52. Bədii üslub. Bədii üslubun əsas fərqləndirici xüsusiyyəti məzmunun obrazlı
vasitələrlə verilməsidir. Bu üslub leksikanın bütün zənginliyindən,
imkanlarından istifadə etməklə obrazlılığı, emosionallığı ilə
xarakterizə olunur, oxucunun hisslərinə təsir edir. Bədii dilin əsas
funksiyası estetiklik və poetiklikdir.
Bədii üslubun əsas funksiyası məlumat vermək, estetik təsir
göstərmək və zövq formalaşdırmaqdır, emosional təsiri danışıq-
məişət və publisistik üslublardan əhəmiyyətli dərəcədə fərqlənir;
özünəməxsusluğu obrazlılığın yaradılması üçün gerçəkliyin təsvirinə
güc, canlılıq verən orijinal nitq fiqurlarından, müxtəlif və həddindən
artıq zəngin dil vasitələrindən istifadə etməkdir. Bədii üslub milli bədii
təfəkkürün ifadəsi, obrazlı, emosional nitq formasıdır – funksional
imkanlarının genişliyinə görə bədii üsluba ədəbi-bədii dil də deyilir.
Bədii üslubun obrazlılığı bütün dil səviyyələrində özünü göstərir.
Fonetik səviyyədə bədii üslubun göstəriciləri alliterasiya, assonans,
təkrar və intonasiyadır, onlar həm də nitqdə ritm yaradırlar.
Bədii üslubun leksik və qrammatik səviyyədə göstəriciləri
sinonimlər, antonimlər, omonimlər, frazeoloji birləşmələr və s.-dir.
Sözün bədii funksiyası ən çox bədii təsvir və ifadə vasitələrində –
məcazlarda özünü göstərir. Məcazlar obrazlı təsvir vasitələrindən
biridir, nominativ deyil, əlavə mənalarda işlənən söz və ifadələrdir,
nitq şəraitində subyektiv meyarlarla meydana çıxır. Məcazların əsas
növləri aşağıdakılardır: epitet, poetik sözlər, metafor, metonimiya,
sinekdoxa, anafora, epifora və s.
Bədii üslub obrazlı yaradıcılıqdır, onun qiymətini ideyası, bədiiliyi,
hissi ifadələri, xəlqiliyi, sadəliyi, aydınlığı, yığcamlığı, ahəngdarlığı
artırır. Bədii dilin ədəbi dildən fərqi budur ki, o yalnız öz məntiqi ifadə
vasitəsilə deyil, həmçinin şəkli, zahiri təsiri, musiqiliyi ilə fikrin
ifadəsinə xidmət edir.