NəZDİNDƏ Qİda sənayesi kolleci



Yüklə 30,61 Kb.
səhifə2/2
tarix01.10.2022
ölçüsü30,61 Kb.
#64405
1   2
İKT. SƏRBƏST İŞ, HƏBİBOVA ÜLVİYYƏ İT 019

2. Wikipedia Azərbaycanda
Vikipediya — müxtəlif dillərdə, həmçinin, Azərbaycan dilində virtual açıq ensiklopediyadır. Vikipediya – ümumi İnternet vasitəsilə azad yayımlanan və könüllülər tərəfindən zənginləşdirilən ensiklopediyadır. Virtual ensiklopediya Viki texnologiyası əsasında, azad proqram təminatı ilə yaradılmışdır, yəni dünyada İnternetə çıxışı olan hər bir kəs vikipediyaya daxil olaraq qeydiyyatdan keçmədən səhifələrdə dəyişiklik apara bilər. Azərbaycanca Vikipediya 2004-cü ildən etibarən fəaliyyət göstərir. Vikipediya yarandığı gündən bəri İnternetin ən böyük mənbə və məlumat bazasıdır. Vikipediya yalnız bilik mənbəyi deyil, həm də nəhəng sosial şəbəkədir. Vikipediya dünyada yeni bir cəmiyyətin — viki-cəmiyyətin yaranmasına təkan vermişdir. Fəlsəfəsi və sosial münasibətləri digər cəmiyyətlərdən fərqli olan viki-cəmiyyət biliyini təmənnasız olaraq insanlarla bölməyə hazır olan cəmiyyətdir. Viki-cəmiyyət azad cəmiyyətdir, heç kimə və heç bir quruma tabe deyildir. Viki-cəmiyyətdə sosial durumundan, millətindən, təhsil səviyyəsindən, coğrafi yerindən asılı olmayaraq hər kəs eynidir. Lakin viki-cəmiyyətdə həyatda olduğu kimi mənəvi dəyərlərə — kiçiklərə və təcrübəsizlərə qayğı və böyüklərə hörmət kimi dəyərlərə üstünlük verilir. Cimmi Uels – “Vikipedia”nı və müxtəlif viki layihələrini idarə edən “Vikimedia” Fondunun yaradıcısı və rəhbəridir. Uels həmçinin, “Wikicities” layihəsinin əsasını qoyan “Vikia” kommersiya korporasiyasının qurucusudur.
Azərbaycanca “Vikipediya” – “Vikipediya”nın Azərbaycan dilində olan bölməsidir. Azərbaycanın açıq onlayn ensiklopediyası kimi də baxmaq olar. Azərbaycan “Vikipediya”sındakı məqalələrin sayı dayanmadan artmaqdadır. Bununla belə qeyd etmək lazımdır ki, hazırda saytda çoxlu qrammatik və sintaktik səhvlərə, qaralama halında olan məqalələrə rast gəlmək mümkündür. Bu problemi də istifadəçilər yalnız birlikdə həll edə bilər. Azərbaycanca “Vikipediya” yarandığı tarixdən bu günə qədər yaxşı inkişaf yolu keçib. Məsələn, 2004-cü ilin sonu məqalələrin sayı 25-i, 2005-ci ilin sonu 400-ü, 2006-cı ilin sonu 980-i, 2007-ci il 28 iyunda 7.000-i, 2007-ci il 22 iyulda 10.000-i keçib. 2007-ci ilin sonunda isə artıq 11.000-ə çatıb. 2008-ci il 29 iyulda isə 19 000-i keçib. Azərbaycanca “Vikipediya” bütün vikipediyaların siyahısında 57-ci sıraya yüksəlib və s. Nəhayət, 2013-cü ilin 11 sentyabrında “Vikipediya”da redaktələrin sayı 2.866.567, məqalələrin sayı 96.235 olur. “AzViki” bütün vikipediyaların siyahısında isə 48-ci sırada yer alır. Qeydiyyatdan keçən və fəaliyyət göstərən istifadəçilərin sayında ciddi təzad. Yarandığı tarixdən 11 sentyabr 2013-cü il tarixinə qədər “Vikipediya”nın Azərbaycan bölməsində 62 mindən çox istifadəçi qeydiyyatdan keçib. Amma onlardan cəmi 350 nəfəri son 30 gün ərzində fəaldır. İstifadəçilərdən ikisi bürokrat olmaqla, 15 nəfəri idarəçi statusuna malikdir. Göründüyü kimi, qeydiyyatdan keçən və fəaliyyət göstərən istifadəçilər arasındakı fərq çox böyükdür. Ümumiyyətlə, cəmiyyətin inkişafı yazılı ədəbi dilin meydanını da genişləndirir. Dövrümüzdə virtual aləm də məhz belə bir meydandır. Bu qəbildən olan və geniş internet istifadəçi kütləsini özünə cəlb edən “Vikipediya”nın dil bölmələrinin yaradılmasında hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən dil məsələsi hər zaman birinci sırada dayanır. Kimliyindən, dinindən və dilindən asılı olmayaraq, hər