Orta Asiya və Mərkəzi Qazaxıstan Orta Asiya və Mərkəzi Qazaxıstan Qərbi Sibirdən və Uraldan cənubda,Altay dağından qərbdə və Xəzər dənizindən şərqdə yerləşir. Burada okeandan 3000-4000 km aralıda materik daxilində yerləşənTuqay tavası və Qazaxıstan xırda təpəliyi, Tarbaqatay sıra dağları və Cunqari Alatausu, Turan ovalığı və Yurt platosu, Kopetdağ, Pamir,Alay və TyanŞan dağlıq ölkələri cəmlənmişdir. Bu ərazi özünə-məxsus xüsusiyyətlərilə fərqlənən və fizikicoğrafi şəraitinə görə olduqca ziddiyyətlidir. MDBnin ən yüksək zirvəsi Orta Asiyanın Pamir dağlarında Kommunizm piki (7495 m) və TyanŞan dağlarında Qələbə piki (7439 m) yerləşir. Bununla yanaşı , quruda MDBnin ən alçaq nöqtəsi olan Manqışlaq yarımadasının cənubunda (-132 m) yerləşən Karagiye çökəkliyi burada yerləşir. Ərazinin başı qarlı və buz dağları, habelə dağ tundraları ilə xarakterizə olunan yüksək dağları ən isti və quraq səhraların qonşuluğunda yerləşir. İri buzlaqları və daimi qarlı zirvələri olan Pamir
dağları MDBnin ən isti qütbü sayılan AmuDəryanın orta axarında Termez qəsəbəsindən çox da aralı deyil.
Orta Asiya və Mərkəzi Qazaxıstanın çox hissəsi düzənlik və yüksəkliklərdən ibarət olub, paleozoy qırışıqlığına aiddir. Şimalda və şimali-qərbdə Qərbi-Sibir ovalığı və Rusiya düzənliyilə, cənubda və cənub-şərqdə isə dağlarla əhatə olunmuşdur. Onu cənubdan əhatə edən dağların az bir hissəsi (Kopetdağ) MDB-nin Orta Asiya ərazisindədir. Çox hissəsi isə sərhəddən kənardadır. Onu cənubdan dövrələyən dağlar
Orta Asiyanın əsas dağ sistemləri olub Pamir-Alay, Tyan-Şan, Cunqari Alatausundan ibarətdir.
Şimalda böyük bir sahədə Qazaxıstan xırda təpəliyi yerləşir. Burada qədim qırışıq struktura demək olar ki hər yerdə səthə çıxır və yeni çöküntülərlə az örtülmüşdür. Ərazinin qərb hissəsi daha qədim olub, kaledon qırışıqlığı strukturuna, şərq hissəsi isə hertsin qırışıqlığına aiddir. Qazaxıstan xırda təpəliyinin ovalıq və yüksəklik sahələrində yeni tektonik hərəkətlərlə əlaqədar qalxmalar baş vermişdir. Onun qərbində Ulutau dağı (1133 m) və şərqində isə Aksoran dağı (1565 m)yerləşir. Şərqdə hertsin qırışıqlığı nəticəsində yeni tektonik hərəkətlər baş vermiş, Tarbaqatay (2992 m), Cunqari Alatausu (4464 m) kimi dağlar daha yüksəyə qalxmışdır. TyanŞanın şimal silsilələri kaledon, cənub silsilələri hertsin qırışıqlığına, Pamir dağları isə alp qırışıqlığına aiddir. Pamirdən əlavə Kopetdağ da (2492 m) Alp geosinklinalı vilayətinə aiddir.
Orta Asiya və Mərkəzi Qazaxıstanın iqlimi aşağıdakı xüsusiyyətlərdən asılı olaraq müəyyənləşir:
Onun materikin daxilində və okeandan uzaqda yerləşməsi.
2) Nisbətən cənub enliklərdə yerləşməsi və bununla əlaqədar radiasiya balansının çoxluğu.
3) səth örtüyünün xarakteri və bununla əlaqədar atmosfer sirkulyasiyasının özünəməxsus xarakterik xüsusiyyətlərinin yaranması.
Ərazinin Avrasiya materikinin daxili hissəsində və okeandan uzaqda yerləşməsi burada kəskin kontinental iqlimin əmələ gəlməsinə şərait yaradır. Cənubda yerləşməsilə əlaqədar intensiv günəş radiasiyası kəskin kontinental iqlimli düzən rayonlarda arid xüsusiyyətləri daha da artıraraq ərazidə səhra landşaftını formalaşdırır.
Ərazidə mülayim qurşağın havaları üstünlük təşkil edir. Yayda isə ərazinin çox hissəsində tropik havalar transformasiya olunur. Mülayim qurşağın havaları şimalda arktik havalarla sərhədlənir. Arktik hava cəbhələri qışda orta hesabla 60-70° şm.enində yerləşərək tez-tez Orta Asiya ərazisinə, bəzən isə hətta onun cənub rayonlarına daxil olur. Mərkəzi Qazaxıstandan və Orta Asiyanın şimalından Asiya antisiklonunun qərb qolları keçir. Onun təsirinə qışda Orta Asiyaya şimaldan və şimalşərqdən soyuq və quru kontinental havalar daxil olur. TyanŞan dağları onların şərqə keçməsinə mane olur. (Burada soyuq hava kütlələri az qalınlığa malik olduğundan çox da hündür olmayan Karatau dağı da iqlim ayırıcı rol oynayır.)
Orta Asiyanın iqliminə ondan kənarda yerləşən dağ sistemləri də təsir göstərir. Onu cənubdan əhatələyən dağlar Cənubi Asiya mussonlarının daxil olmasına mane olur. Eyni zamanda onu qərbdən və cənub-qərbdən əhatə edən Böyük və Kiçik Qafqaz dağları, Ermənistan dağlıq yaylası, Zaqros dağları və s. 3600 km məsafədə uzanaraq yüksəkdən gələn hava cəbhələrinin deformasiya olunmasında mühüm əhəmiyyət kəsb edir.