Reproduktorda musiqi davam edir.
“Konsertverənlər” işlərinə fasilə verib çayxanaya enirlər, çay sifariş
edirlər.
Yazıçı görünməz olur.
48
İYİRMİNCİ FRAQMENT
Əlində fotoşəkil tutmuş gənc qəbir üstə nitq söyləyirmiş kimi sağlıq deyir.
III GƏNC -
Bizi bağışda, şəhid Cəfər...
Kəndimizin ilk və hələ ki, yeganə şəhidisən.
Biz səninlə fəxr edirik.
Bəzi ağzıgöyçəklər deyirlər ki, guya sən erməni gülləsilə
ölməmisən, guya bərk piyan ikən iri yemək qazanına yıxılıb
ölmüsən. Əlbəttə, hamı bilir ki, bu ağ yalandır. Biz buna
qətiyyən nana bilmərik. Bir də nə fərqi var ee, ömrün ki
cəbhə xəttində başa çatıb.
Çox yerlərə yazdıq, amma deyəsən, “milli qəhrəman”
məsələsi düzəlmir. Odur ki, istiyirik heç olmasa sənin adını
ya oxuduğun məktəbə, bu da olmasa işlədiyin, can
qoyduğun kolxoza, fermaya da varsa verdirək. Bunlar da
olmasa, hərdən gəlib yeyib-içdiyin, piyan olanda ağladığın
bu çayxanaya da varsa verdirək
Indi hər kənd, şəhər öz şəhid övladlarına qara mərmərdən
gözəl baş daşı düzəltdirir. Biz də belə bir işə girişmək istədik.
Bundan ötrü rayonda çox qapılara təpik döydük. Dərdimizə
şərik çıxdılar, mütləq kömək edəcəklərinə söz verdilər. Lakin
getdik-gəldik, gəldik-getdik, axırda orda qapıçıdı, nədi
işləyən bir arıx qoca vardı, bizə xəlvəti dedi ki, a kişilər,
ayağınızı nahaqdan yormuyun...
Nə isə, əlacımız kəsildi, qapı-qapı düşdük məmmədəmin
toplamağa. Məmmədəmin çox az adamda tapıldı, yenə də
bir az əzik-üzük nizami, qızqalası toplaya bildik. Getdik genə
rayona, baş daşı düzəldənin yanına. Yığdığımız pula baxıb
gülərək dedi: “A kişilər, sizin dünyadan, bazardan xəbəriniz
yoxdu, nədi? Bu pula qara mərmər baş daşının heç quyruğu
da düşməz. Gedin, filan qədər dollar gətirin, keyfiniz
istədiyindən düzəldib verim.” Ay rəhmətlik, sən görmüşdün
ki dolları, biz də görək?
Kor-peşiman qayıtdıq gəldik, heç bilirsən hara, düz bura,
sənin köhnə oylağına. Indi oturub həmin pulların kəramətinə
“Bakuş”la konyak vururuq sənin ruhunun xatirinə. Düzdü,
sən içəndə həmişə araq içərdin, amma neyniyək, arağa
gücümüz çatmır. Gör bu gidi dünya necə kəllə-mayallaq
olub, vaxtı ilə arağı kasıb-kusub içərdi, konyakı yekələr. Indi
hər şey tərsinədi.
Bağışda bizi, şəhid Cəfər... Zəmanənin üzü qara olsun, bir
49
kəndin ki camaatı vətən uğrunda qurban getmiş ilk və
yeganə şəhid oğluna mərmərdən baş daşı düzəltdirə bilmir,
bəs bu ucuz konyakdan da varsa içməyib neyləyək?
Başqa kəndlərdəki, şəhərlərdəki şəhid baş daşları, heykəlləri,
vallah, göz dağı olub bizə.
Sənin onlardan nəyin əskikdi ki? Kasıb olmusan, yetim
olmusan diyə qara mərmərdən baş daşı düz gəlmir sənə?
Onsuz da şəhidlərin çoxu kasıb balalarıdı. Onsuz da vətən
kasıblarındı. Varlıya bütün dünya vətəndi. Dara düşəndə
gedib istədiyi yerdə yaşayacaq. Eh, nə isə...
Bağışda, bağışda bizi, şəhid Cəfər. Heç olmasa, Allah sənin
ruhunu şad etsin.
Içirlər. Susurlar.
Bayaqdan bir kənarda dayanıb bu “sağlığı” dinləyən Alik onlara
yaxınlaşır. Dimnəzcə oturur. Süzüb bir qədəh də özü içir.
ALIK -
Fikir eləmiyin, uşaqlar. Cəfər qardaşımızın baş daşı
mənciyəzin boynuna. Qoy payız olsun. Dubayda alver iliyən
qağam gəlsin. Gedib o goreşənin üzünə bir paçka yüzlük
dollar çırpacağam ki, başdaşının birini özünə, birini də
dədısinə düzəltsin. Allah haqqı, doğru sözümdü. Qağama da
hindidən xəbər iliyicəm ki, baş daşını lap elə o Dubaydan
gətirsin. Qoy payız gəlsin bir... Konyak verim yenə?
Heç kim dinmir. Alik daha bir şüşə konyak gətirir.
İYİRMİ BİRİNCİ FRAQMENT
REPRODUKTOR –
Quq-quuu... Danışır Meşəli radiosu. Əziz
həmkəndlilər, kimdə şirvana xırda var?.. Qəmnict İsrəfil
məllim redaksiyamıza gəlib bir işdə ona kömək
göstərməyimizi xahiş eliyib.
Bildiyiniz kimi, rayonun kommunistləri hər həftənin şənbə
günü rayon mərkəzindəki “Palıd” çayxanasına yığışır,
keçmişləri yad edir, ölkəni düşdüyü böhrandan çıxarmaq
üçün yollar fikirləşirlər.
Isrəfil müəllim də hər həftə uşaqlarından, qohumlarından
beş məmməd alıb – iki məmməd o yana, iki məmməd bu
yana yol pulu, bir məmməd də çaya – “Palıd”a gedir, köhnə
dostları ilə görüşür, keçmişləri xatırlayaraq dərdini dağıdır.
50
Bu dəfə ona pul verə bilən olmadığından qonşularını bir-bir
gəzib borc etmək istəyib. Lakin heç kimdə beş məmməd
tapılmayıb. Yalnız Səlbiyə arvad ona bir şirvan verib və deyib
ki, xırdala gətir, beşi sənin olsun, beşi də mənim, mən də
sabah qonşu kənddə ərdə olan ekiz uşaq doğmuş qızımın
yanına getməliyəm.
Qəmnist İsrəfil neçə adama ağız açıbsa da şirvana xırda tapa
bilməyib. Kimsə deyib, üç aydı pensiya almıram, bir başqası
deyib, altı aydı uşaq pulu gözləyirəm, biri dı deyib ki, a kişi,
pulun necə şey olduğu yadımdan da çıxıb. Xülasə, heç kimdə
xırda olmayıb.
Hər yandan əli üzüləndən sonra redaksiyamıza gəlib, xahiş
eləyib ki, radio ilə elan verək, bəlkə kimsə ona kömək elədi.
Əziz həmkəndlilər, kimdə şirvana xırda varsa, bu gün mütləq
İsrəfil müəllimin pulunu xırdalasın. Qoy köhnə kommunist
sabah öz dostlarından kənarda qalmasın. (Musiqi davam
edir.)
DOMINO OYNAYANLARDAN BIR NƏFƏR -
Adə, Alik, o
qəmnistin pulunu niyə xırdalamırsan? Genə səndə olar.
ALIK -
Bir az əvvəl gəlmişdi bura, düzəlmədi. Özünə demişəm,
bəlkə bir azdan oldusa.
SINTEZATOR ÇALAN OĞLAN -
Alik, gəl çayın pulunu çıx.
(Cibindən on minlik çıxardır.) Amma bizdə də şirvandı.
Vallah, başqa pulum yoxdu.
HURAMAN -
Dayan görüm. (Çantasını qurdalayır.) Məndə
olmalıdı. (Bir neçə minlik tapıb çıxardır.) Götür, hamısını
götür. Onsuz da sabah yenə gəlib içəcəyik də.
Ayağa qalxırlar.
İYİRMİ İKİNCİ FRAQMENT
Səhnəciyin yanında əlində bir vərəq kağız balaca bir oğlan uşağı dolaşır.
SINTEZATOR ÇALAN OĞLAN -
Ə, Cuppulu, burda nə
gəzirsən?
CUPPULU QƏŞƏM -
Mən... mən də istiyirdim ki...
(Utandığından sözünü deyə bilmir.)
SINTEZATOR ÇALAN OĞLAN -
Ə, bir danış görək nə olub?
51
CUPPULU QƏŞƏM -
İstiyirdim ki, mən də... danışım... bu
mikrafonnan. Bu kağızdakını oxuyum, bəlkə eşitdilər...
SINTEZATOR ÇALAN OĞLAN -
Nə kağızdı o elə? Kimə
eşitdirmək istəyirsən? (Kağızı götürüb baxır. Xətti oxuya
bilmir.)
HURAMAN -
(Onun əlindən kağızı götürür, höccələyib oxuyur.)
Şərəbanı qarının nəvəsi cuppulu Qəşəmin Qədr gecəsndə
mələklərə və məlaikələrə yazdığı məktub. (Qəşəmin başını
sığallayır.) A Cuppulu, Qəşəm bala, qəşəng bala, mələklərə
nə yazmısan belə? Çıx ora, oxu görək. Hə, sağ tərəfdəki
düyməni bas. Di başla. Dinləyək, uşaqlar. Çox maraqlıdı
deyəsən.
Cuppulu Qəşəm tribunaya qalxır, boğazını artlaya-artlaya sözə başlayır.
Əvvəlcə utana-utana, sonra hər şeyi unudaraq özünə qapılıb məktubu
oxuyur.
CUPPULU QƏŞƏM -
Bismillah, ya Allah! Salam, hörmətdi
mələklər və məlaikələr. Nə təərsiz? Yaxşısızmı? Mən də pis
döləm. Diyirlər, qədr gecəsində siz göylərdən enib öyləri
gəzirsiz. Hansı öydə ki, yatmayıb səhərəcən Allaha ibadət
iliyirlər, siz onnarın arzularını, niyyətdərini həyata
keçirdirsiniz. Mən də bu gecə yatmayacaxdım səhərəcən.
Saat üçəcən bir təhər dözdüm, daa dözə bilmirəm.
Ona görə ki, çox yorğun olmuşam büyüm. Axşam üstü əl
arabasıynan iki reys kəndin aşağısındakı arxdan su
gətirmişəm. Bizim öy də kəndin başında, hündürdədi. lap
nəfəsim kəsilmişdi. Kəndin artizanı yayından işdəmir. Matoru
yanıb, diyirlər. Gərəy hər öy dörd-beş şirvan pul topluya ki,
düzəldə bilələr. Camaatda da pul yoxdu diyə yığa bilmirlər.
Sonura da meşədən yekə bir şələ odun gətirmişəm. Payızda
bir lapet odun düzəltmişdik meşədə, gətirə bilmədik. Tormoz
Camal üç şirvan istiyir, on litir də səlyarka, meşəbəyi də iki
şirvan, bir çolpa. Sonura malların altını kürüyüb peyini
xizəknən bağdakı ağacların dibinə dartmışam.
Əslində, hər günüm belədi, amma büyüm işdər lap çox olub.
Əsniyə-əsniyə qalmışdım. Didilər, tünd çay içəndə adamın
yuxusu qaçır. Çayımız olmadı. Nənəm qənd yandırıb
dəmləmişdi, bəhməznən içdik. Bu da elə bil adama daa da
yuxu gətirdi. Həm də soyuxdu. Yuxu gözümnən tökülür.
Diyəsən, yatmalı olucam. Odur ki, istiyirəm sizdərə bir
məktub yazıb pəncərəyə - ləmpənin yanına qoyum ki, gəl-
52
səz, xaiş iliyirəm, onu oxuyasız.
Bax, birincisi, bir cüt ayaqqabı istiyirəm. Ayaqqabımın altı
yarılıb, məktəbə gedəndə ayaqlarım tamam suyun içində
olur. Sonura bir qurtqa istiyirəm. Məktəbdə də soyuxdu. Bu
il yaman pis qışdı. Düzdü, qar azdı, bu yay diyəsən quraxlıx
olacax, amma hər gün külək əsir, şaxtadı, soyuxdan
donuram. Keçən qış qurtqasız bir təhər keçinmişdim, bu qış
diyəsən heç dözəmmirəm.
Sonura, heç olmasa, on dənə ruçka istiyirəm. Bu İran
ruçkaları elə tez qurtarır ki. Rayonda bir nizamıya verirlər,
kəntddə isə bir məmmədə satırlar. Həftədə bir məmməd
hardan tapım? Mənə diyirlər ki, az yazım, kağız da yoxdu.
Neynim, yazmaya bilmirəm. Diyirlər, belə getsə, gələcəkdə
bəlkə yazıçı oldum. Mən də istiyərdim e yazıçı olum. Amma
kağıza, ruçkaya neyniyərdim bəs onda?
Vəssalam... bu qədər... hə, bir də, vallah, yazmağa da
utanıram, mümkün olarsa, hərdənbir iki yüz, üç yüz manat
cib xərcliyi də göndərin ki, bəzi uşaxlar budkadan bakuş,
biskivit alanda, mənim də ürəyimdən keçir ki, kaş mənim də
bir az pulum oleydi, mən də hərdənbir burdan bir şey alıb
yiyeydim.
Qardaçım diyir ki, bunnar nədi ə, istiyirsən, heç olmasa bir
paçka yüzdük dollar istə. Mən bilirəm ki, bu mümkün olan iş
dölü. Sizdər dolları hardan tapasız? Amma mən diyənnəri
bəlkə tapa bildiz.
Məktubun axırında sizdərdən xaiş iliyirəm ki, mənim
yatmağımı üzürlü hesab iliyəsiz. Vallah, gecə yuxudan ayılıb
çölə çıxanda qayıdıb genə sizdərə dua iliyicəm. Xahişim
budur ki, mənim dualarımı eşidəsiz, arzularımı yerinə
yetirəsiniz. Başqa heç kimə gümanım yoxdu. Amin!
İmza: Qəşəm.
Diqqətlə qulaq asırlar.
HURAMAN -
(Kövrəldiyini gizlədərək.) Afərin, Cuppulu...
(Hətta əl də çalır.) Bunu haçan yazmısan belə?
CUPPULU QƏŞƏM -
Qışda yazmışdım. Ləmpənin yanına
qoymuşdum ki, mələklər gələndə oxusunnar. Amma diyəsən
onnar heç gəlmədilər, məktubu görmədilər, oxumadılar.
Hindi diyirəm, mikrafonnan bərkdən oxuyum ki, bəlkə
eşidələr.
53
HURAMAN -
(Onun başını sığallayır.) Arxayın ol, Cuppulu...
mütləq eşidərlər. Onların da qulaqları kar deyil ki.
QARPIZ SATAN ARVAD –
(Bayaqdan valehcəsinə Qəşəmə
qulaq asır, əlində iri bir qarpız yaxınlaşır.) Hə, Qəşəm bala,
qəşəng bala, deyəsən mələkləe eşitdi səsini və mənnən bu
qarpızı sənə pay göndərdilər. Di götür.
Qəşəm çaşqın-çaşqın baxır.
Özləri də mənə bərk-bərk tapşırdılar ki, qarpızı mütləq verim
sənə.
Qəşəm çəkinə-çəkinə qarpızı götürür.
SINTEZATOR ÇALAN OĞLAN -
(Nə fikirləşirsə cibindəki on
minliyi çıxardıb xəlvəti havaya atır. Pul Qəşəmin qabağında
yerə düşür.) Oho, deyəsən, mələklər göydən sənə bir şirvan
da göndərdilər. (Pulu götürüb ona uzadır.) Götür bunu da.
Qəşəm mətəəl qalıb, pulu götürmək istəmir.
Götür, götür, yoxsa onnar inciyər sənnən.
CUPPULU QƏŞƏM -
(Çəkinə-çəkinə pulu da götürür.) Bunu
harda xırdaladacağam ki?
ALIK -
Sabah axşam üstü gələrsən yanıma, xırda düzəldərəm
o vaxtacan. Bu gün daa İsrəfil məllimə söz vermişəm.
HURAMAN -
(Nə isə düşünərək.) Cuppulu, hələ heç bilirsən nə
olacax? Sabah heç, birisi gün səhər sən yerindən qalxanda
eyvanınızda görəcəksən ki, qəşəng bir qış kurtkası, qış
ayaqqabısı və bir paşka, hə, düz bir paçka ruçka, bir topa
dəftər səni gözləyir. Hələ yüzlükləri, bir kulok “Bakuş”u,
biskiviti demirəm.
CUPPULU QƏŞƏM -
Hardan bilirsiz?
HURAMAN -
Bildim də. Mələklər indicə qulağıma pıçıldadılar ki,
sənə deyim.
Qəşəm özünü itirmiş halda çıxıb gedir.
Susurlar.
Radioda musiqi davam edir.
Elə bu vaxt eşşək bərkdən anqırır.
54
ALIK -
Vaş!.. Qıllı yenə zəngulə vurmağa başladı ki.
İYİRMİ ÜÇÜNCÜ FRAQMENT
Meydanda tək-tək yeni adamlar görünməyə başlayır.
Kimi çayxana ctolunun arxasında, kimi aralıdakı kötüklərin üstə oturur.
Səmə Geroy da dalınca bir neçə uşaq “maşınını sürə-sürə” meydanda
dolaşır.
HURAMAN -
Uşaqlar, məşqimizi saxlayaq daha. Camaat
yığışır. Bir azdan iclas başlayacaq. Sabah davam etdirərik.
JURNALIST -
(Huramana yaxınlaşır.) Salam, Huraman
xanım.Vaxtınız varsa...
HURAMAN -
A, salam, Cavid. (Əl verib görüşür.) Xeyir ola?
JURNALIST -
Bizim “Meşəli” qəzeti sizinlə bir müsahibə
hazırlamaq istəyir.
HURAMAN -
(Təəccüblə.) Booy! Mənimlə müsahibə? Çox sağ
olun. Ancaq mən kiməm ki?
JURNALIST -
Niyə belə düşünürsünüz? Siz kəndimiz üçün çox
qeyri-adi adamsınız.
HURAMAN -
(Yoldaşlarına.) İnstrumentləri yığışdırın. Səhər
görüşərik bir də.
Huramanla Cavid danışa-danışa aralanırlar, çayxananın ctollarından
birinin arxasında otururlar.
Musiqiçilər səs aparatlarını yığışdırırlar.
REPRODUKTOR –
Əziz həmkəndlilər, gecikməyin, meydana
yığışın. Yoldaş Görüşovun gəlişi anbaan gözlənilir. O, gələn
kimi iclas başlanacaq. Bu çox mühüm iclasdır. Öz sözünüzü
deyin. (Musiqi davam edir.)
JURNALIST -
(Qələm-kağızını hazırlayıb suallar verir, qeydlər
edir.) Siz kimsiniz, Huraman xanım?.. Haqqınızda o qədər
şaiələr, söz-söhbətlər gedir ki, açığı, nəyin yanlış, nəyin
həqiqət olduğunu bilə bilmirik.
HURAMAN -
(Gülümsəyir.) Hamısı düzdü. Dəliyəm, başdan
xarabam, oğlanları yoldan çıxardıram, falçıyam, karatist,
müğənni, bir sözlə, necə istəyirəm elə də yaşayıram. Beləcə
də yazın.
55
JURNALIST -
(O da gülümsəyir.) Başa düşürəm, haqqınızda
danışılanlar sizi əsəbiləşdirir. Gəlin biz həqiqəti
aydınlaşdıraq.
HURAMAN -
Əslində deyilənlərin hamısında bir həqiqət var.
Ancaq əsas məsələ həqiqətə hansı gözlə baxmaqdadır.
Insanın ən böyük faciəsi odur ki, onu başa düşmürlər,
anlamırlar.
JURNALIST -
Gəlin bir qədər dəqiq danışaq.
HURAMAN -
Vallah, heç kimi qınamıram, hərdən elə
hərəkətlər, elə işlər görməli oluram ki, kənardan baxanda
bunların hamısı ağıldan seyrək adamın işləkləri kimi görünür.
JURNALIST -
Axı bu işlər nədən ibarətdir? Bəlkə bir
açıqlayasınız.
HURAMAN -
Mənim həyatım yalnız bir məqsədə xidmət edir:
qızlarımızı, qadınlarımızı qəfəsdə saxlayan çərçivələri qırıb
dağıtmaq. Mən tamamilə əminəm ki, hərəkətlərim bütün
zərif məxluqların ürəyindəndir, onlar da məmuminiyyətlə
bunları edərdilər, lakin çərçivələr onların əl-qolunu bağlayır.
JURNALIST -
Məsələn?
HURAMAN -
Dəhşətdir. Deyək ki, bir qızın bir oğlandan xoşu
gəlir. Oğlan kütbaş da bunu hiss etmir. Hiss edirsə də,
cəsarətlənib tərpənə bilmir. O qız da heç zaman qəfəsi aşıb
ürəyini oğlana aça bilmir. Içində qovrula-qovrula qalır.
Günah deyilmi bu? Deyin, hansı böyük qəbahətdir, günahdır
– içində yana-yana qalmaq, yoxsa birbaşa öz ürək sözünü
demək, imkan varsa, lap elə hər hansı bir ünsiyyətdə olmaq?
Qızlar hələ bir yana, belə oğlanlarımız da var. Təsəvvür
edirsinizmi, mənə “şanlı məktublar” yazırlar, amma cürət
edib “Sən mənim xoşuma gəlirsən” kimi adi bir cümləni
özümə deyə bilmirlər.
Danışırlar ki, guya oölanları yoldan çıxardıram. Axı mən kimi
yoldan çıxartmışam? Xoşum gələn bir adamla dostluq etmək
istəyirəmsə - bu əxlaqsızlıq olur məgər? Təbiət bu bədəni
mənə veribsə, nə üçün mən onun əsil sahibi olmayım?..
Vallah, elə oğlanlarımız var ki, toy gecəsinə qədər əli qadın
bədəninə toxunmayıb. Yazıq deyillərmi?..
JURNALIST -
Maraqlıdır.
HURAMAN -
Hamımız kəndliyik. (Əlilə uzaqları göstərir.) Bu
talalar, meşələr heç sizi səsləmirmi? Səsliyir, özü də necə
səsliyir. Siz oğlanlara nə var ki? Istədiyiniz vaxt istədiyiniz
56
yerə gedə bilərsiniz. Ancaq qızlarımız?.. Vallah, o talalara
çoxlarının ayağı dəyməyib. Mən isə itimizi yanıma salıb
qarış-qarış dolaşmışam oraları. Meşələri gəzmişəm,
çaylarda, göllərdə çimmişəm, qumluqlarda uzanıb
qaralmışam tək başıma.
Sizi inandırım ki, qızlarımızın heç birinin bədəninə ömür boyu
gün dəymir. Elə bilirsiniz onlar istəmirlər bunu? Elə istiyirlər
ki. Ancaq qəfəsdən çıxa bilmirlər. Qəfəsi dağıtmaq o qədər
də asan iş deyil. Nəyə görə mənə it gəzdirən deyirlər? İtimiz
olmasa, mən tək-tənha gəzə bilərdimmi o yerləri? Nəyə görə
məcbur olub karate öyrənmişəm? Hünəri var, qoy ən zırpı
oğlan pis niyyətlə mənə yanaşsın. Onun boyun çuxuruna
üçüncü dərəcəli elə bir zərbə endirərəm ki, elə ordaca qalar.
Jurnalist gülümsəyir.
Ee, vaxt gələcək yeni, ali nəsil insanlar yaranacaq. Heç kimin
heç kəslə işi olmayan, heç kimin heç kəsin işinə, həyatına
müdaxilə, təcavüz etməyən insanlar. O zaman daha nə it
gəzdirməyə ehtiyac qalacaq, nə karate zərbələrinə. Ancaq bu
çox sonralar olacaq, indisə hələlik bunlarsız keçinmək
olmur.
JURNALIST -
Gələcəyi görmək qabiliyyətiniz də var deyirlər.
HURAMAN -
Altıncı duyğu hər bir insanda var, baxır nə
dərəcədə inkişaf edib... Görünür, bu məndə lap üzdədir. Bir
adamın üzünə diqqətlə baxan kimi onun içini görürəm,
taleyini görürəm. Özü də bunu həmin adama demiyə
bilmirəm. Deməsəm, sanki ağırlaçıram, xəstəhal oluram.
Deyəndə də oluram – falçı.
JURNALIST -
(Təbəssümlə.) Falçı xanım, görürsünüz ki,
camaatın güzəranı gündən-günə ağırlaşır. Meşəli böhran
içindədir. Bunun bir sonu olacaqmı? Nə qədər davam edəcək
belə?
HURAMAN -
İndi hər yanda belədir. Köhnəsi dağılıb, təzəsi
hələ yox. Keçid dövrüdü də. Beş-altı ildən sonra yavaş-yavaş
hər şey yoluna düşəcək. Ola bilsin, vəziyyət bundan da
ağırlaşsın. Ancaq camaat çətinliklərə vərdiş edəcək, qurtuluş
üçün hərə özünə balaca bir çarə tapacaq. Indisə elə bil
birdən-birə qaranlığa düşmüşük, zaman keçincə gözümüz
Dostları ilə paylaş: |