Səni vəfasız bilmirəm
Sən mənə uzaqsan, mən sənə uzaq,
Yaşamaq olarmı, gülüm, bu sayaq?
İndi yuxuma da basmırsan ayaq,
Mən səni vəfasız bilmirəm axı!
Bu sevgi bildiyim ömrə yük imiş,
Bir qara dumanmış, bəxtə çökübmüş.
Ayrılıq taleyin acı hökmüymüş,
Vüsal – sevənlərin ümid çırağı!
Zaman öz atını yaman kəc sürür,
Qismət vücuduna qara bürünür.
Həmişə yanımda yerin görünür,
Dayanmır ömrümün cavanlıq çağı!
Nakam alovlanan bir məhəbbətəm
Sevmişəm mən səni, qəbahətim nə?
Günahkar sevgidə səadətim nə?
Kimsə bilməyir ki, bu həsrətim nə?
Kimsə bilməyir ki, sənə həsrətəm!
Nakam alovlanan bir məhəbbətəm!
Səninəm, sevgilim, səninəm daha!
Qalmaz bu həsrətim, qalmaz sabaha!
Sevmişəm mən səni batıb günaha,
Doğmaya qürbətəm, yada qürbətəm,
Nakam alovlanan bir məhəbbətəm!
Sığmır məhəbbətim, sığmır qəlbimə!
Hamı heyrətdədir məhəbbətimə.
Açıb ürəyimi danışım kimə?
Bəxtə oyuncağam, eşqə alətəm,
Nakam alovlanan bir məhəbbətəm!
Dostları ilə paylaş: |