NƏSİHƏTLƏR (on dörd mə`sumun (Ə) buyurduqlari və Mİn bir hiKMƏTLİ SÖZ)



Yüklə 2,52 Mb.
səhifə21/47
tarix04.01.2017
ölçüsü2,52 Mb.
#4499
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

Yeddinci fəsil

Əmirəl-mö`minindən (ə) nəql olunan şiə hədisləri


◘Həzrət Əli (ə) buyurur: «İnsanlar üç cürdür; ağıllı, axmaq və dinsiz. Ağıllı insanın ayini din, xasiyyət və təbiəti mülayim, fitrəti isə rəydir. (Zahirən, məqsəd budur ki, işlərində məqsədyönlü fikrə və səhih rəyə malikdir.) Əgər soruşsalar cavab verər. Elə ki, ağzını açar düz söz deyər, qulaq asan zaman başa düşər. Söz danışanda yalan danışmaz. Ona arxayın olana xəyanət etməz. Lakin axmağa xeyirli bir iş təklif etsələr diqqət yetirməz, yaxşı iş göstərsələr tərk edər. Onu cahil-cahil işlərə də`vət etsələr qəbul edər. Danışanda yalan danışar, sözü düz başa düşməz, dərk etsə də diqqət yetirməz. Dinsiz insan isə əmanətə xəyanət edər. Ləyaqətsiz işləri sevir. Ona e`tibar edən şəxsdən ötrü xeyirxah niyyəti olmaz.»
◘Əql elə bir ağacdır ki, kökü təqva, budaqları həya, meyvəsi zöhd və pəhrizkarlıqdır. Təqva üç şeyə də`vət edir; dini öyrənməyə, dünyaya qarşı e`tinasız olmağa və Allahdan başqa hər şeydən qırılmağa. Həya da insanı üç xüsusiyyətə tərəf çəkir; yəqinə, xoş əxlaqa və təvazöyə. Pəhrizkarlıq da insanı üç işə də`vət edir; doğru danışmağa, xeyir işə tələsməyə və şübhəli işləri tərk etməyə.
◘Üç şey insanı həlak edər: Padşah qarşısında öz gücünü göstərməyə cür`ət etmək, xainə əmanət tapşırmaq və sınaqdan keçirmək üçün zəhəri içmək.
◘Qadın üç yolla insana halal olur: Daimi əqdlə, müvəqqəti əqdlə və kənizlik vasitəsilə.
◘Üç şey müsəlmanı kamal həddinə çatdırar: Dini öyrənib başa düşmək, öz güzəranında müəyyən ölçüyə riayət etmək və xoşagəlməz hadisələr müqabilində səbr etmək.
◘İbn Bəbaveyh “Xisal” kitabında nəql edir ki, bir kişi Həzrət Əlinin (ə) yanına gəlib ərz etdi: “Öz Allahını necə tanıdın?” Həzrət (ə) buyurdu: “İstək, iradə və qərarlarımın aradan getməsi ilə. Bə`zən hər hansı bir iş görmək istədikdə gözlənilmədən bir qüdrət mənim və məqsədimin arasına daxil olur. Qərar qəbul edirəm təqdir əli onu qarışdırır. Bu yolla dərk edirəm ki, işlərin idarəsi başqa bir əl vasitəsi ilə həyata keçir.” Soruşdu: “Allahın ne`mətlərinin şükrünü necə yerinə yetirirsən?” Həzrət (ə) buyurdu: “Fikir verib görürəm ki, məni başqalarının düçar olduğu bəlalardan qurtarıb və başa düşdüm ki, bu Allahın ne`mətidir. Beləliklə də vəzifəmin şükr etmək olduğunu bildim.” Soruşdu: “Allahın görüşünə müştaq olmağın necədir?” Həzrət (ə) buyurdu: “Gördüm ki, məndən ötrü din, məlaikələr və peyğəmbərlər seçib. Başa düşdüm ki, mənə belə bir iftixar nəsib edən məni heç vaxt unutmaz; beləliklə də, Onun görüşünü sevdim.”
◘Üç şey öldürəndir; simiclik, həvəs və özünübəyənmə. İmanın üçdə biri həya, üçdə biri əhdə vəfa və üçdə biri də səxavətdir.
◘Məhəmməd ibn Hənəfiyyəyə öz nəsihətnaməsində buyurur: “Özünübəyənmədən, bədxasiyyətli olmaqdan və səbirsizlikdən çəkin. Bu xüsusiyyətlər səndə olsa özünə heç bir dost tapa bilməzsən və camaat da həmişə səndən uzaq gəzər. Özünü camaatı sevməyə, onlarla xoş davranmağa məcbur et, onlara kömək etməyə daim hazır ol. Malını və canını dostundan əsirgəmə. Hamı ilə xoş üzlə və məhəbbətlə davran. Düşməninə qarşı ədalətli və insaflı ol. Hamının qarşısında dininə və abır-heysiyyətinə qarşı simic ol ki, həm dinin salamat qalsın, həm də dünyan.
◘Bir hədisdə nəql olunur ki, Osman öldürüldükdən sonra və xilafət həzrət Əliyə (ə) çatan zaman bir səhra ərəbi imamın (ə) hüzuruna gəlib dedi: “Ey Əmirəlmö`minin! Üç xəstəliyə düçar olmuşam: bədən ağrıları, kasıbçılıq və avamlıq.” Həzrət (ə) buyurdu: “Ey qardaş! Bədəninin xəstəliyindən ötrü gərək təbibə müraciət edəsən, kasıbçılığından ötrü isə kərəm sahibinə. Cəhalət xəstəliyindən ötrü də ki, gərək alimə müraciət edəsən.” Dedi: “Ey Əmirəlmö`minin, sən həm təbibsən, həm kərimsən, həm alim.” Həzrət (ə) göstəriş verdi ki, beytül-maldan ona üç min dirhəm pul versinlər və buyurdu: “Min dirhəmi bədənin müalicəsi üçün, min dirhəmi fəqirliyindən ötrü və min dirhəmi də savadlanmağından ötrü xərclə.”
◘Bir nəfər Əlini (ə) qonaq də`vət etdi. Həzrət (ə) buyurdu: “Bir şərtlə ki, üç işdən ötrü öhdəçilik qəbul edəsən: Evində olmayan bir şey alıb hazırlamayasan, nəyin var əsirgəməyəsən və ailənə sıxıntı verməyəsən.” Ərz etdi: “Qəbul etdim.” Həzrət də qəbul etdi.
◘İbn Bəbaveyh həzrətdən (ə) müfəssəl bir hədis nəql edib. Münasib məqam olduğuna görə biz də onun bir hissəsini nəql edirik: “Məsciddə Əli (ə) buyurdu: “Nə qədər ki, sizin aranızdan getməmişəm, hər nə istəyirsiniz məndən soruşun.” Məscidin axırından bir kişi qalxıb yaxına gəldi və ərz etdi: “Ey Əmirəlmö`minin, məni elə bir işə hidayət et ki, onu yerinə yetirsəm Allah mənə oddan nicat versin.” Buyurdu: “Ey kişi! Qulaq as, düzgün başa düş və yəqinin olsun. Dünyanın davamı üç kəsin varlığından asılıdır: Elminə əməl edən bəlağətli nitqi olan alim, dövlətinin müəyyən hissəsini müsəlmanların istifadəsindən əsirgəməyən varlı və fəqirliyinə qarşı səbirli və dözümlü olan kasıb. Elə isə əgər alim öz elmini yaymadı, dövlətli simiclik etdi və kasıb səbrini əlindən verdi, həlakət zamanı çatmışdır. Həmin zaman Allahı tanıyanlar dövranın geri getdiyini, küfrün yenidən meydana gəldiyini dərk edərlər. Həmin dövrdə məscidlərin çoxluğuna, bədənlərin yaxın, qəlblərinsə uzaq olduğu cəmiyyət çoxluğuna aldanma!

İnsanlar üç dəstədir: Mö`min, hövsələli və dünyaya həris. Mö`min nə dünyanın ona üz tutmasından sevinər, nə də ondan üz döndərməsindən qəmgin olar. Hövsələli adamın ürəyində dünya təmənnası var, lakin əlinə gələndən gözünü çəkməyi də bilir. Çünki dünya malının axırının nə olduğunu bilir. Lakin hərisin heç bir qorxusu yoxdur ki, dünya malını halaldan əldə edib, ya haramdan.” Soruşdu: “Həmin dövrdə mö`minin əlaməti nədir?” Buyurdu: “Diqqətlə baxar, Allahın göstəriş verdiyi hər bir hökmü yerinə yetirər, Onun razılığına xilaf olan işlərdən isə özünün xoşu gəlsə də çəkinər.” Doğru dedin, ey Əmirəl-mö`minin.”



Həmin kişi “doğru dedin, ey Əmirəl-mö`minin” deyib qeyb oldu. Nə qədər axtardılarsa da onu tapmadılar. Həzrət təbəssüm etdi və dedi: “Kimin dalınca gəzirsiniz? Bu mənim qardaşım Xızr idi.”
◘Əmirəl-mö`minin (ə) buyurur: “Üç şey insanı əldən salar: Kasıbçılıq, qorxu və qəm-qüssə. Üç şey də ruhu dirildər: alimlərin söhbəti, dostlarla görüş və heç bir sıxıntı olmadan güzəran keçirmək.”
◘Bütün xeyirlər üç şeydə cəm olub: Təfəkkür, sükut və danışıqda. Lakin təfəkkür ibrətalma olmazsa heçdir, fikir və düşüncəsiz sükut qəflətdir və Allahın zikri olmazsa danışıq da faydasızdır.
◘Allah üç nəfərin qazancından bərəkəti götürüb: İnsan satanın, dişi inək kəsib satanın və ağac kəsənin.
◘Üç halda dostunun haqqını yerinə yetirməyənə dost demək olmaz: Çarəsizlik halında, qeybəti olunan zaman və ölümündən sonra.
◘Biz vəzifəyə tə`yin olunmuş sülaləyik: Gərək acları doyuraq, miskinlərə kömək edək və camaat yuxuya gedəndə də namaz qılaq.
◘Allah yanında hamıdan üstün ol, öz gözündə hamıdan pis. Camaatın nəzərində isə bu ikisindən biri kimi ol.
◘Abdullah ibn Məs`ud o həzrətdən nəql edir: “Allahın vacibatını yerinə yetir ki, hamıdan daha abid olasan, günahları tərk et ki, hamıdan daha zahid olasan və Allahın qismətinə razı ol ki, hamıdan daha artıq ehtiyacsız olasan.
◘Hər kəsə yaxşılıq etsən onun sərvərisən, hər kəsə ehtiyacın olmasa onunla bərabərsən və hər kəsdən öz ehtiyacını istəsən onun əlaltısısan.
◘Üç şey hafizəni qüvvətləndirər və bəlğəmi aradan aparar: Misvak, oruc və Qur`an oxumaq.
◘Dünya aldadar, ziyan verər və keçib gedər.
◘Ey elm tələbində olan! Hər bir şeyin nişanəsi həmin şeyin (varlığının) şahididir. Dinin əlaməti üç şeydir: İman, Allaha e`tiqad, məlaikələr və peyğəmbərlər.
◘Elmin üç nişanəsi var: Allahı tanımaq, Allahın istədiyi şeyləri tanımaq və Onun istəmədiklərini tanımaq.
◘Əməlin də üç nişanəsi var: Namaz, oruc və zəkat.
◘Mənliyi olmayan şəxsin üç əlaməti var: Özündən üstün olan şəxslə mübahisə və höcət edər, bilmədiyi sözü danışar və heç vaxt çata bilməyəcəyi şeylərin ardınca gedər.
◘Münafiqin üç əlaməti var: Dili qəlbindən fərqlidir, danışığı əməli ilə düz gəlmir və gizlini aşkarı ilə uyğun deyil.
◘Zülmkarın üç əlaməti var: Özündən böyüyün göstərişinə itaət etməz əlaltılarını sıxışdırar və zülümkarlara kömək edər. Riyakarın da üç əlaməti var: Təklikdə tənbəl və süst, camaat arasında isə fərəhli və gümrahdır və camaatın xoşladığı hər bir işi böyük həvəslə yerinə yetirər.
◘Qafilin üç əlaməti var: İnsanı oyadan şeylərə diqqət yetirməz, başı həmişə qarışıq olar və unutqan olar.
◘Allahın hər gecə üç qoşunu olur. Birinci qoşun ataların belindən anaların rəhminə daxil olur, ikincisi rəhmlərdən dünyaya gəlir, üçüncüsü isə dünyadan axirətə köçür.
◘Dünya üç gündür. Onun dünənində olan hər bir şey keçib gedir və heç vaxt qayıtmır. Bu gününü gərək qənimət biləsən. Sabahına da ki, mə`lum deyil çatacaqsan ya yox. Dünən ədəb öyrədən həkimdir. Gərək onun təcrübəsi bu günü işıqlandırsın. Bu gün vida halında olan dostdur. Sabahsa, sadəcə olaraq, bir arzudur. Ona da ki, bəlkə çata bildin.
◘Qadınların ən yaxşı xüsusiyyətləri kişilərin ən pis xüsusiyyətləridir. Yə`ni, kibr, qorxu və simiclik. Bu xüsusiyyətlər qadında olarsa onun öz iffətini və ərinin malını qorumasına, kişidə olarsa onun bədbəxtliyinə və geridə qalmışlığına səbəb olar.
◘Rəiyyətə və əlaltılarına qarşı xoşniyyət və tamahsız ol və pəhrizkar ol ki, ədalətlə davrana biləsən.
◘Elə bir dövr gələr ki, hakimiyyət yalnız dava-dalaş və zülmlə əldə olunar. Sərvət yalnız simicliklə cəm olunar. Dostluq yalnız dostun istəklərini qəbul etmək və dini göstərişləri tərk etməklə müyəssər olar. Hər kim ki, bu dövrə yetişib sərvət toplamağa qüdrəti olduğu halda kasıbçılığa razı olsa, qeyri-şər`i yolla izzət sahibi olmaq imkanı olduğu halda bundan imtina etsə və müəyyən şəxslərin məhəbbətini cəlb etməkdənsə onların qəzəbinə üstünlük versə, Allah-mütəal ona əlli siddiqin əcrini (savabını) əta edər. (Siddiq o şəxslərə deyilir ki, peyğəmbərlərin danışığını təsdiq edir və öz rəftarlarını onların davranışları ilə uyğunlaşdırırlar.)
◘Hər kəs ki, uzun ömür sürmək istəyirsə sübh tezdən yemək yesin, yüngül paltar geyinsin və qadınlarla az yaxınlıq etsin.
◘Ümid bəsləmədiyin şeyə intizarında olduğun şeydən daha çox ümidvar ol. Musa (ə) yoldaşı üçün od götürməyə getdi, Allah onunla danışdı və onu peyğəmbərliyə seçdi. Səba şəhərinin mələkəsi Süleyman peyğəmbərlə (ə) görüşməyə getdi, ona iman gətirdi və azğınlıqdan nicat tapdı. Fir`onun cadugərləri onun səltənətini qüvvətləndirmək məqsədi ilə getdilər, Allaha əqidə ilə geri döndülər.
◘Kumeylə vəsiyyətində buyurur: “Bu qəlblər qabdır. Hamısından yaxşısı tutumu çox olanıdır. Dediklərimi yadında saxla! İnsanlar üç dəstədir: Allahpərəst alimlər, nicat yolun yolçusu olan elm öyrənən və hər hansı sədanın dalınca getsə də, hər hansı bir küləyin ardında əssə də elm nuru əldə edə bilməyən və möhkəm bir dayağa söykənməyən dəyərsiz axmaq. Ey Kumeyl! Elm maldan üstündür. Elm səni qoruyur, malı isə sən qoruyursan. Bəxşiş və əliaçıqlıq malı azaldır, elmi isə artırır. Alim hökmü icra edəndir, mal da hökmün məcrası. Alimlə dostluq etmək dinin bir hissəsidir və Allah bu iş müqabilində insana savab verir. Elm dünyada camaatın itaətinə, öləndən sonra yaxşı ada səbəb olar. Ey Kumeyl! Sərvət yığanlar yaşasalar da ölüdürlər, elm tələbində olanlar isə ölümdən sonra da yaşayırlar. Onların bədənləri gözlərin önündən gedirsə də görkəmləri və qiyafələri qəlblərdə mövcuddur. Ah! Ah! Bura (mübarək sinəsinə işarə edərək buyurdu) elmlə doludur. Kaş liyiqli kəslər tapaydım ki, onu qəbul edəydilər. Lakin elə insanlara düçar olmuşam ki, ya tez öyrənirlər, lakin arxayın kəslər deyillər, dindən dünya işləri üçün istifadə edirlər, Allahın hökmlərindən onun bəndələri ilə mübarizədə istifadə edirlər, Allahın ne`mətlərindən onların (həmin ne`mətlərin) ziddinə istifadə edirlər, yaxud da elə insanlardırlar ki, haqq əhli müqabilində ramdırlar, amma kordurlar, görmürlər və bəsirət sahibi deyillər. Kiçicik şübhə olduqda şəkkə düşürlər. Nə birinci dəstənin tə`limdən ötrü ləyaqəti var, nə də ikinci dəstənin. Üçüncü bir dəstə də var ki, yalnız istəklərinə nail olmaqdan ötrü çalışırlar. Öz cilovlarını şəhvətlərinə tapşırıblar. Onlar mal-dövlət dəlisidirlər ki, dinin hörmətini saxlamırlar və adamlıqları yoxdur, özləri də dördayaqlılar kimidirlər. Bəli! Elmin yoxluğu belədir! Alim ki, olmadı elm öləcək. Lakin belə deyil ki, yer Allahın hüccətindən xali olsun. Hər bir əsr və zamanda elə kəslər var ki, sayları azdır, lakin, Allah yanında olan qədir-qiymətləri çox. Bunlar haqqın nişanələrinin keşikçiləridir. Allah Özünün aşkar dəlillərini onlar vasitəsilə qoruyar və beləliklə, onlar da digər hüccətlərə çatdırar, həmin toxumları onların pak qəlblərinə səpərlər. Onların elmi işlərin həqiqətindən agahdır və onlar yəqin ruhuna malikdirlər. Çətinliklər əyyaşların nəzərincə çətin, lakin onlar üçün asandır. Ağılsızlardan ötrü qorxu və dəhşətə səbəb olan şeylər onlar üçün üns və ülfət vasitəsidir. Bədənləri dünyadadır, lakin ruhları isə ən ali məkanlardadır. Bunlar yer üzərində Allahın canişinləri və dinin mübəlliğləridirlər. Ah! Ah! Onları necə də görmək istəyirəm! Allah məni də, səni də bağışlasın. İndi isə, əgər istəyirsənsə qalxa bilərsən.

◘Alimin üç nişanəsi var: Elm, səbr və sükut.


SƏKKİZİNCİ FƏSİL

İmam Sadiqdən (ə) nəql olunan hədislər


◘Üç kəs hesabsız behiştə daxil olar: Ədalətli rəhbər, doğrucul tacir və əziz ömrünü Allaha itaətdə keçirən qoca. Üç kəs də ki, hesabsız cəhənnəmə varid olar: Zülümkar rəhbər, yalançı tacir və zinakar qoca.
◘Qiyamət günü Allah mö`mindən üç şeyin hesabını çəkməz: Yediyi yeməyin, geyindiyi paltarın və həyatı boyu ona kömək edən və onu haramdan qoruyan qadının. (Əlbəttə, bunların halaldan olduğu halda.)
◘Üç kəs Qiyamət günündə Allahın ərşinin kölgəsində olar. Biri odur ki, başqalarına qarşı insaflı olsun. Digəri odur ki, Allahın razı olub-olmadığını bilmədiyi bir işdən ötrü heç bir addım atmır. Üçüncüsü isə odur ki, nə qədər ki, bir eyibi özündə aradan qaldırmayıb, başqalarını həmin eyibə görə qınamaz. Belə bir kəs özünün hər hansı bir eyibini aradan qaldıran kimi digər bir eyibi gözünə görünür və beləliklə, başı həmişə öz eyiblərinə qarışmış olur və başqalarının eyiblərini axtarmaqla məşğul olmur.
◘Üç iş var ki, əgər mö`min onları öyrənsə ömrü uzun, ne`məti davamlı olar. Soruşdular: “Bu üç iş nədir?” Buyurdu: “Namazın ruku və səcdələrini uzatmaq, qonağı olan zaman süfrə başında çox oturmaq və ailə ilə xoşrəftar olmaq.”
◘Üç kəs Qiyamət gününün haqq-hesabı qurtarana qədər Allaha hamıdan yaxın olar. Birincisi qəzəblənən zaman əlində qüdrət olduğuna baxmayaraq əlaltılarına zülm etməyən, digəri iki nəfər arasında vasitəçilik edən zaman zərrə qədər də tərəfkeşlik etməyən, üçüncüsü isə zərər, yaxud xeyir görəcəyinin fərqinə varmadan haqqı deyəndir.
◘Elə ki, Allah qorxusundan və günahlarını yad etməklə bədənin titrədi, gözünün yaşı töküldü və ürəyin qorxdu, bu halı qənimət bil, çünki məqsədin yaxındır.
◘Bir kişinin ki, paxıllığı, həsədi və qorxusu var, onun imanı yoxdur. Mö`min nə qorxaqdır, nə həris nə də simic.
◘Hər kəsdə üç xüsusiyyət olsa Allah istədiyi hər xüsusiyyətinə görə ona bir hurul-eyn nəsib edər. Birincisi budur ki, qəzəbini uda bilsin, ikincisi odur ki, Allah yolunda döyüşərkən aldığı qılınc yaralarına səbr etsin, üçüncüsü isə odur ki, əlinə haram mal düşsə Allaha görə onu yeməsin.
◘Mənim üç kəsə ürəyim yanır (və bunun yeri də var): Zillətə düşən əziz, dilənçiyə çevrilən dövlətli, axmaqlar və öz ailə üzvləri tərəfindən təhqir olunan və alçaldılan alim.
◘Allah üç şəxsi özünə düşmən bilir; zülmkar dövlətlini, zinakar qocanı və malı olan lakin təkəbbürlük üzündən onu Allah yolunda sərf etməyən kəsi.
◘Hər kəsin dili düz desə, əməli pak olsa və xoşniyyət olsa Allah onun ruzisini bol edər. Hər kəs də ki, ailəsi ilə xoş davransa Allah onun ömrünü uzadar.
◘Dünyaya bel bağlayan hər bir kəs üç şeyə mübtəla olar: Sonsuz qüssəyə, həyata keçməyən arzuya və qət olmayan ümidə.
◘Üç xüsusiyyət Allahın qəzəbinə səbəb olar: Gündüz yatmaq (gecə də yatarsa), səbəbsiz gülmək və tox halda yemək.
◘Hədiyyə üç cürdür: Biri hədiyyə müqabilində, digəri tərəf müqabili ilə xoş əlaqə yaratmaqdan örtü, üçüncüsü isə Allahın rizayətindən ötrü.
◘Küfrün üç kökü var: Hərislik, təkəbbür və həsəd (paxıllıq). Hərislik Adəmi Allahın ona qadağan etdiyi ağacdan meyvə yeməyə vadar etdi, təkəbbür şeytanı Adəmə səcdə etməyə qoymadı, həsəd isə Adəmin oğlunu öz qardaşını öldürməyə təhrik etdi.
◘Əhməd ibn Hənbəl deyir ki, İmam Sadiqdən (ə) soruşdum: “İnsan üçün ən üstün xüsusiyyət nədir?” Buyurdu: “Heç bir qorxunun əmələ gəlməsinə yol verməyən vüqar və böyüklük, əvəzinin intizarı olunmayan səxavət və bəxşiş və qeyri-dünyəvi işləri yerinə yetirmək üçün çalışmaq. (Yə`ni, insanın əsas məqsədi, hətta dünya işlərində də o biri aləmin xoşbəxtliyini tə`min etmək olmalıdır.)
◘Üç iş israfdır: İşləyən zaman təzə paltar geyinmək, toxumu sağa-sola səpmək və suyun artığını tullamaq.
◘Nəhslik üç şeydədir: Qadında, dördayaqlıda və evdə. Qadının nəhsliyi mehriyyəsinin çoxluğunda və əri ilə yola getməməsindədir. Heyvanın nəhsliyi harınlıqda və minilməkdən imtina etməyindədir. Evin nəhsliyi isə onun darlığında, çoxlu çatışmazlığında və qonşuların pisliyindədir.
◘Üç kəs Qiyamət gününün hesabı qurtaranadək Allahın pənahında olar. Biri odur ki, heç vaxt zina fikrində olmayıb, digəri odur ki, heç vaxt malını ribaya bulaşdırmayıb və üçüncüsü odur ki, heç vaxt riba və zina üçün vasitəçilik etməyib.
◘Hər kəs üç halda olsa üç şeydən məhrum olmaz: Hər kəs dua etmək tövfiqi əldə edibsə ne’mət icabəti varıdır, hər kəsdə ki, təşəkkür etmək xasiyyəti varsa ne`mət çoxluğuna sahibdir və hər kəsdə ki, təvəkkül etmək xüsusiyyəti varsa, Allahın himayəsini əldə edib. Allah-təala buyurub: “Hər kəs Allaha təvəkkül etsə Allah ona bəsdir, əgər şükr etsəniz, sizə olan ne`mətlərimi artıraram.” “Məni çağırın, Mən də sizə cavab verim.”
◘Hər kəsdə bu üç xüsusiyyət olsa, imanın bütün sifətlərinə malik olar: Səbr, qəzəbi udmaq və xatalardan keçmək. Belə bir kəsi Allah hesabsız behiştə daxil edər və onun bir çoxları barəsində etdiyi şəfaəti qəbul edər.
◘Paltarına yamaq vuran, ayaqqabısını tə`mir edən və öz yükünü özü daşıyan şəxs təkəbbürdən uzaqdır.
◘Şeytan öz qoşununa dedi: “Əgər üç işdə Adəm övladına hakim ola bilsəniz daha qorxum olmaz, çünki bundan sonra onun heç bir əməli Allah dərgahında qəbul olunmaz. Bunlar xeyir işi böyük hesab etmək, günahı unutmaq və özünü bəyənməkdir.”
◘Mütəal Allah buyurub: “Mən bəndələrimə üç ne`mət verməklə onların boynuna minnət qoymuşam. Biri budur ki, öləndən sonra onların bədəninə pis iy vermişəm. Əgər belə olmasaydı heç kəs öz yaxınlarını dəfn etməzdi. Digəri budur ki, bəla və müsibətləri onların yadından silirəm. Əgər belə olmasaydı həyat onlar üçün dözülməz olardı. Üçüncüsü isə budur ki, arpa və buğdaya həşərat daraşdırıram ki, səltənət sahibləri qızıl-gümüş yığdıqları kimi onları da yığıb saxlamasınlar.
◘Allah-təala Musaya (ə) belə vəhy göndərdi: “Bəndələrimin Mənə yaxınlaşma vasitəsi olan əməllərindən üçü Mənim üçün daha sevimlidir.” Ərz etdi: “Onlar hansılardır?” Buyurdu: “Zöhd və dünyaya qarşı e`tinasızlıq, günahdan pəhriz etmək və Mənim qorxumdan ağlamaq.” Ərz etdi: “İlahi, əgər birində bu üç xüsusiyyət olsa onun əcri nədir?” Vəhy olundu: “Zahidlər behiştdədirlər, ağlayanlar ən ali məqamda, pəhrizkarlarsa bütün insanlar arasında əməllərin təftişindən amandadırlar.”
◘İmamət və rəhbərlik üç xüsusiyyətə malik olmayanlardan başqa heç kəsə layiq deyil: Günahdan qoruyan təqvaya, qəzəbi sakitləşdirə bilən helm və mehriban ata kimi rəiyyətin halına yanmaq.
◘Həzrət Yusifin köynəyində üç nişanə var idi ki, Qur`anda da bunlar yad olunub. Biri yalançı qan idi. Allah-təala buyurur: “(Qardaşları) onun köynəyini yalançı qana bulaşmış halda atalarının yanına gətirdilər.” İkincisi arxadan cırılmağı idi ki, bu da Onun günahsızlığına dəlalət edirdi. Bu barədə də Qur`anda belə buyurulur: “(Misir hakiminin yaxınlarından biri dedi:) Əgər köynəyi öndən cırılıbsa qadın düz deyir (və Yusif yalan, yox əgər arxadan cırılıbsa qadın yalan deyir, Yusifsə doğru). Üçüncüsü (Yaqubun iylədiyi zaman onun gözünə tə`sir qoyduğu) iydir ki, bu barədə də Qur`anda belə buyurulur: “(Yusif dedi:) Mənim bu köynəyimi aparın (və atamın) üzünə çəkin ki, gözü açılsın.
◘Ali-Davudun hikmətində yazılıb: “Hər bir kəs yalnız üç şeydən ötrü səfər edər; axirət tədarükündən ötrü, yaşayışını tə`min etmək üçün, izzət və ləzzətdən ötrü.” Sonra Həzrət Sadiq (ə) buyurdu: “Hər kim qəlbini dünyaya bağlasa xar olar.”
◘Loğman oğluna dedi: “Ey oğul! Hər şeyin əlaməti var ki, sənə onları bəyan edirəm. Dinin üç nişanəsi var; elm, e`tiqad və əməl. İmanın üç nişanəsi var; Allahı tanımaq, onun bəyəndiyi şeyləri tanımaq və Onun bəyənmədiyi şeyləri tanımaq. Ağıllı adamın üç əlaməti var; namaz, oruc və zəkat. Mütəzahirin (elmi Allahdan başqasından ötrü öyrədən) üç əlaməti var; özündən üstünlə çəkişər, heç bir elmi və mə`lumatı olmadan söz deyər və çata bilməyəcəyi şeylərin ardınca gedər. Zülümkarın üç əlaməti var; özündən üstün olana itaət etməz, əlaltılarını incidər və zülümkarlarla həmkarlıq edər. Münafiqin də üç əlaməti var; ürəyindəki ilə danışığı əməli ilə ürəyi və gizlini ilə aşkarı, bir-birinin ziddinədir. Günahkarın üç əlaməti var; zülm, yalan və sözünə xilaf çıxmaq. Riyakarın üç əlaməti var: Təklikdə (ibadətdən ötrü) halsızdır, camaat arasında fərəhlidir və hər bir işində gözü camaatın tə`rifindədir.
◘Paxılın üç əlaməti var: Dalca danışar (qeybət edər), üzdə yaltaqlıq edər, bəla və müsibət üz verən zaman isə insanı məzəmmət edər.
◘İsrafkarın üç əlaməti var: Lazımsız şeylər alar, öz şə`nindən yuxarı paltarlar geyər və özünə uyğun olmayan xörəklər yeyər.
◘Tənbəlin üç əlaməti var: Səhvə yol verənə qədər süstlük edər, iş əlindən çıxana qədər səhlənkarlıq edər və öz vəzifələrini o həddə qədər tərk edər ki, günaha mürtəkib olar.
◘Qafilin üç əlaməti var: Səhv (və faydası olmayan) işlərə baş qatmaq, yanlışlıq və unutqanlıq.
◘Sonra İmam Cə’fər Sadiq (ə) buyurdu: “Bu əlamətlərdən hər birinin də ayrı-ayrılıqda şö`bələri var ki, onların da elmi minə, minə, minə çatır. Elə isə ey Himad, (hədisi nəql edənə xitab) gecə və gündüz elm dalınca ol. Əgər gözünün aydınlığını, dünya və axirət xeyrini istəyirsənsə gözünü onun-bunun əlinə dikmə və tamahı kökündən qır at. Özünü ölənlərin sırasında hesab et və özünü bir nəfərdən də olsun yuxarı sayma, malını hifz etdiyin kimi dilini də qoru!”
◘Üç iş var ki, heç kəs bu barədə üzürlü hesab olunmur: Pis adamın da yaxşının da əmanətini qaytarmaq, ataya–pis əməl sahibi də olsa, yaxşı əməl sahibi də olsa– yaxşılıq etmək, pislə də olsa, yaxşı ilə də olsa bağladığın əhd-peymana riayət etmək.
◘Hər gecə və gündüz Allahın bir məlaikəsi fəryad edib deyir: “Ey Allahın bəndələri! Günah etməkdən çəkinin! Əgər otlayan heyvanlar, südəmər körpələr və beli bükülmüş qocalar olmasaydı başınız üzərinə elə bir bəla nazil olardı ki, sümükləriniz bir-birinə keçib qırıq-qırıq olardı.
◘Üç vəzifə insanlar üçün olduqca ağırdır: Başqalarına güzəştə getmək, malı mö`min qardaşlarla bölmək və Allahı çoxlu yad etmək.
◘Əməllərin ən yaxşısı üç şeydir: İnsanlara qarşı insaflı olmaq; bir həddə ki, özün üçün bəyəndiyin şeyləri onlar üçün də bəyənəsən. Öz malını mö`min qardaşlarla bölmək və hər bir halda Allahı yad etmək. (Nəinki, hər bir halda “Subhanallahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər” demək, əksinə, zikrdə məqsəd vacibatı yerinə yetirib haramlardan çəkinməkdir.)
◘Üç şey olmazsa ehsan həqiqi hesab olunmaz; onu kiçik hesab etmək, gizlətmək və tə`cili yerinə yetirmək. Nə qədər kiçik hesab etsən tərəf müqabilinin gözündə o qədər böyük görünəcək, onu izhar etməsən kamil həddə çatacaq və nə qədər də tez yerinə yetirsən daha da gözəlləşər. Bu halların heç biri olmasa ehsan öz səfa və dəyərini itirəcək.
◘Osman Mədinə məscidinin qapısında oturmuşdu. Oradan bir fəqir keçirdi. Göstəriş verdi ki, ona beş dirhəm pul versinlər. Fəqir dedi: “Mənə bir yol göstər.” Dedi: “Məscidin küncündə oturan cavanların yanına get.” Orada İmam Həsən (ə), İmam Hüseyn (ə) və Abdullah Cə`fər oturmuşdu. Fəqir onlara yaxınlaşıb köməklik istədi. İmam Həsən Müctəba (ə) buyurdu: “Dilənmək üç haldan başqa hallarda rəva deyil: Ağır qanbahası ödəməkdən ötrü, böyük borcdan ötrü və insanı taqətdən salan fəqirlik səbəbi ilə. Sən bunların hansına düçar olmusan? “ Dedi: “Onlardan birinə.” İmam Həsən (ə) göstəriş verdi ki, ona əlli dinar versinlər. İmam Hüseyn (ə) da ona qırx doqquz dinar, Abdullah Cə`fər də qırx səkkiz dinar əlavə etdi. Fəqir qayıtdı. Osman soruşdu: “Nə etdin?” Dedi: “Mən səndən istədim, sual-cavabsız mənə beş dirhəm verdin. Lakin o uzun saçlı cavandan istədim aramızda belə bir söhbət oldu.” Osman dedi: “Bunlar kimi cavan haradan tapa bilərsən?! Bunların elmlə dolu sinələri, xeyir və hikmətlə dolu qəlbləri var.”
◘Dilənməkdən çəkinin, çünki o, dünyada xar olmağa, tez gəlib yetişən fəqirliyə və Qiyamət günü haqq-hesabın uzun çəkilməsinə səbəb olar.
◘Üç şey mö`minin asayişinə səbəb olar: Eyib və sirləri örtən geniş ev, dünya və axirət işlərində ona kömək edəcək qadın, ölüm və ya evlənmək vasitəsi ilə evdən çıxıb gedən bacı və ya qız. (Çünki onların evdə qalmağı narahatçılığa səbəb olar.)
◘Vəlid ibn Səbih deyir: İmam Sadiqin (ə) xidmətində idim. Onun qabağında böyük bir qabda xurma var idi. Bir dilənçi gəldi. Xurmanın bir miqdarını ona verdi. Sonra bir dilənçi də gəldi. Ona da bir qədər xurma verdi. Üçüncüsü də gəldi. Həzrət (ə) buyurdu: “Allah artıq etsin.” Sonra buyurdu: “Əgər bir nəfərin otuz-qırx mini (dirhəmi, yaxud dinarı) olsa və hamısını da düzgün və səhih yolda məsrəf etsə, yoxsul həddinə çata bilər. Lakin o, üç nəfərdən biri olacaq ki, onların da heç birinin duası qəbul olunmaz.” Dedim: “Sənə qurban olum, onlar kimlərdir?” Buyurdu: “Biri odur ki, Allah ona kifayət qədər mal-dövlət verir və onu xərcləyib deyir: “İlahi, mənə ruzi ver!” Cavab gələr ki, məgər sənin ruzini vermədimmi?” İkinsici odur ki, öz arvadına nifrin edər. (Yə`ni, bir yerdə dolanmaq heç cür mümkün olmadığı halda ona talaq verib boşamaq əvəzinə nifrin edir.) Allah-təala buyurar: “Məgər onun talağını sənin əlinə verməmişəmmi?” Üçüncüsü odur ki, evdə oturub Allahdan ona ruzi verməsini diləyir. Xitab olunar: “Məgər ruzi kəsb etmək yolunu sənin ixtiyarında qoymamışammı?!”
◘Allahın bir bəndədən xoşu gəlsə ona nəzər edər və elə ki, nəzər etdi ona üç töhfədən birini hədiyyə edər; qızdırma, göz ağrısı, baş ağrısı. Peyğəmbər (s) buyurur: “Allah mənimlə danışdı və buyurdu: “Ey Məhəmməd! Elə ki, mənim bir bəndədən xoşum gəldi ona qarşı üç iş görərəm; qəlbini qəmgin, bədənini xəstə, əlini isə dünya malından xali edərəm.” (Şübhəsiz, bu işlər bəndənin günahlarının bağışlanmasına və beləliklə də onun dərəcəsinin qalxmasına səbəb olar ki, bu da ilahi lütfün bir əlaməti hesab olunur.)
◘Əbu Həmzə deyir: “İmam Sadiqdən (ə) soruşdum: “Oruc barəsində Peyğəmbərin (s) sünnəsi nədir?” Buyurdu: “Hər ay üç gün; ayın birinci cümə axşamı günü, ayın ortadakı çərşənbə günü və ayın axırıncı cümə axşamı günü. Bu üç gündə oruc tutmağın savabı bir ömür oruc tutmağın savabına bərabərdir, çünki Allah-təala buyurdu: “Hər kəs bir yaxşı iş görsə, əvəzi on qatdır.” Əgər bir kəs zəiflik üzündən oruc tutmağa qadir olmasa sədəqə versin, çünki bir dirhəm sədəqə bir gün oruc tutmaqdan əfzəldir.

Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin