Oxu təLİMİNİn metodikas I (mühazirə mətnləri) 2023 Ədəbiyyat



Yüklə 131,95 Kb.
səhifə10/27
tarix04.04.2023
ölçüsü131,95 Kb.
#93359
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   27
OTM (mühazirə mətnləri) yeni

Qeydlər aparmaqla oxu üsulunda məqsəd şagirdlərin oxu prosesində fəallığını artırmaq, vacib məlumatları, fikir və hadisələri yadda saxlamağına şərait yaratmaqdır. Səsli və səssiz oxu zamanı şagirdlərdən oxunun məzmunu ilə bağlı qeydlər aparmaq tələb olunur. Bunun üçün şagirdlərə müxtəlif tapşırıqlar verilir. Səsli oxuya başlamazdan əvvəl mətnin növü və mövzusu haqqında məlumat verilir, qeydlər apararkən diqqət ediləcək məqamlara toxunulur. Müəllim şagirdlərin diqqətini həmin istiqamətə yönəltmək üçün əsas cümlələri və ya hissələri ikinci dəfə oxuyur. Şagirdlər iş vərəqlərinə oxuduqları mətndə əhəmiyyətli hesab etdikləri məqamları qeyd edirlər. Oxu bitdikdən sonra şagirdlərin qeydləri dəyərləndirilir.
İşarələyərək oxu üsulunda məqsəd şagirdlərə mövzunu anlamağa kömək edən açar sözləri müəyyənləşdirməyi və əsas hissələri ayırd etməyi öyrətməkdir. “Qeydlər aparmaqla oxu” üsulundan fərqli olaraq bu üsulda şagirdlər əsas hissələri mətn üzərində işarələyirlər. Sonra isə seçdikləri həmin hissələri öz cümlələri ilə ifadə edərək yeni bir mətn hazırlayırlar. Beləliklə də, onlar həm də mətnin əsas ideyasını anlayırlar.
Təxmin edərək (proqnozlarla) oxu üsulunda məqsəd şagirdləri oxu prosesində daha da fəallaşdırmaq üçün müxtəlif yollarla onlarda mətnə qarşı maraq yaratmaqdır. Proqnozlarla oxu bir neçə yolla həyata keçirilir:

  • Əvvəlcə şagirdlər mətnin müəyyən hissəsini oxuyurlar. Müəllim şagirdlərə

  • "Mətndə baş verən və baş verə biləcək hadisələri" iki ayrı sütunda yazmağı tapşırır. Sonra mətnin davamını oxuyur və şagirdlər mətndəki hadisələrin necə nəticələndiyini başqa bir sütunda yazırlar.

  • Müəllim əvvəlcə mətnin bir hissəsini səsli oxuyur və mətnlə bağlı şagirdləri maraqlandıran ifadə və sualları lövhəyə yazır. Sonra isə mətnin davamı oxunulur və sualların cavabı mətndə tapıldıqca onların üstündən xətt çəkilir.

  • Müəllim şagirdlərə mətni oxumağa başlamazdan əvvəl mətnin başlığından, illüstrasiyalardan və s. istifadə edərək məzmunla bağlı fərziyyələr irəli sürməyi tapşırır. Səsli oxu zamanı oxunu dayandırıb, "Sizcə, ardı necə ola bilər?", "Mətnin davamında hadisələrin düşündüyünüz kimi baş verməsinin səbəbi nədir?" tipli suallar verməklə şagirdləri mətn üzərində düşünməyə istiqamətləndirmək olar.

Sual verməklə oxu üsulunda müəllim şagirdlərə oxudan əvvəl və oxu zamanı mətnin məzmunu ilə bağlı suallar hazırlamağı tapşırır. Məqsəd onları mətn üzərində düşünməyə təşviq etməkdir.
Tənqidi oxuda məqsəd şagirdləri suallarla mövzu üzərində düşündürmək, oxuduqları mətnin müsbət və mənfi tərəflərini dəyərləndirərək öz fikirlərini bildirməyə şərait yaratmaqdır. Onlar həm də mətndə təsvir olunan hiss, düşüncə və hadisələr arasında səbəb-nəticə əlaqəsi qurmağa çalışır, öz təcrübələri əsasında oxuduqlarını mənalandırırlar.
Xorla oxuda məqsəd şagirdlərin oxu və əməkdaşlıq bacarıqlarını inkişaf etdirməkdir. Bu zaman şagirdlər şeiri və ya nəsr əsərini hissələrə ayıraraq xorla oxuyurlar. Şagirdlər qruplara ayrılırlar və müəllim əvvəlcə mətni oxuyub izah edir. Sonra isə şagirdlər mətni xorla oxuyurlar. Xorla oxu üç formada təşkil oluna bilər:

  • Bütün siniflə: bu zaman mətni bütün sinif oxuyur.

  • Qruplarla: mətn hissələrə ayrılır və hər qrup bir hissəsini oxuyur.

  • Qarşılıqlı oxu: şagirdlər iki qrupa ayrılır, mətnin müəyyən hissəsini bir qrup, digər hissəsini isə ikinci qrup oxuyur.

Müzakirəli oxuda məqsəd şagirdlərin mətnin mövzusu ilə bağlı biliklərini, hiss və düşüncələrini başqaları ilə paylaşmağına, qarşılıqlı fikir mübadiləsi aparmağına şərait yaratmaq,bununla da onlarda məsələyə müxtəlif tərəflərindən baxmaq bacarığı qazandırmaqdır. Bu metodda mətni hissə-hissə və ya bütöv şəkildə oxumaq olar və müzakirə bütün siniflə, yaxud qruplarla keçirilə bilər. Müzakirənin sonunda isə ümumi fikirlərdən ibarət mətn tərtib olunur. Müzakirədə bütün şagirdlərin iştirakını və bir-birlərinin fikrinə hörmətlə yanaşmağını təmin etmək lazımdır.
Rollu oxuda məqsəd şagirdlərin mətnin quruluşunu, dilini, obraz və personajların xarakterini anlamağına nail olmaqdır. Şagirdlər mətni oxuduqdan sonra onu dialoq şəklində tərtib edir və teatr ssenarisi hazırlayırlar. Ancaq bir şərtlə ki, mətnin məzmununda heç bir dəyişiklik edilmir, adi danışıq cümlələri və hadisələr əsasında hər bir şagird özü oxuyacağı hissəni hazırlayır. Dialoq tərtib edərkən mətnin şagirdlər tərəfindən qavranılmasına da fikir vermək lazımdır. Yəni şagirdlər mətnin məzmunundan asılı olaraq oxuduqları hissələri izah etməyi bacarmalıdırlar.
Əzbərləmədə məqsəd şagirdlərin yaddaşını gücləndirmək, onlara cümlələrin quruluşunu, lüğət tərkibini, ana dilindən düzgün, səlis və gözəl istifadə etməyi öyrətməkdir. Bu metodda şagirdlər yaş səviyyələrinə, ehtiyac və maraq dairələrinə uyğun mətnləri (şeirləri, nəsr əsərlərini, kəlamları və s.) müəyyən müddət ərzində əzbərləyirlər. Sonra əzbərlənən mətnləri sinifdə və ya sinifdanxaric fəaliyyətlərdə təqdim edirlər. Əzbərləmə üsulu ilə şagirdlərin söz ehtiyatı, özünəinamı artır, onlarda ana dilindən düzgün istifadə bacarıqları formalaşır.
Müqayisəli oxuda məqsəd müqayisələr aparmağı öyrədərək şagirdlərin təfəkkürünü və bacarıqlarını inkişaf etdirməkdir. Oxudan sonra müəllim şagirdlərdən əvvəl oxuduqları mətnlərlə həmin mətnin oxşar cəhətlərini soruşur, onlara mətnləri məkan, zaman, obraz, mövzu, ideya, hadisə və personajlara görə müqayisə etməyi və onlar arasında əlaqə yaratmağı tapşırır. "Bu əsərin mövzusu ilə əvvəllər oxuduğunuz əsərin mövzusu arasında nə əlaqə var?", "Bu iki əsərin obraz və personajları arasında hansı oxşarlıqlar var?" tipli suallarla şagirdlərə istiqamət vermək olar.
İSOAT - “İzlə”, “Soruş”, “Oxu”, “Anlat”, “Təkrarla” 1960-cı ildə psixoloq Rohm tədris prosesində apardığı araşdırmalar əsasında oxu sürətinin, qavramanın, yaddasaxlamanın və oxuyub anlamanın keyfiyyətini artırmaq üçün oxu prosesini 5 mərhələdə təşkil etməyi təklif etmişdir. “İSOAT”ın açılışı belədir: “İzlə”, “Soruş”, “Oxu”, “Anlat”, “Təkrarla”.

  1. İzlə ̶ mətnin əvvəldən sona qədər nəzərdən keçirilməsi, ilkin baxış mərhələsidir. Burada verilmiş mətni bütöv oxumaq vacib deyil, bu zaman mövzunun adına, hər bir abzasın ilk və son cümləsinə, mətn daxilində xüsusi işarə və formalarla fərqləndirilən söz və ifadələrə diqqət yetirilir.

  2. Soruş. Bu addımda “izlə” mərhələsində oxunulanlarla bağlı suallar vermək şərtdir. Əgər oxuyarkən suallar yaranmayıbsa, deməli, mövzu kifayət qədər qavranılmayıb. Mövzu başlıqlarına, oxşar və fərqli cəhətlərə nəzər salarkən yaranan sualları imtahan sualları kimi bir vərəqdə qeyd etmək lazımdır. Bu addım cəmi 5-10 dəqiqə vaxt aparır.

  3. Oxu. Burada “Soruş” mərhələsində yazılan suallara cavab tapmaq və ehtiyac olarsa, onları qeyd etmək lazımdır. Eyni zamanda əsas fikirlərin, xüsusi işarəli söz və ifadələrin diqqəti daim cəlb etməsi üçün həmin hissənin (hissələrin) altından xətt çəkmək, yaxud xüsusi işarələrlə fərqləndirmək lazımdır.

  4. Anlat (İzah et). Bu mərhələdə “Soruş” mərhələsindəki sualların cavabları başqa bir adama anladılırmış kimi uca səslə izah edilir.

  5. Təkrarla. Nəzərə alsaq ki, öyrənilən biliklərin təxminən 70 %-i ilk bir saatda unudulur, onda “Anlat” mərhələsində məlumatın yenidən təkrarına ehtiyac yaranır. Məlumdur ki, kifayət qədər öyrənilməmiş məlumatları nəql etmək mümkün deyil. Buna görə də təkrarlar çatışmazlıqları görmək və tamamlamaq üçün faydalıdır.




Yüklə 131,95 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin