oturublar.
Bunları Dəmirqaya göndərir ki, pirdə şam yandırsınlar, tainki gələn il bu vaxt Gülzar bir oğlan
doğsun. Pərzad qarı oğlunun üstə durubdur ki, ikinci arvad alsın; çünki nəvə görməmiş ölmək
istəmir.... Hər gün açıq açığına gəlininədeyir: "Anam, üç ildir oğluma gəlibsən, bir şey yoxdur.
Görünür, doğan deyilsən. Qoy oğlum arvad alsın! Nə üçün bədbəxt edirsən?" Gündə bu barədə
evdə dava-qalmaqaldır! İndi nəzir aparırlar, şam yandıracaqlar. Fəqət biçarə Pərzad nənənin bir
də bir gizlin nəzirdən xəbəri yoxdur. Gülzar bir balaca əskiyə düyümlənmiş qızıl üzüyü döşünə
atıbdır. Bunu pirə aparır ki, qoca Pərzad tez ölsün. Bəlkə Dəmirqaya da anasının sözlərinə
suyulub arvad almasın....
Nə isə, bu taq-tuqla gedən arabalarda, bu çaparaq gedən faytonlarda, bu başlarında çarşab,
başlarında papaq olanlarda çox sirlər var.... Bu sirr sahibləri, sirr dağarcıqları yavaş-yavaş pirə
yavuqlaşırlar: fayton-faytonu keçir, araba-arabanı, atlı-atlını, piyada-piyadanı. Bir-birinə qarışıb
bir yol tutub gedirlər. Faytonla gedən fikir edir: tez gedərik, yaxşı yer tutarıq. Araba ilə gedən
fikir edir: eybi yoxdur, zəhməti çoxdur, savabı da çox olar. Piyada gedən özünə təsəlli verib
deyir:pirəpiyada gərək gedəsən.... Nə isə hərə öz qanacağı ilə bir nöqtəyə yeriş edirlər.... Toz-
torpaq, isti gözə görünmür. Hamı istəyir tez özünü pirə yetirsin. Hamı tələsir.... Kimi tez şəfa
tapmağa yeriş edir, kimi bir-birinin acığına at çapır, kimi dalda qalmış eşşəyini bizləyir....
III
66
Hamıdan tez Məşədi Allahverənin faytonu pirə yetişdi. Məşədi Allahverən faytondan düşüb
balasını qucağına aldı. Bu vaxt pirin adamları pişik siçanı marıtdayan kimi pirə gələnləri
səhərdən marıtdayırdılar və nə üçün də marıtdamasınlar. Bu gün bunların bayramıdır: kiminin
cibinə pul girəcək, kiminin kasası yağlanacaqdır, kiminin kisəsinə düyü dolacaqdır. Odur,
Məşədi Allahverənə, istər-istəməz gözləri faytonda olan şeylərə baxaraq: "Xoş gəlibsiniz, allah
qəbul eləsin" deyib qarınca kimi faytona daraşdılar.... Məşədi Allahverən bunların xasiyyətlərini
yaxşı bilirdi. Ona görə şeylərin hamısını bircə adama tapşırdı, qeyrilər kənara çəkildilər....
Məşədi Allahverən və Gülbadam darvazadan girib bir ağacın altında palaz saldırtdılar. Bunlar
yavaş-yavaş yerləşməkdə ikən qeyriləri də bir-bir, iki-bir gəlirdilər.
Pirin mollası qara, nazikxət, boynu albuxara torbasına oxşayan, ortaboy, qoyungöz, qara əbalı
Molla Cəfərqulu hamı ilə salamlaşırdı, hamıya: "Xoş gəlibsiniz, allah qəbul eləsin!" sözlərini
deyirdi və qonaqlara yer göstərirdi. Molla Cəfərqulu rəhmli adam idi. Bu, nəinki adamlara və
hətta heyvanlar üçün də yer düzəltmişdi. Bağlı-bağçalı ikimərtəbə evin dal tərəfində uzun bir
saray tikmişdi. Heyvanları orada bağlayıb hər kəs arpa-samanını heyvanının qabağına tökərdi.
Həyətsə gözəl bir yer idi. Alt mərtəbə tamam qonaqlar üçün otaqlar idi, üst mərtəbdə özü olardı.
Fəqət qonaq çox olanda yuxarı da buraxardı, çox lazım da olmurdu. Çünki həyətində böyük
kölgəli ağaclar var idi.... Fəqət bir az yağlı qonaq olanda Məşədi Cəfərqulu deyərdi: "Dünəndən
sizin üçün filan otağı hazırlatmışam...." Yağlı da burada yağı və yağ kimi şeyləri artıq gətirən
adamlara deyərdilər. Məsələn, bir bişirim halvaya bir girvəknə yağ lazımsa, üç-dörd girvənkə
yağ gətirən daha qalanını geri aparmazdı; düyü də və qeyri şeylər də bunun kimi. Çünki adət belə
idi: artıq qalan şeyi pirdən aparmaq olmazdı. Hər nə qaldı, pirin malı hesab olunardı. Bu da
Molla Cəfərqulunun zəhmətini artırardı. Doğrudan, Molla Cəfərqulu qonaqlarından sonra çox
zəhmət çəkərdi: tör-töküntü yığıb yerbəyer etmək çətin məsələ idi.... Bir bu iş olsa, yaxşı. Molla
Cəfərqulunun qonaqlardan sonra yenə bir işi var idi. Axşam hamı çəkiləndən sonra gərək pirə bir
baş çəkə idi: keçmiş şamları yerbəyer, nəzirləri ziyarət edərdi. Çünki gecə, kim bilsin, bir də
gördün günahkarın biri pirə əl uzatdı.... Həqiqət pir açıqlıq bir yerdə idi. İki balaca
kəndin arasında zorba qoz ağacının altında bir balaca günbəz kimi şeydən ibarət bir yer idi.
Əslində bu iki balaca kənd bir-birinə o qədər yavuq idi ki, bunlara bir kənd də demək olardı və
hər kəndə bir kəndin böyük məhəlləsi demək olardı. Nə isə, bu məhəllələr qədimdən ayrı kənd
hesab olunurdu. Birinin adı Z... kəndi o birininki Ə... kəndi idi. Bu iki kəndin, daha doğrusu, bir-
iki məhəllənin arasından bircə yol var idi, gediş-gəliş, at-araba bu yol ilə olardı. Bu yolda, yəni
Z... kəndinə yavuq bir böyük qoz ağacı var idi. Pir də haman bu qoza ağacının dibində idi. Zatən
pir olmamışdan da bu qoz ağacı yayın istisində adamları öz tərəfinə çəkərdi. Bunun böyük
budaqları, budaqların enli yarpaqları ağacın altına genişli bir kölgə salıb da həm insanlar və
həm heyvanlar üçün günün istisində sərin yorunuq məkanı və şiddətli yağmurda zorba bir günlük
olmuşdu....
İndisə bu qoz ağacı nəinki qıraq kəndlərdə və hətta şəhərlərdə də şöhrət qazanmışdı, böyük bir
ziyarətgah olmuşdu.... Xalq hər cümə gəlib Molla Cəfərqulunun bağçasında yeyərdilər, içərdilər,
qurbanlarını kəsərdilər, sonra kişilər bir dəstə, arvadlar da bir dəstə ilə pirə gedərdilər. Hərə öz
nəzirini müəyyən bir deşikdən salardı, ürəyindən nə keçirəcəkdi keçirərdi, ya pirin günbəzindən
öpərdi və yainki öpməzdi. Bu çox da vacib deyildi. Öpən də olurdu, öpməyən də. Fəqət qoz
ağacının dibindən torpağı götürub uşaqların alınlarına sürtmək vacib kimi bir şey idi, guya
arvadlar deyərdilər, uşağa göz dəyməz.... Vaxtaki xüsusi ziyarət tamam oldu, hər kəs nə diləməli
67
isə dilədi, nə rüşvət verməli isə verdi. Molla Cəfərqulu gəlib pirin kəramətlərindən söylərdi.
Arvadlar bir tərəfdən, kişilər o biri tərəfdən durub Molla Cəfərqulu da arada sözünü deyərdi.
Molla Cəfərqulu artıq dərəcədə dilli adam idi, yəni natiq idi; danışanda hamının fikrini cəlb
edərdi və həmişə də ziyarətə gələnlərə nitq söylərdi və nitqini də başlayanda bir az mənalı, təsirli
olsun deyə "ya əyyühənnas" sözləri ilə başlardı. İndi də bu sözlərlə başlayıb dedi: "Eşidirəm
deyirlər şəhərdə və bir neçə kəndlərdə xalq vəba naxoşluğundan qorxub dağa-daşa qaçmaq
istəyir. Məbada belə şeylər edəsiniz. Vəba allahın əzabıdır və allah-taala öz əzabını əməli saleh
olmayanlar üçün həmişə göndərir. Siz ki, şükür allaha, əməli saleh adamsınız: namazınızı
qılırsınız, orucunuzu tutursunuz və həmişə pirə gələnlərdənsiniz, nə üçün qorxursunuz?
Keçən il vəba naxoşluğuna mübtəla olmuş bir adamı T... kəndindən bura gətirmişdilər, dərhal
bir kasa suyun içinə bu pirin torpağından salıb verdim içdi, həmin saat şəfa tapdı. İndi nə üçün
qorxursunuz? Allah azar verib, dərmanını da yaradıbdır. Fəqət əməli saleh adamlar üçün....
Molla bu sözləri hələ qurtarmamış xalq böyük-kiçik yerə töküldülər, gah ciblərinə, gah
dəsmallara torpaqdan tökürdülər, dəsmal yerinə çarşab işlədən arvadlar çarşablarının bir küncünə
torpaqdan götürüb düyün edirdilər. Balaca uşaqlar da böyuklərə baxıb torpaqdan götürürdülər....
Bu əhvalat Məşədi Allahverəni tərənnümə gətirib uca səsi ilə dedi: "Həzərat, mən də gələn ilə
kimi bu pirin hasarını çəkməyə və hasarın içində dam-daş tikməyə söz verirəm". Məşədini bu
sözlərdən sonra hər tərəfdən alqışladılar: "Çox sağ ol, Məşədi! Çox sağ ol! Allah qəbul etsin!
İnşaallah, qəbula keçər" sədası eşidilirdi.
Məşədi Allahverənin bu sözlərindən sonra camaat dağıldı. Axşam araya gəlirdi. Piyada ziyarətə
gələnlər yola düşdülər, sonra atlılar, faytonda, arabada gələnlər də evlərinə qayıtdılar. Yenə bir-
birini qova-qova yolun tozunu qaldırırdılar.... Hamı şad-xürrəm evinə qayıdırdı. Üzdə şadlıq
görünürdüsə də, fəqət bir neçəsinin üzündən pünhan fikrini də bilmək olardı.
Bir çoxunun fikri bu idi ki, görək nəzirimiz haçan qəbula keçəcəkdir. Bir çoxu da keçmişi
görürdü: Dəmirqayanın arvadı Gülzar qaynanası Pərzadla bir arabada gəlirdilər. Gülzar Pərzada
baxıb gözlərini çox kiçik görürdü. Rəngi də saralmış nəzərə gəlirdi. Gülzar ürəkdə fikir edirdi:
"Hə! Nəzirim qəbula keçibdir! Ancaq ay pir! Bir az səbir elə, gedib evimizə çataq, yoxsa yolda
qocanın canı çıxar, əlimiz də heç yerə çatmaz....".
Məşədi Allahverən də fikirsiz deyildi. Bu da hərdənbir oğluna baxıb dindirərdi:
"Hə, oğlum, qağa istəyirsənmi? Gedək şəhərə, sənə yaxşı at alacağam, eşşək alaram, hə, bala,
oğlum! At çox istəyirsən, ya eşşək?"
68
Balaca, dörd yaşında Cəbi atasına mat-mat baxardı, bir söz də söyləməzdi. Məşədi qəsdən
danışdırırdı.... Hərgah mümkün olsaydı hələ ayağı üstə qoyardı, görsün bəlkə gəzə bilir. Çünki
zarafat deyil, pirin hasarı və dam-daş azından iki minədək xərc istəyirdi.... Gülbadamın da
özünə görə fikri vardı. Bunu da həkimin sözləri rahat qoymurdu. Həkim də demişdi: "Gərək
müalicə oluna, gərək atası-anası da müalicə oluna ki, gələсəkdə belə bir bədbəxt dünyaya
gəlməyə....".
Bu sözlər Gülbadamın başında hərdənbir fırlanıb əvvəlincə ərinin halını və öz ağzının yarasını
fikrinə gətirərdi. Fəqət üçüncü səbəbdən, yəni indiki ərinin əhvalından xəbəri yox idi. Doktor
bunda da köhnəlmiş kif azarı tapmışdı.... Gülbadam pirə nəinki inanmazdı, hətta pirin adı
gələndə əhvalı büsbütün təğyir tapardı.... Ürəyi sıxılardı....
Məşədinin də hərdənbir ürəyi sıxılardı. Onun da başına hərdənbir qara fikirlər gələrdi: "Bəlkə
balama pirdən əlac olmadı? Fəqət tez "lənət şeytana" deyib belə fikirləri özündən rədd edərdi.
Belə bir qarışıq fikirlərdə bir Məşədi deyil idi. Qeyrilər də hərdənbir xəyala düşüb tez "lənət
şeytana" deyərdilər. Hətta bir neçə cavan oğlan, bir neçə dul kişi, bir neçə dul arvad özgə
xəyallarla pirə getmişdilər.... Fəqət Molla Cəfərquludan pirin kəramətləri barəsində sözləri
eşidib bunlar da "lənət şeytana" deyirdilər.... Nə isə fikirlər, sirlər çox idi. Bir özləri bilirdilər,
bir də bir az Molla Cəfərqulu.... Molla Cəfərqulu doğrudan da bunların çox fikirlərini, sirlərini
bilirdi. Molla Cəfərqulu ağıllı bir adam idi. Elmi-ruhdan başı çıxardı. Doğrudur, Racidən başqa
kitab görməmiş idisə də, fəqət təcrübəsi çox idi. Elmi-ruh da təcrübəyə bağlı bir elmdir....
Bilirdi: heyvan ona görə heyvandır ki, haraya çəkərsən gedər. Bilirdi ki, heyvana bir yem
lazımdır.... Bilirdi ki, yem verə-verə ən böyük zorba bir yırtıcı heyvanları ələ gətirmək olar....
Molla Cəfərqulu doğrudan da dünya görmüş adam idi. Hər şeydən başı çıxardı. Bunun əsli iranlı
idi. Əvvəllər kəndbəkənd gəzib qafqazlılara meymun oynadardı. Sonra bunun əziz meymunu
öldü. Bu vaxt məhərrəmlik araya gəldi. Başına bir sarıq sarıyıb Z... kəndinə gəldi, "mən
mərsiyəxanam", dedi. Z.... kəndinin xalqı üçün bu göydən düşmüş kimi oldu. Tamam
məhərrəmi həm kişilərə və həm arvadlara mərsiyə oxuyardı. Doğrudan da yaxşı mərsiyəxan idi.
Söz az bilirdisə də, səsi yaxşı idi. Tez-tez zəngulə vurardı. Qızışanda özünü döyərdi, köynəyinin
yaxasını cırardı.... Bu əhvalatı görüb xalq də qızışardı. Yəni "məclis yaxşı keçərdi".... Bir az
zamanda Molla Cəfərqulu qeyri kəndlərdə də məşhur oldu: bunu tərif edərdilər və deyərdilər:
"Bunun zənguləsinə heç zəngulə çatmaz....".
Tamam qırx gün mərsiyə oxuyub yaxşı pul yığdı. Sonra mollalıq edərdi, dua yazardı, fala
baxardı, hətta sonralar həkimlik də edərdi. Axırda yerini isti görüb Z... kəndindən bir arvad
aldı. Bu arvaddan bir oğlu oldu, adı Heydərqulu. Elə də deyildi ki, Molla Cəfərqulunun tək bir
oğlu ola, xeyr, İranda bunun bir arvadı, üç balaca qızı vardı. İranda meymun oynadan çox
olmağa görə bunun sənəti orada işə keçmirdi. Uşaqlarını atıb Qafqaza gəlmişdi. Eşitmişdi ki,
Qafqazda "meymunoynadanlar" yaxşı pul qazanırlar. Eşitmişdi ki, filan qumarbaz, filan dəllək,
filan cibkəsən, filan lotu, daha nə bilim, filan filanlar keçən məhərrəmlikdə Qafqazdan beş yüz
min, iki min manat pul gətiriblər və hətta eşitmişdi ki, Racidən savayı bu "filanlar" üçün təzə
kitablar meydana gəlir və bu kitabları nəşr etmək üçün xüsusi mətbəələr vardır.... Molla
Cəfərqulu da özünə baxıb fikir edirdi: "Mənim biliyim "filanın" biliyindən az deyil! Nə üçün
69
mən oturmuşam? Nə üçün mən qafqazlılara biliyimi göstərməyirəm?". Molla Cəfərqulu
doğrudan da biliyini göstərdi və qafqazlılar da onun biliyinə və zənguləsinə qiymət verdilər. İndi
molla ikimərtəbə mülk sahibi və kəndin ən nüfuzlu adamlarından hesab olunur. Elə də insafsız
adam deyil ki, İrandakı uşaqlarını yada salmasın. Xeyr, hərdənbir fikrinə düşürdü ki, kağız
yazsın, əhval soruşsun. Fəqət şüğlünün çoxluğundan kağız yazmazdı, unudardı.
Həqiqət, Məşədi Cəfərqulunun işi çox idi. İndi odur, pirə gələn qonaqlardan sonra həyəti gərək
təmizləsin, qalan yağı, düyünü, əti, kömürü, odunu yerbəyer etsin. Ondan sonra pirin gizlin,
balaca qapısını gərəkdir açıb nəzirlərə "baş çəksin".... Bu cümə də Molla Cəfərqulu qonaqlarını
yola salıb axşam vaxtı saqqalını tumarlaya-tumarlaya pir tərəfə "xüsusi ziyarət" üçün gedirdi....
IV
Pirdən gələnlər də indi evlərinə çatıb yorunuq alırlar. Məşədi Allahverən də evində oturub axşam
çayı içirdi və hərdənbir gedib oğluna baxırdı görsün pirdən sonra əhvalı necədir....
Gecə araya gəldi. Gülbadam özünə, ərinə və uşağına yer qayırıb yatdı. Məşədi Allahverən də
uzandı yatsın, fəqət yata bilmədi. Pirə getməklərini, Molla Cəfərqulunun nitqini və pirin
kəramətlərini başından keçirirdi və hərdənbir "çox şükür, pərvərdigara!" deyib balasının halına
yanardı. "Çox şükür, pərvərdigara!" deyirdisə də balasının dərdinə dərman pirdən gözlərdi....
"Şükür sənə, pərvərdigara!", ya "Çox şükür, pərvərdigara!" sözlərinə o qədər ağzı öyrənmişdi ki,
bu sözləri yersiz də işlədirdi. Bir şeyə diqqət edib də haman şeyin varlığını allahın qüdrətindən
bilsin, düşünsün, sonra şükürlər etsin.... Xeyr, belə deyildi.... "Hər şeyi allah yaradıbdır"
sözlərini tutuquşu kimi təkrar edərdi. Fəqət bütün vücudu ilə bunu düşünməzdi. Heç olmazsa
bədəninə diqqət edib dəqiqədə
yetmiş beş dəfə tıq-tıq edən ürəyinin döyünməsini eşidə idi. Və bu ürəyinin dayanmağı bütün
bədənin heç bir şeyə yaramadığına səbəb olmağını düşünsə idi! Yox, bu, Məşədi Allahverən
üçün çətin bir məsələ idi. Laməhalə bağçasında bitən güllərin, ağacların həyatına bir fikir verə
idi: yarpaqlar saralır, tökülür, yenə yaşıl yarpaqlarla ağaclar bəzənir, çiçək açır, çiçəklər tökülüb
qırmızı almalar ağaclardan
70
sallanır.... Buna da diqqət edib bu həyatda da gündə yüz dəfə şükür etdiyi pərvərdigarın
qüvvətini, qüdrətini hiss edə bilməyirdi. Nə olardı, balasına olan məhəbbəti təhlil edə idi! Bəlkə
bu məhəbbətdə allahını hiss edə idi. Bir az fikir edə idi ki, dörd yaşında bir böyrü üstə düşmüş
dilsiz, ayaqsız bir vücuda bağladığı məhəbbət hissi haradan gəlib bunu tapdı? Bu məhəbbətin
təbii olmağını düşünsə idi, allahla öz arasında olan rabitəni də hiss edərdi. Bunu düşünmək
Məşədi Allahverən üçün mümkün deyildi. Yəni dürüstünü demək, Məşədi Allahverəndə də
günah yox idi. Zavallıya gözü açılandan, beyni işləyəndən indiyədək bu nazik mətləbi
düşündürən olmamışdı. Eşitmişdi ki, peyğəmbər, imam gəlib, gediblər. Fəqət bunları kim və
nədən ötrü göndərmişdi, bu məsələ Məşədi Allahverən üçün qaranlıq qalmışdı.... Gördüyü,
eşitdiyi axund, molla.... Bunlar da zavallını allahından kənar salmışdılar: filan şeyi etsən allah
səni yandırar, filan əməl səndən üz verərsə, o dünyada allah sənə filan əziyyəti edər, daha nə ...
nə.... Daha düşünmürdülər ki, qorxutduqca yazıq Məşədi Allahverən öz allahından kənar olurdu,
rabitə pozulurdu.... Məşədi qorxudan savayı bir şey bilmirdi; saldatdan, qarodovoydan qorxu
çəkirdi, insan törətdiyi qanunlardan qorxu çəkirdi. Allah göndərdiyi qanunlardan qorxardı, daha
düşünmürdü ki, qorxu məbuda yavuqlaşdırmaz, uzaq salar.... Nə olardı ki, buna deyəydilər allah
adildir, hamıya bir gözlə baxar, allah mehribandır--hamını sevər, bəslər.... Xeyr. Məşədi
Allahverənə allahını oruc-namazla tanıtmışdılar. Fəqət deməmişdilər ki, allahı tanımasan namaz-
orucun da heç. Əvvəl desə idilər çalış, allahın sifətlərini bil, adil, mehriban ol, hamını sev, o vaxt
allahına yavuqlaşarsan, yavuqlaşıb da ona məhəbbət bağlarsan, bu məhəbbət səni namaz
qılmağa, oruc tutmağa, qeyri yaxşı əməllər etməyə də vadar edər.... Düşünmədilər ki,qanunla,
qorxu ilə dürlü-dürlü "vədlər"lə həqiqi məhəbbət meydana gəlməz.... Həqiqi məhəbbət üçün
görmək, düşünmək, hiss etməklazım gəlirdi. Bu da mümkün idi; gündə min dəfə hər addımında
Məşədi istəsə idi, həqiqi allahını görərdi, düşünərdi və hiss edərdi. Daha lazım deyildi deyilə:
namaz qıl, özü qılacaqdı; sevdiyi, həqiqi məhəbbət bağladığı məbuda özü səcdə edəcəkdi.... Ona
yavuqlaşmağa çalışacaqdı.... Namaz vaxtında daha rüşvət verməzdi, rüşvət istəməzdi, fəqət bunu
deyərdi: "Pərvərdigara, səni bilmək, düşünmək üçün asan və düz yol göstər!".
Biçarə Məşədi Allahverən uşaqlıqdan göz açıb düz yolu mərsiyəxanlardan öyrənmişdi.
Böyüyəndə də yenə mərsiyəxanlardan və yenə mərsiyəxan kimilərindən.... Bunlar isə həmişə
deyərdilər: filan əməl edərsənsə, filan duanı qırx dəfə oxuyarsansa, allah-taala sənə filan şeyi
verəcəkdir.... Uşaqlıqdan bu sözləri eşidən, bütün tərbiyəsinin bünövrəsi bu sözlərlə tikilən bir
vücud müəyyən, müqəddəs bir məbuda səcdə edə bilərdimi? Belə bir tərbiyədən sonra nə üçün
də Molla Cəfərqulunun "piri"nə pənah aparmaya idi? Həqiqi allaha həqiqi məhəbbət bağlamış
olsa idi, pirə, ya pir kimi şeylərə səcdə edərdimi?
Həqiqi allahını tapmış olsa idi, yəqin ki, onun qüdrəti ilə meydana gələn elmin qədr-qiymətini
bilərdi və bilib də bədbəxt oğlunu, özünü və arvadını müalicəsiz qoymazdı....
Nə isə, Məşədi Allahverən yenə axırıncı dəfə pirin kəramətlərini fikrindən keçirib yuxuya
getdi.... Namaz vaxtına bir az qalmışdı, Məşədi Allahverən yerindən dik atıldı. Uşağı yatan
tərəfə baxıb gördü ki, Cəbi yatır, o yan-bu yana boylandı, yenə şükürlər etdi, sonra tələsik
Gülbadamı səslədi:
"Ay qız, Gülbadam! Gülbadam!"
71
Gülbadam oyanıb elə fikir etdi ki, uşaq ağlayır. Gördü yox, uşaq yatır, fəqət əri başında araqçın
bir köynəkdə yerində oturub deyir:
"Ay qız, mən yuxudan sərsəm durdum, bir yuxu gördüm...."
"Allah xeyir eləsin!"--deyib, Gülbadam qulaq asdı.
"Gördüm, Cəbini bir gün, bir gecə pirə qoymuşuq. Sonra görürəm pirin divarı yarıldı: uşağım
yüyürə-yüyürə üstümə düşdü və dedi:
"Atam, şəfa tapdım!" Mən də qucaqlayıb öpürdüm ki, oyandım...."
Gülbadam başını aşağı salıb:
"Allah xeyir eləsin!"--dedi və başını tez balışa atdı. Məşədi Allahverən dedi:
"Arvad! Nə yatmaq vaxtıdır? Bilirsənmi, bu yuxu nə yuxudur?"
Gülbadam: "A kişi, yuxum gəlir, qoy yataq"--deyib daha söylənmədi, fəqət yatmadı da. Məşədi
Allahverən bir az, o yan-bu yana baxıb uzandı, yatdı. Gülbadam isə üzünü Məşədidən çöndərib
gözlərini yumdu, yuxuya gedə bilmədi. Məşədinin yuxusu Gülbadamın tamam mazisini göz
qabağına gətirdi.
V
72
Gülbadam Ə... kəndində anadan olmuşdu. Uşaqlıqda çiçək mərəzinə mübtəla olmağı üzündən
məlum idi. Fəqət nazik çopur idi. Uzaqdan çopurluğu nəinki məlum etməzdi, hətta bir az da
üzünü gözəl göstərərdi. Gülbadamın çopuru dərin olsa idi də üzünü eyibli etməzdi; çünki onun
böyük ala, uzun kiprikli gözləri üzündə tamam eybini örtərdi. Doğrudan da bu gözlərdə qeyri bir
hissi-məlahət var idi! Uzunboy, ağbəniz, alagöz Gülbadamı qız ikən kənddə çox adamlar
istəyirdi. Fəqət anası tələsməzdi. Gülbadam on yaşında ikən atası öldü, anası Nənəcanın
tərbiyəsində qaldı. Nənəcan mamalıq edib qızını saxlardı və yaxşı da saxlardı. Qızını artıq
dərəcədə sevərdi, başına dolanardı və mümkün olan qədər çalışardı ki, qızı atasının yoxluğunu
hiss etməsin. Nənəcan ağıllı, işsevən, zəhmətkeş, mehriban, qeyrətli bir arvad idi. Əri öləndən
sonra mamalıqdan başqa ona-buna iş də tikərdi. İşdən, zəhmətdən qorxmazdı, bir qarından ötəri
ərə getməkdən dul yaşamağı əfzəl bilərdi. Əri öləndən sonra çox adamlar istədi, getmədi və nə
üçün də istəməyə idilər; bir kişicə pul qazanırdı. Arvad pulu ilə, arvad zəhməti ilə yaşamaq
istəyən kişilər də az deyildi. Fəqət Nənəcan qızını çox istəyirdi: bilirdi ki, ərə getsə qızının günü
olmayacaqdır.... Və bir də Nənəcan vəfalı arvad idi. Yaxşı ərdən sonra getməyi özünə eyib
bilirdi. Daha doğrusu, Nənəcanın özünə görə fəlsəfəsi var idi. Fikir edirdi: ərə getmək borcdursa
getdim, borcu verdim. Arvadlar dolanacaqları keçməkdən ötrü ərə gedirlərsə, mənim ona
ehtiyacım yoxdur. Özüm qazanıb özüm də yeyirəm. Kişinin yaxşısı da var, yamanı da. Bəlkə bir
yaman adama rast gəldim. Yox, yaxşısı budur ki, öz əlim öz başımda, tək bir qızım üçün
gərəkdir işləyəm, onu xoşbəxt edəm, sonra ölsəm də arxayın ölərəm....
Kənddə tərbiyə tapmış elmsiz bir arvaddan belə bir fəlsəfəni gözləmək çətin görünsə də, fəqət
tapılırdı. Bu hələ heç. Gülbadam hərdənbir gəlib deyərdi: "Anacan, mən filan yerdən keçirdim,
yel vurub çarşabımı açdı; filankəs də keçirdi, məni gördü".
"Eybi yoxdur, qızım"--deyib Nənəcan qızını sakit edərdi: "Adamı görəndə yeməzlər. Sən çalış
ki, adına bir söz deməsinlər.... Yoxsa gördülər, görmədilər boş sözlərdir. Mən, qızım, çoxdan
bəri mamalıq edirəm, məni çox adam da görübdür və görür. Mən gecələr yad kişilərlə ağrı çəkən
arvad üstə tək gedirəm. Fəqət bu vaxtadək bir adamın hünəri varmı, mənim adıma bir pis söz
desin?...." Həqiqət,
Nənəcan artıq dərəcədə namuslu, həyalı bir arvad idi. Ona görə də tamam kənddə onu yaxşı
arvad bilərdilər və hörmətini saxlardılar.
Bu minval Nənəcan qızını böyüdüb 18 yaşında ərə verdi. Gülbadamın əvvəlki əri Molla
Cəfərqulunun qardaşı Məşədi Həsənəli idi. Məşədi Həsənəli qardaşının dəstgahını eşidib,
İrandan Qafqaza gəlmişdi. O vaxt Molla Cəfərqulu hələ mollalıq, mərsiyəxanlıq edərdi. İndiki
olduğu yerdə bir balaca evi vardı. Qardaşına da bir balaca baqqal dükanı açmışdı. Dükanın
mayası da Molla Cəfərqulunun idi. Çünki özü savadsız olmağa görə əlindən özgə bir şey
gəlmirdi. Doğrusunu demək, Həsənəli Qafqaza gələndə bir az səhv etmişdi. Elə bilirdi ki,
qafqazlıları savadsız adam da ələ sala bilər. Gəldi gördü ki, xeyr, elə deyil, laməhalə gərək
Racinisə də oxumaq bilsin. Nəisə, qardaşının adına, sanına da layiq deyildi ki, meymun oynatsın.
Naçarlıqdan Molla Cəfərqulu buna bir dükan açdı və dükanda yaxşı işləməyə başladı.... Axırda
bir az özünü düzəldəndən sonra Gülbadamı istədi, çox istədi, anası vermədi. Çox istəməyinin də
səbəb vardı, bilirdi ki, ananın tək qızıdır və anadan sonra bir az "pul-mul" da qalacaqdır. Hətta
bu işin xatirəsi üçün möminlər cərgəsinə daxil olmaq fikrində ikən bir az pul düzəldib Xorasana
getdi. Xorasandan qayıdandan sonra böyük vasitələr salıb bir güc-bəla ilə Gülbadamı aldı.
73
İki il Gülbadamla ömrünü sürüb öldü. Deyirdilər, guya Xorasandan azarlı gəlmişdi. Orada, guya
kif azarı tapmış imiş. Doğrudan Xorasana getməmiş boynu albuxara torbasına oxşar, canlı,
ucaboy, qoyungöz, burnu bir az yekə kişi idi; özünün də otuz yaşı olardı. Nə isə, Həsənəli
"Məşədi Həsənəli", olandan sonra gah yara çıxarardı, gah burnundan şikayət edərdi. Gah gecələr
ayaqlarının ağrısından, sümüklərinin sızıltısından yata bilməzdi. Axırda burnunda yara əmələ
gəldi və burnu ortadan çökəldi.
Sonralar Gülbadamın da ağzında bir yara peyda oldu, nə yara isə bilinmirdi. Fəqət şəhərdəki
həkim onun dərmanından buna da verərdi.... Çox çəkmədi Məşədi Həsənəli yaman bir dərdlə
canını tapşırdı. Bir il ondan müqəddəm Gülbadamın anası dünyadan getmişdi. Gülbadam ərindən
sonra bir ay qaynı Molla Cəfərqulunun evində qalıb qoca əmisinin evinə köçdü və belə tez
köçməyinə də səbəb var idi. Bir gün Gülbadamın əmisi naxoşlayıb Molla Cəfərqulunu çağırtdı
ki, müalicə etsin. Qoca kişi bir az artıq yeyib zərərini görmüşdü: bir az qusurdu.... Günbatan
vaxtı Molla Cəfərqulu əminin yanına getmək istədi. Gülbadam da təvəqqe etdi ki, bunu da
aparsın, əmisinə lazım olarsa, qulluq etsin.... Xülasə, ikisi də yola düşdülər. Bunlar gəlməkdə,
əminin də mərəzi bitməkdə. Xoş-beş edib oturdular, sonra çay içib evə qayıtdılar....
Əmisi M... kəndində olmağa görə yolları qoz ağacının yanında idi. Molla Cəfərqulu gecə vaxtı
həmişə cibində şam və spiçka gəzdirərdi. Fəqət lazım deyildi. Çünki yol məlum, düz bir yol idi.
Bunlar yavaş-yavaş gəlirdilər. Qoz ağacına çatanda Molla Cəfərqulu yalandan büdrəyib yıxıldı.
Ürəyi təmiz, rəhmli Gülbadam "vay" edib bunun qolundan tutdu. Molla Cəfərqulu qızışmış
heyvan kimi Gülbadamın boynundan sarılıb öpdü və dedi: "Mən sənin dərdindən ölürəm...."
Gülbadam özünü itirib uca, dəhşətli bir səslə "vay" edib qəşş etdi. Molla Cəfərqulu bir dəqiqəlik
özünü itirib Gülbadamdan bir neçə addım geri çəkildi.Əzqəza Gülbadamın səsini kəndin
kənarından keçərkən bir adam eşidib səslənir: "Ay adam, kimsən?" Molla Cəfərqulu görür ki,
haman səslənən adam qaranlıqda qoz ağacına tərəf hərəkət edir. Molla Cəfərqulu ətəyinin altında
tez şamı yandırıb qoz ağacının dibində qoydu və başladı namaz qılmağa.
Bu adam çoban Dünyamalı idi. Yavuqlaşıb gördü ki, bir arvad yerə sərilmiş, hərəkətsiz
uzanıbdır, Molla Cəfərqulu isə namaz qılır, şam da qibləsidir.... Çoban:--Nə olubdur?--deyə
soruşdu.
Molla Cəfərqulu namaz üstündə cavab verməyib qurtarandan sonra ağlamağa başladı və dedi:
"Təzim, təzim et, qardaş, bu pirdir. Biz yolla gedirdik, gördük burada şam yanır. Ağaca
yavuqlaşanda ağacdan səs çıxdı. Bu zavallı arvad tab gətirə bilməyib qəşş etdi...."
74
Çoban bunu eşitcək dizləri üstə çöküb yeri öpdü, ağladı. "Atam-anam sənə qurban" deyib alnını
torpağa qoydu və sonra ayağa durub dedi:
"Gedim bu saat adamlara deyim, ziyarətə gəlsinlər." Molla Cəfərqulu dedi:
"Yox, pir tapılanda qayda bunadır ki, əvvəl piri tapan adam özü gərəkdir camaatı yığıb nağıl edə,
qeyri bir adam xəbər verərsə pir yox olar.... İndi sən get, özün də dalına baxmayasan, evdə
danışa bilərsən. Ancaq pirin barəsində bir söz də söyləməzsən, sabah bunun duasını oxuyub elan
edəcəyəm....
Çoban tez durub getdi və molla dediyinə də əməl etdi. Çoban bir qədər getmişdi, Gülbadam
yavaş-yavaş ayılıb başının üstə Molla Cəfərqulunu gördü. Tamam bədəni iztirabda ikən
ağladı....
Molla Cəfərqulu bunun ayaqlarına düşüb yalvardı və çobanın əhvalatını nəql etdi və dedi:--
Aramızda olan əhvalat açılmasın deyə, mən buranı çobana pir nişan verdim. İndi sən qurana and
iç ki, bu sirri heç kəsə ölənədək deməyəcəksən.
Gülbadam çox da fikir etməyib dedi:
"Səni and verirəm qurana, mənə əl vurmayıb salamat evə buraxasan, mən də qurana and içirəm
ki, sənin bu hiyləni ölənədək açmayacağam. Mənim ismətim mənə hər şeydən qiymətlidir...."
Bu sözlərdən sonra qalxdı və heç bir şey söyləməyib ev tərəfə yeriş etdi. Molla Cəfərqulu da
dinməz-söyləməz dalıca gəlirdi.... Ertəsi gün Molla Cəfərqulu pirin tapılmağını min hiylə ilə
elan etdi. Gülbadam isə şeylərini yığıb əmisinin evinə köçdü.
Molla Cəfərqulunun arvadı Molla Tutu Gülbadamın çox o yan-bu yanına keçdi ki, bunun tez-
tələsik köçməyinin səbəbini bilsin. Fəqət "əmim yalqızdır, baxanı yoxdur", sözləri ilə canını
qurtardı.
Zatən Molla Tutu Gülbadamın köçməyinə çox şad idi. Çünki ərinin Gülbadama olan
"mehribançılığını" görürdü və hiss edirdi.Gülbadamın əri öləndən sonra bu "mehribançılıq"
daha da artmışdı. Molla Tutu Gülbadamın tərəfindən arxayın idi. ÇünkiGülbadamı ürəkdə
təmiz adam bilir idi. Fəqət ərinin vicdansız bir hərif olmağını da çox yaxşı bilir idi. Yenə necə
olsa fikir edirdi: bəlkə əri Gülbadamı aldı. Çünki Molla Tutudan Molla Cəfərqulunun tək bir
75
oğlu vardı. Hətta qardaşı öləndən bir neçə gün sonra övlad barəsində bir balaca söhbət də
olmuşdu.... Molla Tutu isə bununla belə dərin məsələləri tez başa düşərdi. Yəni bir çətin də
məsələ yox idi ki, başa düşməsin.... Molla Tutu kişilərin xasiyyətini bilirdi, bilirdi ki, ciblərində
bir az artıq pul olanda arvad fikrinə düşərlər.... Xüsusən öz ərini yaxşı tanımışdı. Hələ qardaşı
sağ ikən Molla Cəfərqulunun başından hərdənbir qara fikirlər keçirdi.... O deyildi ki, qardaşının
ölməyini istəyə idi.... Xeyr, qardaşı yaman bir mərəzə düçar olmuşdu. Ona binaən hərdənbir
fikir edərdi: bəlkə birdən öldü, sonra? Gülbadam necə olsun?
Molla Cəfərqulu özünü qeyrətli müsəlmanlardan hesab edirdi. İstəyirdi ki, "islam milləti
artsın....".
Hətta Molla Tutunun qulağını doldurmaq üçün qardaşı öləndən sonra hərdənbir söhbət açıb
deyərdi: "Bilirsənmi, islamda bir çox şey var ki, biz hələ onu lazımınca anlamamışıq. Məsələn,
iki, üç, dörd arvad almaq məsələsi böyük əhəmiyyətli bir məsələdir.Heyfa ki, biz başa
düşmürük. Bunun əsil səbəbi budur ki, islam milləti çoxalsın, qüvvətli olsun....".
Molla Tutu da çünki mərsiyəxanlıq edərdi, ona binaən belə nazik mətləbləri tez düşünərdi və
onun cavabında həmişə deyərdi: "Çox oldu nə xeyri? Odur, bir oğlun var, yaxşı quran oxumaq
da bilmir". Molla Tutunun fikrincə, bir müsəlman ki, quran oxumaq bilmədi, bütün müsəlman
olmazdı. Və həmişə arvadlara deyərdi: "Ey uşaqlarına quran oxutmayan analar! O dünyada nə
cavab verəcəksiniz?".
Doğrudan da, bunun sözləri təsirsiz qalmazdı: bir də görərdin səhəri ananın biri qorxub qızını
Molla Tutunun yanına göndərdi ki, quran oxutsun....Əlbəttə, quran oxumaq istəyənin əvvəl
çərəkə qurtarmağı var, sonra quran başlamağı və sonra quran qurtarmağı. Bunlar da hamısı
müəllimənin, yəni Molla Tutunun zəhmətinə bağlı bir iş idi və yaxşı da işə keçirdi....
Nə isə, Molla Cəfərqulu belə söhbətləri açanda Molla Tutu aciz qalmazdı. Fəqət bununla belə
Gülbadamı da gözündən buraxmazdı. Hara getsə idi, Gülbadamı da özü ilə aparardı. Onu tək
evdə qoymazdı və ərinin də hərəkətlərinə dörd gözlə baxardı. Bir az əri Gülbadamın üzünə xoş
baxsa idi, üç günlərlə yeməzdi, içməzdi, donquldanardı. Belə əhvalatlar da Gülbadamın əri
öləndən sonra tez-tez olardı. Molla Cəfərqulu çox "mehribançılıq" edərdi, hətta hərdənbir
paltarlıq da alardı. Molla Tutu acıqlananda deyərdi: "Arvad! Allah heç kəsi yiyəsiz etməsin,
onun bu saat ürəyi sınıqdır, alanı yoxdur",deyib keçərdi. Gülbadam isə öz-özünə deyərdi: "Bu
mənim ərimin qardaşıdır, məni öz balası kimi istəyir...." Hətta hərdənbir fikir edərdi: "Mənə
quru çörək də versələr, buradan getməyəcəyəm. Onsuz da bunlara qulluqçu lazımdır, mən də
bunlara qulluqçu əvəzinə işlərəm, günümü keçirərəm".
Doğrudan da, Gülbadam işsevən, zəhmətkeş bir arvad idi. Evdə qalarkən səhərdən axşamadək
işlərdi. Fəqət əri öləndən sonra Molla Tutunun məcburi quyruğu olmuşdu. Molla Tutu, evdə tək
76
qalmasın deyə, qaynı öləndən sonra ərinin qorxusundan Gülbadamı özü ilə həmişə aparardı.
Molla Cəfərqulu da bunu xoşlamazdı, hətta bir gün dilə gəlib dedi: "Canım, özün gedirsən
gəlinisə də evdə qoymursan ki, vaxtında çayımı verə".
Fəqət belə sözlər Molla Tutunun qulağına girməzdi.... O gecə də bir fürsət idi, Molla
Cəfərqulunun əlinə düşmüşdü.... Xəbər gəldi ki, Gülbadamın əmisi yaman haldadır, Molla
Cəfərqulunu çağırır. Haman gün də Molla Tutunun bir az keyfi yox idi. Çünki gündüz mərsiyə
oxuyub çox çığır-bağır etmişdi ki, məclisi ağlatsın; pul yığılan gün idi. Nə isə bunları bir yerdə
buraxdı. Buraxıb da ərinin tamam hiyləsinin açılmağına səbəb oldu. Molla Cəfərqulu hələ
əmisigilə gedən baş istəyirdi başlasın. Sonra fikir etdi ki, Gülbadamın halına müvafiq yarayan iş
deyil.... Hətta fikrindən bu da keçdi: əmi yaman halda olursa, orada qalsınlar, çünki bunlardan
başqa əmisigildə heç kim yox idi.... Nə isə, Molla Cəfərqulu bir ayın, bəlkə daha çox vaxtın
ərzində başında bəslədiyi fikirləri əlacsızlıqdan tab gətirə bilməyib, qoz ağacının dibində aşkar
etdi. Aşkar edib də Gülbadam kim olduğunu düşündü....
Molla Cəfərqulu arvadlara həqir bir nəzərlə baxan kişilərdən idi. Fikir edirdi: "Hələ qızların
barəsində bədgüman olmaq yaxşı deyil, dul arvada nə var? Nə üçün də olmasın?" Fəqət onu
düşünə bilmirdi ki, arvadın yaman yola düşməyinə çox-çox ağır səbəblər lazımdır.... Pozğun
əxlaqı, çirkin tərbiyəsi, paslanmış beyni nazik bir mətləbi düşünməyə qoymurdu, qoymurdu ki,
arvadın ruhuna yavuqlaşıb da arvadda olan gizlin xəzinəni bilsin, düşünsün. Düşünsün ki, arvad
ancaq məhəbbətinin qurbanı ola bilər.... Onu bilmirdi ki, namus meydanında kişi ilə arvadda
böyük fərq var. Qız, məhəbbətinin qurbanı olub da bir çox vaxt əvvəlinci halından ikinci hala
düşməyinə heyfsilənər, yanar, qovrular, oğlanınsa heç halına təfavüt etməz.... Qızda olan bu
hiss bir çox arvadda dərin kök salıb arvad olduqda da bu hiss onun çox vaxt təmiz qalmağına
səbəb olar. Kişilər yanında qadınların mərtəbəsini ucaldan bu hiss arvadların kişilər haqqında
həqir bir nəzərdə olmaqlarına da səbəb olar....
Əlbəttə, Molla Cəfərqulu bunları düşünsə idi, birdən-birə palçıqlı əlləri ilə Gülbadamın
boynundan qucaqlamazdı. Zəhərli dodaqlarıilə onun üzündən öpməzdi.... Bu vaxtadək mömin,
müqəddəs, allah bəndəsi xəyala gələn Molla Cəfərqulu bir dəqiqədə Gülbadam üçün dəhşətli
bir ilan olmağını düşündümü, ya yox?! Düşünmədi. Düşünsə idi xalqdan qorxub dərhal pir
yapmazdı.
Gülbadam tək bir vicdanından çəkinib təmiz qalmağını tələb edərkən molla fəqət keçinəcəyini və
bu məsələdə xalqın nəzərinifikrindən keçirib dərhal yalvardı və and verdi ki, bu sirr açılmasın....
77
VII
Gülbadam uşaqlıqdan indiyədək tamam başından keçəni göz qabağına gətirib indi əri Məşədi
Allahverənin yuxusuna öz yanında gülürdü. Fəqət bilmirdi ki, bu yuxu onun rahatsızlığına və
axırda daxili bir inqilabın törənməsinə səbəb olacaqdır. Məşədi Allahverən səhər namazını qıldı,
çayını içib dükana hazırlaşırdı. Adət üzrə balasının yanına gəlib danışdırdı, yəni özü deyirdi,özü
də eşidirdi: "Yaxşı, balam! Nə alım, nə gətirim?" Bu sözlər həmişəki sözlər idi.... Fəqət bu gün:
"İnşaallah, bir həftədən sonra ayaq tutub gəzərsən, mənimlə dükana gedərsən...." sözlərini də
artırdı.... Bu sözləri deyib getdi. Qapıdan küçəyə çıxmışdı, gördü qonşularından bir neçəsi yığılıb
söhbət edirlər. Bunu görüb çağırdılar və dedilər:
"Məşədi, eşidibsən? Deyirlər Molla Cəfərqulu bu gecə ölübdür."
"A kişi, nə deyirsiniz? Elə şey ola bilməz, dünən bir yerdə deyildikmi? Sağ və salamat indi nə
oldu ki?"
"Deyirlər özü də vəbadan ölübdür."
"İnanmayınız" --deyib Məşədi bir az da gülümsündü. Hərgah doğrudan ölübdürsə, qeyri bir
səbəbdən ölübdür, vəbadan ölməyi yalandır. "Xeyr, xeyr, bu saat tədarük üçün pirdən adam
gəlibdir. O söyləyirmiş."Hətta deyirlər öləndə deyirmiş: "Məni pir çağırır...."
Məşədi bir az fikrə gedib dedi:
"Hə, bu ola bilər...." Xoşbəxt adam imiş, allah rəhmət eləsin! A kişilər, bu pirin kəramətlərinə
daha sözmü demək olar?
Bu sözləri deyib Məşədi tələsik dükanına getdi. Sonra dükana gələn adamlara Molla
Cəfərqulunun ölmək əhvalatını söyləyirdi və axırda da "xoşbəxt imiş, allah rəhmət eyləsin, pir
deyirlər çağırıbmış" sözlərini təkrar edirdi.Molla Cəfərqulunu bu balaca şəhərdə demək olar ki,
tanımayan yox idi. Çünki balacadan böyüyə kimi pirə getmişdilər, bunu qonaqsevən pir sahibi
bilirdilər.... Bir çox adam: da dəfn günü pirə getmişdi.
78
Burada dürlü-dürlü danışıqlar vardı: kimi deyirdi namaz vaxtı ölübdür; kimi deyirdi gecə qayda
üzrə pirə ziyarətə gedibmiş, pirdən guya bir səs gəlibdir: "sənin axır məkanın buradır". Guya bu
sözlərdən sonra qorxub evə gəlibdir, ürəyi çatlayıbdır.... Nə bilim, daha nələr söyləyirdilər.
Fəqət ölünü yuyanlar fikir edirdilər: belə bir sağlam, ətli-canlı adam, əcəba, nə üçün bir gecənin
ərzində belə tez ərisin? Nə üçün bunun gözləri belə dərinə düşsün və ovurdu illərlə mərəz çəkmiş
naxoşun ovurdu kimi batsın? Bu sirri heç kim bilməsəydi də ev adamları yaxşı bilirdilər, xüsusən
ev qulluqçuları--gədə Almaz və qulluqçu qız Pəri o gecə səhərə kimi yatmamışdılar. Pəri tez-tez
ləyən tökərdi, Almaz da mollanın gah ayaqlarını ovardı, gah belini, gah əllərini. "Ay, ayaqlarım
yığışır" deyib bağıranda, Almaz var qüvvəti ilə oyuşdurardı.... Molla Tutu da işsiz deyildi: "Gah
onu gətir, gah bunu gətir" deyib ayaq üstə ora-bura qaçardı və cındırlarla qusuntusunu
təmizlərdi.... İşsiz gözə görünən bir Molla Cəfərqulunun oğlu idi. Yəni o da işsiz
deyildi. Gündüz atası pirin kəramətlərindən söyləyəndə yadında qalmışdı ki, pirin torpağı vəba
mərəzində şəfavericidir və eşitmişdi vəbada qusarlar və ayaqlar çən olar.... Bu da fikir etdi ki,
bəlkə atasını vəba tutubdur. Tez qoz ağacının torpağından gətirdi. Bir kasa suya torpaqdan salıb
atasına verdi və dedi:--Ata, indicə gedib pirin torpağından gətirmişəm, al bu suyu iç....
Atası oğluna baxıb üzünü çöndərdi.... Doğrudan da zarafat məqamı deyildi, kişi ölürdü. Dərisi
quruyub dili atəş kimi yanırdı, oğlunun da zarafatı bir tərəfdən.... Bu hində yarımcan Molla
Cəfərqulunun ürəyindən bir şey keçdi, istədi oğluna deyə:
"Oğul, həkim! həkim! Torpaqdan bir şey olmaz!. "Fəqət demədi, qorxdu oğlu bu sözləri xalqa
deyə xalq da pirdən üz çöndərə və bunun da nəşi yerdə qala. Molla Cəfərqulu nahaq yerə bu
fikirlərə düşmüşdü. Çünki arvadı Molla Tutu bunların hamısını ürəyində düzəltmişdi. Molla Tutu
görürdü əri gedir, fəqət necə etmək ki, əri ilə pir də getməsin? Nə tövr etmək ki, bu ocağın pirlə
ruhani əlaqəsini həmişəlik saxlamaq? Molla Tutunu təşvişə salan fəqət bu fikirlər idi.... Ona
binaən səhər ağlaşmaya gələn arvadlara deyirdi:
"Bilirsinizmi?" Molla xoşbəxt adamdır. Həmişə adət üzrə gecələr yalqız pirin ziyarətinə gedərdi.
Bu gecə də getmişdi. Bir də gördüm ürəyi ağzından çıxmış, saralmış evə qayıtdı. Əhvalını
soruşduqda dedi: "Arvad, başıma bir iş gəldi. Ziyarət edirdim, birdən pirdən səs eşitdim: "Axır
məkanın buradır", dedi. Bu sözləri deyib əlimdə bir az çabalayıb canını tapşırdı...."
Bu sözləri deyib arvadların üzlərinə baxardı görsün, sözlərinin təsiri varmı.
Əlbəttə, arvadlar da mərsiyəxan Tutuya inanmayıb kimə inanacaq idilər. "Şükür pərvərdigara!
Şükür kərəminə! Doğrudan da xoşbəxt adam imiş" deyib başlarını yırğaladılar....
79
Bu sözlər arvadlardan kişilərə yayıldı, kişilər həyəcana gəldilər, pirin dərəcəsi, mənası birə-beş
artdı. Bu vaxtadək pirə az inanlar, indi piri bir müqəddəs yer bilirdilər. Fəqət arada hərdənbir
vəba məsələsi barəsində də zəif-zəif səslər eşidilirdi. Bu zəif səslər zəiflərdən çıxırdı. Ona görə
təsirsiz qaldı.... Hamı bir ağızdan: "Mollanın yeri qoz ağacının dibidir" deyib şəhərdən gələn
adamlar, kəndçilər ittifaq bağladılar və böyük bir təntənə ilə Mollanı pirə verdilər ... və pirin
ixtiyarını Molla Cəfərqulunun oğluna və Molla Tutuya tapşırdılar.
VIII
Şəhərdən gələnlər bu əhvalatı şəhərə, kəndlərdən gələnlər kəndlərə yaydılar. Aradan dürlü-dürlü
sözlər pırtladı çıxdı. Hər başdan bir söz! Axırda hətta bunu da deyən oldu, guya o gecə mollanın
gözünə bir nur da görünübmüş.... Məşədi Allahverən, əlbəttə, mollanın ziyarətinə getmişdi.
Xalqın həyəcana gəlməyi bunu da həyəcana gətirmişdi. Pirdən evə qayıdıb Gülbadama istehza
ilə dedi:
"Hə, sən elə qaç həkimə...."
"Nədir? Nə olubdur?"--Bu sözləri deyib Gülbadam təəccüblə ərinin gözlərinə baxdı.
"Daha nə olacaqdır? Get, gör pirdən nələr söyləyirlər." Məşədi Allahverən tamam gördüyünü,
eşitdiyini Gülbadama nağıl etdi.
Gülbadam ancaq bunu dedi:
"Pirin pir yeri var, həkimin həkim yeri...."
"Yox, burada həkimin yeri yoxdur. Mənim yuxum və bu əhvalat göstərir ki, burada həkimin
meydanı deyil. Mənim balamı qurtarsa bir pir qurtaracaqdır. Gərək də yuxuma əməl edəm."
80
"Necə yəni əməl edəsən?"--Gülbadam ixtiyarsız səsini ucaldıb balasını bəladan qorumaq istəyən
pişik kimi tamam bədənini yığışdırdı.
"Necə ki, yuxuda görmüşəm elə də gərək edəm.... Balamı bir gün-bir gecə pirə gərəkdir
salam...."
"Yox, mən balamı bir saat da gözümdən uzağa vermərəm."
"Sənin ağlın çaşıbdır. Doğrudur, ana balasını istər, lakin dindən, məzhəbdən də çıxmaq
yaramır...."
"Hankı din, hankı məzhəb?"
"Canım, xalqın ağzını bağlamayacaqsan ki, deyirlər möcüz görünübdür. Mollanın gözünə bir
adam görünübdür.... "Sənin məkanın buradır...." deyib qeyb olubdur.... " Belə şeylərə
inanmamaq, dinə-məzhəbə şəkk gətirmək deyilmi?
"Bu möcüzü kim görübdür? Kim söyləyir?"
"Xalq söyləyir."
"Xalq kimin dilindən söyləyir?"
"Mollanın."
"Bu xalqdan hansı biri bu sözləri molladan eşitdi?"
81
"Arvad, arvad! Bu aşkar şeydir. Möcüzü ancaq bir adam görər. Hamı görərsə, o möcüz olarmı?
Allah öz qüdrətini ancaq seçilmiş adamların vasitəsilə bildirir. İndi bu rəhmətlik də görübdür,
səsi eşidib qorxubdur, tab gətirə bilməyib ürəyi çatlayıbdır. Hamı əhvalatı da arvadına
söyləyibdir...."
Gülbadam yenə də bir sual vermək istədi. Fəqət əri sözünü ağzında qoyub dedi:
"Daha tamamdır. Mən görürəm həkimlər sənin beynini yeyiblər.... Yox! Tamamdır! Bu, arvad
işi deyil. Arvadın ağlı belə şeyləri dərk edə bilməz.... Təvəqqe edirəm belə şeylərə şəkk
gətirməyəsən. Yoxsa sənin şəkkinbalamın bədbəxtliyinə səbəb olar.... İnşaallah, bu cümə günü
gedərik, bir gecəlik uşağı qoyarıq.... İnşaallah, şəfa tapar!" --Bu sözləri deyib Məşədi evdən
çıxdı.
Gülbadam xeyli vaxt ayaq üstə qurumuş qaldı. Gözünü bir nöqtəyə dirəyib dərin-dərin fikirlərə
getdi. Sonra ixtiyarsız balasının yanına gedib ağladı.... "Dilsiz, ayaqsız, ağılsız balam" deyib
yenə də ağladı.... Cəbi matdım-matdım anasına baxırdı.... Baxıb da guya istəyirdi desin:
"Mənim ağılsız, dilsiz olmağımın səbəbi siz valideynim deyilsinizmi?" Zatən demədisə də,
Gülbadam bu sözləri həkimdən eşitmişdi.... Fəqət nə çarə? İş-işdən keçibdir! Həkimin "bəlkə
çarə olar" sözləri yenə heç olmazsa bir az ümid yolu açırdı.... Bəs bu pir məsələsi? Daha
doğrusu, ərinin yuxusu və yuxusuna əməl etmək istəməsi? Bu əhvalat Gülbadamı büsbütün
dəyişdirdi. Həlim, mehriban, təmiz ürəkli Gülbadam birdən-birə şirə döndü. Hələ cümə gününə
qalmışdı. Bu gündən ərinin sözlərinə cavab qaytarardı. Belə bir cürətli olmağına özü də təəccüb
edirdi. Özünü aslan hesab edirdi. Ərindən başlamış hamını özünə düşmən bilirdi. İstəyirdi bir
şey etsin, bir şeyi cırsın, dağıtsın, bir söz desin, fəqət bir söz ki, onun acılığı bu xalqı yandırsın.
Sonra istehza ilə qəhqəhə çəkib bunların üstə gülsün.... Bunların hamısını istəyirdi, ürəyindən
qovurdu, keçirirdi, beyni qaynayırdı. Fikri-fikri çaparaq qovurdu da bütün bədənini iztiraba
salırdı. Hazır neftə basılmış bir quru ot idi, bir qığılcıma bənd idi....
