qaytarmalı idi. Qızıl yunlu dərini əldə etməyin özü də o qədər asan məsələ deyildi.
Kolxida çarı bildirdi ki, əgər bu, Yasona çox lazımdırsa, ona hər cür kömək
göstərməyə razılıq verir. Bircə şərtlə ki, qoy o, burnundan od püskürən öküzlərlə
sahəni şumlasın və ora əjdahanın dişlərini səpsin. Bunları etsə, o, qızıl yunlu dərini
alacaqdır.
Lakin öküzlər ətrafındakı hər şeyi yandırırdılar. Bu, Yasonun da sonu ola
bilərdi. Çarın qızı Medeya isə artıq ona vurulmuşdu. Qız ona adamı oddan qoruyan
sehrli maz verdi. Yason sahəni şumladı və bundan sonra tarlaya səpdiyi dişlərdən
bir andaca dəhşətli döyüşçülər çıxdı, onlar məğlubedilməz və ölməz əsgərlər kimi
çox təhlükəli idilər. Ancaq Medeya Yasona elə daş verdi ki, bu daşı o, həmin
döyüşçülərin dəstəsinin üzərinə atanda, onlar bir-birinin üstünə cumub, özləri
özlərini məhv etdilər.
Medeya qızıl yunlu dəriyə sahiblikdən atasının, ailəsinin, ölkəsinin və xalqın
rifahının tam asılı olduğunu bildiyindən, dərini qoruyan əjdahanı cadugər baxışları
ilə yatırdıb, onu oğurlamaqda sevgilisinə kömək etdi və Yasonla birlikdə gəmiyə
oturub, vətənindən qaçdı. Onları qovanlar gəmiyə çatırdılar. Bu vaxt Medeya özü
ilə götürdüyü sevimli kiçik qardaşını öldürüb, onun cəsədini xırda-xırda doğrayıb
dənizə atdı. O, bilirdi ki, dərddən ölməyə yaxın olan atası oğlunun cəsədini götürüb
aparmaq və dəfn etmək üçün, artıq onları izləməyəcəkdir.
Sədaqətli qadının məhəbbəti sevdiyi kişini ən çətin vəziyyətlərdə də xilas
edir. Məhəbbət onun həyatını qoruyub saxlayır və onu qələbəyə çatdırır.
160
Belə məhəbbət, əlbəttə ki, möcüzədir, bu möcüzə qadını cadugərə də çevirir.
Öz sevgilisi naminə sevən qadının qarşısında gücü çata bilmədiyi heç bir şey
yoxdur. Elə bir dəhşətli cinayət, xəyanət və hətta qardaş qətli yoxdur ki, bu sevən
qadın sevdiyi adamı xilas etmək üçün ona əl atmasın. Elə bir ağlasığmaz haqq
yoxdur ki, qadın öz həyatı və məhəbbəti naminə onu ödəməli olmasın.
Nəhayət, məhəbbət ali məqsədinə çatdı, Yasonla Medeya neytral bir adaya
gəlib, orada evləndilər.
Sonra onlar Yasonun vətəninə qayıtdılar, lakin qoca çar taxt-tacı vermək
istəmədi. Onda Medeya növbəti bir plan fikirləşib tapdı. O, çarın qızlarının
diqqətini ona cəlb etdi ki, ataları artıq əldən düşmüşdür. Və onlar üçün əla bir
cavanlaşma vasitəsini açdı. Qoca keçini götürüb kəsdi. Onun ətini xırda hissələrə
parçaladı, bu hissələri, içinə bəzi otlar tökülmüş qaynar qazana atdı və qazandan
cəld hərəkət edən cavan bir dıbır çıxdı. Qızlar bu təcrübənin təsiri altında atalarını
öldürüb, onu tikə-tikə etdilər, qaynar qazana atdılar, lakin o,artıq ölmüşdü və heç
bir cavanlaşma baş verə bilməzdi.
Medeya ərinə xəbər verdi ki, taxt-tac artıq boşdur, qızları qoca çarı özləri
öldürdülər.
Lakin ölkənin sakinləri bu fırıldaqçının və onun cadugər arvadının
hərəkətlərindən hiddətləndilər. Yason Medeya ilə birlikdə tezliklə vətənindən
qaçmalı oldu və o, artıq burada çar olmaq ümidini də itirdi.
Yüksək məhəbbətin işıqlı poeziyası məhvedici ehtirasların qara bir faciəsinə
çevrildi. Məhəbbətdə də ölçü hissini bilmək lazımdır, çünki insanların özlərinin
qanunları, həmçinin ilahi qanunlar vardır ki, onlara görə hətta məhəbbət də cəzaya,
dərdə, bəlaya çevrilə bilir. Bu vaxt gəlib çatanda, kişi belə məhəbbətdən azad
olmağa can atır. Yason yerli çarın qızına aşiq oldu və ona evlənmək qərarına gəldi.
Yeni cavan arvad, gələcəkdə isə vərəsə kimi taxt-taca sahib olmaq ümidi meydana
gəlmişdi. O, artıq Medeyanı sevmirdi, bunun səbəbini də ona izah edib, köhnə
arvadını tərk etdi. Qədim yunan qaydasında belə bir boşanma baş verdi.
Lakin Yason kiminlə yaxın olduğunu və uzun bir müddət ərzində onunla iş
qurduğunu unutmuşdu. Medeya yeni evlənənlərə hədiyyə kimi özünün toxuduğu
gözəl paltarı göndərdi. Gəlin sevinclə bu paltarı geyinib, əynində yoxladıqda, onu
alov bürüdü və qız bir andaca diri-diri yandı.
Yason qisas almaq, Medeyanı cəzalandırmaq üçün əvvəlki evinə gəlib çıxdı.
O, dəhşətli bir mənzərənin şahidi oldu – Medeya ondan doğulmuş öz uşaqlarını
öldürmüşdü. Qadına əzab verən ağrı hissi o qədər böyük, dərdi o qədər güclü idi ki,
onda qısqanclıq elə alvolanmışdı ki, onun üçün bütün həyat artıq öz mənasını
itirmişdi. Ona yeganə bir fikir hakim kəsilmişdi ki, keçmiş ərinə daha ağrılı olan
bir zərbə vursun.
Medeyasız, bu qadının məhəbbəti olmadan Yason üçün də elə bil ki, bütün
həyat puç olmuşdu. Onu sevən, onun üçün hər şeyi edənə xəyanət etməklə sən öz
şəxsi həyatının üstündən də xətt çəkirsən.
Medeyanın həyatında olduğu kimi bədbəxtlik apokaliptik miqyas kəsb
etməsə də, digər mifik personaj Ariadna da oxşar taleyi yaşamalı olmuşdu. Mifik
161
Krit çarı Minosun və Pasifayanın qızı, Fedranın bacısı olan Ariadna Teseyə
vurulub, Minotavrı öldürməkdə və labirintdən xilas olmaqda ona kömək etmişdi.
Çarın arvadı Pasifaya ökuzlə cinsi əlaqədə olmuş, bu yaxınlıqdan Minotavr
(«Minosun öküzü» mənasını verir) adlanan, yarı insan, yarı öküz şəklində olan bir
eybəcər məxluq doğmuşdu. Pasifiyanın əri onu labirintdə saxlamağa göstəriş
vermişdi. Çar Minos qələbəsinə görə təzminat kimi hər il Afinadan ona verilən
gənc afinalı oğlanları və qızları qidalanmaq üçün Minotavra ötürürdü. Ona görə də
Afina çarının oğlu Tesey Minotavrı öldürmək qərarına gəlmişdi. Bunu
reallaşdırmaq isə digər bir çətinliklə də əlaqədar idi. Minotavrı öldürdükdən sonra
labirintdən çıxmağın özü də müşkül bir məsələ hesab olunurdu. Bu işdə ona
Ariadna köməklik göstərirdi, ona bir ucu labirintin ağzında bağlanmış sap kələfini
verdi. Minotavrı öldürməyə gedəndə bu sap kələfdən çözələnirdi. Tesey Minotavr
üzərində qələbə çaldıqdan sonra həmin sapın izi ilə labirintdən çıxa bildi. Ona görə
də çətinlikdən çıxmağa kömək edən vasitələri «Ariadna sapı» adlandırırlar.
Tesey Ariadnanı özü ilə apardı və ona evlənməyi vəd etdi. Lakin Naksos
adasında o, xəyanət edib, Ariadna yatan vaxt onu tərk etdi. Allah Dionis Ariadnaya
qayğı göstərib, onu özünə arvad etdi. Medeya əhvalatında olduğu kimi, qaçılmaz
ölümdən xilas etdiyi Tesey Ariadnaya sədaqətsizlik göstərdi, onu aldadıb, tək
qoyub qaçdı.
Ariadnanın Medeyadan fərqli olaraq cadugərliyi olmasa da, Teseyə onun
bəslədiyi acı hisslər bu xain adama baha başa gəlməməyə bilməzdi. Tesey Krit
adasından qayıtdıqda, Afinada olan atası Egeylə şərtləşdiyinə uyğun olaraq,
Minotavr üzərində çalınan qələbənin əlaməti kimi qayığının üzərində ağ yelkən
qaldırmalı idi. Tesey isə səhv edərək, qara yelkən qaldırmışdı. Egey oğlunun
öldüyü barədə səhv bir nəticəyə gəldiyindən, özünü dənizə atıb öldürdü. Buna görə
də həmin dəniz onun adı ilə Egey dənizi kimi tanınır.
Tesey amazonkalara qarşı yürüşdən onların çariçası İppolittanı özü ilə
Afinaya gətirmişdi. Bu nikahdan onların İppolit adlı oğlu qaldı. Onun ikinci arvadı,
Ariadnanın bacısı Fedra İppolitin ölümünün baisi oldu, analığı onunla intim
yaxınlıq etmək istəmiş, İppolit isə buna razılıq verməmişdi. Hiddətlənən qadın ona
böhtan atmışdı. Ahıl yaşlarında Tesey Afinanı tərk etməyə məcbur oldu, Skiros
adasına çəkildi və orada da öldürüldü.
Yunan mifologiyasının qəhrəmanları olan qadınlar təcavüzə, xəyanətə də
məruz qalırdılar, lakin talelərinə düşən bədbəxtliklər onları heç də bütünlüklə
sıradan çıxara bilmirdi. Onlarda həyat eşqi güclüydü, bir qayda olaraq ən çətin
anda da bədbinliyə qapılmırdılar, sınaqların ağırlığına baxmayaraq ruhdan düşmür,
yeni şəraitdə də özlərini təsdiq etməyi bacarırdılar. Ona görə də min illər keçsə də,
bəşəriyyət bu örnək ola biləcək şəxsləri unutmur, onların müsbət əməlləri,
fədakarlıq nümunələri, bir ibrət mənbəyi kimi yaşamaqda davam edir. Onlar həm
də öz məhəbbətlərinə, ehtiraslarına hər şeyi qurban verməyə hazır idilər.
Mifologiyanın Yunanıstan ərazisində yaşayan əhalinin davranışının əyri yola
düşməsinə təsir göstərməsini də inkar etmək olmaz. Axı yunan allahları insanlara
əxlaqi təmizlik barədə heç bir yaxşı nümunə göstərməmişdilər, əksinə, onlar əxlaq
qaydalarının zəifləməsi yollarına daş döşəmişdilər.
162
Bəzi ərazilərdə isə adamlar əxlaqın təmizliyinə nail olmağı bir məqsəd kimi
qəbul etməyi heç lazım da bilmirdilər. Məsələn, Spartada gənc qızlar çılpaq şəkildə
oğlanlarla güləşir, idmanla birgə məşğul olurdular. Beləliklə, qızlar sərbəstliyə
öyrənirdilər, həm də fiziki möhkəmlik qazanırdılar. Onlar ərə getdikdən sonra da
öz sərbəstliklərini qoruyub saxlayırdılar, əxlaqın saflığı boyunduruğuna tabe
olmurdulr. Kişilərlə cinsi əlaqəyə girdikdə hansısa süni məhdudiyyətləri tanımaq
istəmirdilər, istənilən kişi ilə yaxınlıq etməkdə özlərini tam azad hiss edirdilər.
Sparta qadınları onunla öyünürdülər ki, bu sərbəstlik hesabına vətənlərinə
belə cəsarətli və sədaqətli oğullar doğurlar. Axı zəif doğulan və ya xəstə körpənin
böyüməsinə və fiziki möhkəmliyinə əminlik olmadıqda, ağsaqqalların qərarı ilə
belə uşaqlar həyata lazımınca göz açmamışdan öldürülürdülər.
Sparta qadınları öz oğlanlarının ölümcül fədakarlıqlarından qürur duyurdular
və onları döyüşə yola saldıqda, yeganə xeyir-duaları bu olurdu ki, «ya qalxanla, ya
da qalxanın üstündə qayıt!» Bu o mənanı verirdi ki, ya düşmən üzərində çalınan
qələbə ilə qayıt, yaxud da qəhrəmancasına həlak olmaq yolunu seç. Spartalı analar
oğlanlarının meyidi döyüş cəbhəsindən gətirildikdə yaranın arxadan vurulduğunu
gördükdə, cəsədi qəbul etməkdən və dəfn etməkdən imtina edirdilər. Çünki belə
yara həlak olanın döyüş cəbhəsindən qaçmasının və biabırçılığının işarəsi hesab
olunurdu.
Həqiqətən də spartalıların qəhrəmanlıqları tarixin səhifəflərini bəzəyən ən
unudulmaz əhvalatlardır. Bizim eradan əvvəl 480-ci ildə Fermopil keçidində
Persiya çarı Kserksin 200 min nəfərlik ordusuna qarşı vuruşan 300 spartalı xeyli
müddət düşmənin yolunu kəsdi və axırda bir nəfər kimi qəhrəmanlıqla həlak
oldular.
Persiya sərkərdəsinin elçisi onları döyüşçülərinin çoxluğu ilə qorxutmaq
üçün «nizələri göyə qaldırsaq, Günəşin qabağını tutarıq» sözlərinə, spartalılar
istehzalı şəkildə, özlərinə məxsus lakonik qaydada cavab vermişdilər: «Nə eybi
vardır, kölgədə də vuruşarıq». Onlar həqiqətən də daim ölüm kölgəsi altında
vuruşdular, həlak olsalar da, bəşəriyyətə qorxmazlıq və misli görünməmiş
qəhramanlıq nümunəsi qoyub getdilər.
Sparta döyüşçülərinə başçılıq edən çar Leonid yaxşı demişdi ki, təbiət bizə
həyat bəxş etmişdir, onu şərəfli və ya şərəfsiz yaşamaq isə bizdən asılıdır. Bu
ölkənin qadınları kişilərdən fərqli olaraq döyüşdə vuruşmurdular, lakin onlar
dünyaya belə igid insanlar gətirirdilər. Spartalıların qəhrəmanlıqlarından, heç
şübhəsiz, onlara da pay düşür.
Bibliya qəhrəmanları
Bibliyada məşhur İsrail çarları Davidlə və onun oğlu Solomonla əlaqədar
olan bir neçə qadının davranışları təsvir edilir. Bunlardan biri Virsaviya idi.
Yerusəlimin əsasını qoyan çar David yay vaxtı axşam isti olduğu üçün
sərinləməkdən ötəri sarayının damında gəzirdi. Bu vaxt qonşuluqdakı evin
pəncərəsindən çimən bir qadını çılpaq şəkildə gördü. Bu həmin Virsaviya idi və çar
ona vuruldu. Qadın çox gözəl idi, David yanına gətirdib, onunla intim yaxınlıq
163
etdi. Virsaviya hamilə olduğundan agah olanda Davidə xəbər göndərdi. Çar onun
əri, mənşəcə hett olan Uriyalnı sıradan çıxarmaq barədə fikirləşdi, onu yanına
çağırıb, ondan cəbhədə döyüşün necə getdiyini soruşdu. Çar onu yenidən cəbhəyə
göndərdi və göstəriş verdi ki, onu ön cərgəyə qoysunlar. Bu, onun öldürülməsi
üçün lazım olan bir şərait idi. Uriya bir neçə zabitlə birlikdə həlak oldu.
Virusaviya ərinin həlak olduğunu eşitdikdə, ona yas saxladı. David qadını
sarayına gətirtdi və özunun arvadına çevirdi. Virsaviya sonralar məşhur çar olacaq
Solomonu doğdu və o, David öləndə onun vəsiyyəti əsasında varisi kimi taxt-taca
yiyələndi. Beləliklə, David başqasının qanuni arvadına sahib olmaq üçün, onun
ölümünə də bais oldu.
Davidin övladları da əxlaq məsələsində yaxşı ad-san sahibi sayıla
bilməzdilər. Oğlanlarından biri Amnon özünün anadan ögey bacısı Tamara təcavüz
etmişdi.
Solomon müdrikliyinə görə ən məşhur çar oldu, o, möhtəşəm Yerusəlim
məbədinin tikintisini başa çatdırmışdı. O, digər ölkələrdən olan 700 prinsessaya
evlənmişdi, onun həmçinin 300 kənizi var idi. Bəlkə də bu şişirtmədir, axı
Solomonun hökmdarlığı dövründə bolluq, yüksək maddi rifahın mövcud olması
barədə Bibliyanın iddiası da ingilislər demişkən, “wishful thinking” - arzu olunanı
həqiqət kimi qələmə verməkdir. Axı Solomonun özünün tarixi şəxsiyyət olmasının
özü də təsdiqini tapmamışdır.
Şeba çariçası (Quranda bu çarıça Bilkis kimi, rus dilində isə «üariüa
Savskaə» kimi göstərilir) Solomonun şöhrətini eşidib onu görməyə gəlmişdi. Digər
mənbələrə görə, onlar Yerusəlimdə eşq macəraları yaşadılar və çariça ondan hətta
oğul da dünyaya gətirmişdi və onun sonralar Efiopiya taxt-tacının sahibi olduğu
güman edilir.
Bibliyanın «Yeni Vəsiyyət» hissəsində isə İisusun, əxlaq pozğunluğuna görə
bir qadını daş-qalaq olmaqdan xilas etdiyi göstərilir. O, Mariya Maqdalina adlı
qadından yeddi şeytanı qovub çıxarmışdı. İndi irəli sürülən bir çox versiyalara
görə, yazıçı Den Braun bunu ilk dəfə «Da Vinçi kodu» romanında əsaslandırmağa
çalışmışdır, İisus Xristos bu qadına evlənmiş, həmin izdivacdan onların övladları
da olmuşdu. Axı Mariya İisusun sadəcə tərəfdarı hesab edilməməlidir, təsadüfi
deyildir ki, o, dəfn ediləndən üç gün sonra İisusun qəbrini yoxlamağa gələndə,
cəsədin orada olmadığını görüb, bunu apostollara çatdırmışdı. Sonra o, yenə qəbrin
ətrafına gələndə İisusun orada dayandığını görmüşdü, bunu da eyni qaydada
şagirdlərinə xəbər vermişdi. Bu hadisələrin özü də müəyyən suallar doğurmaya
bilmir.
Bibliyada təsvir olunan qadınlar qədim yunan mifologiyasını bəzəyənlərdən
bir qədər fərqlənirlər. Onlar ailə ilə yanaşı, vətənə, doğma xalqına dərin sədaqət
hissləri bəsləmələri ilə seçilirlər. Axı vətənin ağır günlərində, yəhudilər Babilistan
əsarətinə məruz qaldıqda ən dəhşətli günləri, hadisələri yaşamaq onların qismətinə
düşmüşdü. Bibliyanın «Şikayətlər» («Ağı demək») kitabında b.e.ə. 586-cı ildə
Yerusəlimin viran qoyulmasından sonra xalqın necə dəhşətli günlər keçirdiyi,
qadınların aclıqdan qida kimi istifadə etmək üçün sevimli övladlarını qazanda
qaynatdıqları təsvir edilir. Babilistanlıların əsarətini yaşamış bir xalqın qadınları
164
da, bu dəhşətlərin meydana gəlməsinə laqeyd yanaşa bilməzdilər, onlardan bəziləri
yadelli işğılaçılara qarşı qızğın mübarizə nümunələri göstərməklə yanaşı, öz
xalqının mövcudluğuna, həyatına təhlükə yarandıqda özlərinə qarşı olan ölümcül
təhlükəyə də məhəl qoymadan fədakarlıq göstərir, cəsarətləri və igidlikləri ilə
xalqını hətta məhv olmaqdan xilas etməyi bacarırlar.
Apokrif (dəqiq olmayan) sayılan Bibliyada yəhudi dul qadın Yudifin
qəhərmanlığı barədə maraqlı bir əhvalatdan bəhs edilir. Bu qadın doğma şəhərini
babilistanlıların hücumundan xilas etmişdi, ona görə də onu İudeya qəhrəmanı və
yəhudi xalqının qədim zülmkarlarına qarşı mübarizə simvolu kimi qəbul edirlər.
Babilistan qoşunları bu qadının doğma şəhərini mühasirəyə aldıqda, o,
bəzənib, düzənib, düşmənin düşərgəsinə yollandı. Burada o, sərkərdə Olofernin
diqqətini cəlb etdi. Bu hadisə b.e.ə. 589-cu ildə baş vermişdi.
Olofern şəhəri mühasirəyə alanda buraya içməli suyun daxil olmasının
qarşısını kəsmişdi. Bu şəhər əhalisini tədricən yaxınlaşan ölümə məhkum edirdi.
Yəhudilər Oloferni öz allahları ilə qorxutmağa çalışdılar. O, buna məhəl qoymadı,
çünki çar Nabuhadonosordan başqa heç bir allahı tanımırdı.
Yudif şəhər ağsaqqallarının köməksizliyini görüb, özü doğma şəhərini xilas
etmək istədi. Ona görə də gözəl paltar geyinib, düşmən döyüşçülərinin düşərgəsinə
gəldi. Özünü öncəgörən bir qadın kimi qələmə verib dedi ki, onların hərbi
rəislərinə şəhəri tutmağın asan yolunu göstərmək istəyir. Sərkərdə Olofern isə artıq
onun gözəlliyinə və müdrikliyinə valeh olmuşdu, ona görə də Yudifə düşərgədə
qalmağa icazə verdi.
Qadın orada üç gün yaşadı, hər gün dərəyə düşüb, oradakı bulaqda çimirdi.
Dördüncü gün Olofern ziyafət təşkil edib, Yudifi də bu məclisə dəvət etdi. Qadın o
qədər onun xoşuna gəlmişdi ki, onunla hökmən intim yaxınlıq etməyə can atırdı.
Lakin çox şərab içdiyindən sərxoş olub yatdı, nökərlər onun çadırından
uzaqlaşdıqda, Yudif Olofernin öz qılıncı ilə onun başını kəsdi.
Sonra Yudif şəhərə qayıdıb, sərkərdənin kəsilmiş başını şəhərlilərə göstərdi,
axırıncılar isə bu başı qala divarından asdılar. Olofernin qətlindən sonra onun
döyüşçüləri qaçmağa üz qoydular və beləliklə, Yudifin şəhəri işğaldan xilas oldu.
Bundan sonra Yudif bir dul qadın kimi çoxlu təkliflər alsa da, bir daha
nikaha girmədi və uzun ömür yaşadı. Sadə bir qadın bütün şəhərlilərin bacara
bilmədiyi bir işi görmüşdü, ona görə də xilaskar kimi öz xalqının tarixinə düşdü.
Böyük italyan rəssamı Corcone bu qadını «Yudif» tablosunda əks etdirmişdir.
Bibliyanın digər bir qəhrəmanı, adını daşıyan kitabın da orada yer aldığı
Ester cəsarəti ilə əslində bütün xalqını məhv olmaqdan xilas etmişdi. Persiya çarı
Böyük Kir yəhudiləri Babilistan əsirliyindən azad edib, Yerusəlimi bərpa etməyə
icazə vermişdi. Ona görə də yəhudilər Persiya çarına özlərinin xilaskarı kimi
baxırdılar. I Daradan sonra gələn çar I Kserks ölkəni Suzadan idarə edirdi. Burada
yaşayan Mordexay adlı yəhudinin Ester adlı gözəl, yaraşıqlı bədənə malik olan
əmisi qızı var idi. Valideynləri öldükdən sonra onu Mordexay öz qızı kimi
böyütmüşdü.
165
Çarın bir bəyanatı əsasında çox sayda gənc qız Suzaya gətirildi, onların
arasında Ester də var idi. O da çar sarayına aparıldı və ona hərəmxanada yaxşı yer
verildi. Mordexayın məsləhəti ilə Ester özünün yəhudi olduğunu sirr kimi saxladı.
Qızlara yaxşı xidmət bir il davam edirdi, ondan sonra onlardan hər biri çar
Kserksin yanına gətirilirdi, bu qaydaya görə Ester də kənizə çevrilə bilərdi. Bu qızı
görən hər kəs ona valeh olurdu. Nəhayət, Ester çar sarayına, Kserksin yanına
gətirildi. O, başqa qızlardan daha çox çarın xoşuna gəldi. Kserks çariçaya məxsus
olan tacı onun başına qoydu və onu sarayında çariça etdi. Sonra çar Esterin
şərəfinə böyük ziyafət verdi, bütün imperiyada bayram elan etdi.
Çar Mordexayı da icra vəzifəsinə təyin etdi. Ester isə hələ də özünün yəhudi
olduğunu bildirmirdi.
Saraydakı iki yevnux- hərəm xidmətçisi çara düşmənçilik hissi
bəslədiklərindən qəsd hazırladılar ki, onu qətlə yetirsinlər. Mordexay bunu öyrənib
çariça Esterə dedi, o, isə öz növbəsində Mordexaydan öyrəndiyini çara çatdırdı.
İstintaq aparıldı və məlumatın doğru olduğu öz təsdiqini tapdı.
Elə bu vaxtlar çar Kserks Haman adlı bir adamı baş nazir təyin etdi. Hamı
Hamana baş əyir və onun qarşısında diz çökürdü. Mordexay isə bu qaydanı icra
etməkdən imtina etdi, bununla o, əslində çarın göstərişinə də məhəl qoymurdu.
Bunu onunla izah edirdi ki, «mən yəhudiyəm, ona görə də Hamana baş əyə
bilmərəm». Haman isə onun belə davranışından çox qəzəblənmişdi, yəhudi
olduğuna görə Mordexayın tək özünü cəzalandırmaq istəmirdi. O, plan cızmışdı ki,
bütün Persiya imperiyasındakı yəhudilərin hamısını öldürtsun. Yaxın günlərdə bu
qəsd həyata keçirilməli idi. Esterin hesabına kütləvi qırğın qəsdi baş tutmadığına
görə yəhudilər bu qəsdin həyata keçirilməsi üçün təyin olunan həmin günü sonralar
«Purim» bayramı kimi qeyd etməyə başladılar və bu ənənə bu gün də davam edir.
Haman çara dedi ki, əgər Əlahəzrətin fərmanı olsa, onların hamısını qətlə
çatdıraram. Bu qırğından saray xəzinəsinə də çox miqdarda gümüş gələcəkdir. Çar
öz üzüyü ilə belə bir dekreti möhürlədi və bütün yəhudi xalqını düşməninin quduz
ixtiyarına verdi. Hamana isə dedi ki, «xalq da, onların pulu da səninkidir, necə
istəyirsənsə, eləcə də et». Bəyanat bütün vilayətlərə göndərildi, bu sənədə görə
yəhudilərin hamısı – cavanlar və qocalar, qadınlar və uşaqlar öldürülməli idilər.
Suza şəhəri qarışıqlığın ağuşuna düşəndə çar və Haman içki içməkdən həzz
alırdılar.
Mordexay bunu öyrəndikdə, dərddən paltarını cırdı. O, bir saray hərəm
xidmətçisi vasitəsilə Esterə hər şeyi çatdırdı. Axı bütün yəhudilər öldürülsə,
Haman saray xəzinəsinə böyük məbləğdə pul daxil olmasını da vəd etmişdi. Əmisi
qızından xahiş etdi ki, çarın yanına gedib, bunları ona çatdırsın və öz xalqına
mərhəmət göstərməsini yalvarsın. Hərəm xidmətçisi Mordexayın xahişini yerinə
yetirdi. Əmisi oğlu Esterə xəbərdarlıq etmişdi ki, sən çar sarayında olsan da,
təhlükəsiz olacağını düşünmə, sən sakit dayansan, onda yəhudilərə göylərdən
kömək gələcəkldir. Axı sən çariçasan, xalqının taleyinə laqeyd qalmamalısan.
Orucun üçüncü günü Ester öz çariça xalatını geyinib, sarayın həyətində
dayandı. Çarın diqqətini cəlb edəndə, onu otağına çağırtdı. O, içəri keçdi. Çar ona
«Nə olmuşdur?» sualını verdikdə, onu da əlavə etdi ki, «Sən nə istədiyini mənə de
166
və sən ona malik olacaqsan. Əgər bu imperiyanın lap yarısı da olsa.» Ester çarı və
Hamanı özünün hazırladığı axşam ziyafətinə dəvət etdi.
Haman həmin ziyafətdən çox yaxşı əhval-ruhiyyədə getdi, lakin ona baş
əyməyən Mordexayı sarayın qapısı ağzında görəndə çox qəzəbləndi. Mordexayı
Dostları ilə paylaş: |