www.stomatoloq.az
ÖZƏL TİBB FƏALİYYƏTİ HAQQINDA AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun özəl tibb fəaliyyətinin subyektləri arasında münasibətləri tənzimləyir, onların hüquq və
vəzifələrini, bu fəaliyyətin təşkilatı-hüquqi əsaslarını müəyyən edir.
I FƏSİL
Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanımda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
özəl tibb fəaliyyətinin subyektləri — tibb fəaliyyətini həyata keçirən özəl tibb müəssisələri və
özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər;
özəl tibbi fəaliyyət — qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi şəxs yaratmaqla özəl
tibb fəaliyyətinin həyata keçirilməsi;
özəl tibbi praktika — ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan
qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun
həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyət;
özəl tibb müəssisəsi — əmlakı xüsusi mülkiyyətə, yaxud icarə müqaviləsi əsasında istifadə
olunan mülkiyyətə əsaslanan tibb müəssisəsi;
tibbi yardım — xəstəliklərin, zəhərlənmələrin, travmaların profilaktikası və diaqnostikası,
xəstələrin müalicəsi və reabilitasiyası, hamiləliyin müşahidəsi, doğuşun qəbulu və doğuşdan
sonrakı dövrlərin müşahidəsi;
tibbi xidmət — müqavilə üzrə müəyyən növ və həcmdə göstərilən əvəzi ödənilən tibbi yardım;
tibbi yardımın standartları — müəyyən növ tibbi yardımın norma, qayda və xüsusiyyətlərinə,
onun nəticəsinə dair tələblərin siyahısı;
əhaliyə tibbi yardım göstərilməsi üzrə dövlət təminatı proqramları (bundan sonra-dövlət təminatı
proqramları) - əhaliyə büdcə vəsaiti hesabına göstərilən tibbi yardımın növünü, həcmini və
şərtlərini müəyyən edən normativ-hüquqi aktlar.
Maddə 2. Özəl tibb fəaliyyəti haqqında
Azərbaycan Respublikasının qanunvericiliyi Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, digər normativ-hüquqi
aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Maddə 3. Özəl tibb fəaliyyəti subyektlərinin vəzifəsi
Özəl tibb fəaliyyətinin subyektləri dövlət və bələdiyyə səhiyyə müəssisələri ilə yanaşı, səhiyyə sahəsində
dövlət siyasətinin həyata keçirilməsinə və əhalinin sağlamlığının qorunmasına təminat yaradır.
II FƏSİL
Özəl tibbi fəaliyyətin və özəl tibbi praktikanın tənzimlənməsi
Maddə 4. Özəl tibb müəssisəsinin yaradılması, fəaliyyəti və ləğv edilməsi
Özəl tibb müəssisəsi qanunvericiliklə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının hüquqi və
fiziki şəxsləri tərəfindən yaradıla bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrdə digər qaydalar nəzərdə tutulmayıbsa, xarici ölkələrin hüquqi və fiziki şəxsləri, eləcə də
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər tərəfindən özəl tibb
müəssisələri qanunvericiliklə müəyyən olunmuş qaydada yaradıla bilər. Özəl tibb müəssisəsi tibbi
fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi
fəaliyyətin hər bir növü üzrə müvafiq sertifikatı olan mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl
tibbi fəaliyyətlə məşğul ola bilər. Özəl tibb müəssisəsinin akkreditasiyası tibb işçilərinin peşə birliklərinin
iştirakı ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Özəl tibb müəssisəsinin yenidən
təşkili və ləğv edilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir. Özəl tibb müəssisəsi
ləğv edildikdə tibbi sənədlər müvafiq icra hakimiyyəti orqanının qərarı ilə bir ay müddətində
qanunvericiliklə müəyyən olunmuş qaydada yaradılan ləğvetmə komissiyasına verilir.
Maddə 5. Özəl tibbi praktikanın həyata keçirilməsi və ona xitam verilməsi
Ali və ya orta tibb təhsili olan, qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi fəaliyyətin müəyyən
növünə uyğun xüsusi razılıq və attestasiyadan keçdikdən sonra müvafiq sertifikat alan, habelə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun tibbi iş stajı olan Azərbaycan Respublikasının
vətəndaşları özəl tibbi praktika ilə məşğul ola bilərlər. Əcnəbilərin və Azərbaycan Respublikasında daimi
yaşayan vətəndaşlığı olmayan şəxslərin özəl tibbi praktika ilə məşğul olması üçün şərtlər müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Özəl tibbi praktikaya qanunvericiliklə müəyyən olunmuş
qaydada xitam verilir. Özəl tibbi praktikaya xitam verilməzdən əvvəl, iki həftədən gec olmayaraq, yaxud
tibbi yardımın göstərilməsi üzrə müqavilədə göstərilən müddətdə aidiyyəti müəssisələrə və xəstələrə bu
barədə məlumat verilməlidir.
Maddə 6. İlkin tibbi-sanitariya yardımının göstərilmə şərtləri
Özəl tibb fəaliyyətinin subyektləri tibbi sığorta təşkilatlan ilə, eləcə də xəstələrlə bağlanmış müqavilələr
əsasında ilkin tibbi-sanitariya yardımı göstərirlər.
Maddə 7. Tibbi yardım göstərilməsi barədə müqavilə
Özəl tibb müəssisəsi və özəl tibbi praktika ilə məşğul olan şəxs tərəfindən tibbi yardım göstərilməsi
barədə müqavilə bu yardımın növlərini, həcmini və göstərilmə şərtlərini əks etdirməlidir. Özəl tibb
fəaliyyəti subyektlərinin icbari tibbi sığorta proqramlarında iştirak edib-etməməsindən asılı olmayaraq,
icbari tibbi sığorta qaydalarına əsasən əhaliyə təcili tibbi yardım göstərən özəl tibb fəaliyyətinin
subyektlərinə ödəniş bu şəxslərin sığortalandığı tibbi sığorta təşkilatları tərəfindən həyata keçirilir.
Maddə 8. Özəl tibb fəaliyyəti subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü
proqramlarının, habelə bələdiyyə proqramlarının həyata keçiril-məsində iştirakı
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər müsabiqə əsasında icbari tibbi
sığorta, dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının, habelə bələdiyyə proqramlarının
həyata keçirilməsində iştirak edə bilərlər. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan
şəxslərə dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək hüququ verən
müsabiqələrin keçirilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müsabiqə
komissiyasının tərkibinə paritet əsasında müvafiq icra hakimiyyəti orqanının, həmkarlar ittifaqlarının,
tibb işçilərinin ictimai birliklərinin və özəl tibb müəssisələrinin, tibbi sığorta təşkilatlarının nümayəndələri
daxil olurlar. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin dövlət təminatı və
səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirak etmələri barədə müqavilələr,
onların icbari tibbi sığorta proqramlarında iştirakı hallarında, müvafiq icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanları, habelə tibbi sığorta təşkilatlan ilə bağlanır. Bu müqavilələrdə:
tibbi yardımın keyfiyyətinə tələblər;
tibbi yardımın həcmi;
tibbi yardıma görə ödənişin şərtləri və qaydaları;
tibbi yardımın keyfiyyətinə nəzarət qaydaları;
müqavilə üzrə özəl tibbi fəaliyyət haqqında qeydiyyat və hesabat qaydaları müəyyən edilir.
Maddə 9. Tibbi sənədləşmələr və hesabatlar
Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət
nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Müvafiq icra hakimiyyəti orqanı ödəniş əsasında
özəl tibb müəssisələrini, özəl tibbi praktika ilə məşğul olan şəxsləri əmək qabiliyyətinin müvəqqəti
itirilməsi barədə vərəqələr, doğum və ölüm haqqında arayışlar, güclü təsir göstərən, zəhərli və narkotik
maddələrin resept blankları da daxil olmaqla, ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blankları ilə
təmin edir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan
Respublikasının normativ-hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatlan aparmağa
borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.
Maddə 10. Dövlət və bələdiyyə mülkiyyətində olan əmlakın özəl tibb fəaliyyəti subyektlərinin
müvəqqəti istifadəsinə verilməsi
Dövlət və bələdiyyə mülkiyyətində olan, habelə dövlət təminatı və səhiyyənin məqsədyönlü
proqramlarının həyata keçirilməsində istifadə olunmayan əmlaklar qanunvericiliklə müəyyən olunmuş
qaydada özəl tibb fəaliyyəti subyektlərinin müvəqqəti istifadəsinə verilə bilər. Özəl tibb müəssisələri və
özəl tibbi praktika ilə məşğul olan şəxslər səhiyyə üçün nəzərdə tutulan, tam tikilməyən və əsaslı təmirə
ehtiyacı olan binaları müsabiqə yolu ilə müvəqqəti istifadə üçün əldə etmək, dövlət təminatı və
səhiyyənin məqsədyönlü proqramlarında iştirak etmək şərti ilə onların beş ildən az olmayaraq tibbi
yardım göstərmək üçün istifadə olunmasına əməl etməlidirlər.
Maddə 11. Mübahisələrin həlli qaydası
Özəl tibb fəaliyyətinin subyektləri arasında, eləcə də həmin subyektlərlə digər hüquqi və fiziki şəxslər
arasında yaranan mübahisələr qanunvericiliklə müəyyən olunmuş qaydada həll edilir.
