● Ayə 57:
﴿وَتَاللَّهِ لَأَكِيدَنَّ أَصْنَامَكُم بَعْدَ أَن تُوَلُّوا مُدْبِرِينَ﴾
“And olsun Allaha ki, siz olmayan vaxt bütləriniz üçün plan cızacağam.”
Nöqtələr
Həzrət İbrahimin belə qəti və hədələyici bəyanı ilə bağlı təfsirçilər arasında fikir ayrılığı var. “Təfsire-Safi” və “Təfsire-Əl-mizan”da bildirilir ki, bu cümlə açıq-aşkar bəyan olunmamışdır. Onlar düşünürlər ki, bir millətin tanrılarına qarşı təkbaşına mübarizəyə çağırış ehtiyata ziddir. Amma bu fikir əsaslı görünmür. İlahi insanlar adi insanlardan fərqlənir. Onların ilahi risalətinə heç nə mane ola bilməz. Ötən ayələrdə bildirilir ki, İbrahim xalqa aşkar şəkildə belə bəyan etdi: “Siz və atalarınız aşkar azğınlıqdasınız.” İmam Hüseynin (ə) bacısı həzrət Zeynəb Şamda əsir olduğu vaxt Yezidə buyurdu: “Mən səni alçaq sayıram.” Sonra xanım Yezid hökumətini tənqid atəşinə tutdu.
İmam Xomeyni (r) şahın hakimiyyət zirvəsində olduğu, təpədən dırnağadək silahlandığı, daxildən və xaricdən himayə olunduğu bir vaxt qətiyyətlə buyurdu: “Şah getməlidir!” İmam şahın canişininə belə dedi: “Mən bu dövlətin ağzından vuraram.” Onun dünyaya hakimlik iddiasında olan Amerikaya ünvanlanmış “Amerika heç bir qələt edə bilməz” bəyanatı hansı siyasi mülahizə və adi ehtiyatla bir araya sığır?!
Bəziləri düşünürlər ki, fəsadla mənfi (sadəcə arxa çevirməklə) mübarizə aparılmalıdır. Böyük şəxsiyyətlərdən birinin dövründə kinoteatrlar əxlaqsız filmlər nümayiş etdirməklə gənc nəsli mənəviyyatsızlığa aparırdı. Həmin şəxs bildirmişdi ki, əgər xalq kinoteatrlara getməsə, onların fəaliyyətinə son qoyular. Amma yuxarıdakı ayə bu sayaq təfəkkürü məhkum edir. Bildirilir ki, fəsadın kökü qazılmalıdır. Elə buna görə də, həzrət Musa hirslənib buzovu oda çəkdi, İslam Peyğəmbəri (s) nifaq yuvasına çevrilmiş “Zirar” məscidini uçurdu.
Dostları ilə paylaş: |