ÇAYLARIN SU REJİMİ VƏ ONUN
ƏSAS FAZALARI
Bir sıra amillərin təsiri nəticəsində çaylarda suyun səviyyəsi və sərfi, həmçinin
meyllik və axın sürəti dəyişir. Səviyyə, su sərfi, meyllik və sürətin zamana görə
birgə dəyişməsi
su rejimi
adlanır.
Çayın canlı en kəsiyindən bir saniyədə keçən suyun miqdarına
su sərfi
(
Q, m
3
/s
)
deyilir. Su səthinin müəyyən bir daimi müqayisə müstəvisindən hesablanan
hündürlüyünə
suyun səviyyəsi
(
H, sm
) deyilir.
Çayların rejim xüsusiyyətləri ilk növbədə iqlim amillərindən asılıdır. İqlimi isti
olan ölkələrdə çayların rejiminə təsir göstərən başlıca amil atmosfer yağıntıları və
buxarlanmanın illik gedişidir. Hövzələri mülayim və soyuq iqlim qurşaqlarında
yerləşən çayların rejiminə isə həm də havanın temperaturunun illik gedişi böyük
təsir göstərir.
Çayın su rejiminin illik gedişini bir neçə səciyyəvi dövrə bölmək olar və bunlar
su rejiminin fazaları
adlanır. Bu fazaların başlıca xüsusiyyətləri və davamiyyəti
çayın qidalanma şəraitindən və onun il ərzində dəyişməsindən asılıdır. Müxtəlif
çaylar üçün fazaların sayı eyni deyildir və 2-4 arasında dəyişir. Bəzi çaylarda dörd
faza müşahidə olunur: məsələn, yaz gursulu dövrü, yay aralıq faza, payız
daşqınları, qış aralıq faza. Bəzi çaylarda payız daşqınları, bəzilərində isə yay aralıq
faza müşahidə edilmir.
Su rejiminin hər il eyni bir mövsümdə təkrarlanan, çayın sululuğunun
uzunmüddətli və əhəmiyyətli dərəcədə artdığı fazası
gursululuq
adlanır.
Müxtəlif iqlim tiplərində gursululuq ilin müxtəlif mövsümlərində müşahidə
olunur. Əgər çayın əsas qida mənbəyi mövsümi qarların və ya buzlaqların ərinti
sularıdırsa, onda gursululuq yazda və yayda keçir. Yaz gursululuğu kontinental
iqlimli düzənlik ərazi çayları üçün səciyyəvidir. Qış mövsümü uzun müddət davam
edən şimal rayonlarının çayları istisna təşkil edir (Yukon, Anadır). Yüksək dağlıq
ərazi çaylarının qidalanmasında buzlaqlar da iştirak etdiyinə görə, gursulu dövr
yayda müşahidə edilir (Pamir, Tyan-Şan, Qafqaz çayları).
Yağışların əmələ gətirdiyi gursululuq ilin bütün mövsümlərində ola bilər.
Musson iqlimli rayonlarda yağış gursululuğu yaz və yay daxil olmaqla, ilin bütün
isti dövrünü əhatə edir (Şərqi Asiya çayları).
Orta Avropa, Cənubi Skandinaviya, Şimali Amerika (ABŞ), Kiçik Asiyanın
mərkəzi və şimal hissələri və Xəzərin cənub sahillərinin çaylarında yağış
gursululuğu yazda müşahidə olunur. Payız gursululuğu ekvatorial zona çayları
üçün səciyyəvidir (Amazonun aşağı axınında onun sağ və sol qolları, Nil, Niger və
s.). Aralıq dənizi iqlim tipi üstünlük təşkil edən ərazi çaylarında gursulu dövr qışa
təsadüf edir. Belə ərazilərə misal olaraq Cənubi və Qərbi Avropanı, Cənub-Qərbi
Asiyanı, Avstraliyanın qərb və cənub hissələrini, Yeni Zelandiyanı, Şimali
Afrikanı (Əlcəzair), Cənubi və Şimali Amerikanın Sakit okean sahillərini göstərmk
olar.
Çay hövzəsinə yağışın yağması nəticəsində çayda su sərfinin qısamüddətli
kəskin qalxması və düşməsi
yağış daşqını
adlanır. Yağış daşqınlarının
gursululuqdan əsas fərqləri nisbətən qısamüddətli olmaları, il ərzində müxtəlif
vaxtlarda müşahidə edilmələri və axım həcminin az olmasıdır.
Aralıq fazada
(
qıtsulu faza
) çayın sululuğu gursululuq və daşqın fazaları ilə
müqayisədə çox az olur. Çayların əksəriyyəti üçün yay və qış aralıq fazaları
səciyyəvidir. Bu fazalarda çaylar başlıca olaraq yeraltı sularla qidalanır. Arid
zonada yayda qrunt sularının tükənməsi nəticəsində kiçik çaylar quruya bilər.
Daimi donuşluq zonasının sərt iqlim şəraitində çaylar qışda donur.
B.D.Zaykov çayların su rejiminin xarakterini təhlil edərək, keçmiş SSRİ
çaylarının təsnifatını vermişdir. O, bütün çayları 3 qrupa bölür: gursululuq yazda
müşahidə olunan çaylar; gursululuq ilin isti dövründə müşahidə olunan çaylar;
daşqın rejimli çaylar.
İlin gursululuq istisna olmaqla qalan dövrü ərzində çayların rejim
xüsusiyyətlərini nəzərə alaraq B.D.Zaykov hər qrupun çaylarını bir neçə tipə bölür.
Birinci qrup çayları beş tipə ayrılır: Qazaxıstan, Şərqi Avropa, Qərbi Sibir, Şərqi
Sibir və Altay tipləri. İkinci qrupda iki tip çay var: Uzaq Şərq və Tyan-Şan tipləri.
Üçüncü qrupa isə üç tip çay daxildir: Şimali Qafqaz, Krım (Lənkəran) və Qara
dəniz sahili tipləri.
Su sərflərinin il və ya onun müəyyən bir hissəsi ərzində gedişini səciyyələndirən
kəsilməz əyri
hidroqraf
adlanır.
Dostları ilə paylaş: |