Maddə 12. Özəl tibb fəaliyyətinin maliyyələşdirilmə mənbələri
Özəl tibb fəaliyyəti hüquqi və fiziki şəxslərin vəsaitləri, icbari və könüllü tibbi sığorta vəsaitləri,
qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir. Özəl tibb fəaliyyəti
subyektlərinin dövlət təminatı və səhiyyənin məqsədyönlü proqramlarının həyata keçirilməsində iştirakı
onları bu işə dəvət edən (razılıq verən) müvafiq icra hakimiyyəti orqanının vəsaiti və icbari tibbi sığorta
vəsaitləri hesabına maliyyələşdirilir.
Maddə 13. Tibbi yardıma görə ödəniş
Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə
ödəniş:
bilavasitə xəstələrlə bağlanmış müqavilələr;
üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr;
icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə tibbi sığorta təşkilatları ilə
bağlanmış müqavilələr;
xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir.
Özəl tibb fəaliyyəti subyektlərinin vətəndaşlar və təşkilatlarla (o cümlədən, könüllü tibbi sığorta üzrə tibbi
xidmətlər göstərilməsinə dair sığorta təşkilatları ilə) müqavilələr çərçivəsində göstərdikləri tibbi
xidmətlərin tarifləri tərəflər arasında razılaşmaya görə müəyyənləşdirilir. Özəl tibb fəaliyyəti
subyektlərinin icbari tibbi sığorta proqramında iştirakından asılı olmayaraq ehtiyacı olan şəxslərə
göstərilən təcili tibbi yardıma görə ödəniş icbari tibbi sığorta qaydalarına əsasən tibbi sığorta təşkilatı
tərəfindən həyata keçirilir.
Maddə 14. Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan şəxslərdən vergi
tutulması
Özəl tibb müəssisələrindən və özəl tibbi praktika ilə məşğul olan şəxslərdən qanunvericiliklə müəyyən
olunmuş qaydada vergi tutulur.
III FƏSİL
Özəl tibb fəaliyyəti subyektlərinin hüquq və vəzifələri
Maddə 15. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquqları
Özəl tibbi praktika ilə məşğul olan şəxslərin hüquqları aşağıdakılardır:
qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi yardım göstərmək və məsləhətlər vermək;
ictimai təhlükəli xəstəliklər istisna olmaqla, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq olunan xəstəliklər üzrə tibbi yardım göstərmək;
qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə etmək;
qanunvericiliklə müəyyən olunmuş qaydada tibbi sənədlər vermək;
özəl tibb fəaliyyətini həyata keçirmək üçün bütün tibb müəssisələrindən və özəl tibbi praktika ilə
məşğul olan digər şəxslərdən məlumat almaq;
pasiyentin müayinələrinin nəticələri ilə tanış olmaq, məsləhətçi kimi bütün növbəti müalicə
mərhələlərində iştirak etmək;
peşə fəaliyyətini həyata keçirmək üçün normativ sənədlərlə tanış olmaq;
ciddi hesabatlı dövlət nümunəli tibbi sənədlərin blanklarından istifadə etmək;
tibbi yardım göstərmək üçün özəl tibbi praktika ilə məşğul olan digər fiziki şəxslərlə birgə
fəaliyyət göstərmək;
dövlət və bələdiyyə mülkiyyətində olan əmlakı, o cümlədən bina, qurğu və avadanlıqları
müvəqqəti istifadəyə götürmək;
peşə fəaliyyətini təmin etmək üçün əmək müqaviləsi əsasında işçilər cəlb etmək.
Maddə 16. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri
Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri aşağıdakılardır:
tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək;
təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək;
xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini
əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş
qaydada həyata keçirmək;
tibbi statistik hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında təqdim etmək;
xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən
xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə
məlumat vermək;
özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni tanış etmək;
həkim sirrinə əməl etmək;
zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibb
müəssisəsinə göndərmək;
qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz vəsaiti hesabına, göstərilən tibbi yardım
maliyyələşdirilən müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını artırmaq və
ya yenidən hazırlıq keçməklə peşə sertifikatı almaq.
Maddə 17. Özəl tibb fəaliyyəti subyektlərinin xalq təbabəti ilə məşğul olmaq hüququ
Özəl tibb fəaliyyətinin subyektləri qanunvericiliklə müəyyən olunmuş qaydada xalq təbabətindən istifadə
üsullarını tətbiq edə bilərlər. Təbiblik fəaliyyəti üçün xüsusi razılıq qanunvericiliklə müəyyən olunmuş
qaydada özəl tibbi praktika ilə məşğul olmaq istəyən şəxsin ərizəsi və ya özəl tibb müəssisəsinin vəsatəti
əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
IV FƏSİL
Yekun müddəaları
Maddə 18. Beynəlxalq əməkdaşlıq
Özəl tibb fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı
dövlətlərarası müqavilələr əsasında həyata keçirilir. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət olarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada məsuliyyət daşıyırlar.
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 30 dekabr 1999-cu il
Dostları ilə paylaş: |