Ön söz Giriş


III.9. Qaz və qaz-kondensat yataqlarının işlənilmə xüsusiyyətləri



Yüklə 2,36 Mb.
səhifə58/93
tarix21.12.2023
ölçüsü2,36 Mb.
#188821
1   ...   54   55   56   57   58   59   60   61   ...   93
meden-geologiyasi-muhazire

III.9. Qaz və qaz-kondensat yataqlarının işlənilmə xüsusiyyətləri
Qaz və qaz-kondensat yataqları əsasən çox böyük dərinlikdə (3-4 km və daha çox) yatan laylarla əlaqədardır. Onlar ən müxtəlif yatma şəraitləri ilə səciyyələnirlər (struktur, tektonik, ekran və s.). Bu tip karbohidrogenlərin yanacaq-enerji kompleksindəki rolu olduqca böyükdür. Qeyd etmək lazımdır ki, Azərbaycanda da xeyli sayda qaz və qaz-kondensat yataqları kəşf edilərək işlənilir (Qaradağ, Bahar, Cənub, Şah-Dəniz və s.).
Qaz və qaz-kondensat yataqlarının işlənilmə sistemləri neft yataqlarında olduğu kimi onların ehtiyatlarından maksimum istifadə edilmə tələbini qarşıya qoyur. Bu tələbatı təmin etmək üçün müvafiq işlənilmə layihələri tərtib olunmalıdır. Burada qaz və qaz-kondensat yataqlarının işlənilməsində ümumi və spesifik məsələlərin həlli tələb olunduğundan, onların xüsusiyyətləri aşağıda verilir.
Qaz yataqları
Müxtəlif yaşlı çöküntü kompleksləri ilə əlaqədar olmaqla qaz yataqları bir və ya çox laylı ola bilər. Onların kollektor xassələrinin əsasını məsaməli, çatlı, kavernalı süxurlar təşkil edir. Bu yataqlarda qaz əsasən (94-99%) metandan ibarətdir. Onların tərkibində az miqdarda etan və propanın iştirakı da istisna deyil.
Yataq çoxlaylıdırsa, onu neft yatağında olduğu kimi ayrı-ayrı istismar obyektlərinə bölərək işlənilməyə verirlər. Bu tip yataqlarda iki və ya daha çox layın birgə işlənilmə üsulu da tətbiq edilə bilər.
Qaz yataqlarının rejimi əsasən qaz və subasqı formalarında özünü göstərir. Onların işlənilməsi yalnız təbii enerji mənbəyi ilə həyata keçirilir (qaz yataqlarında laya su vurulmur). Onu da qeyd etmək vacibdir ki, burada lay enerjisinin təzahürü mahiyyətcə neft yataqlarından kəskin fərqlənir: neft yataqlarında ən effektli olan subasqı rejimi qaz yataqları üçün arzuolunmazdır.
Belə ki, subasqı rejimində kənar sular laya intensiv və qeyri bərabər hərəkət edir, onun qazlılıq sahəsini ayrı-ayrı hissələrə bölür. Nəticədə quyuların istismarı mürəkkəbləşir. Onu da qeyd edək ki, qaz yataqları sulaşdıqda quyularda izolə (təcrid) işləri effektli olmur və çox vaxt onların istismardan çıxmasına gətirib çıxarır. Su ilə parçalanmış qazlı sahənin ehtiyatından səmərəli istifadə etmək üçün isə yeni quyular qazılır və işlək fondun hasilatının tənzimlənilməsi həyata keçirilir.
Yataq qaz rejimlidirsə (ətraf sular hərəkət etmədikdə), onun işlənilmə prosesini daha effektli aparmaq olur. Belə yataqlarda layın geoloji şəraitindən (geoloji müxtəliflik, keçiricilik və s.) asılı olaraq quyu şəbəkəsi seçilir. Qazın neftə nisbətən daha aktiv hərəkətini nəzərə alaraq qaz yataqlarında quyular arasında məsafə daha çox götürülür (500-700 m və daha çox). Belə laylarda yeganə qazdinamiki sistem yaranır: tədricən enməkdə olan lay təzyiqi yatağın bütün sahəsini əhatə edir. Tədqiqatlar göstərir ki, qaz yataqlarında lay təzyiqinin aşağı enməsi ona yuxarıda yatan layların təsirini (dağ təzyiqini) artırır. Bu isə öz növbəsində süxurların keçiriciliyini və məsaməliyini azaldır ki, bu da quyuların istismarını mürəkkəbləşdirə bilər.
