Daxili suları. Yüksək dağlıq rayonları çıxmaq şərtilə, az rütubətliliyi, ərazinin çox hissəsində isə rütubətin çatışmaması ilə xarakterizə olunur. Ona görə də burada hidroqrafik şəbəkə çox seyrəkdir. Orta Asiyanın düzən sahələrində yağıntının az, buxarlanmanın çox olması, burada səthi axının çox cüzi olmasına səbəb olur.
Dağlıq ərazilərdə təqribən 700 m yüksəklikdən başlayaraq yağıntıların miqdarı artır. Maksimum yağıntı (2000 mm-ə qədər) 2000-3500 m yüksəklikdə müşahidə olunur, sonra isə yağıntının miqdarı azalır. Maksimum yağıntı zonasında axım əmsalı yüksək olub, 0.6-0.8 arasında dəyişərək, bəzən vahidə yaxınlaşır.
Orta Asiya çaylarının əsas qida mənbəyi yüksək dağlıq zonanın qar və buzlaq sularıdır. Orta Asiya çaylarının çoxu qarışıq halda qar suları ilə qidalanır. Onlarda gursululuq yay aylarına təsadüf edir. Burada çayların qidalanmasında qrunt suları mühüm əhəmiyyət kəsb edir. Bu xüsusilə qış aylarında daha aydın nəzərə çarpır.
Orta Asiyanın ən iri çayı AmuDəryadır. Onun uzunluğu 2540 km olub, Hindiquş dağının şimal yamacından başlanğıcını götürür. Bu çay dünyanın ən bulanıq çaylarından biridir. (3.3kq/m³)
Orta Asiyanın 2-ci böyük çayı olan Sırdərya Amu-Dəryadan uzun olsa da, (uzunluğu 3019 km) suyu ondan azdır. Sırdəryanın yuxarı axarını təşkil edən Narın çayı daxili TyanŞandan başlayır. Orta Asiya çaylarının nəqliyyat əhəmiyyəti azdır. Onların energetik və irriqasiya rolu daha böyükdür. Burada Vaxş çayı üzərində tikilmiş Nurek HESdə bəndin hündürlüyü 300 mdən artıqdır. Bundan başqa Vaxş çayı üzərində daha 6 iri HES tikilmişdir. İli çayı üzərində isə iri Kanqaçay HES və su anbarı yaradılmışdır.
Orta Asiya çayları əsas landşaft əmələ gətirən amillərdəndir. Burada oazislərdə olan mədəni landşaftla yanaşı çay vadilərində təbii komplekslər formalaşır. Buranın özünəməxsus mikroiqlim şəraiti, xüsusi torpaq-bitki örtüyü və heyvanlar aləmi mövcuddur.
Ərazidə həm şor, həm də şirin sulu göllər vardır. Şor göllər səhra zonasında geniş yayılmışdır. Dağlıq ərazilərdə belə, axarı olmayan göllər duzludur. Məsələn: İssukkul və Karakul. Ərazinin buzlaq və bənd gölləri şirin suludurlar. Mərkəzi Qazaxıstan və Orta Asiyada tektonik mənşəli göllər (Aral, Balxaş, İssukkul, Karakul və s.) daha çox yayılmışdır.
Aral Orta Asiyanın ən iri gölü olub, sahəsinə görə MDB ərazisində 2-ci, dünyada isə 4-cü göldür. (Xəzər, Yuxarı göl-Amerika, Viktoriya-Afrika) Onun sahəsi 64 min km², uzunluğu 428 km, eni 235 km, ən dərin yeri qərb sahilində 65 m-dir. Duzluluğu 10- 11‰-dir.
Orta Asiyanın 2-ci böyük gölü Balxaşdır. Uzunluğu 605 km, eni 74 km, maksimal dərinliyi 26 m-dir. Gölün qərb hissəsi şirin sulu, şərq hissəsi isə zəif şordur. Qışda göl donur. Göl gəmiçilik üçün əlverişlidir və orada balıq ovlanır.
Mərkəzi Qazaxıstan ərazisinin şimalında qara torpaqlar, cənuba doğru şabalıdı torpaqlar, daha cənubda isə qonur səhra-çöl torpaqları yayılmışdır. Orta Asiyanın düzənlik hissəsində boz-qonur torpaqların müxtəlif növləri yayılmışdır. Burada həmçinin takır torpaqları geniş yayılmışdır.
Orta Asiyanın dağlıq ərazisində aşağıdakı yüksəklik zonaları ayrılır: 1. Qonur və boz torpaqların yayıldığı səhra-çöl zonası.
2. Dağ-şabalıdı, tünd-boz və qəhvəyi torpaqların yayıldığı quru çöl zonası.
3. Müxtəlif torpaq örtüyünə malik olan meşə-çöl zonası.
4. Subalp dağ-çəmən və çəmən-çöl torpaqlarının müxtəlif yarımtiplərilə birlikdə yayılmış dağ-çəmən və çəmən-çöl terrasları.
5. Yüksək dağlığın çəmən, çəmən-çöl, səhra-çöl və quraq tundra torpaqları.
6. Daim qar və buzlaq zonası.
Qazaxıstan əyaləti təbii xüsusiyyətinə görə və eləcə də bitki örütüyünün xarakterinə görə mülayim qurşağa yaxındır.
Mərkəzi Qazaxıstanın şimal hissəsi çöl zonasına daxil olub (ən şimal hissədə müxtəlif otlu taxıl fəsiləli bitkilərdən ibarət çöl, cənubda isə quraq otlu,yovşanlı çöllərdən ibarətdir) cənuba doğru yarımsəhra ilə əvəz olunur.
Ölkənin dağlıq hissəsinin bitkiləri yüksəklikdən asılı olaraq aşağıdakı şəkildə dəyişir: Qonşu düzənlik ərazidə olan yovşanlı və şoranotulu səhra dağətəyi zonada yarımsəhra ilə, bir qədər yüksəklik artdıqda isə yovşanlı-taxıl fəsiləsi otlardan ibarət çöllərlə əvəz olunur. Sonra dağ-çimli taxıl fəsiləsi ot bitkilərindən ibarət çöllər, sonra dağ-çəmən,çöl və çəmən, daha sonra enliyarpaqlı meşə, ondan yuxarıda iynəyarpaqlı meşə, bundan yüksəkdə isə alp və subalp çəmənlikləri, habelə qayalıqlar və çılpaq səhralar yerləşir.
Orta Asiyanın cənub-şərq və şərq dağları.
Orta Asiyanın cənub-şərq və şərq dağları geoloji və fiziki-coğrafi xüsusiyyətlərinə görə fərqlənir. Ərazinin şimalı və mərkəzi dağlıq hissəsinin qırışıqlıq əsası paleozoy erasında formalaşmağa başlamışdır. Orta Asiyanın cənubunda paleozoy və mezozoy
qırışıqlığının əksetmələrilə yanaşı, kaynazoy qırışıqlığı da özünü intensiv şəkildə göstərir. Ərazinin istər şimalında, istərsə də cənubunda relyef cavan neogen və IV dövr qalxmaları ilə əlaqədar yaranmışdır. Dağlıq vilayətlərdə tektonik hərəkətlərin inkişafı seysmik hərəkətlərlə indi də davam edir.
Orta Asiyanın əsas dağ sistemi kimi Tyan-Şan və Pamir-Alay dağ sistemləri ayrılır. Bir çox coğrafların təklifinə görə, Tyan-Şan və Pamir-Alay dağlarının sərhəddi Fərqanə vadisi boyunca götürülür.
Fərqanə vadisindən cənubda Pamir-Alay dağ sistemi yerləşir və özünü sərbəst oroqrafik sahə kimi göstərir. O Pamir-Alay dağ sistemini Tyan-Şan dağ sistemlərindən tamamilə ayırır. Fərqanə vadisi Pamir-Alay və Tyan-Şan dağ sistemlərini ayıran oroqrafik sahə olmayıb, həm də daha geniş coğrafi əhəmiyyətə malikdir. B.P. Alisov Fərqanə vadisini mülayim iqlim qurşağının TyanŞan vilayətinə, bundan cənubda yerləşən Pamir-Alayı isə subtropik qurşağa aid edir. Fərqanə vadisi burada vacib iqlim sərhəddi kimi götürülür. Bundan əlavə Fərqanə vadisi bu 2 region arasında botaniki-coğrafi sərhəd rolunu oynayır. Beləliklə Pamir- Alay və Tyan-Şan dağları arasında sərhəd Fərqanə vadisi boyunca götürülür. Bəzi coğraflar Cunqari-Alatausunu TyanŞan dağ sisteminə aid edirlər. Əslində isə o, TyanŞan ilə Cənubi Sibir dağları arasında aralıq vəziyyəti təşkil edən sərbəst dağ sistemidir. Hər şeydən əvvəl Cunqari-Alatausu oroqrafik nöqteyi-nəzərdən Tyan-Şan dağ sistemindən geniş İli çayı dərəsi ilə ayrılır. Cunqari-Alatausunun Tyan-Şan və Dağlıq Sibir arasında aralıq vəziyyəti təşkil etməsi bitki örtüyündə də özünün göstərir. Cunqari-Alatausundan şimalda Alakol və Zaysan çökəklikləri arasında Tarbaqatay və Saur dağları yüksəlir. Bu qırışıq strukturaları Qazaxıstan xırda təpəliyinin davamı olub bir qədər yüksəyə qalxmışdır. Lakin bu sıra dağlar bir sıra xüsusiyyətlərə görə Qazaxıstan xırda təpəliyindən fərqlənir. Bu xüsusiyyətlərdən tektonik hərəkətlərin xarakterini, dağların daha yüksəyə qalxmasını, yüksəklik landşaft zonasının daha
geniş sahəni əhatə etməsini və s. cəhətləri göstərmək olar.
Beləliklə, Orta Asiyanın cənubşərq və şərq dağlarında aşağıdakı dağ sistemləri ayrılır: 1. Saur və Tarbaqatay; 2. Cunqari-Alatausu; 3. Tyan-Şan; 4. Pamir-Alay.
Saur-Tarbaqatay Saur və Tarbaqatay dağları bilavasitə Qazaxıstan xırda təpəliyinin hertsin qırışıqlığının strukturunun davamı olub, neotektonik hərəkətlərlə xeyli yüksəyə qalxmışdır. Saur və Tarbaqatay dağları onlarla Altayı bir-birindən ayıran Zaysan
dağarası çökəkliyi üzərində xeyli yüksəyə qalxır. Bioloji xüsusiyyətlərinə görə, bu dağlar Cənubi Sibir və Orta Asiya dağlıq fizcoğrafi ölkələri arasında keçid vəziyyətini təşkil edir. Saur silsiləsi iri qalxma massivi olub, hündürlüyü 3500 mdən artıqdır. Tarbaqatay dağları Saur dağlarından alçaq olub, hündürlüyü 2992 mdir. Bu dağlar əsasən, devon və karbonun şist, əhəngdaşı, qumdaşı çöküntülərindən, habelə vulkanogen və qranitli süxurlardan təşkil olunmuşdur. Dağ yamacları dərin dərələrlə parçalanmışdır.
Bununla yanaşı dağ massivləri və paltoların bel hissəsi zəif parçalanmışdır. Bu isə ərazidə qalxma sahələrinin cavan olmasını sübut edir. Ərazinin yüksək dağlıq zonasında müasir buzlaşmaya nisbətən daha böyük ölçülü qədim buzlaşma izlərinə rast gəlinir. Burada 2000-2500 m yüksəklikdən etibarən daimi donuşluq başlayır. Şimal yamacın dağətəyi zonasında və dağ çöllərində açıq-şabalıdı torpaqlar üzərində
yarımsəhra bitkiləri, ondan yuxarıda dağ şabalıdı və qara torpaqlar üzərində çöl şorakətli-çəmən bitkiləri bitir. Cənubda isə alçaq dağlıq çöl landşaftı, parçalanmış orta dağlıq çəmən çöl və kolluq landşaftı ilə əvəz olunur. Ərazidə Sibir qaraşamı və Tyan- Şan küknarından ibarət meşələr yayılmışdır. Burada küknar meşələrinə Sibir ağ şamı da əlavə olunur. Çay dərələri ilə meşələr 2600 m yüksəkliyə qədər qalxır. Sonra meşələr orta dağ çəmənləriylə, daha sonra isə yüksək dağ çəmənləriylə əvəz olunur. Həmin sahələrdə dağçəmən torpaqları geniş yayılmışdır. Burada həmçinin şaxta aşınması və daimi donuşluqla əlaqədar landşaft növləri yayılmışdır.