Doğrudur, bundan əvvəl də pirin adını eşitmək istəməzdi. Hətta arvadlar pir söhbəti edəndə, bu,
içindən gülərdi, istehza edərdi. Fəqət açıq-açığına deməyə ixtiyarı yox idi. Nə üçün? Ondan ötəri
ki, qurana and içmişdi....
Bilməyirəm, Gülbadamın vicdanı bu vaxtadək pirin gizlin qalmasına neçə davam edirdi? Özü
görürdü: kor, şil, kar, çaxotkalı, kif azarı tutmuş bu pirə pənah aparıb müalicədən bilmərrə üz
çöndərmişdilər. Nə üçün bu biçarələrin bədbəxtliyinə səbəb olurdu? Bu naxoş validələrdən Cəbi
kimilərinin dünyaya gəlmələrinə və Cəbi kimi müalicəsiz qalmalarına nə üçün səbəb olub da bu
vaxtadək pirin sirrini açmırdı? Bilmirəm, bu suallar Gülbadamın başından keçirdimi və keçirdisə
necə cavab verirdi? Bilmirəm, fəqət bunu bilirəm ki, Gülbadam pirin sirrini iki səbəbdən
gizlədirdi, bir səbəb öz namusunu güdmək, ikinci səbəb qurana and içməyi idi.... Namusunu,
ismətini qorumaq üçün Gülbadam söyləməyirdi, çünki fikir edirdi. Hərgah əhvalatı açsa, ola
bilsin bir çox adam bunun haman vaxt təmiz qalmağına inanmayalar, bəlkə bir iş olubdur deyə
özü də, əri də bədnam olalar.... Bu əhvalatı həmin gecə, yainki həmin gecənin səhəri açıb desə
82
idi, bəlkə inana idilər.... Bu əhvalatdan bir neçə vaxt keçmiş, yəni pir şöhrət tapandan sonra
əhvalatın açılması həqiqət bir çox adamı şübhəyə salardı. Öz aləmində vaxtını keçirtmiş idi.
Fəqət nə üçün keçirtdi? Ondan ötəri ki,qurana and içmişdi. Qurana and içməyinə də səbəb yenə
bunun namusu oldu. Həmin dəqiqə Gülbadam bu hiylənin aqibətinidüşünsə idi, bəlkə də and
içməyə idi. Fəqət həmin dəqiqə Gülbadamın ancaq bir fikri var idi: namusunu saxlamaq, təmiz
qalmaq, zəhərli ilandan özünü xilas etmək.
Bundan savayı başqa bir fikri yox idi. Bu da qurana and içməyinə səbəb oldu. Qurana and
içəndən sonra da sirr vermək Gülbadam kimi inanmış bir adama asan deyildi. Gülbadama tərbiyə
belə verilmişdi. Heç bir şeyə and etməmək, xüsusən allaha və qurana, bunlara and etdin əməl
etmək gərəkdir. Anası Gülbadama deyərdi: "Qızım, olmaya-olmaya qurana and içəsən. Çox
adamlar qurana and içib sonra andlarını pozub, böyük bəlalara giriftar olublar. Bundan böyük
and yoxdur, qızım...." deyib həmişə təkrar edərdi. Uşaqlıqdan bu, qulağında qalmışdı. Doğrudan
da, Gülbadam and içmək sevməzdi. Xüsusən qurana heç vaxt and içməzdi. Bu gecə ömründə
əvvəlinci dəfə idi ki, ürəkdən qurana and içdi, ancaq bundan ötəri ki, təmiz qalsın.... İlanın
soyuq, çirkin əllərindən xilas olsun. Bu da arvadların bir sirridir: təmiz qalıb tərlan kimi gəzmək,
bir çox heyvandan seçilməyən kişilərə yuxarıdan aşağa baxmaq bir çox arvadın sirridir....
Doğrudan da, ertəsi gün Gülbadam bir ağır daşı üstündən atan bir zor, dəhşətli müharibədə qalib
gələn pəhləvan, bir təhlükəli vaqiədən xilas olan adam kimi özünü hiss edirdi.... Fəqət bir söz də
deyə bilmirdi.
Əcəba! İndi nə üçün şirə dönüb istəyir bir söz söyləsin? Bu sual Gülbadamın başından keçərkən
yavaş-yavaş gəlib balası Cəbiyə baxdı, gördü ki, işarə ilə dodaqlarını uzadır, su istəyir, su verib
də birdən fikrinə gəldi: "Bəlkə pirdə gecə su istədi, kim verəcəkdir?" Bu fikri başından keçirib
ildırım çaxmış kimi uşağın üstünə döşənib ağladı və sonra özünə gəlib dedi:
"Yox! Balacığım, mən səni gözümdən iraq vermərəm. Yox! Mən nifrət etdiyim məbuda qurban
vermərəm!"--deyib hünərləndi, guya bir adam, ya bir qüvvə ona ürək verirdi, guya buna
deyirdilər: haqq sən tərəfdədir, de, söylə, bag?r!....
Sonra bir az fikrə gedib öz-özünə dedi: "Bəs andım? Mən qurana and içdim! Ah, rəbbim! Ah,
mənim allahım! Mənə yol göstər!" Uca səslə yenə uşağın üstünə düşüb ağladı....
Əlbəttə, ana hamı övladını bir gözdə görər. Hamısı bir qüvvətdə, bir dərəcədə cigərparasıdır.
Fəqət balalardan zəifi, həmişə naxoş bala ana ürəyinin ən hissli guşəsində yer tapar.... Balaca
Cəbi tək olduğuna, həmişə dilsiz, ayaqsız, zəif olmağına cəhət Gülbadamın bütün vücudunu
məşğul etmişdi. Yuxusuz gecələrmi, ya bir vücuda həmişə diqqətini cəlb etməkmi, yainki
Cəbinin məzlumluğu, hərəkətsizliyi, istədiyi şeyi söyləməyə imkanı olmamağımı, bilmirəm.
Fəqət onu bilirəm ki, Cəbiyə bağladığı məhəbbət Gülbadamı bütün-bütünə yandırırdı.
83
Məşədi Allahverən də, əlbəttə, balasını sevirdi və çox da sevirdi: o da bütün-bütünə bunun
uğrunda yanırdı. Fəqət ikisinin məhəbbətində bir az fərq var idi. Məşədi Allahverən çalışırdı ki,
Cəbi tez ayaq tutsun, gəzsin, söyləsin, bir bunu söysün, saqqalından tutsun, yolsun, sonra
böyüyüb dükanda otursun, sonra buna toy etsin və daha ... nə ... nə.... Əlbəttə, Gülbadam da
bunları istəyirdi. Fəqət vaxt olurdu ki, Gülbadamın başından bu da keçirdi: "Belə də qalsa,
qalsın, təki ölməsin". Məşədi isə deyirdi: "Xeyr, belə qalmağın nə ləzzəti?"
VIII
"Allahu-əkbər! Allahu-əkbər! Əşhədu-ən la ilahə illəllah!...." Səhər sübh vaxtı gün çıxmamış
tamam canlı şeylər hələ yuxuda ikən təbiətin sükut bir zamanında yarıoyanmış, yarıyuxuda iraq
bir minarədən bu sözlər, bu səda sizə necə təsir edir, bilmirəm, fəqət mən sevirəm. Mən çalışıram
bu sözləri aşkar, aydın eşidəm. Bilmirəm bu əzanın musiqisimi, ya bu sözlərin mənasımı, yainki
uşaqlıqdan qulaqlarımın bu sözləri adət etməyimi, bilmirəm hankısı, fəqət onu bilirəm ki, bunda,
bu sözlər sübh vaxtı məni bir qeyri aləmə dəvət edirlər. Hələ cocuqkən sözlərin mənasını
düşünmürdüm, yenə də bu sözlər mənim üçün təsirsiz deyildi. O vaxt bunu düşünürdüm ki, dua
edirlər. Fəqət nə deyirlər,nə demək istəyirlər, bilmirdim. Mənasını biləndən sonra bu sözlər məni
daha artıcaq maraqlandırdı. "Allah böyükdür. Şəhadət verirəm ki, bir allahdan başqa yoxdur
qeyri-məbud". Əcəba, təbiətin belə bir sükut, gözəl vaxtında allahın varlığına və birliyinə şəhadət
verənlər nə üçün qeyri-məbud gərəkdir arasınlar? N... şəhəri müsəlman şəhəridir; yəni üçdən iki
hissəsi müsəlmandırlar. Məscidləri var, məscidlərinin uca minarələri var. Bu uca minarələrdən
müəzzinlər səhər, günorta, axşam hamı bir ağız gözəl səslə deyirlər: "Şəhadət veririk ki, bir
allahdan başqa qeyri məbud yoxdur". Bunlar heç! Hər bir müsəlman özlüyündə namazdan
müqəddəm bu sözləri deyib də sonra namaza şüru edir....
Odur, Məşədi Allahverən də səhər namazına durub bu sözləri deyir, onun qonşusu Hacı filan da
bu sözləri deyir, hamı bir ağızdan şəhadət verirlər: bir allahdan başqa qeyri məbud yoxdur.
Əcəba, nə üçün bunlar pirə hazırlaşırlar?.... Hətta bir çoxu namaz vaxtında bu sözləri deyə-deyə
pirə getməklərini fikir edirdi.
84
Həqiqət, bu cümə pirə hazırlaşan çox idi. Molla Cəfərqulunun qəflətən ölməyi və ölümü
barəsində dürlü-dürlü xəbərlər, danışıqlar çox adamı həyəcana gətirmişdi. Bir çoxu da gedirdi ki,
bu müxtəlif xəbərlərin hansı biri doğru olmağını bilsin.... Məşədi Allahverən üçün müxtəlif
xəbər yox idi. Bu, bildiyini bilirdi, inanmışdı. Hətta bu gecə yuxusunu da bir az qarışdırmışdı və
səhər duranda öz-özünə dedi: "Bəlkə işi təxirə salmaqdan yuxumu da qarışdırıram. Gərəkdi yuxu
gördüyüm gecəsinin səhəri uşağı apara idim".
Gecə hətta Gülbadamla sözləşdi, Gülbadam yenə razı olmurdu. Məşədi ağzına gələn yamanı
deyib Gülbadamı döymək də istədi. Haman bu gecə cümənin axşamı idi. Məşədi Allahverən
çığırıb-bağırıb sonra tez yuxuya getdi. Gülbadam isə xeyli vaxt oyaq qalıb min-min fikirlərə
düşdü. Bilirdi ki, əri sabah Cəbini aparıb pirə atacaqdır. Yenə səhərdən axşamadək olsa, yaxşı.
Lakin əri yuxusunda bir gün-bir gecə görmüşdü. Naçarlıqdan gündüzə davam etmək olar, bəs bu
qaranlıq gecədə, quru yerdə işarə ilə su istəsə kim su verəcəkdir? Yenə yuxuda olarsa, yaxşı.
Bəlkə birdən ayıldı? Qaranlıqda qorxub daha yaman olmazmı?.... Bu tövr fikirləri başından
keçirib də gahöz-özünə deyirdi: "Yox! Gözüm görə-görə balamı murdar bir yerə dəxil salmağa
qoymaram. Nə olursa-olsun, açıb tamam əhvalatı söyləyəcəyəm....". Bu sözlərdən sonra həmişə
qurana and içməyi də fikrinə gələrdi.... Yenə vicdansız Molla Cəfərqulu sağ olsa idi, gizlin
gedərdi, yalvarardı ki, bəlkə ərini bu fikirdən daşındırsın.... O da öldü.... Ölməyi heç. Bunun
ölməyi pirin mənəvi cəhətcə daha artıq şöhrət tapmağına səbəb oldu. İndi bunun sözlərinə kim
inanacaqdır? Bu fikirləri başından keçirib ürəyi sıxılardı: zavallı gah həzin-həzin yorğan altında
ağlardı, gah birdən yorğanı üstündən atıb durub oturardı və hərdənbir balasına baxıb ürəyi od
tutub yanardı. "Yox! Mən səni əlimdən buraxmaram.... Səni diri-diri qəbrə qoymaram!...."
Yox! Bu sözləri deyirdi.... Fəqət müəyyən bir yol da tapa bilmirdi. Vaxt olur ki, belə bir halətdə
insan əlacsız qalıb özünü, bəxtini zəmanəyə, keçinəcəyə tapşırır. Bilmirəm nə yolla, fəqət "bu iş
baş tutmasın gərəkdir" deyib də axırıncı dəqiqəni gözlüyür.... Gülbadam da bu halətdə, bu
fikirdə ikən yuxuya getdi. Fəqət çox da yatmadı. Məşədi Allahverənin "allahu-əkbər!" səsi bunu
oyatdı.
Gulbadam bir söz də söyləməyib getmək üçün hazırlaşırdı. Məşədi Allahverən gecəki çovğundan
sonra bunun sözsüz yığışmağını görüb ürəkdən şad oldu ki, arvadı da bunun fikrinə şərikdir,
"davasız-qalmaqalsız" iş tamam olacaqdır. Məşədi Allahverən hətta dünənki hərəkətindən bir az
da xəcalət çəkirdi. Nə üçün Gülbadama elə sözlər dedi və döymək istədi. Sonra yenə öz-özünə
deyirdi: "Xeyr, arvad xeylağını xoş sözlə yola gətirmək çətindir. Gərəkdir bir az çığırmaq,
bağırmaq və hətta hərdənbir də üzünü silləyə öyrətmək...." Bu fikirləri başından keçirərkən
Gülbadamın gah bu yanına, gah o yanına keçirdi, istəyirdi könlünü alsın, fəqət Gülbadam bir söz
də söyləməyib lazım olan tədarükü görürdü. Ərinin sözlərinə ancaq "hə-yox" deyib tələsirdi....
Əcəba! Nə üçün bu zavallı arvad istəmədiyi bir vaqiənin tez olmasına tələsirdi? Gərək hər
dəqiqənin, hər saatın uzanmasına şad ola idi, fəqət, biləks,bu tələsirdi....
85
Bu bir həftənin müddətində daxili müharibə bunu büsbütün yormuşdu, əzmişdi, tamam hiss
damarlarını çaxnaşdırıb boşaltmışdı. Bir elektrik qüvvəsi lazım idi ki, bu hiss damarlarını
birdən-birə hərəkətə gətirsin.... Bəlkə Gülbadam tələsirdi ki, bu halətdən tez xilas olsun! Ürəyini
ağır bir daş basırdı.
İstəyirdi biryolluq bu ağır daşı atsın, çünki bu daşın ağırlığına daha davam gətirə bilməyirdi....
Nə isə, balasını götürüb faytona mindi, əri də şad-xürrəm Cəbinin üzünə baxa-baxa fikir edirdi:
indi qucaqda gedirsən, sabah oynaya-oynaya gələcəksən....
Yolda yenə pirə gedənlər bir-birini çaparaq qovurdular. Bu dəfə hava isti deyildi. Sübhdən göyün
üzünü qara buludlar tutmuşdu.... Gəlib çatdılar.... Ziyarətə gələnlər çox idi: korlar, şillər, dürlü-
dürlü naxoşlar hələ dünəndən gəlib dəxil düşmüşdülər. Həqiqət, Molla Cəfərqulunun yoxluğu
məlum olurdu....
Hamı sanki bir yasa batmışdı. Kişilər öz aralarında bir-birinə pirin barəsində söyləyirdilər. Molla
Tutu da arvadların arasında istədiyini işlədirdi. Bu dəfə qeyri kənddən gələn bir molla meydanı
boş görüb pirin kəramətlərindən söyləyirdi. Hamı: arvad, uşaq, kişilər qoz aqacının altına yığılıb
qulaq asırdılar. Molla Cəfərqulunun əhvalatını nəql edən vaxt: "Allah sənə çox şükür!" deyib
xalq bir-birinə dəydi.
Çolaqlar, korlar, çaxotkalılar: "A kişilər, bircə qoyunuz bizi pirə yavuq gedək" deyib qoz ağacına
tərəf sürünürdülər. Bu hində Məşədi Allahverən öz yuxusunu söylədi və indi balasını sabaha
kimi pirə dəxil salmağını da elan etdi. Bu əhvalat daha artıcaq xalqı tərənnümə gətirdi. "Allah
sənə çox şükür!" sədası daha da ucaldı....
Göy guruldayır idi, şimşək oynayır idi.... Məşədi Allahverən arvadına tərəf gedib oğlunu
anasından aldı. Gulbadam bir söz də söyləməyib Cəbini verdi. Fəqət verən vaxt Cəbi anasına
baxdı....
Bu baxışda bir sirr vardı. Bilmək olmurdu nə sirrdir. Cəbi həmişə anasına baxardı, fəqət indiki
baxışda bir atəş, bir elektrik qüvvəsi vardır. Bu qeyri bir baxış idi. Guya anası bu baxışda hiss
etdi ki, dilsiz Cəbi istəyir desin:
"Anacığım! Sən məni nifrət etdiyin quru yerə nə üçün buraxırsan?"
86
Gülbadam özünü itirib tam bədəni iztirabda ikən, dizi üstə çökdü, əllərini yuxarı tutub dedi: "Ey
mənim allahım! Mənə bir qüvvət ver ki, ürəyimdəkini deyə bilim"....
Bu vaxt xalq bir-birinə keçdi. Arvadlar həyəcana gəldilər. Dünəndən bəri dilsiz, heykələ bənzər
Gülbadam indi dəhşətli, yırtıcı bir şirə oxşayırdı. Gözləri parıldadı.... Bütün bədəni titrəyərək
uca səslə dedi:
"Mən nifrət etdiyim məkandan balama nicat gözləməyirəm!"
Bu sözlərn dedikdə hamı bir ağızdan:--İstiğfar et! Allah amandır! Arvad dəli olubdur!
"Yox! Mən dəli olmamışam, fəqət sizin dəli olmağınıza səbəb olmuşam."
"Yumsana bunun ağzını!"--deyib Məşədi Allahverənə tərəf hamı üz çöndərdi.
Məşədi əlində balası, arvadın tərəfinə hirsli gələrkən, Gülbadam sanki bir arslan olub dedi:--
Gəlmə yavuq! Mən indi bu hində bir allahdan başqa kimsəni böyük bilməyirəm.
Haman allahdır məni indi danışdıran. Kimsə mənim ağzımı yuma bilməz. Bu vaxtadək mənim
ağzımı yuman da haman allahın kəlamı idi. Namusumu təmiz saxlamaq üçün mən hənuz burada
qurana and içdim ki, o yatan bədbəxtin hiyləsini ölənədək söyləməyim--əlini mollanın qəbrinə
uzadır--haman bu yerdə mənim ismətimə, namusuma əl uzatdı. Mən çığırdım, qəşş etdim.
Ayılandan sonra qurana and içdi ki, mənim namusuma əl uzatmasın, mən də qurana and içdim
ki, ölənədək bunun hiyləsini aşkar etməyim.... Fəqət çoban olmasaydı, bu pir də olmazdı.
Hamı bir-birinə baxıb heyran qaldılar. Bu vaxt kişilərin içindən bir şəxs ayrılıb əlində böyük bir
daş, günbəzə tərəf gəldi və daşı günbəzə vurub dağıtdı və dedi:
"Bu torpaqlara əvvəlinci üzünü sürtən mən olmuşam...." Bu vaxt Gülbadam uca səslə
dedi:"Balamı mənə veriniz! Veriniz balamı!" Bütün bədəni titrəyib yıxıldı, qəşş etdi.
Arvadlar tab gətirə bilməyib ağladılar, kişilər başlarını yerə dikdilər....
87
Bilməyirəm bu vaqiədən sonra bu mahalın müsəlmanları həqiqi məbudlarını tapdılarmı?
88
Dostları ilə paylaş: |