Qaz-kondensat yatağı
Təbiətdə karbohidrogen yataqları ilk olaraq neft və qazdan ibarət olurlar. Yataq əmələgəlmə proseslərində strukturun enməsi baş verdikdə (yatma dərinlikləri artdıqca) lay təzyiqi də artır və təxminən 25-30 MPa-ya çatdıqdan sonra neft qazla qarışır və bir fazalı faydalı qazıntıya çevrilir. Bu prosesə buxarlanma və ya kondensasiya prosesi, başlanğıc həddinə isə kondensat əmələgəlmə sərhədi deyilir. Müxtəlif region və yataqlarda bu sərhədin qiyməti geniş diapazonda dəyişir. Yataq işlənilməyə verildikdən sonra burada tədricən lay təzyiqi aşağı düşür və əks proses baş verir: lay təzyiqinin səviyyəsi kondensat əmələgəlmə həddinə çatır. Onda layda kondensat əmələgəlmə prosesi baş verir: qazdan maye fraksiyası kimi kondensat ayrılır və süxur məsamələrinə hopur. Bu prosesə retroqrad təzahürü də deyilir. Kondensatın layda yaranması əslində onun hasil edilməsini qeyri-mümkün edir. Odur ki, retroqrad təzahürünün qarşısının alınması vacibdir. Bu məqsədlə müvafiq tədbirlər həyata keçirilməlidir. Tədbirlər müxtəlif olsa da, onlar xarakter etibarı ilə yatağın işlənilməsində lay təzyiqinin kondensatəmələgəlmə həddindən aşağı enməsinin qarşısını almağa kömək etməlidirlər. Bu məqsədlə laya aşağıdakı təsir üsullarından istifadə edilir:
1. Laya suyun vurulması. Bu üsulla layın təzyiqini saxlamaq üçün yatağın quruluşundan asılı olaraq vurucu quyular yerləşdirilir. Vurulan suyun həcmi laydan hasil edilən qazın həcminə müvafiq qəbul edilir. Proses işlənilmənin əvvəlindən həyata keçirilməlidir. Ondan müvəffəqiyyətlə istifadə edilirsə, yataqdan eyni zamanda qazla bərabər kondensat da çıxarıla bilər. Lakin suvurma prosesinin qaz-kondensat yataqlarının işlənilməsində tətbiqi çox vaxt müxtəlif mürəkkəbləşmələrlə qarşılaşır. Belə ki, yatağa vurulan su yüksək keçiriciliyə malik laylarla istismar quyularına doğru qeyri-bərabər hərəkət edib onları sıradan çıxarır. Bundan əlavə, laya vurulan suyun qeyri-bərabər hərəkəti yatağın qazla doymuş sahəsini müxtəlif zonalara parçalaya bilər. Belə hallarda yatağın son qazvermə əmsalının səviyyəsi azalır.
2. Laya qazın vurulması. Yatağın işlənilmə prosesində lay təzyiqinin düşmə tempini azaltmaq üçün həmin laydan hasil edilmiş qaz yenidən laya vurulmalıdır. Bunun üçün əvvəlcə həmin qazlardan kondensat ayrılmalıdır. Odur ki, laya vurulan belə qazlara bir qayda olaraq “quru qazlar” deyilir. Qaz-kondensat yataqlarının işlənilməsinin bu texnologiyasına sayklinq prosesi deyilir. Bu proses hasil edilən qazda kondensatın faizi müəyyən həddə qədər azalanadək həyata keçirilir. Bundan sonra sayklinq prosesi dayandırılır, qazvurucu quyular da istismar fonduna keçirilir və adi qaz hasiledici quyu kimi istifadə edilir. Məhz bu andan sonra qaz-kondensat yatağının qaz yatağına çevrilməsi baş verir.
Bəzi qaz-kondensat yataqları neftli zolaqlarla da səciyyələnir. Onlar müxtəlif ölçüdə olmaqla strukturun aşağı hissələrində yerləşirlər. Belə yataqlara neft-qaz-kondensat yatağı deyilir (şək.III.24).



Şəkil III.24. Neft zolağı olan qaz-kondensat yatağı

Bu tip yataqların bütün faydalı komponentlərinin (neftin, qazın və kondensatın) itirilmədən hasil edilməsi çox vacib xalq təsərrüfatı əhəmiyyəti vardır. Lakin, bu problemin həllinin universal yolu yoxdur. Konkret yataqların geoloji quruluşundan, flüid paylanılmasının xarakterindən və s. asılı olaraq neft, qaz və kondensat ehtiyatlarından maksimum istifadə üçün əsaslandırılmış layihələr tərtib olunmalıdır. Burada aşağıdakı proseslər proqnozlaşdırılmalıdır:


1 – yataqda neftli zolağın ilk növbəli işlənilməsi. Bu halda lay enerjisi nisbətən yüksək olduğundan neft ehtiyatı daha çox realizə oluna bilər. Lakin prosesin belə aparılması lay təzyiqinin tədricən aşağı enməsinə gətirə bilər ki, bu da yatağın qazlı hissəsində kondensatın qazdan ayrılaraq “itirilmiş” hala çevirir. Digər tərəfdən, neft hasil edildikcə quyuların drenaj zonalarına intensiv qaz axımı da baş verə bilər. Bu proses quyuların istismarını çətinləşdirir və yatağın qazhidrodinamiki şəraitini mürəkkəbləşdirir.
2 – yatağın qazla doymuş hissəsinin ilk növbəli işlənilməsi. İşlənilmənin bu variantı sayklinq prosesi aparılmadıqda effektli sayılmır: qazın hasili nəticəsində lay təzyiqi kəskin enir ki, bu da layda kondensatın qazdan ayrılması ilə yanaşı neftli zolaqdan neftin qazlı zonaya axımına gətirə bilər. Belə hallarda neftli zolağın özündə də lay təzyiqi aşağı düşür. Bütün bunlar yatağın neftli zolaqdakı neftinin hasilatını çətinləşdirir.
Qeyd edilənləri nəzərə alaraq, neft zolaqlı qaz-kondensat yataqlarında ən mütərəqqi texnologiya “kombinasiya olunmuş” (birgə tətbiq olunan) üsuldur. Bu halda yatağın qazhidrodinamiki şəraitini mürəkkəbləşdirilməməsi şərti ilə onların birgə hasilatı aparılır.
Burada flüid hasilatının aşağıdakı variantı nəzərdə tutulur: yatağın qazlı hissəsində sayklinq prosesinin tətbiqi ilə kondensatın hasilatı; eyni zamanda neft zolağındakı neftin hasilatını konturarxası və konturyanı suvurma prosesi ilə aparılması; işlənilmənin son mərhələsində isə qaz hasilatının həyata keçirilməsi.
Lakin bu texnologiya yalnız müəyyən geoloji şəraitdə effektli ola bilər.
Odur ki, qaz-kondensat-neft yataqlarında işlənilmə sistemini seçmək üçün riyazi statistikada geniş tətbiq olunan optimallaşdırma qoyuluşlarından istifadə edilməli və onlardan ən əlverişli variant seçilməlidir.



Yüklə 2,36 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin