MM kəşfiyyatının əsas vəzifələri sülh dövründə:
- ətraf mühitdə havanın, suyun, torpağın, maldarlıq və bitkiçilik məhsullarının radioaktiv, kimyəvi, bakterial maddələrlə çirklənməsinə vaxtaşırı müşahidə və laboratoriya nəzarəti aparmaq;
- yoluxucu xəstəlik ehtimallı rayonlarda epidemik və epizotik vəziyyətə müntəzəm nəzarət etmək;
- güclu istehsalat qəzası və ya təbii fəlakət baş vermiş rayonlarda yaranan vəziyyətləri aşkar etməkdir.
Müharibə dövründə düşmən basqınından sonra isə kəşfiyyatın vəzifələri aşağıdakı məlumatları əldə etməkdir:
− işlədilmiş silahın növü, zərbənin nə vaxt və haraya endirildiyi, nüvə partlayışının gücü və koordinatları;
− radiasiyanın səviyyəsi, zəhərləyici maddənin konsentrasiyası, zəhərli hava buludunun yayılma istiqaməti;
− zədələnmə ocağının hüdudları;
− xilasetmə və digər işlər aparılan rayonlarda zədələnmə şəraitinin necə dəyişdiyi;
− mühafizə qurğularının, oradakı adamların vəziyyəti, onlara yardım göstərmənin yolları;
− kommunal enerji şəbəkələrinin, rabitə xətlərinin, habelə MM dəstələri, köçürülən əhali hərəkət edəcək marşrutların vəziyyəti;
− yanğın yerləri, onların yayılma istiqaməti;
− hidrotexniki qurğuların nə dərəcədə zədələndiyi, fəlakətli subasma və daşqın zonaların yaranıb-yaranmadığı və s.
Kəşfiyyat fəal, fasiləsiz, vaxtında və məqsədyönlü aparılmalı, başlıcası isə topladığı məlumatlar dəqiq olmalıdır. Bu tələblərin yerinə yetirilməsinə nail olmaqdan ötrü kəşfiyyat qüvvələrini (kəşfiyyat qrupları, manqaları, müşahidə postları, nəzarət laboratoriyaları və s.) əvvəlcədən komplektləşdirib işə hazırlamaq, onların fəaliyyətini planlaşdırıb düzgün təşkil etmək, həmçinin kəşfiyyatın müxtəlif novlərindən, üsullarından, qüvvə və vasitələrdən istifadə etmək lazımdır.
Dostları ilə paylaş: |