1911-ci il iyun-iyul – İranı tərk etdikdən sonra gizli olaraq Astara-Lənkəran yolu ilə Bakıya gəlir, bir müddət burada qalır, sonra İstanbula gedir.
1911-ci il iyul-avqust – Türkiyədə - İstanbulda olur. Az sonra burada fəaliyyətə başlayan “Türk Yurdu” dərgisi, “Türk Ocaqları” təşkilatı ilə yaxından əməkdaşlıq edir.
1911-ci il oktyabr –M.Ə.Rəsulzadənin dostlarına yazdığı məktublardakı fikirləri də əsas götürülərək, Bakıda Məhəmməd Əli Rəsuloğlu, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə tərəfindən “Müsəlman Demokratik Partiyası – Müsavat” yaradılır.
1911-ci il – “Türk Yurdu” jurnalında və az sonra “Səbilür-Rəşad”(“Doğru Yol”) məcmuəsində “İran Türkləri” əsəri çap edilir və Türk ictimaiyyətinin böyük marağına səbəb olur.
1912-ci il - Bu illərdə o, C.Əfqaninin “Milli Birlik fəlsəfəsi” əsərini farscadan çevirib “Türk Yurdu” jurnalında çap etdirir.
1913-cü il – Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi bağışlamadan sonra Bakıya qayıdır.