Tənəffüs. Şagird nəfəsi elə alıb-verməlidir ki, oxu prosesinə mane olmasın. Kitabın üzərinə çox əyilmə, sinəni partanın kənarına dirəmə prosesində nəfəsalma çətinləşir, oxuyan tez-tez dayanıb, dərindən nəfəs almalı olur. Düzgün nəfəsalmanı təmin etmək üçün məsləhətlər görülür: 1-dən 5-ə qədər saymaqla nəfəs almaq və ciyərlərin həddən artıq dolmasına yol veməmək, xüsusi mətnləri oxuyarkən nəfəsalmanı yoxlamaq və s.
Səs. Söz tələffüz edilərkən ciyərlərdəki hava nəfəs yolları ilə xirtdəyə gəlir, orada səs tellərinin yığılıb-açılması nəticəsində zəif səs əmələ gətirir. Səs gur və xoş avazlı kimi keyfiyyətlərə ağız boşluğunda yiyələnir. Səsin qüvvəsi, ucalığı, uzunluğu, sürəti, tembri və s. keyfiyyətləri var ki, elə nitqə ifadəlilik verən elə bunlardır. Səsin müəyyən qüvvəsinə malik olan adam həm bərkdən, həm orta səviyyəli, həm də zəif səslə danışa bilər. Tembr nitqin özünəməxsus rəngi olmaqla ona bu və ya digər emosional xassə verir. Səsin uzunluğu (sürəti), uçuculuğu (uzağa uçaraq digər səslər fonunda ayrılması) da müxtəlif adamlarda fərqlənir.
Diksiya. Diksiya hər bir sözün aydın, dəqiq tələffüz olunmasını tələb edir. Diksiyanın normallığı nitq aparatının quruluşundan və onun işinin düzgün təşkilindən asılıdır. Diksiyanı normallaşdırmaq məqsədilə fonetikanı yaxşı öyrətmək, xorla tələffüz və xor oxutmaqdan istifadə etmək də məsləhət görülür. Kəkələmə, pəltəklik, tıntınlıq olan uşaqlarla fərdi iş aparılmalı, dodaqların ləng tərpənməsi, damaqların sıxılması, dilin ağır hərəkət etməsi, tələsiklik hallarına yol verilməməlidir. Çalışmaq lazımdır ki, şagirdlərin diksiyaları aydın, səlis olsun.
Orfoepik tələffüz. Oxunun ifadəliliyi onun ədəbi tələffüz normalarına nə dərəcədə uyğunluğu ilə də ölçülür. Dilimizdə sözlərin böyük əksəriyyəti yazıldığı kimi tələffüz olunmur. Əlifba təlimi dövründən etibarən şagirdlərin sözləri yazıldığı kimi tələffüz etmələrinə (“Orfoqrafik tələffüzə”, “Kitab tələffüzünə”) yol verilməməlidir. Bu mərhələdə şagird düzgün yolu yalnız müəllimin nümunəvi oxusunun köməyi ilə seçə bilər. Əgər şagird alim, afərin, nadinc kimi sözlərdə çətinlik çəkmədən a saitini uzun tələffüz etməyi bacarırsa, almaya, məhləyə, körpəyə, anaya, işləyir, başlayır və s. sözlərin tələffüz nümunəsini (almıya, məhliyə, körpiyə, anıya, işliyir, başlıyır və s.) müəllimdən öyrənməlidir. Müəllim dərsə hazırlaşarkən hər bir sözün tələffüzü üzərində fikirləşməli, oxu prosesində orfoepik normalara əməl etməlidir.
Psixoloqlar belə hesab edirlər ki, hətta nümunə verməklə intonasiyanı öyrətmək olmaz. Müəyyən həyat situasiyasında nitqin ifadəliliyi öz-özünə baş verir, onun haqqında fikirləşmək lazım gəlmir.