ÖZƏl tibb fəALİYYƏTİ haqqinda azərbaycan respublikasinin qanunu



Yüklə 35,35 Kb.
Pdf görüntüsü
tarix05.03.2017
ölçüsü35,35 Kb.
#10108

www.stomatoloq.az

ÖZƏL TİBB FƏALİYYƏTİ HAQQINDA AZƏRBAYCAN 

RESPUBLİKASININ QANUNU

Bu Qanun özəl tibb fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və 

vəzifələrini, bu fəaliyyətin təşkilatı-hüquqi əsaslarını müəyyən edir. 

I FƏSİL 

Ümumi müddəalar 

Maddə 1. Əsas anlayışlar

Bu Qanımda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

 özəl tibb fəaliyyətinin subyektləri — tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və 

özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər;

 özəl tibbi fəaliyyət — qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl 

tibb fəaliyyətinin həyata keçirilməsi;

 özəl tibbi praktika — ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan 

qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun 

həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət; 

 özəl tibb müəssisəsi — əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə 

olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi;

 tibbi yardım — xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası və diaqnostikası, 

xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan 

sonrakı dövrlərin müşahidəsi;

 tibbi xidmət — müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardım; 

 tibbi yardımın standartları — müəyyən növ tibbi yardımın norma, qayda və xüsusiyyətlərinə, 

onun nəticəsinə dair tələblərin siyahısı; 

 əhaliyə tibbi yardım göstərilməsi üzrə dövlət təminatı proqramları (bundan sonra-dövlət təminatı 

proqramları) - əhaliyə büdcə vəsaiti hesabına göstərilən tibbi yardımın növünü, həcmini və 

şərtlərini müəyyən edən normativ-hüquqi aktlar. 

Maddə 2. Özəl tibb fəaliyyəti haqqında

Azərbaycan Respublikasının qanunvericiliyi Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının 

qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ-hüquqi 

aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir. 

Maddə 3. Özəl tibb fəaliyyəti subyektlərinin vəzifəsi

Özəl tibb fəaliyyətinin subyektləri dövlət və bələdiyyə səhiyyə müəssisələri ilə yanaşı, səhiyyə sahəsində 

dövlət siyasətinin həyata keçirilməsinə və əhalinin sağlamlığının qorunmasına təminat yaradır.

II FƏSİL 

Özəl tibbi fəaliyyətin və özəl tibbi praktikanın tənzimlənməsi 

Maddə 4. Özəl tibb müəssisəsinin yaradılması, fəaliyyəti və ləğv edilməsi

Özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və 

fiziki şəxsləri tərəfindən yaradıla bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası 

müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də 

Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb 

müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər. Özəl tibb müəssisəsi tibbi 

fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi 


fəaliyyətin hər bir növü üzrə müvafiq sertifikatı olan mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl 

tibbi fəaliyyətlə məşğul ola bilər. Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin 

iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Özəl tibb müəssisəsinin yenidən 

təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. Özəl tibb müəssisəsi 

ləğv edildikdə tibbi sənədlər müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir ay müddətində 

qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılan ləğvetmə komissiyasına verilir. 

Maddə 5. Özəl tibbi praktikanın həyata keçirilməsi və ona xitam verilməsi

Ali və ya orta tibb təhsili olan, qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən 

növünə uyğun xüsusi razılıq və attestasiyadan keçdikdən sonra müvafiq sertifikat alan, habelə müvafiq 

icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş stajı olan Azərbaycan Respublikasının 

vətəndaşları özəl tibbi praktika ilə məşğul ola bilərlər. Əcnəbilərin və Azərbaycan Respublikasında daimi 

yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlər müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Özəl tibbi praktikaya qanunvericiliklə müəyyən olunmuş 

qaydada xitam verilir. Özəl tibbi praktikaya xitam verilməzdən əvvəl, iki həftədən gec olmayaraq, yaxud 

tibbi yardımın göstərilməsi üzrə müqavilədə göstərilən müddətdə aidiyyəti müəssisələrə və xəstələrə bu 

barədə məlumat verilməlidir. 

Maddə 6. İlkin tibbi-sanitariya yardımının göstərilmə şərtləri

Özəl tibb fəaliyyətinin subyektləri tibbi sığorta təşkilatlan ilə, eləcə də xəstələrlə bağlanmış müqavilələr 

əsasında ilkin tibbi-sanitariya yardımı göstərirlər. 

Maddə 7. Tibbi yardım göstərilməsi barədə müqavilə

Özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım göstərilməsi 

barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Özəl tibb 

fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramlarında iştirak edib-etməməsindən asılı olmayaraq, 

icbari tibbi sığorta qaydalarına əsasən əhaliyə təcili tibbi yardım göstərən özəl tibb fəaliyyətinin 

subyektlərinə ödəniş bu şəxslərin sığortalandığı tibbi sığorta təşkilatları tərəfindən həyata keçirilir. 

Maddə 8. Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü 



proqramlarının, habelə bələdiyyə proqramlarının həyata keçiril-məsində iştirakı

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər müsabiqə əsasında icbari tibbi 

sığorta, dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının, habelə bələdiyyə proqramlarının 

həyata keçirilməsində iştirak edə bilərlər. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan 

şəxslərə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək hüququ verən 

müsabiqələrin keçirilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müsabiqə 

komissiyasının tərkibinə paritet əsasında müvafiq icra hakimiyyəti orqanının, həmkarlar ittifaqlarının, 

tibb işçilərinin ictimai birliklərinin və özəl tibb müəssisələrinin, tibbi sığorta təşkilatlarının nümayəndələri 

daxil olurlar. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin dövlət təminatı və 

səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirak etmələri barədə müqavilələr, 

onların icbari tibbi sığorta proqramlarında iştirakı hallarında, müvafiq icra hakimiyyəti və yerli 

özünüidarəetmə orqanları, habelə tibbi sığorta təşkilatlan ilə bağlanır. Bu müqavilələrdə: 

 tibbi yardımın keyfiyyətinə tələblər; 

 tibbi yardımın həcmi;

 tibbi yardıma görə ödənişin şərtləri və qaydaları; 

 tibbi yardımın keyfiyyətinə nəzarət qaydaları; 

 müqavilə üzrə özəl tibbi fəaliyyət haqqında qeydiyyat və hesabat qaydaları müəyyən edilir.

Maddə 9. Tibbi sənədləşmələr və hesabatlar

Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət 

nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Müvafiq icra hakimiyyəti orqanı ödəniş əsasında 

özəl tibb müəssisələrini, özəl tibbi praktika ilə məşğul olan şəxsləri əmək qabiliyyətinin müvəqqəti 

itirilməsi barədə vərəqələr, doğum və ölüm haqqında arayışlar, güclü təsir göstərən, zəhərli və narkotik 

maddələrin resept blankları da daxil olmaqla, ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blankları ilə 

təmin edir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan 

Respublikasının normativ-hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatlan aparmağa 

borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.



Maddə 10. Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın özəl tibb fəaliyyəti subyektlərinin 

müvəqqəti istifadəsinə verilməsi

Dövlət və bələdiyyə mülkiyyətində olan, habelə dövlət təminatı və səhiyyənin məqsədyönlü 

proqramlarının həyata keçirilməsində istifadə olunmayan əmlaklar qanunvericiliklə müəyyən olunmuş 

qaydada özəl tibb fəaliyyəti subyektlərinin müvəqqəti istifadəsinə verilə bilər. Özəl tibb müəssisələri və 

özəl tibbi praktika ilə məşğul olan şəxslər səhiyyə üçün nəzərdə tutulan, tam tikilməyən və əsaslı təmirə 

ehtiyacı olan binaları müsabiqə yolu ilə müvəqqəti istifadə üçün əldə etmək, dövlət təminatı və 

səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək şərti ilə onların beş ildən az olmayaraq tibbi 

yardım göstərmək üçün istifadə olunmasına əməl etməlidirlər. 

Maddə 11. Mübahisələrin həlli qaydası

Özəl tibb fəaliyyətinin subyektləri arasında, eləcə də həmin subyektlərlə digər hüquqi və fiziki şəxslər 

arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir. 

Maddə 12. Özəl tibb fəaliyyətinin maliyyələşdirilmə mənbələri

Özəl tibb fəaliyyəti hüquqi və fiziki şəxslərin vəsaitləri, icbari və könüllü tibbi sığorta vəsaitləri, 

qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Özəl tibb fəaliyyəti 

subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirakı 

onları bu işə dəvət edən (razılıq verən) müvafiq icra hakimiyyəti orqanının vəsaiti və icbari tibbi sığorta 

vəsaitləri hesabına maliyyələşdirilir. 

Maddə 13. Tibbi yardıma görə ödəniş

Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə 

ödəniş: 


 bilavasitə xəstələrlə bağlanmış müqavilələr; 

 üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr;

 icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə tibbi sığorta təşkilatları ilə 

bağlanmış müqavilələr;

 xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir. 

Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən, könüllü tibbi sığorta üzrə tibbi 

xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi 

xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir. Özəl tibb fəaliyyəti 

subyektlərinin icbari tibbi sığorta proqramında iştirakından asılı olmayaraq ehtiyacı olan şəxslərə

göstərilən təcili tibbi yardıma görə ödəniş icbari tibbi sığorta qaydalarına əsasən tibbi sığorta təşkilatı 

tərəfindən həyata keçirilir. 

Maddə 14. Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan şəxslərdən vergi 



tutulması

Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan şəxslərdən qanunvericiliklə müəyyən 

olunmuş qaydada vergi tutulur. 

III FƏSİL 

Özəl tibb fəaliyyəti subyektlərinin hüquq və vəzifələri 

Maddə 15. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquqları

Özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquqları aşağıdakılardır: 

 qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi yardım göstərmək və məsləhətlər vermək;

 ictimai təhlükəli xəstəliklər istisna olmaqla, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

təsdiq olunan xəstəliklər üzrə tibbi yardım göstərmək;

 qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə etmək;

 qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi sənədlər vermək; 

 özəl tibb fəaliyyətini həyata keçirmək üçün bütün tibb müəssisələrindən və özəl tibbi praktika ilə 

məşğul olan digər şəxslərdən məlumat almaq; 


 pasiyentin müayinələrinin nəticələri ilə tanış olmaq, məsləhətçi kimi bütün növbəti müalicə 

mərhələlərində iştirak etmək;

 peşə fəaliyyətini həyata keçirmək üçün normativ sənədlərlə tanış olmaq; 

 ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blanklarından istifadə etmək;

 tibbi yardım göstərmək üçün özəl tibbi praktika ilə məşğul olan digər fiziki şəxslərlə birgə 

fəaliyyət göstərmək;

 dövlət və bələdiyyə mülkiyyətində olan əmlakı, o cümlədən bina, qurğu və avadanlıqları 

müvəqqəti istifadəyə götürmək; 

 peşə fəaliyyətini təmin etmək üçün əmək müqaviləsi əsasında işçilər cəlb etmək.

Maddə 16. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri

Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri aşağıdakılardır:

 tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək;

 təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək;

 xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini 

əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş 

qaydada həyata keçirmək;

 tibbi statistik hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında təqdim etmək;

 xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən 

xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə 

məlumat vermək;

 özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni tanış etmək;

 həkim sirrinə əməl etmək; 

 zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibb 

müəssisəsinə göndərmək; 

 qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz vəsaiti hesabına, göstərilən tibbi yardım 

maliyyələşdirilən müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını artırmaq və 

ya yenidən hazırlıq keçməklə peşə sertifikatı almaq. 

Maddə 17. Özəl tibb fəaliyyəti subyektlərinin xalq təbabəti ilə məşğul olmaq hüququ

Özəl tibb fəaliyyətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə 

üsullarını tətbiq edə bilərlər. Təbiblik fəaliyyəti üçün xüsusi razılıq qanunvericiliklə müəyyən olunmuş 

qaydada özəl tibbi praktika ilə məşğul olmaq istəyən şəxsin ərizəsi və ya özəl tibb müəssisəsinin vəsatəti 

əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.



IV FƏSİL 

Yekun müddəaları 

Maddə 18. Beynəlxalq əməkdaşlıq

Özəl tibb fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

dövlətlərarası müqavilələr əsasında həyata keçirilir. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar 

çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 

Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 

olunmuş qaydada məsuliyyət daşıyırlar. 

Heydər ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 30 dekabr 1999-cu il



Yüklə 35,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin