batır, həyatının ötüb-keçməsinə isə etinasızlıq göstərir. Abram
Nussimbaum da, az qala, hər gün cibində qalan pulunu he-
sablayır, tezliklə tamam müflis olacağını düşünüb rahatlıq
tapmırdı.
Leo bu söhbətlərdə iştirak eləmirdi, amma Almaniyaya
getmək barədə qərarı eşidəndə qəlbində vəcdə oxşar duyğu
hiss elədi. Başlıcası, bir yerdə dayanmamaq, harasa getmək,
yeni yerlər görmək, yeni adamlara rast gəlmək idi.
Dayısı gəldiyi kimi də qəfildən yox oldu. Deyilənə görə,
okeanın o tayına – Amerikaya üz tutmuşdu. Amma Oskar
Slutskin öz vəzifəsini yerinə yetirib bacısı oğlunun taleyini
həll eləmişdi.
164
***
Ermonların səxavətindən “Paris-Hamburq” qatarının bi-
rinci dərəcəli vaqonuna bilet almışdılar. Demək olar, bütün
yayı Parisdə keçirmək, doyunca gəzmək Leonu əməlli-başlı
xoşbəxt eləmişdi. Amma Batumda duyduğu çatışmazlığı bur-
da da özünü bildirmişdi: cəsarətsiz idi, ən vacib məqamlarda
özünü itirir, qətiyyətli ola bilmirdi. Tez-tez küçələrdə, park-
larda rus mühacirlərindən olan qızlara rast gəlir, onlara uzun-
uzadı tamaşa eləyir, tanış olmaq məqamı çatanda dili-ağzı
daşa dönürdü. Əlbəttə, Almaniyada belə olmayacaq, Leo bu
zəifliyinin öhdəsindən gələcək, çox qəlblər fəth eləyəcək.
Əlində monokl vardı, onu nəyə görə aldığını bilmirdi, gö-
rünür, dayısının monoklunu görüb bunun Almaniyada çox
vacib olduğunu fikirləşmişdi. Hərdən atasının solğun sufə-
tinə, bəzən də frau Şultenin fərəhdən çiçək kimi açılmış girdə
üzünə baxırdı: dayəsi Vətən saydığı yerə gedirdi, bəlkə də
uzun illərdən sonra doğmalarını tapacaqdı.
Əslində, Parisdə də yaşayıb-oxumaq olardı, amma görü-
nür, xalasıgil bu qəfil yükdən canlarını qurtarmağa çalışırdı-
lar – hər halda, üç nəfərin qayğısına qalmaq asan məsələ de-
yildi. Dil öyrənməyə qalsa, Leo fərasətsiz deyil, bir neçə aya
fransızcanı mənimsəyə bilər, sadəcə, alışmaq, çox danışmaq
lazımdı. Bununla belə, Almaniyada oxuması məsləhət görü-
lübsə, buna da etirazı yoxdu, ondan ötrü daha asan olacaq.
Üstəlik, dayısının dediyinə görə, Almaniyada rus müha cirləri
daha çoxdu, münasibət yaratmaqda çətinlik çəkməyəcəklər.
Pəncərədən cəmi üç il əvvəl başa çatan amansız mühari-
bənin kədərli izləri – səngərlər, bomba çuxurları, yararsız
hala düşmüş toplar görünürdü. Məğlub ölkənin sərhədini
keçəndən sonra o izlər daha aydın nəzərə çarpırdı. Əlbəttə,
qarışıqlıq, inqilab qorxusu barədə deyilənlər doğrudusa, gö-
rünür, Almaniyada həyatları o qədər də yaxşı keçməyəcək.
Bunların ucbatından Türküstanı, Buxaranı, İranı dolaşmalı
olmuş, sonra Bakıdan Tiflisə, Tiflisdən Batuma, Batumdan
165
Konstantinopola, Konstantinopoldan Romaya qaçmışdılar,
indi “inqilab” kəlməsini eşidəndə əti çimçəşirdi.
Frau Şulte onun qəlbində almanlara hörmət oyatmışdı,
atasının təlqinlərisə elə hey o hörmətə nəsə əlavə eləyirdi.
