Sənin sağlığına içdiyim badə
Bu gecə bir badə aldım əlimə,
İçində qan rəngli qırmızı şərab...
Bir sağlıq söylədim ölən eşqimə,
Öpdüm o badəni dodaqlarından.
Yandım, külə döndüm, yandırdı məni,
İçdiyim badə də məhəbbətintək.
Sındırdı bu sevgi, sındırdı məni,
Mən səni sevəndə öləydim gərək.
Qan səpdi ruhuma bu badə gülüm,
İçinə sığmadım mən bu bədənin.
Tutdu gözlərimi bir qəfil ölüm,
Sandım ki, qanını içirəm sənin.
Mən səndən sevgimin qisasın aldım,
Bu badə ən ağır silahım oldu.
Sən getdin günahlar içində qaldım,
Bu sevgi ən böyük günahım oldu.
Səni sevirəm
Gözlə məni...
Arxandayam, çatım sənə.
Bir sözüm var, deyəcəyəm.
Gözləməsən qəzəbimdən öz-özümü yeyəcəyəm.
Gözlə məni, sevdiciyim.
Qoyma səndən mən inciyim.
Bəsdir daha yorulmuşam.
Günahdırmı bir gözələ vurulmuşam?
Səhər-axşam bu yollarda səni güdüb
Evinəcən ötürmüşəm.
Bilməmisən.
Hər bayramda ürəyimdə bu ünvana
Hədiyyələr gətirmişəm.
İndi yenə mən burdayam...
Yalvarıram, gözlə məni.
Birazca da özlə məni.
Bir pus məni, izlə məni.
Gözlə məni...
Arxandayam, hey qaçıram sənə sarı.
Biraz gözlə, öz sözümü deyim barı...
Sən inciyib küssən də mən deyəcəyəm.
Ürəyimi üzsən də mən deyəcəyəm.
Demədikcə bu söz yaman üzür məni.
Bir süzgəcdən milyon kərə süzür məni.
Dincliyimə qənim olma,
Gəl, dumanım, çənim olma.
Eybi yoxdur, mənim olma,
Amma gözlə, öz sözümü deyim sənə.
Hərdən səni çağırmaq da istəyirəm.
Bu sözümü kainata bağırmaq da istəyirəm.
Çatmır gücüm...
Nədir suçum?
İzn ver ki, bir an sənə çata-çata,
İcazə ver əllərini tuta-tuta,
Gözlərinə baxa-baxa,
Ürəyinə axa-axa,
Huzurunda utanaraq,
Rəng verərək, rəng alaraq,
Taparaq o cəsarəti,
Xeyli mətin, xeyli qəti,
Bir toxunub dəyim sənə,
Sonra tezcə deyim sənə -
Bilirsənmi, ürəyimdə bir sirrim var.
Ya öldürər, ya saxlayar,
Gizlisi lap pisdir bunun,
Bilməsəm də nədir sonu,
Dinlə məni, söyləyirəm,
Səni çox sevirəm...
İlahi sevişmə
İki ruh qovuşur buludlar kimi,
İçində dəli bir ehtiras!
Gecə dəli edib məhəbbətimi,
Bu gecə sevişməsəm olmaz!
Ülvi bir sevişmə!
Bir od püskürür içimdə, yandırır məni.
Elə bir yanğı ki, bu,
Bir eşqin önündə sındırır məni.
Gizli görüş!
Çılğın öpüş!
Sonu bilinməyən qaranlıq gecə,
Bu dəli sevdadan doyum mən necə?
Dodaq dodağa toxunur, bədən bədənə.
Gözlər yumulur, böyüyür sinə.
Öpüş istəyir mələyim!
Bu gecə çin olub diləyim!
Gəl, qeyd edək bu bayramı!
Heyrətlə baxsın hamı!
İki şərab şüşəsi,
Hər yanı bürüyüb cingilti səsi!
Şüşələrdən qan damır!
Eşqimiz günah tamır!
Bürünürük sulara
Günahı sular yuyur!
Soyunub bəxtimizi tullayırıq kənara,
Susuz qalıb quruyur!
Tamam batmışıq suya,
Nəfəsimiz dayanıb!
İki cansız bədənə baxır dünya!
Ruhlar vücudumuzdan ayrılıb.
Bizsə boğulmuşuq isti su vannasında.
Lüt-üryan, qol boyun, iki bədən hərəkətsiz.
Mələklər bizə baxır,
Biz də ruhlarımıza.
Bu ilahi sevişmə,
Bu sevişmə müqəddəs!
Boğdu öz ehtirasında,
Bizi bu doyulmaz seks!
Dostları ilə paylaş: |