50. Elmi üslub. Elmi üslub elm qarşısında duran tələblərə cavab verir, əsas
fərqləndirici əlaməti mütəxəssislərə ünvanlanan akademik şərhdir.
Elmi üslubun əsas funksiyası yalnız məntiqi məlumatları ötürmək
deyil, həm də onun doğruluğu, yeniliyi və dəyərini sübut etməkdir.
Elmi üslub müxtəlif formalarda mövcud olsa da, yazılı şəkildə üzə
çıxır – elmi nitqin mövcudluğunun əzəli forması yazıdır.
Elmi üslubun əsas vasitələri təsvir, nəqletmə, mühakimədir. Təsvir
– reallığın, onun əlamətlərinin sadalanması, nəqletmə – təzahürlərin
müəyyən ardıcıllıqla verilməsi, mühakimə – hər hansı bir fikrin şifahi
ifadəsi, izahı və təsdiqidir.
Elmi üslub deduksiya, induksiya və problemin ifadəsinin məntiqi
təşkilidir. Deduksiya təfəkkürün elə formasıdır ki, burada əvvəlki
fikirlərdən məntiqi yolla yeni fikir çıxarılır. Nəticədə müəyyən
müqəddimələrdən, hökmlərdən istifadə edilir və yeni biliklər alınır.
İnduksiya elmi üslubda – elmi qanunların kəşf olunması prosesində,
sübutda, elmi hipotezlərin yaranmasında geniş istifadə olunur.
Hipotez tədqiq olunan obyekt və hadisələrin xassə və səbəblərini izah
edən əsaslandırılmış fəaliyyətdən ibarət olan insan biliklərinin inkişaf
formasıdır.
Elmi üslubun məntiqiliyi, konsepsiyası terminologiyasız təsəvvür
edilmir, çünki məhz onlar təyinatın dəqiqliyini təmin edir.
Terminologiya elmi nitqin dəqiqliyini həyata keçirir.
Elmi üslub digər üslublara təsir edir, elmi nailiyyətlər və yeni
texnologiyalar dilimizi neologizmlərlə zənginləşdirir, elmi-mədəni
həyatımıza daxil olur. Elmi üslubun ikinci əsas funksiyası məntiqi
düşüncəni aktivləşdirməsi, qeyri-mütəxəssislərdə elmi məlumatlara
maraq oyatmasıdır. Bu cəhətdən müxtəlif növə bölünür: elmi-texniki,
elmi-işgüzar, elmi-populyar, elmi-tədris, elmi-publisistik (bədii və
publisistik üslublara keçid).