kəsə redaktə etmək imkanı verən “Vikipediya” layihələri bütün dillərin qorunmasına, inkişafına, daha da zənginləşməsinə qayğı ilə yanaşır. Dilimizin qorunması və inkişafında “Vikipediya”nın rolu ənənə halını alır. Azərbaycan dilinin qorunması və onun inkişafında “Vikipediya”nın rolu artıq ənənə halını alıb. Respublikamızda son dövrlər müxtəlif mövzular üzrə Kütləvi İnformasiya Vasitələrinin Azərbaycanca “Vikipediya”ya tez-tez müraciət etməsi buna əyani nümunədir. Dünya dillərindən hər hansı bir sahəyə, istər klassik, istərsə də müasir mövzuların tərcüməçilər tərəfindən tərcümə edilərək, azərbaycanca “Vikipediya” bölməsinə daxil edilməsi uğurla yerinə yetirilir. Amma bu tərcümələr zamanı dilimizin inkişafına xüsusi diqqət yetirilməlidir. Tərcümə zamanı sözlərin qrammatik və orfoqrafik cəhətdən düzgün olması, yeni sözlərin əmələ gəlməsi və istifadə edilməsi əsas şərtlərdən biridir. Çünki təhsil sistemində çalışanlar - şagirdlər, tələbələr, müəllimlər, istərsə də elmi işçilər hər hansı axtarış zamanı ilk növbədə digər dillərdə deyil, məhz Azərbaycan dilində axtarışlara başlayır. Axtarış zamanı isə Azərbaycanca “Vikipediya” bölməsinə yönləndirmə birinci sırada durur. Müraciət zamanı dolğun, obyektiv məlumatların əldə edilməsi üçün könüllülərin yaratdığı məqalələrin keyfiyyət və həcm göstəricilərinin yüksək olması əsas şərtlərdən biridir. “Vikipediya” layihələrində hər bir dildən istifadə edənlərin sayına uyğun şəkildə məqalələrin sayı dayanmadan artır. Bu səbəbdən də təkcə Azərbaycanda yaşayan azərbaycanlıların deyil, dünya azərbaycanlılarının birləşdiyi bir məkanın –“Vikipediya”nın azərbaycanca “Vikipediya” bölməsinin inkişafına hər kəs öz köməkliyini göstərməlidir.
“Vikipediya”da ərəb dili müəmması : “Vikipediya”nın Azərbaycan bölməsinə daxil olan və fəaliyyətə yeni başlayan istifadəçilər müxtəlif viki-səhifələrdə ərəb qrafikası ilə yazılmış yazılarla rastlaşanda təəccüblənir və bu yazılarla əlaqəli onların qarşısında bir neçə sual dayanır. Ən əsas isə “Bu nədir?”, “Bu nə üçün lazımdır?” sualları ətrafında fikirlər dolaşmağa başlayır. Məsələ ondadır ki, XX əsrdə Azərbaycanda 3 dəfə əlifba dəyişdirilib (ərəb-kiril-latın) və bu dilin daşıyıcılarının böyük əksəriyyəti (azərbaycanlıların üçdə ikisindən çoxu Cənubi Azərbaycanda yaşayır) yalnız ərəb qrafikasından istifadə qaydalarını bilir. Azərbaycanca “Vikipediya”nın bu dilin bütün daşıyıcıları üçün nəzərdə tutulduğunu nəzərə alaraq, onların da bu ensiklopediyadan daha rahat istifadə etməsi üçün hazırda ensiklopediya iki qrafika (xətt, yazı qrafikası) üzrə fəaliyyət göstərir. Ensiklopediyanın 3 qrafika üzrə fəaliyyət imkanları araşdırılır. Sistemin daha mütəşəkkil, həmçinin 3 qrafikalı (kiril də daxil) olması yolları da araşdırılır. Bütün bu məsələlərlə əlaqədar müxtəlif vaxtlarda gərgin müzakirələr aparılıb, amma məsələ bu gün də həll edilməmiş və açıq şəkildə qalır. Ərəb qrafikası ilə oxuyan və yazan istifadəçilərin sayca çox olması səbəbindən ərəb qrafikalı Azərbaycan əlifbası ilə yazılmış məqalələr azərbaycanca “Vikipediya”da çoxalmaqda davam edir. Hazırda ərəb əlifbası ilə Azərbaycan dili dünyanın heç bir ölkəsində tədris olunmur. Elə bu səbəbdən də ərəb əlifbalı bölüm zəif inkişaf edir və yaradılan məqalələrin də dili qrammatik tələblərə cavab vermir. Ümumi qaydanın olmaması səbəbindən istifadəçilər necə istəyirsə, elə də yazır. Hal-hazırda ərəb qrafikası ilə yazılmış məqalələrin sayı 13 000-ə yaxındır. Bu gün də səhvlərlə zəngin, yarı Azərbaycan, yarı türk dilində olan məqalələrə rast gəlmək mümkündür.
