şeylər lazım оlması aşkar оldu, – onda gündəliyinə yazırdı. –
Mənə bilgi və yenə bilgi lazımdır. Məlumat tоplanmalıdır. Çохlu
kitablar qiraət etməli. Ya bilgi, ya ölüm».
Sonrakı gedişində də qəlbinə düşən od Aşqabad havasının
hərarətini kölgədə qoydu: qaragözlü məktəbli qızın bircə
baxışı Bakıya tez qayıtmaq istəyinin üstündən xətt çəkdi.
Hələ adını öz-özlüyündə “Qara gözlər” qoyduğu xurmayı
saçlı, ağ lentli qızın varlığı düşüncələrinə hakim kəsildi. Gecə-
gündüz onu düşündü, rastlaşmaq üçün küçələrdə dolaşdı,
rəqsə, kitabxanaya getdi. Artıq dostlar da qazanmışdı: inqila-
bçılara qoşulduğundan, Moskvadan qaçan tələbə Nəsiblə, on
səkkiz yaşında olsa da, hələ üçüncü sinfə gedən Qulamla
ünsiyyət saxlayırdı, amma bütün bunlar “Qara gözlər”i unut-
dura bilmirdi.
Axır ki, adını da öyrəndi: Asiya imiş. Dostlarıyla gəzintiyə
çıxması, qonşuda yaşayan məmurun qızı Mariyanın ona vu-
rulması, bazarda atışma düşüb, hamını bərk qorxutması da
ona Asiyanı unutdura bilmədi: “Ah, Asiya, – onda gündəliyində
yazmışdı. – Biləsən, səni nə qədər istəyirəm. Yeməyib, içməyib
illərlə sənin gözlərinə baxıb doyardım”.
Tez-tez də Qulamın yaxasından yapışırdı:
“Nə təhər olsa, bu gün gərək məni tanış eləyəsən”.
Sevmək istəyi hələ sevgi deyil; amma sevmək qorxusu artıq sev-
gidi. Mir Yusif qorxu, uçuntu qarışıq hisslər keçirirdi...
Nəhayət, istəyinə çatdı. Həmin məqamda uçmaq üçün yal-
nız qanadları çatmırdi. Təkcə duyğularını kağıza köçürməyi
bacardı: “Yuxumu? Həqiqətimi? Tanış olduğuma inana bilmirəm.
Amma tanış oldum. Bütün kainat bilsin ki, məndən xoşbəxt adam
yoxdu. Bəli, mən xoşbəxtəm. Çünki məşuqəmin əlinin hərarəti hələ
əlimdən getməyib”.
Bununla belə, sevgisi çətinliklərdən keçirdi. Aralarında, az
qala, altı yaş fərq vardı. Bu sevdasından xəbər tutanlar “yekə
181
kişi”nin on dörd yaşlı qızın “dalınca düşdüyünü” məqbul
saymırdılar. Bununla belə, ürəyi sözünə baxmırdı: “Asiyanı
gördükdə həqiqət aləm bilmərrə yadımdan çıxır. Kainatda əzəlki boş-
luq ehya olunur. Bu boşluqda Asiyanı görürəm. Bütün həyat və var-
lıq ondan doğulur. Onun gözləri mənim üçün günəşdi: baxdıqca
ruhumun dərin guşələrini nurlandırır, onun dodaqlarının rəhmət
qapısı təbəssümlər oynatdıqda ümidlər səpir, şəfqətlər yağdırır... O
mənim üçün müqəddəsdi. Məgər müqəddəsi sevmək günahdı?”
Amma rəqibi də vardı, ucaboy, yekəqarın, hündür yaxalıq-
lı, son dəblə geyinmiş cavan idi. Hiss eləyirdi ki, həmin oğla-
nın varlı olması onu sevgilisinin nəzərində ucaldır: “Qızılın
qarşısında insanlar baş əyməyəndə kim baş əyəcək... – kədərlə ya-
zırdı. – Bu insanı yaxından tanıya, onun qəlbinin dərinliklərinə baş
vura bildim: əxlaqsızın biridi. Həqiqətən, var-dövlət insanı məhv
eləyir, onun daxili aləmini öldürür, ona ancaq şad həyat üçün şərait
yaradır...”
Bu tərəfdən də Mariyanın sevgisi amanını kəsirdi. Qıza ya-
zığı gəlirdi.
Üstəlik, xalası Seyid Həsənə dua yazdırıb gətirdi ki, papa-
ğına tik, buranın arvadlarının gözü çox pisdi, dilim qurusun,
qorxuram.
Xalasına zarafatyana cavab verdi:
“Mən həmşəri deyiləm ki, papağıma dua tikəm”.
Xalası yaxasını buraxdı, amma duyduğu sevgi əzabları ca-
nından əl çəkmədi. Asiyanın yolundə bu vaxtacan əl vurma-
dığı şərabdan da daddı, onunla ruhi doğmalığını da dərk
elədi, ürəyini də açdı, sevgisinə könlünü riqqətə gətirən ca-
vab da aldı. Asiyanın sözləri indiki kimi yadındadı:
“Sizin adınızı evdə yazacağam. Siz də mənim adımı yazın
ki, əbədi olaraq bir-birimizi unutmayaq. Hərgah, indi ayrıl-
saq və neçə ildən sonra bir-birimizə rast gəlsək, birinci olaraq
sizi tanıyıb yanaşacağam”.
...Sonra ayrıldılar.
“Əlvida, – dedi, – kim bilir, bəlkə daha görüşməyəcəyik.
Məni hərdənbir yad edin”.
182
Görüşmədilər. Yolu Bakıdan Peterburqa, Kiyevə, Saratova,
Ağməscidə, yenə Bakıya sonra indi əsiri olduğu bu şəhərə
düşdü...
Amma gərək məktəbi bitirəndə Aşqabada gedəydi, xeyli
böyüyüb gözəlləşmiş Asiyaya əhdinə vəfalı olduğunu sübut
eləyəydi. Kiyevdə onu dönə-dönə xatırlayırdı, həmin
məqamda artıq fürsət quşunu əlindən uçurduğunu, Asiyaya
sevgisinin qəlbini ömrünün axırınacan köz kimi yandıracağı-
nı bilirdi...
Əlbəttə, Asiya adlandırdığı Berta Moiseyeva haqqında,
özünün – Muradın ona sevgisini qələmə alacaq. Bertanın
yəhudi olması onu zərrə qədər də narahat eləmirdi. “Mən in-
Dostları ilə paylaş: |