Dörd il əvvəl daşnak-bolşeviklər Bakını mühasirəyə alanda
evlərinə sığınan alman zabitlərini xatırlayırdı: o zabitlər rus-
lara əsir düşənəcən yaşadıqları həyatdan söhbət açırdılar. Biri
on iki yaşlı Leoya Getenin “Şərq divanı”ndan şeirlər də
söyləmişdi. Hərdən həmin şerin misraları yaddaşından boy
verirdi.
Əlbəttə, Berlinə yox, Hamburqa gedirdilər, orda inqilab,
yaxud çevriliş ola bilməzdi. Laxendə qatardan düşüb Ham-
burq xəttinə keçəndə Leonun narahatlıq duyğusu ötüb keç-
mişdi. Bakıdakı kimi tör-töküntülü “inqilab əsgərləri”, meşin
gödəkcəli, meşin kepkalı, beli mauzerli çekistlər gözə
dəymirdilər. Yükçülər sakitcə, çamadanlarını və bağlamaları-
nı götürüb Hamburqa gedən qatara apardılar.
Nə Essendə, nə Krefelddə, nə Bremendə – qatarın az-çox
dayandığı stansiyaların heç birində bolşevikləri xatırladan
adamlara rast gəlmədilər. Hamburqdan da Friz adalarının
birinə – dayısının cənnət adlandırdığı yerə faytonla getməli,
bərəylə keçməli oldular. Belə çıxırdı ki, artıq gəlib arzularının
son mənzilinə çatmışdılar. Bundan sonra onları sakit həyat
gözləyirdi.
Hamburqdan o “cənnət məkan”a qədər olan yolda Leo
atasının qərarına heç olmasa, burda münasibət bildirmək
istədi. Həddən artıq sakit həyat ondan ötrü deyildi, Leo
coşqun, qaynar, həyəcan doğuran həyat intizarındaydı; buna
görə də Hamburqda məskən salmaq, lap Münhenə, Berlinə
getmək onu daha çox təmin eləyərdi. Amma düşündüklərini
dilinə gətirməyə cəsarət eləmədi: atasının axır vaxtlar həddən
artıq sıxıntı çəkdiyini duyurdu; bir vaxtlar puluna qızırğalan-
mayan Abram Nussimbaum indi qəhvə pulunu verəndə belə,
əli əsirdi. Şübhəsiz, Leo bunu nəzərə almalı, oxumalı, qazan-
mağa başlayıb atasını həyatın girdabından qurtarmalıydı.
166
Dayısı Oskarın ağızdolusu təriflədiyi məktəb öz qapılarını
Leonun – uzaq Bakıdan, Şərqdən Avropanı fəth eləməyə
gəlmiş oğlanın qarşısında açacaqdımı? Əlbəttə, Abram Nis-
sumbaum əlində olan vəsaitlə oğlunun təhsil haqqını ödəyə
bilməzdi, üstəlik, daha iki nəfərin – özünün və frau Şultenin
güzəranını da təmin eləməliydi. Frau Şulteni buraxmaq ol-
mazdı, Leonun coşqun təbiətini, sərhəd tanımayan fantaziya-
larını ancaq o ram eləyə bilirdi, həm də məişət məsələlərində
naşı olan atanın qayğısını da biçarə qadın çəkirdi. Bu azmış
kimi, Almaniyaya gəlib çıxsa da ahıl çağlarını yaşayan tənha
qadının getməyə, sığınmağa yeri də yox idi. Tanrı, elə bil, on-
ların bir-birindən muğayat olmalarını məsləhət görmüşdü.
Amma Leo Avropaya çatıb bir adaya sığınacağını heç
xəyalına da gətirə bilməzdi...
Avropa onun yaddaşına azad, qaynar, qayğısız bir yer
kimi həkk olunmuşdu...
Qarşıda onu nələr gözləyirdi...
Sonralar ilk kitabının son səhifələrində yazacaqdı: “Həmin
anda mənim üçün Avropa başladı. Qoca Şərq isə öldü...”
|