Bəs cəmiyyətimizdə virtual ensiklopediyaya maraq necədir? 2004-cü ilin əvvəllərindən “az.wikipedia.org” ünvanında Azərbaycan dilində “Vikipediya” fəaliyyətə başladığı gündən bu günə qədər bir çox mübahisəli məsələlərlə üzləşilib. Fəaliyyətə başladığı ilk dövrlərdə azərbaycanlı istifadəçilərin zəif və ya tam qeyri-fəal olması səbəbindən “Vikipediya”nın türk bölməsindən (Türkcə “Vikipediya”dan) olan türkiyəli istifadəçilər tərəfindən idarə edilir və az qala türkcə “Vikipediya”nın bir bölməsinə çevrilib. Məqalələr türk dilinin qayda-qanunlarına uyğun yaradılırdı. Bir xeyli müddət keçdikdən sonra azərbaycanlı istifadəçilərin fəallığının artması nəticəsində məqalələrdə olan qrammatik səhvlərin çox hissəsi aradan qaldırıldı. Azərbaycan dilini tam bilməyən, orfoqrafik və qrammatik səhvlər edən istifadəçilərə xəbərdarlıq edilərək, Azərbaycan dilinin qaydalarına əməl etmələri tövsiyə edilib. Xəbərdarlıqlara əməl etməyən istifadəçilərin fəaliyyəti texniki baxımdan məhdudlaşdırılıb. Xeyli müddət keçməsinə, məqalələrdə düzəlişlərin edilməsinə baxmayaraq, bu gün də qrammatik və orfoqrafik səhvlərlə zəngin və həmçinin yarı Azərbaycan, yarı türk dilində olan məqalələrə rast gəlmək mümkündür.
“Vikipediya”da zəif fəaliyyət üzündən ermənilər Azərbaycana aid bütün məqalələri nəzarət altında saxlayır. Düzdür, hər bir Azərbaycan vətəndaşı üçün milli azad ensiklopediya hesab edilən azərbaycanca “Vikipediya” bu gün “Azərbaycan”, “Coğrafiya”,”Tarix”, “Fəlsəfə”, “Ədəbiyyat”, “Memarlıq”, “Tibb”, “Kino”, “Rəssamlıq” və digər portallarda cəmlənmiş məqalələrlə öz neytrallığı, düzgünlüyü, keyfiyyətliliyi, prinsipiallığı və ciddiliyi ilə artıq güclü nüfuza malikdir. Amma azərbaycanca “Vikipediya”da həll edilməli kifayət qədər problemlər var. “Vikipediya” haqda məlumatın yox dərəcəsində olması səbəbindən qeydiyyatdan keçmiş istifadəçilərin bir hissəsi “Viki” texnologiya ilə işləməyi bacarmır, redaktə qaydaları haqqında heç bir anlayışı yoxdur. Bu cür istifadəçilər qeydiyyatdan keçdikdən sonra qeyri-aktiv olurlar. İstifadəçilərin bir hissəsi isə “Viki” texnologiya ilə işləməyi bacarır, ancaq “Vikipediya”nın qayda-qanunları ilə razılaşmır. Ukrayna, rus, ingilis, fransız, alman dillərində olan “Vikipediya” bölmələrində azərbaycanlı istifadəçilərin fəaliyyətinin zəif olması üzündən erməni və ermənipərəst istifadəçilər Azərbaycana aid bütün məqalələri nəzarət altında saxlayır, qərəzli və saxta məlumatların saxlanmasına və dezinformasiyanın təbliğinə nail olurlar.
“İKT ili”nin sonunda azərbaycanca “Vikipediya”da məqalələrin sayı 100.000-i keçəcək. Ümumiyyətlə, bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən həyata keçirilən layihənin də məqsədi məhz “viki-aləm”də azərbaycanlı istifadəçilərin fəallığının artırılmasıdır. Belə ki, 2004-cü ili cəmi 25 məqalə ilə başa vuran azərbaycanca “Vikipediya”da 2013-cü ilin III rübündə artıq 100.000-ə yaxın məqalə yaradılıb. Güman edilir ki, “İKT ili”nin sonunda məqalələrin sayı 100.000-i keçəcək. “Vikipediya”nın Azərbaycan bölməsinin bu cür inkişafı “Vikipediya” açıq ensiklopediyası ətrafında cəmiyyətdə artıq müsbət təsəvvürün yaranmasından xəbər verir.
Azərbaycanda ilk dəfə olaraq, “Vikipediya”da iş qaydalarını əyani şəkildə izah edən onlayn videodərslər hazırlanıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən “VikiHərəkat” layihəsi çərçivəsində hazırlanan videodərslər “Vikipediya”da hesabın yaradılması kimi sadə addımlardan başlayaraq, məqalələrin yazılması, redaktə edilməsi, şəkillərin və şablonların əlavə edilməsi, o cümlədən digər ümumi qaydaları əhatə edir. Təqdim olunan 7 video dərsdən istifadə edərək, internet istifadəçiləri daha rahat və müstəqil şəkildə “Vikipediya”da işləməyi öyrənə bilərlər. Hazırlanmış videodərslər “www.viki.agta.az” saytının Videodərslər bölməsində yerləşdirilib. Qeyd edək ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən həyata keçirilən “VikiHərəkat” layihəsinin məqsədi “viki-mühit”də Azərbaycan dilində onlayn kontentin genişləndirilməsinə istiqamətlənib. Ölkəmizə dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla əlaqədar məlumatların inkişaf etdirilməsi, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının yayılması məsələlərini əhatə edən layihə “Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq ilin sonuna qədər davam edəcək. Azərbaycanda 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulan 22-ci bənd - “Azərbaycana dair kontentin və “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycan Respublikası ilə əlaqədar məlumatların inkişaf etdirilməsi” üzrə aparılan işlər davam edir. Bu istiqamətdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə başlayan və Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası (AGTA) tərəfindən həyata keçirilən “VikiHərəkat” çərçivəsində növbəti təlimlərə start verilib. Bakı şəhərində ölkənin 4 regionundan (Qərb, Şimal, Cənub, Mərkəz) olan gənclərin iştirakı ilə keçirilən “Təlimçilərin təlimi” paytaxtda baş tutan artıq ikinci təlimdir. “Azərbaycan Vikipediyası” istifadəçisi Eyyub Ziya tərəfindən aparılan təlimlərdə Şimal regionundan “VikiHərəkat”a qoşulan Röyal Ağamirzadə də öz “Vikipediya” bacarıqlarını iştirakçılarla bölüşüb. Təlim iştirakçılarına “Vikipediya”nın müxtəlif aspektləri və qaydalar, müəllif hüquqları haqda nəzəri biliklər, “Vikipediya” hesabı açmaq, məqalə yerləşdirmək, şablonlarla işləmək, “Vikipediya Commons”a şəkil yükləmək, istinad və daxili keçidlər yerləşdirmək bacarıqları öyrədilib.
Təlimdə “Azərbaycan Vikipediyası”na iştirakçılarla birgə sınaq məqalələri də yerləşdirilib. Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda “Vikipediya” könüllülük hərəkatının yayılmasından ibarətdir. “VikiHərəkat” iki əsas komponenti özündə ehtiva edir. Bunlardan birincisi “VikiHərəkat”a qoşulan fərd və təşkilatların fəaliyyətlərinin əlaqələndirilməsi yolu ilə “Vikipediya”da məqalələrin yerləşdirilməsi, eləcə də onların bacarıqlarının artırılmasıdır. Layihənin ikinci əsas komponenti təlimlərin keçirilməsi yolu ilə həvəskar vikipediyaçıların səriştəsinin artırılmasıdır. Azərbaycandilli “Vikipediya”nın zənginləşdirilməsi ilə bağlı ictimaiyyətə müraciət hazırlanır. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycan dilində olan “Vikipediya”nın idarəçiləri və bir neçə istifadəçisi tərəfindən hazırlanan müraciətdə deyilir ki, müasir dövrdə yeni informasiya texnologiyaları, internet sürətlə dəyişən, inkişaf edən dünyanın ayrılmaz bir hissəsinə, bu inkişafın təkanverici qüvvəsinə çevrilib. Çox sevindirici haldır ki, 5-6 il bundan əvvəllə müqayisədə Azərbaycanda da bu sahədə xeyli irəliləyişlər müşahidə olunur: “Bunun məntiqi nəticəsi kimi Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli Sərəncamı ilə 2013-cü il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilib. Bu gün internet məkanında Azərbaycan dilində çoxlu sayda informasiya və xəbər saytları, forumlar, bloqlar fəaliyyət göstərir. Sosial şəbəkələrdə azərbaycanlılar, xüsusilə gənclər kifayət qədər fəal görünür. Bununla belə internet təkcə xəbər saytlarından, forum və bloqlardan ibarət deyil. İnternetin həm də bir maarifləndirmək funksiyası var. Çox təəssüflə qeyd etməliyik ki, bu gün azərbaycandilli internet məkanında bu funksiyanı yerinə yetirən saytların sayı barmaqla sayıla biləcək qədər azdır”. Hazırda 285 dildə fəaliyyət göstərən “Vikipediya” saytlarının da məqsədi məhz bu funksiyanı yerinə yetirməkdən ibarətdir. “Vikipediya” şəbəkəsinin bir qolu olan azərbaycandilli “Vikipediya” 2004-cü ildən “az.wikipedia.org” ünvanında fəaliyyətə başlayıb. “Vikipediya” bir onlayn ensiklopediyadır: “Yəni buradakı məqalələr sırf ensiklopedik xarakter daşıyır və heç bir halda onlarda reklama, təbliğata yol verilmir. “Vikipediya”da məşhur şəxslərin həyat və yaradıcılığı haqqında bioqrafik məlumatlar yerləşdirilir, tarixi hadisələr, tarixi-mədəni abidələr, incəsənət əsərləri, müxtəlif elmlər və onların obyektləri, predmetləri və s. barəsində zəngin məlumatlar toplanılır. Yəni dəyərli hər bir şey, tanınmış hər bir kəs “Vikipediya” məqaləsinin mövzusu ola bilər”. “Vikipediya”nın üstünlüklərindən biri də onun internet istifadəçisi tərəfindən redaktə edilə bilmə imkanının olmasındadır: “Məsələn, əgər kitab şəklində tərtib olunan ensiklopediyadakı hansısa məlumat kitab nəşr olunandan hətta 1 gün sonra belə artıq köhnəlmiş məlumat ola bilərsə, “Vikipediya”da bu baş vermir. Redaktə olunma imkanı “Vikipediya”dakı məlumatların daim yenilənməsinə şərait yaradır. Edilən redaktələr, əlavə və düzəlişlər “Vikipediya”nın təcrübəli istifadəçiləri, idarəçiləri tərəfindən yoxlanılır. “Vikipediya”nın bir başqa üstünlüyü burada etibarlı mənbələrə üstünlük verilməsidir. Bəzən məqaləyə yerləşdirilən hər hansısa bir cümlənin, hətta bir sözün belə həqiqəti əks etdirdiyinin sübutu kimi onlarla mənbəyə istinad olunur”. Bu gün faktiki olaraq Azərbaycan dilində olan “Vikipediya” azərbaycandilli internetdə ən böyük onlayn ensiklopediyadır və o, hər keçən gün daha da zənginləşir və inkişaf edir. Bununla belə bizim fikrimizcə, bu inkişafı daha da sürətləndirmək, alınan nəticələri daha qənaətbəxş etmək mümkündür. Bir sadə misal çəkək – “Vikipediya”nın ingilisdilli bölməsində bu gün 4 milyon 145 min məqalə, almandilli bölməsində 1 milyon 537 min məqalə, rusdilli bölməsində 954 min məqalə toplansa da, azərbaycandilli bölmədəki məqalələrin sayı cəmi 93 minə yaxındır. Təbii ki, bizim ingilisdilli, almandilli “Vikipediya”larla məqalə sayına, zənginliyinə görə yarışmaq fikrimiz yoxdur. Çünki dünyada bu dillərdə danışan, bu dillərdə yazıb-oxumağı bacaran insanların sayı Azərbaycan dilində yazıb-oxuya bilən insanlardan qat-qat çoxdur. Amma hər halda bütün dünyada 50 milyon insanın öz ana dili hesab etdiyi Azərbaycan dilinin “Vikipediya”sına da cəmi 95 min məqalə heç yaraşmır. Bu məqalələrin sayı indilik ən azı bundan bir neçə dəfə çox olmalı idi. Bizim ictimaiyyətə müraciət etməyimizin ən başlıca səbəbi də elə diqqəti bu istiqamətə yönəltməkdən ibarətdir: “Bu gün azərbaycandilli “Vikipediya” məqalə sayına görə 285 dildə olan “Vikipediya” bölmələri arasında 45-ci yerdədir. Türkdilli “Vikipediya”lardan Türkiyə türkcəsində olan “Vikipediya” 210 min məqalə ilə 25-ci, qazaxdilli “Vikipediya” isə 205 min məqalə ilə 26-cı yerdədir. Azərbaycan dilində danışan insanların sayını nəzərə alsaq, bizim “Vikipediya” da hazırda ən azından ilk 25-likdə yer almalı idi. Amma çox təəssüflər olsun, bizim “Vikipediya”da qeydiyyatdan keçən istifadəçilərin sayı bu gün 53 minə yaxınlaşsa da, ay ərzində redaktələr edən, məqalələri zənginləşdirən istifadəçilərin sayı 500-ü keçmir və bu 500 istifadəçidən də cəmi 20-30-u fəal surətdə “Vikipediya”da fəaliyyət göstərir”. Əslində “Vikipediya”nın inkişaf etdirilməsinin yolu çox sadədir: “Məsələn, bir sıra ölkələrdə öz dillərində olan “Vikipediya”ların inkişafı üçün kitab şəklində dərc olunan ensiklopediyalara müəllif hüquqları məhdudiyyəti qoyulmur və onlardakı məlumatları çox asanlıqla “Vikipediya”ya yerləşdirmək olur. Üstəlik, bir neçə ildən sonra həmin kitablardakı məlumatların bir qismi artıq köhnəlsə də, “Vikipediya”dakı məqalələr yeni əlavə və düzəlişlər hesabına özündə daha dolğun və daha yeni informasiya daşıyır. Amma Azərbaycanda işıq üzü görən ensiklopedik məlumat toplularının əksəriyyəti müəllif hüquqları ilə qorunur. “Vikipediya”da isə müəllif hüquqları ilə qorunan heç bir məlumat, şəkil yerləşdirmək olmaz. Bu “Vikipediya” prinsiplərinə ziddir. Bizim geniş ictimaiyyətə müraciət etməyimizdə əsas məqsədimiz Azərbaycanın elm ocaqlarından, təhsil müəssisələrindən, eləcə də sadə internet istifadəçilərindən “Vikipediya”nın zənginləşdirilməsi istiqamətində bizə yardımçı olmalarını istəməyimizdir. Müəlliflik hüquqları ilə qorunmayan hansısa ensiklopedik məlumat, hətta bu məlumat 3-5 cümlədən ibarət olsa belə “Vikipediya”nın inkişafına töhfə sayıla bilər”. Belə bir zəngin onlayn ensiklopedik məlumat bazasının mövcudluğu internetdə Azərbaycan dilində maarifçilik işinin aparılması istiqamətində irəliyə doğru atılmış iri addımdır. Zaman keçdikcə “Vikipediya”nın Azərbaycan dilində əvəzsiz bir ensiklopedik baza olacağına şübhə yoxdur. Gəlin bu ensiklopediyanı birlikdə yazaq. Qloballaşan dünyada informasiyanın yayılması və qəbul edilməsi, demək olar ki, sərhəd tanımır. Özündə müxtəlif dillərdə saysız-hesabsız məqalələr toplusunu birləşdirən “vikipedia.org” saytı dünyanın ən populyar informasiya daşıyıcılarındandır. Saytda azərbaycandilli məqalələr də mövcuddur, amma, təəssüf ki, onlar həm kəmiyyət, həm də keyfiyyət baxımından qənaətbəxş deyildir. Nəzərə alaq ki, “Vikipediya” həm də güclü bir təbliğat vasitəsidir və orada yerləşdirilən məlumatlarla bütün dünya tanış olmaq imkanı əldə edir. Dövlətimiz son zamanlar bu sahəyə diqqəti daha da artırıb. Buna bariz nümunədir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2013-cü ili “İnformasiya- kommunikasiya texnologiyaları ili” elan etmişdir və bu çərçivədə həyata keçirilən tədbirlər planına “Vikipediya” kimi qlobal informasiya resurslarında Azərbaycanla bağlı məlumatların sayının artırılması, ölkəmizdə “Vikipediya” könüllülük hərəkatının genişləndirilməsi daxil edilib. Bu münasibətlə ölkəmizin ali təhsil müəssisələri arasında ilk olaraq Bakı Slavyan Universiteti (BSU) öz yeni layihəsi olan “VikiUniversitet”lə “Vikipediya” hərəkatına qoşulub. Bu barədə "ICTnews.az"a BSU-nun mətbuat xidmətindən məlumat verilib. Məlumatda qeyd olunur ki, universitet rektorluğunun geniş iclasında “VikiUniversitet” adlı qurumun struktur baxımdan formalaşması, onun əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin müxtəlif sahələr üzrə məqalələrin hazırlanması məsələləri müzakirə edilib. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal Abdullayev bu qurumun formalaşmasını və ciddi fəaliyyətə başlamasını günün tələbi kimi vurğulayaraq Azərbaycanla bağlı gerçəklərin dünya ictimaiyyətinə dolğun, eyni zamanda düzgün şəkildə çatdırılmasında “Vikipediya”nın əvəzsiz üstünlüyündən danışıb. Qərara alınıb ki, “VikiUniversitet”in çoxşaxəli işinə BSU-nun professor-müəllim heyətinin üzvləri, tədqiqatçı və mütəxəssislərlə yanaşı, müasir informasiya texnologiyalarından istifadəyə xüsusi maraq göstərən fəal tələbələr də cəlb edilsin. “VikiUniversitet” fəaliyyətinin ilkin mərhələsində BSU-da keçirilən beynəlxalq konfransları və simpoziumları, müxtəlif elm sahələri üzrə gerçəkləşən layihələri, fakültə və kafedraların, elmi-tədqiqat laboratoriyaları və tədris-mədəniyyət mərkəzlərinin işini, elmi və pedaqoji fəaliyyətini, zəngin və mənalı tələbə həyatını, universitetin daim genişlənən beynəlxalq əlaqələrini əks etdirən məlumatları müxtəlif dillərdə “Vikipediya” oxucularına təqdim edəcəkdir. Yaxın gələcəkdə isə müasir Azərbaycan gerçəklikləri, qədim tariximiz və zəngin mədəniyyətimiz ilə bağlı məqalələrin ümumilikdə isə azərbaycançılıq məfkurəsinin inkişafına, ölkəmizin dünyada nüfuzunun daha da artmasına xidmət göstərə biləcək hər bir addımla bağlı məlumatların tükənməz oxucu auditoriyasına çatdırılmasında israrlıdır.
Viki-mühitdə Azərbaycan xalqının maraqlarının qorunması, milli-mənəvi dəyərlərinin tanınması məqsədi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda "Vikipediya" ensiklopediyasında olan ümumi vəziyyət və problemlər araşdırılmaqdadır. AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova məlumat verib. Onun sözlərinə görə, virtual məkanda vəziyyət və viki-texnologiyanın informasiya axtarışında rolu analiz edilir: "Viki-layihələr, onların təyinatı və informasiya təbliğatında rolu araşdırılır, "Vikipediya" ensiklopediyasının əhəmiyyəti və imkanları öyrənilir, sosial-demoqrafik portretinin analizi həyata keçirilir. Həmçinin doktorant və dissertantlara müxtəlif sahə mütəxəssislərinə "Vikipediya" mövzusunda mühazirələr keçirilir, treninqlər aparılır. Viki-mühitdə Azərbaycan həqiqətləri haqqında viki-kontentin vəziyyətinin analizi nəticəsində məlum olub ki, bu sahədə viki-mühit yetərincə deyil, mövcud kontentlərin isə keyfiyyəti aşağıdır, bəzi hallarda isə həqiqətə uyğun deyil", problemi aradan qaldırmaq üçün viki-mühitdə Azərbaycan xalqına qarşı potensial təhlükə mənbəyi olan məlumatların düzgün, tam və elmi baxımdan əsaslandırılmış informasiya ilə əvəz olunmasına ehtiyac var: "Azərbaycan haqqında obyektiv, operativ, dolğun informasiyanın, audio-materialların "Vikipediya" ensiklopediyasına daxil edilməsi dövrün tələbi kimi qarşımızda durur. Respublikanın dövlət qurumlarında, kitabxanalarda, universitetlərdə, elmi-tədqiqat institutlarında və digər təşkilatlarda Azərbaycan xalqının milli-mənəvi dəyərləri, tarixi həqiqətləri, tanınmış şəxsləri haqqında müxtəlif əyərli məlumatlar saxlanılır. Bu kontentlərin "Vikipediya" ensiklopediyasına daxil edilməsi və bu işə alim, ziyalı və müxtəlif sahələr üzrə mütəxəssislərin cəlb edilməsi Azərbaycanın dünyada daha yaxından tanınmasına şərait yarada bilər".
İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademiyanın müxbir üzvü, texnika elmləri doktoru, professor Rasim Əliquliyevin və İTİ-nin sektor müdiri İradə Ələkbərovanın birgə müəllifliyi ilə “Vikipediya. Vurtual ensiklopediya” kitabı “İnformasiya Texnologiyaları” nəşriyyatında çap olunmuşdur. AMEA İTİ-nin Elmi Şurasının qərarı ilə ilk dəfə nəşr olunmuş kitabda Vikipediyanın yaranma tarixi, hazırkı vəziyyəti haqqında ətraflı məlumat verilir və mövcud problemlərə toxunulur. Kitabın “Giriş”ində oxucu üçün olduqca maraqlı məlumatlar vardır. Burada bildirilir ki, Vikipediya ensiklopediyası 2001-ci il yanvarın 15-də fəaliyyətə başlamış, İnternet şəbəkəsində yerləşdirilməsindən bir necə il sonra dünyanın 10 ən populyar saytı sırasına daxil olmuşdur. Ötən il isə Vikipediya ensiklopediyası İnternetdə fəaliyyət göstərən təxminən 230 milyon sayt arasında müraciətlərin sayına görə birinci yeri tutmuşdur. Carı ilin may ayına olan məlumata görə, Vikipediya ensiklopediyasında 15,7 milyon məqalə yer almışdır. Əsərdə ensiklopedik məqalələrin yaradılması üçün tətbiq edilən qayda və mexanizmlər geniş şərh edilir. Bununla yanaşı, vəsaitdə Vikipediyanın müxtəlif törəmə layihələri və İnternetdə yerləşdirilmiş bir sıra populyar ensiklopediyalar haqqında məlumatlar da öz əksini tapmışdır. Kitabda Vikipediyadan informasiyanı daha asan əldə etmək imkanları, həmçinin yeni məqalələrin yaradılması və redaktəsi üçün daha optimal üsullar da göstərilmişdir. Müəlliflər Vikipediya ensiklopediyasının yeni istifadəçiləri üçün yaranan çətinlikləri də nəzərə alaraq, onların müzakirələrdə, səsvermələrdə sərbəst iştirak etmələri üçün kitaba Vikipediya terminlərini, eləcə də populyar ensiklopediyaların İnternet ünvanlarını da daxil etmişlər. Vikipediya qeyri-hökumət təşkilatı olan Vikimedia Fondu tərəfindən yaradılmış Onlayn ensiklopediyadır. Vikipediyanı Britannika kimi digər internet ensiklopediyalardan fərqləndirən əsas cəhət onun açıq olması, yəni istənilən internet istifadəçisinin onu redaktə edə bilməsidir.
Ensiklopediyanın əsas tələbi yazılan məqalələrdə və əlavə edilən məlumatlarda neytral nəzər nöqtəsinin (NPOV — Neutral Point Of View) qorunmasıdır. Yəni burada "…ən gözəl şəhər Bakıdır" kimi şəxsi mülahizələr qeyd edilməməlidir. Təbii ki, resursun açıq olması eyni zamanda bir sıra problemlər yaradır. Məsələn, Dağlıq Qarabağ münaqişəsi mövzusuna dair Vikipediyanın azərbaycanlı və erməni istifadəçiləri arasında qızğın fikir mübadiləsi gedir, müzakirələr açılır. Bu halda kimin haqlı, kimin haqsız olduğunu yalnız belə müzakirələr və Vikipediya arbitrlarının qərarı müəyyən edə bilər. Məsələn, soydaşımız Təbib Hüseynov Dağlıq Qarabağla əlaqəli belə bir "məhkəməni" udub. Lakin digər mövzularda azərbaycanlı və erməni vikipediyaçılar arasında müzakirələr ingilis, fransız, rus, türk dillərində olan Vikipediyalarda hələ də davam edir. Vikipediyada məqalələrin yazılması olduqca asandır və HTML səhifələrindən fərqli olaraq xüsusi biliklər tələb etmir. Mündəricatın yaradılması, keçid və şəkillərin əlavə edilməsi, şablonlar və digər funksiyalar avtomatlaşdırıldığından məqalələri qısa müddət ərzində asanlıqla yaratmaq mümkündür. Təsadüfi deyil ki, havaylıların dilində wiki sözü "tez", "cəld" mənasını verir. Hər zaman neytral nəzər nöqtəsindən çıxış edərək yazın və yazdığınız məqalələrin mənbəyini göstərin. Bu idarəçilərin və oxucuların sizin məqalənizə olan etimadını artıracaq və mümkün mübahisələrin qarşısını alacaq. Mənbələri xarici keçidlər vasitəsilə "Mənbə", "Xarici keçidlər", "İstinadlar" başlıqlı bölüm(lər)də sadalayın. Günümüzdə aktual olmayan, lakin bir neçə il sonra ciddi problemlərə səbəb ola biləcək daha bir vacib məqam müəllif hüquqlarıdır. Əgər əlavə etdiyiniz məqalə, şəkil və ya media faylının bir neçə il sonra ensiklopediyadan xaric olunmağını istəmirsinizsə, ən azı müəllifinin adını qeyd edin. Yeni məqalə yaratmaq üçün xüsusi Kömək:Yeni məqalə yarat səhifəsində başlığı daxil edib, "Məqalə yarat" düyməsini seçin. Seçdiyiniz başlıqlı məqaləni redaktə etmək üçün digər səhifəyə keçəcəksiniz. Burada məqalənin mətnini daxil edib "Səhifəni qeyd et" düyməsini seçməklə onu Vikipediyaya daxil edin.

3.Ədəbiyyat siyahısı

1. www.ictnews.az/index.php


2. az.m.wikipedia.org/wiki
Yüklə 30,61 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin