Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na görə, enerji təchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Enerji təchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyəti ilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur.
Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.
Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır.
Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar.
Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar.
Enerjisistemdə və ya müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə, enerji təchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.
Enerji təchizatı müəssisəsi dəymiş ziyan haqqında istehlakçıdan daxil olmuş müraciətə on gündən gec olmayaraq baxır və bu Qaydalara uyğun olaraq istehlakçıya ödəniş ödəyir.
Enerji təchizatı müəssisəsi balans mənsubiyyəti sərhədində və şəbəkəsində elektrik enerjisinin keyfiyyət göstəricilərini qüvvədə olan standartların tələblərinə uyğun saxlamağa borcludur.
Enerji təchizatı müəssisəsinin təqsirindən istehlakçıya aşağı keyfiyyətli (bir və ya eyni zamanda bir neçə göstərici üzrə) elektrik enerjisi buraxıldıqda, enerji təchizatı müəssisəsi, buraxılmış aşağı keyfiyyətli elektrik enerjisinin dəyərinin 25 faizi məbləğində istehlakçıya ödəniş ödəyir. Əgər aşağı keyfiyyətli elektrik enerjisinin təsirindən istehlakçıya ziyan dəymişdirsə, enerji təchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır.
Enerji təchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə görə cavabdehlik daşıyır.
Enerji təchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi iki nüsxədə tərtib olunur. Onlardan biri enerji təchizatı müəssisəsinə, digəri isə məişət abonentinə verilir.
“Bakıelektrikşəbəkə” ASC-nin nəzdində Texniki sahə üzrə “Qaynar xətt” (telefon: 012-440-29-21) və Enerji satışı üzrə “Qaynar xətt” (telefon: 012-440-44-04) fəaliyyət göstərir.
Qəza təhlükəsi və qəza hadisəsi ilə əlaqədar aşağıdakı nömrəli telefonlarla xəbər verilməlidir:
-
Yanğın söndürmə xidməti: 101
-
Polis: 102
-
Təcili tibbi yardım: 103
-
Fövqəladə Hallar Nazirliyi: 112
-
“Bakıelektrikşəbəkə” ASC-nin Qəza xidməti: 199
Dostları ilə paylaş: |