1
Bəşər səmasına yüksələnlər
Şəxsiyyət anlayışı barədə
(Xeyirə kahin xidməti, şərə qarşı isə məğlubedilməz qladiator cəsarəti
göstərən R.A.-ya)
Şəxsiyyətlər daim ehtiram bəslənən, bəzən hətta sevilən insanlar olmuşlar.
Özlərinə məxsus olan keyfiyyətlərə görə şəxsiyyətlər onları əhatə edənlərdən ciddi
surətdə fərqlənir, hər bir cəmiyyətdə aparıcı qüvvəyə çevrilir, ictimai həyatda
bəzən hətta xırda dairədə də olsa liderlik imkanı qazanmağa cəhd edirlər. Şəxsiyyət
anlayışı əslində müxtəlif cəhətləri əks etdirən məfhum olduğundan, buna fəlsəfi
qaydada yanaşdıqda öz mahiyyətini daha yaxşı biruzə verir. Fəlsəfə isə hələ qədim
zamanlardan cəmiyyəti və onun üzvü kimi insanı öyrənməklə məşğul olmuşdur.
Fəlsəfi bilik hər şeydən əvvəl insan haqqındakı bilikdir. Fəlsəfə insanı dünyada,
dünyanı isə insanda təhlil edir. İnsan isə o vaxt şəxsiyyətə çevrilir ki, o,
ətrafındakılara münasibətini şüurlu surətdə müəyyən edir.
Şəxsiyyətlə fərd arasında mühüm fərqlər mövcuddur. Şəxsiyyət fərdin sosial
cəhətdən əhəmiyyət kəsb edən xüsusiyyətləri sistemidir, onun sosial dəyərləri
mənimsəmək ölçüsüdür, həm də bu dəyərləri həyata keçirmək qabiliyyətinin
sahibidir. Şəxsiyyət anlayışı özünəməxsusluğu ilə seçilməklə fərddə ümumsosial
xüsusiyyətlərin ifadə olunması ilə əlaqədardır. Bu xüsusiyyətlər isə konkret insanın
dünyaya təkrar olunmaz qaydada sistemli münasibətindən, onun sosial qarşılıqlı
2
təsirdə meydana gələn fərdi bacarığından irəli gəlir. İnsan şəxsiyyət kimi öz
şüurunun inkişaf səviyyəsi ilə, bunun ümumi şüura uyğunluğu ilə xarakterizə
olunur, axırıncı isə öz növbəsində həmin cəmiyyətin inkişaf səviyyəsi ilə müəyyən
olunur.
Şəxsiyyət ictimai münasibətlərdə bilavasitə iştirak edir. Şəxsiyyətin mühüm
cəhəti ayrı-ayrı adamlara, özünə, öz ictimai və zəhmət vəzifəsinə münasibətidir.
Şəxsiyyətdə ən başlıca xüsusiyyət təkcə onun mövqeyi deyildir, həm də öz
münasibətlərini bütün müqavimətlərə və maneələrə baxmayaraq həyata keçirmək
bacarığıdır. Bu, insanın yaradıcı imkanlarından, onun qabiliyyətlərindən,
biliklərindən
və
bacarıqlarından,
iradəli-emosional
və
intellektual
xüsusiyyətlərindən asılıdır. İnsan heç də hazır qabiliyyətlərlə, maraqlarla,
xarakterlə dünyaya gəlmir. Bu xüsusiyyətlər yalnız ömür çərçivəsində, sürülən
həyat boyu, ancaq həm də müəyyən təbii əsas üzərində formalaşır. İnsanın təbii
cəhətləri heç də onun sosial mahiyyətinə əkslik kimi qəbul olunmamalıdır. Axı
insanın təbiətinin özü də, təkcə bioloji təkamülün məhsulu olmayıb, həm də tarixin
məhsuludur.
Lakin şəxsiyyətin təşəkkül tapması yalnız konkret ictimai şəraitlərdə baş
verir. Cəmiyyətin tələbləri adamların davranış modelini, həm də bu davranışın
qiymətləndirilməsi meyarlarını müəyyən edir. Şəxsiyyətin inkişafı, əslində onun
imkanlarının daim genişlənməsi və həm də yeni tələbatlarının formalaşmasıdır.
Şəxsiyyətin inkişafının daha yüksək səviyyəsi ictimai cəhətdən əhəmiyyət kəsb
edən münasibətlərin üstünlüyü ilə xarakterizə olunur. Hər bir fərd həyatın
mürəkkəb vəzifələrini həll edir. Şəxsiyyətin rolu da məhz bu problemləri həll
etdikdə üzə çıxır. Eyni çətinliklər müxtəlif adamlar tərəfindən müxtəlif üsullarla
yoluna qoyulur. Bəziləri hətta cinayət əməllərinə də əl atır. İnkişaf etmiş şəxsiyyət
yüksək dərəcədə olan ədalət, vicdan və şərəf hissinə malikdir. Belə şəxsiyyət öz
davranışına düzəliş verməyə, səhvindən nəticə çıxarmağa qadirdir. O, öz
uğurlarının və uğursuzluqlarının mənbəyini heç də xarici şəraitlərdə deyil, məhz
özündə görür. Belə adam çəkinmədən öz üzərinə məsuliyyət götürür və çox
hallarda hətta haqlı sayılan risqlərə gedir.
Şəxsiyyətin özəyi onun yüksək psixiki xassəsi ilə - mənəviyyatla
əlaqədardır. İnsanın mahiyyətinin mənəvi cəhətdən ən yüksək qaydada təzahürü
onun əxlaqi borca daxilən bağlılığıdır, insan varlığının yüksək mənasından
asılılığıdır. Təsadüfi deyildir ki, görkəmli insanlar, qəhrəmanlıq səviyyəsinə
yüksələnlər həyatın mənasını həyatın özündən qiymətli bildiklərindən, əzabdan
qurtulmaq üçün özünü tonqala atan Herakl kimi, mübarizə tonqalında yanmaqdan
da qorxmurlar. Ona görə də şəxsiyyət yüksək ideallara sönməz sədaqəti ilə seçilir.
Şəxsiyyət açıq davranış fövqündə dayanan faktorların geniş sırasında
qarşılıqlı əlaqədə olanların ifadəsidir, bura, kompleksə malik olmaq nöqteyi-
nəzərindən fərdin bədən quruluşu və onun keçmiş şəxsi təcrübələrinin effektləri də
daxildir. İnsanın mürəkkəb davranışı daim dəyişən həyat çağırışlarının, həzzlərin,
tələblərin və gündəlik stresslərin təsiri altında baş verir. Beləliklə, insan ölçüsü,
tipləri və xüsusiyyətləri yaranır. Bu halda meydana çıxan nəticə müşahidə edilən
davranışdan çıxarılır. Spesifik davranış isə böhranlı hadisələr vaxtı baş verir.
3
Şəxsiyyət termini bir sıra mənalara malikdir. Lakin onların hamısının
özəyində xüsusiyyətlərin təşkili və ya fərdin daxilinə aid xarakteristikalar durur.
Hər bir fərd digərindən bu xarakteristikaların ayrıca birləşməsi qaydası və onun
bunları hansı dərəcədə nümayiş etdirməsi ilə fərqlənir. Şəxsiyyət anlayışı altında
münasibətlərin və şüurlu fəaliyyətin subyekti kimi insan fərdi, həm də bu və ya
digər cəmiyyətin və ya icmanın üzvü kimi fərdə xarakterik qaydada məxsus olan
xüsusiyyətlərin dayanıqlı sistemi başa düşülür.
Şəxsiyyət barədə ideyaların tam sırası bədii əsərlərdə, qanuna aid olan və
həmçinin dini və fəlsəfi ədəbiyyatda əks olunmuşdur. Biz Viktor Hüqonun dühası
hesabına monsenyor Byenvenyu və ya Jan Valjan kimi başqalarından öz həyat tərzi
və fəlsəfəsi ilə tam fərqlənən, ikincisinin timsalında nəcib təsirdən sonra dünyaya
baxışını bütünlüklə dəyişib, örnək saydığı nümunə kimi özünü yalnız insanlığa,
ləyaqətə həsr edən bu iki qeyri-adi varlıqla, daha doğru deyilsə, nəhəng şəxsiyyətlə
tanış oluruq. Şekspirin qəhrəmanları Hamlet və kral Lir həyatın ağır sınaqları
qarşısında olanda bizə öz kömək əlini uzadır, məkrə və nankorluğa biganə
qalmamağa çağırır. Onun Makbeti və ledi Makbeti isə məkr və qaniçicilik simvolu
kimi gözlərimizin önündən getmədiklərindən, həyatda belələri ilə qarşılaşanda
ehtiyatlı olmaq xəbərdarlığını alırıq.
Ümumiyyətlə yuxarıda saydığımız kimi minlərlə məxəzlərdə insan təbiətini
əmələ gətirən saysız-hesabsız nümunələr, mülahizələr mövcuddur.
İnsanların hamısı şəxsi xarakteristikalar əsasında bir-birlərindən fərqlənirlər.
Tarixi araşdırdıqda, şəxsiyyətlərin ağır sınaq anlarındakı rolu daha çox nəzərə
çarpır. Onlar bir qayda olaraq istənilən mühüm ictimai prosesdə xüsusi yer tuturlar,
uğurun və ya uğursuzluğun birbaşa baiskarlarına çevrilirlər. Yüz minlərlə həlak
olanlar yaddan çıxsalar, xatirələrdən silinsələr də, liderliyi öz üzərinə götürmüş
şəxsiyyətlər, hətta çox sayda qüsurlarına baxmayaraq, öz adlarını bəşər
salnaməsinin məhv olmayan vərəqlərinə və ya öz xalqının yaddaş cədvəlinə nəqş
edirlər. Belələrindən nəinki xalqının, ölkəsinin, hətta bəzən bütöv dünyanın taleyi
asılı olur. Napoleon on beş il ərzində uğur, qələbə simvolu idisə, axırda xalqını
alçaldıcı məğlubiyyətlə üzləşdirdi. Hitler ölkəsini dirçəldib hərbiləşdirdi, Avropada
qan çayı axıtdı və axırda Almaniyanı xarabalığa, qəbiristanlığa döndərdi.
Şəxsiyyətin psixikası onun uğur və ya uğursuzluq qazanmasında böyük rol
oynayır. Mark Antoni sərkərdəyə məxsus iti ağlını itirib, dəlicəsinə sevdiyi
Kleopatranın gəmisini uzaqlaşdığını gördükdə, onun arxasınca dəniz döyüşünü
biabırçı qaydada tərk etməsəydi, Aktsi döyüşü bəlkə belə fəlakətli məğlubiyyətlə
nəticələnməzdi və onun bir il sonra baş verən özünə sui-qəsd etməklə həyatdan
getməsi ehtimalının mövcudluğunu da meydana çıxarmazdı. Bircə anlıq Antoni
gözləri ilə gördüyünə deyil, ağıl gözünün diqtəsinə inansaydı, yəqin ki, özünün
məharətli sərkərdə adına da belə ləkə yaxmazdı. Xalqı Sezarın qatillərinə qarşı
qaldırmağı bacaran bir adam, eyş-işrətin və şəhvətin hesabına psixoloji cəhətdən də
ağır zərbələrə məruz qalmışdı. Psixoloji cəhətlər isə ayrıca elmi axtarış obyekti
olmaqla, bu sahədə Freydin psixoanaliz nəzəriyyələri daha böyük təsir gücünə
malikdir.
4
Şəxsiyyət davranışının xarakterik nümunələri fərdi qaydada əks olunanların
bir toplusudur, bunlar həm şüurlu, həm də şüursuz səviyyələrdə gündəlik
fəaliyyətlə müəyyən olunur. Bu, daxili stimulların və vicdan tərəfindən icra edilən
xarici nəzarətlərin birliyinin tarazlığını təmsil edir. Şəxsi nizamın olmaması o vaxt
mövcud olur ki, şəxsiyyətin xüsusiyyətləri fərdlər arasındakı əlaqələrin uyğun
səviyyədə olmasının formalaşmasını məhdudlaşdırır. Dəyişilməyən və ya pis idarə
edilən xüsusiyyətlərin nəticəsi kimi, fərdin fəaliyyət bacarığı zədə alır və qeyri-adi
şəkildəki obyektiv bir taqətdən düşmə hadisəsi baş verir. Şəxsiyyətin
nizamsızlığının görünüşü müxtəlif psixiatriya təsnifatında xeyli dərəcədə fərqlənir,
onun nümunələrinə isə, əlbəttə, asılı vəziyyətdə olan və dəli adamlar daxildir.
Şəxsiyyət insanı xarakterizə edən dünyagörüşün, psixoloji və davranışa aid
əlaqələrin dayanıqlı sistemidir. Şəxsiyyət ictimai inkişafın məhsulu olub, fərdləri
aktiv fəaliyyətə və sosial münasibətlər sisteminə qoşur. Şəxsiyyətin formalaşması
anadangəlmə və qəbul edilmiş bioloji şərtlərin məcmuu əsasında, həmçinin
fərdlərin sosiallaşması və istiqamətləndirilmiş tərbiyə-sosial normaların və
funksiyaların mənimsənilməsi prosesində gedir.
Şəxsiyyətin formalaşmasında tərbiyə də mühüm rol oynayır. Tərbiyə
gerçəkliyə və cəmiyyətdəki normalara müvafiq olaraq məqsədyönlü və sistemli
şəkildə gedən bir prosesdir. Bu iş cəmiyyətdə qüvvədə olan normativ modellərə
uyğun olaraq aparılır. Şəxsiyyət tərbiyə və özünütərbiyə prosesinin nəticəsidir.
Şəxsiyyət doğulmur, ancaq təşəkkül tapır.
Şəxsiyyətin imicinə gəldikdə, bəzən bu obyektiv xarakter daşımır, məqsədli
reklam və təbliğat tərəfindən şəxsin adına yazılan və deyilən xüsusiyyətlərin
məcmuu kimi nəzərə çarpır. Təbliğat bəzən həddi aşaraq, konkret şəxsin şöhrətini
artırmaq üçün tarixi təhriflərə yol verir, ona aid olmayan əməlləri də onun adına
yazmaqla, əslində saxtakarlığa əl atır. Belə panagirik tipli təbliğat bir müddət
məqsədinə çatsa da, sonradan həmin şəxsin ifşası üçün tutarlı vasitəyə çevrilir.
Şəxsiyyətin təşəkkül tapmasında onun özünü necə qiymətləndirməsi də az
rol oynamır. Özünə güvənmə vəzifələrə uyğun gəldikdə, müsbət nəticələrə gətirib
çıxarır. Lakin öz qüvvəsini şişirdilmiş şəkildə qəbul etmə çox vaxt həmin adamın
vəziyyətini nəinki çətinləşdirir, bəzən hətta onu istehza obyektinə çevirir. Axı hər
bir fərd həm də başqaları tərəfindən qiymətləndirilir və bu vaxt bəzən özü
barədəki yüksək fikirlə ümumi rəy arasında uçurum yaranır, özünə vurğunluq,
nartsissizm həddi aşdıqda bu uçurum daha da dərinləşir. Özündən razılıq,
xudpəsəndlik bütövlükdə insanın kasad təbiətini biruzə verir, onun qüsurlarını daha
aydın şəkildə göstərir. Özlərinə belə vurulmuş nartsisslər adi bayağılıqlarını da
dahiyanə qeyri-adilik kimi qələmə verməyə çalışırlar. Bəzən kütlə Moisey, Esxil,
Dante, Mikelancelo və Napoleon kimi insanların doğulmasını mümkün edən
vergiyə, öz məqsədinə, burada əsasən siyasi səhnə nəzərdə tutulur, çatanları da heç
bir başqa amilə məhəl qoymadan tələsikliklə və yekdil qaydada sahib olanların
siyahısına daxil etməklə, onları ədalətsizcəsinə mükafatlandırırlar. Səhvən
yaradılan və şişirdilən şöhrət həmin adamları özlərinin fövqəlbəşəri varlıq olmaları
kimi haqsız və səfeh bir fikirə düşmələrinə gətirib çıxarır.
5
Karlik təbiətlilər belə mühitdə asanlıqla monstrlara çevrilirlər. Onlar əslində
insanlıq aləmindəki xərçənglərə bənzəyirlər, irəli getmək əvəzinə, ardıcıl olaraq
qaranlığa doğru geriyə hərəkət edirlər. Qazandıqları həyat təcrübəsindən də öz
mənəvi eybəcərliklərini gücləndirmək üçün istifadə edirlər, öz pozulmalarını
nifrətdən xəbər verən əlçatmaz bir zirvəyə çatdırmaq istəyirlər. Axı iyrənclik tənəsi
onların şöhrətinə xələl gətirərdi, yalnız zirvə onlar haqqında lazımi təsəvvür yarada
bilər. Cəmiyyətdə haqsızlıqlar daim mövcud olmuşdur, plebeylər patritsi
qiyafəsində, qorxaqlar qəhrəmanlıq haləsində olduqda, özlərinin əvəzedilməz
olduqları qənaətinə gəlirlər.
Böyük rus yazıçısı L.N.Tolstoy insanın özü barəsindəki qeyri-məhdud
rəyini, özünəvurğunluğunu qamçılamaq üçün qəribə bir metaforadan istifadə
etmişdir. İnsan ruhunun böyük tədqiqatçısı kimi, o, bəşər övladını riyazi kəsirə
bənzədir, kəsirin surəti onun daxili aləmini, məxrəci isə özü haqqındakı rəyini
bildirir. Surət böyüyəndə kəsirin qiyməti də artır. Kəsirin məxrəci böyüdükcə,
onun qiyməti azalır, bu böyümə hədsiz olduqda kəsirin qiyməti sıfıra yaxınlaşır.
Həqiqətən, insan da belədir. Zənginlikdən xali daxili aləmə malik olanların özləri
haqqındakı yüksək, izafi rəyi onların varlığının ictimai dəyərini az qala heçə
endirir. Ona görə də özü barədə yüksək fikirdə olanlar, buna təbliğat ruporu da
əlavə olunsa, ictimai rəydə hökmən uduzmağa məruz qalırlar, can atdığı, daim
gözlədiyi məhəbbət hisslərinin əvəzinə hətta nifrətlə mükafatlanmağa yaxınlaşırlar,
bir şəxsiyyət kimi mənəvi iflasa uğrayırlar.
Şəxsiyyətin quruluşuna gəldikdə, bu anlayışın özü, fərd və fərdiyyətçilik
anlayışlarından xeyli genişdir. Şəxsiyyət adamın sosiallaşması, dünya ilə qarşılıqlı
əlaqə prosesində formalaşmasıdır. Fərd isə ancaq genetik cəhətcə şərtlənən
xüsusiyyətlərin daşıyıcısıdır. Yalnız sosial, mədəni, tarixi təcrübəni mənimsəmək
prosesində insan şəxsiyyətə çevrilir.
Şəxsiyyətin psixiki strukturasına onun xüsusiyyətləri adlandırılan bütün
fərdi özünəməxsusluqlar daxildir. İnsan üçün irrasional instinktlər üzərində nəzarət
zərurəti yaranır. Belə nəzarəti icra etməyi bacarmayan, pis instinktlərə əsir olanlar
heç vaxt şəxsiyyət səviyyəsinə yüksələ bilmirlər. Şüurlu fəallığın daimi səviyyəsi
isə fərdi qıcıqlaşdırıcıların təsirinə daha yaxşı uyğunlaşmağı təmin edir.
İnsanın daxili aləmini tədqiq edən fəlsəfə o vaxt həqiqətən bu adı daşımağa
layiq olur ki, onun köməyi ilə insan “özü özünə”, şəxsi həyatındakı fəaliyyətinin
formalarına, mənəvi dünyasına, onun zaman və məkanla bağlı olmasına, əzablarla,
uğursuzluqlarla, sevinc və xoşbəxtliklərlə dolu olmasına diqqət verməklə, özünü,
heç bir güzəştə getmədən təhlil edir.
Fəlsəfə - fikrin mikroskopudur. Özünün satılmayan baxışı ilə şəri təqib edir
və onun izsiz yox olmasına yol vermir.
Fəlsəfəyə gəldikdə, elə cərəyanlar mövcuddur ki, onlar nəhayətsizliyi,
günəşi də inkar edirlər. Fəlsəfə təsirli, kəsərli olmalıdır. Onun səyi və məqsədi
insanın kamilləşməsi olmalıdır.
Fəlsəfə həqiqəti etiraf etməlidir, onu təkzib etmək yollarını aramalıdır. Əgər
ideal olan, nümunə simvoludursa, təəssüf ki, elə alçaq ruhlu adamlar vardır ki,
onlar həzzi də mənəvi prinsipə çevirirlər, iyrənc maddi nemətlərə vurulurlar. Bəzən
6
cəmiyyətlərdə pozğunluq yayan xüsusiyyətlər vulkanın ağzından çıxan lava axını
kimi onun bütün məsamələrinə yayılır.
İnsan ali məxluq olub, əmək qabiliyyəti ilə heyvanlardan fərqlənir. Bununsa
nəticəsi nemətlər yaratmaqdır. Bu nemətlər isə tələbatları ödəmək üçün istifadə
edilir.
İnsanın həyatı və fəaliyyəti sosial faktorun aparıcı rolu şəraitində bioloji və
sosial faktorların birliyi və qarşılıqlı təsiri ilə şərtlənir. Çünki təfəkkür, nitq və
digərləri adamlara bioloji irs şəklində çatdırılmır, bütün ömür boyu ərzində
formalaşır. İnsan başqaları ilə birgə fəaliyyət və ünsiyyət nəticəsində şəxsiyyətə
çevrilir. İnsan öz fəaliyyətinə və girdiyi ünsiyyətə davranışının mühüm
orientirlərini daxil edir, hər şeydə onun nə etdiyini yoxlayır. Şəxsiyyətin özəyi,
dəyər – dünyagörüş istiqamətləri kimi çıxış edir, bunlar isə fərdin tərbiyə edilməsi
və həyat təcrübəsi prosesində meydana gəlir. O, müxtəlif alternativlər və imkanlar
arasında şüurlu surətdə seçim edir. Bunun hesabına insan öz şəxsiyyətinin
istiqamətini müəyyən edən müvafiq şərtlərdən yuxarı qalxmağa və öz
hərəkətlərinin xarakterini dəyişdirməyə qadir olur.
Şəxsiyyət həm də açıq və şüurlu fəaliyyət subyekti kimi insanın sosial
təbiətini əks etdirmək üçün irəli sürülən anlayışdır. İnsan bəşər nəslinin
nümayəndəsi ( Homo sapienc) olmaqla, cəmiyyətin bir hissəsi kimi fərddir. Fərd bir
orqanizm kimi insanı ümumi xüsusiyyətləri vasitəsilə ifadə edir. Şəxsiyyət kimi isə
insan öz daxilindəki sosial arakəsmələrin öhdəsindən də gəlməyi bacarır.
Çox vaxt ələ keçirdiyi sosial yüksəkliyə, tutduğu vəzifəyə görə adamlara
əlçatmazlıq qiyafəsi geyindirilir, onlar bütləşdirilirlər. Təəssüf ki, bəzən mühit,
ətrafdakıların az qala sitayişə bənzər münasibəti zülmkarları belə layiq olmadıqları
səviyyəyə qaldırır. Tarixdə elə səfeh adətlər mövcud olmuşdur ki, xalqlar öz
igidliyini də kralların adına yazmış, saysız-hesabsız qüsur sahibi olanları az qala
bütə çevirmişlər. Avropada ardı-arası kəsilməyən müharibələr gedəndə, daim
vuruşan xalqın özü olsa da qələbə şərəfi krala çatırdı. Xalqın vergi şəklində ödədiyi
pulu kral istədiyi kimi xərcləyirdi. Xalqa da elə bil ki, kralın varlı olması,
dəbdəbəsi xoş gəlirdi. Xalqa qəpik qaytarılanda kral əliaçıq hesab edilirdi. Elə bil
ki, piqmeylərdən düzəldilən pyedestal üzərində kolossun qaməti ucalırdı.
Bədbəxtlikdən, həm də karlikin xalq adlanan nəhəngdən yüksək olmaq imkanı
meydana gəlir, bunun üçün o, yalnız nəhəngin çiyinləri üzərinə dırmaşmalıdır.
Qəribəsi odur ki, həmin nəhəng nəinki bununla razılaşır, hətta karlikin
əzəmətindən vəcdə gəlir. Nə etmək olar, adamlar olduqca sadəlövh olurlar və hətta
acı taleləri ilə də barışırlar.
Bəzi hakimiyyət həvəskarları öz məqsədlərinə çatmaq üçün hər şeyə, hər cür
əclaflığa belə əl atmağa hazırdır. Şekspir belələrini özünün “III Riçard” pyesindəki
kral III Riçard obrazında ifşa edir: “Taxt-tac üçün niyə andını pozmayasan? Bir
gün hökmranlıq etmək üçün mən onların yüzünü pozaram”. Belələri iezuitlərin
“məqsəd vasitələrə haqq qazandırır” kredosundan istifadə etməyə üstünlük verirlər.
Terrorun görkəmli təbliğatçısı S.Q.Neçayev deyirdi ki, “inqilabın zəfərinə kömək
edən hər şey əxlaqi hesab edilməlidir”. Pozulmuş cəmiyyətlərdə yalançı
qəhrəmanlar, saxta dahilər çox asanlıqla meydana gəlir və mikroorqanizmlər,
7
amyoblar kimi çoxalırlar. Cəmiyyətin tələbləri aşağı düşdükcə, ümumən zövqlər də
korlanmağa üz tutur. A.S.Qriboyedovun “Ağıldan bəla” pyesində Skalozub deyirdi
ki, “Mən feldfebelə Volter adını verərəm”. Böyük filosofla kapralı ayırd edə
bilməyən cəmiyyətlərdə dəyərlərin də baş-ayaq olması heç də təəccüblü deyildir.
Həqiqi dahilər isə az qala cahil hesab edilməyə başlanır. Rusiya sinodunun ober-
prokuroru K.P.Pobedonostsev irticaya xidmət naminə dahi yazıçı L.N.Tolstoyu az
qala təqib etmək istəyirdi.
Avropada atlı heykəl monarxiyanın simvolu kimi yalnız krallara qoyulurdu.
At, əslində belində ağır yükü daşıdığına görə, xalq demək idi. Lakin bu at da
tədricən öz şəklini dəyişir, bəzən kiçilir də, axırda isə şirə çevrilir. Bu vaxt
gözlənilməz hadisə baş verir, o, atlını belindən atır. Şir atlını udur. Tarixə müraciət
etsək, bunu 1649-cu il İngiltərəsində, 1793-cü il Fransasında, 1917-ci il
Rusiyasında görə bilərik.
Bəzən mürgüləmiş xalq belə çiynində gəzdirdiyinin buna layiq olmadığını
anlamağa başladıqda, hansısa sirrli təkanın təsiri ilə oyanır, ona yük heyvanı kimi
baxanı nəinki öz üzərindən atır, hətta onun cəzasını vermək fikrinə də düşür.
Şəxsiyyətin atributlarına iradə, sərbəstlik, zəka və hisslər daxildir. İradə
fəaliyyətin məqsədində və daxili cəhdlərdə seçim etmək xüsusiyyəti və bacarığıdır,
bunlar isə onun icra edilməsi üçün vacibdir. İradə hansısa fiziki və ya emosional
fəaliyyət deyildir və həm də həmişə heç də insanın sosial fəaliyyəti deyildir. Lakin
elə fəaliyyətdir ki, o, həmişə əxlaq prinsiplərini və şəxsiyyət normalarını əks
etdirir. İradə (hüquq) şəxsin öz hərəkətlərinə rəhbərlik etmək bacarığıdır.
Hər bir şəxsiyyət hisslərə malik olmaqla yanaşı, onları cilovlamağı da
bacarmalıdır. Səbirsiz, ehtiyatsız adam birinci növbədə özünə zərbə vurmuş olur.
Viktor Hüqo özündən tez çıxan belələrini, bişiriləndə südün köpməsinə, daşmasına
bənzədir. Süd köpəndə bircə damcı soyuq su onun köpünü yatırdır. Fransız dilində
idioma kimi “ s`emporter comme une soupe au lait” ifadəsi hərfi qaydada “süd
şorbası kimi qızışan” mənasını versə də, “tündməcazlıq” kimi işlədilir. Dildən
gələn bu ifadəyə böyük fransız yazıçısı belə izah vermişdir.
Şəxsiyyət özünün həyat tərzi, insanlara və hadisələrə münasibətilə bir növ
qəhrəmanları andırırlar. “Qəhrəman” yunan dilində “ heros” sözü kimi işlədilir, bu
sözdə həm ilahə Heranın adı əks olunmuşdur, həm də gədim hindlilərin dili olan
sanskritdə “ləyaqətli insan” deməkdir. Buradan belə çıxır ki, qəhrəmanlar kimi
şəxsiyyətlər də daim ləyaqəti təcəssüm etməlidirlər
Şəxsiyyət düşdüyü şəraitdən asılı olmayaraq özünəməxsus ləyaqətini daim
qoruyub saxlamalıdır. Onun bəşəri dəyərlərə münasibəti sınaq anlarında sınağa
çəkilsə də, öz möhkəmliyini qoruyub saxlamalıdır. XIII əsrdə yaşayıb yaratmış
böyük Şərq şairi Cəlaləddin Rumi şəxsiyyət məsələsində güzəştə getməməklə,
oriyentirləri qələmə alır: “Şəfqət və mərhəmətdə Günəş kimi ol! Sadəlikdə və
yardım etmədə axar su kimi ol! Başqalarının qüsurunu örtməkdə gecə kimi ol! Ya
göründüyün kimi ol, ya olduğun kimi görün”. Həqiqətən də, şəxsiyyət heç vaxt
maskaya ehtiyac duymamalıdır, baxmayaraq ki, latın dilində “ persona” sözü həm
“maska”, “teatr rolu”, həm də “şəxsiyyət”, “şəxs” mənasını verir, ancaq
“şəxsiyyət” sözünün mahiyyətində maska ilə heç bir əlaqə yoxdur.
8
İnsanlara zülm etmək, onları bədbəxtliklərə düçar etmək heç də sağlam
iradədən xəbər vermir. İradə mənfur qərarlar verməyə, həyatda cəhənnəm
əzablarını bərqərar etməyə xidmət etməməlidir, belə iradə yalnız bəla simvolu ola
bilər. İradə əməldə və düşüncədə irrasional cəhətlərdən kənarda dayanmalıdır.
İnsan şəxsiyyət kimi özünü, yalnız iradəsini sərbəst ifadə etmək yolu ilə təsdiq edə
bilər.
Atributlardan digəri olan sərbəstlik hadisənin mümkün sonu variantlarını
seçmək imkanıdır. İradə sərbəstliyi isə insan üzərinə məsuliyyət qoyur. Zəka yeni
ideyalar meydana gətirən sintez edilmiş yaradıcı fəaliyyətin əsasıdır. Hiss isə, açıq
gerçəkliyə öz münasibətini aşılamaqdır.
Şəxsiyyətin sabit komponentləri toplusuna temperament, xarakter,
motivasiya daxildir. Temperament psixikanın xüsusiyyətidir. Xarakter isə insanın
tipik davranışıdır. Motivasiya insan davranışını idarə edən planın dinamik
prosesidir, bu onun istiqamətini, təşkilatlanmasını, fəallığını və dayanıqlığını
müəyyən edir. Şəxsiyyətin motivasiya özəyi hər bir adam üçün müəyyən edilmişdir
və dayanıqlığı ilə xarakterizə olunur.
XX əsrdə yaranmış fəlsəfi cərəyan olan eksiztensializm öz diqqətini insanın
irrasional varlığının unikallığı üzərində cəmləşdirir. Eksiztensializm mövcudluq
fəlsəfəsi deməkdir, həm də insan varlığı barədə fəlsəfədir. Bu cərəyan insanı
mənəvi varlıq kimi götürür. Eksiztensiya hansısa bir irrasional reallıqdır, obyektin
və subyektin vəhdətidir. Eksiztensializmdə azadlıq problemi ideal azadlıqdan
ibarətdir, bu isə şəxsiyyətin cəmiyyətdən azad olmasıdır.
Ekzistensializm adətən empirik və rasional ənənələrə ziddir, onun tezisi
ondan ibrətdir ki, burada heç bir qəti niyyət və ya ümumiyyətlə dünyada qayda
yoxdur. Dünya qeyri-müəyyən şəkildə düşməndir. Fərdlər öz xarakterlərini və
məqsədlərini seçirlər, bu seçməkdən qaça bilməzlər, buna isə onlar özlərinin
yaratdıqları “sıçrayışla” nail olurlar və həm də eyni qaydada buna borclu olurlar.
Dünya haqqında həqiqət və bizim vəziyyətimiz, fokuslaşmamış psixoloji
qayğı və ya qorxu altında daha təmiz şəkildə açılır. Bu mövzulara XX əsrdəki
Avropa ədəbiyyatı, psixoanalizlər və ilahiyyat güclü təsir göstərmişdi. Böhranlı
anlar, çətinliklər şəxsiyyətin nəyə qadir olduğunu göstərir.
Ümumiyyətlə, sınaqlar şəxsiyyət barədə daha düzgün rəy çıxarmağa imkan
verir. Şəxsiyyət nə qədər qüvvətli və iradəli olsa da, heç də zəifliklərdən tamamilə
xali deyildir. Bəzən kiçik bir zəiflik bütün müsbət keyfiyyətlərin də üzərindən xətt
çəkə bilir. Böyük filosof Biez Paskal deyirdi ki, insanlar kövrək məxluqlardır, çox
vaxt hissləri tərəfindən aldadılırlar, ağılları ilə azırlar və öz emosiyaları tərəfindən
məğlub olurlar. Həm də onlar elə varlıqlardır ki, təbiətin özü belə onları
düşünməyə sövq edir: “İnsan yalnız qamışdır, təbiətdə ən zəif olandır, lakin o
düşünən qamışdır”. Yalnız ağılı və düşünmə qabiliyyəti ilə insan öz ətrafını, təbiəti
və cəmiyyəti dərk edə bilir. Humanizmin görkəmli nümayəndəsi Benedikt de
Spinoza isə qeyd edirdi ki, hər şey rasional izaha malikdir və insanlar onları
tapmağa qadirdir. İnsanlar real azadlığı, təbiətin qaydasını və zəruriliyini başa
düşdükdə və ya ötüb keçən maraqlardan uzaqlaşdıqda, onların əsl azadlığı
gələcəkdir. Onun düşüncəsinə görə təbiət tufanlar, zəlzələlər və xəstəliklər şəklində
9
insanlara dost olmayan qaydada özünü biruzə verəndə “onlar bəyan edirlər ki, bu
şeylər ona görə baş vermişdir ki, Allah adamların düzgün olmayan əməllərinə və
sitayişində hansısa səhvə yol verdiklərinə görə onlara acıqlanmışdır”. Görünür,
şəxsiyyətlər səhv addım atdıqda, gerçəkliyə, reallığa göz yumduqda, gözlədiyi
uğur əvəzinə məğlubiyyətlə qarşılaşır və yəqin ki, bu məsələdə də Allahın ondan
narazı qalması öz işini görmüş olur.
Bəzən təsadüflər iri şəxsiyyətləri də çıxılmaz vəziyyətdə qoyur. Napoleon
Vaterlooda məğlub oldu, çünki onun bu döyüşdəki qələbəsi XIX əsrin hesablarına
daxil deyildi. Ona heç də böyük sərkərdələr – Vellinqton və Blyuxer maneə
olmadı, ona allahın özü mane oldu. Axı digər hadisələr sırası hazırlanırdı, orada isə
Napoleona artıq yer yox idi. Öz şəxsində Hannibalı, Yuli Sezarı və Böyük Karlı bir
yerdə təcəssüm edən bu böyük şəxsiyyət tarix səhnəsini tərk etməli idi. Qeyri-adi
adamın yıxılması saatı gəlib çatmışdı. Buğlanan qan, dolub daşan qəbiristanlıqlar,
anaların göz yaşları qorxulu ittihamçılar olmaqla, onun taleyi barədə öz hökmünü
vermişdi. Ona görə də Vaterloo sadəcə döyüş deyildi, bütün kainatın sifətinin
dəyişilməsi idi. Bu zərurətdən Napoleon da qaça bilməzdi.
Bu hadisədə qalib sərkərdələr nə qədər öyünsələr də, onlar məğlub
etdiklərinin şöhrətinə yiyələnə bilmədilər. Artıq epoxa başqalarını yüksəldirdi,
Almaniyada Blyuxerin başı üzərində Höte, İngiltərədə isə Vellinqtonun başı
üzərində Bayron dühaları işıq saçırdı. Onlardan əzəmət yağırdı. Çünki onlar
düşünürdülər və insanları düşünməyə dəvət edirdilər.
Bəzən məslək adamları mübarizədə əsl qəhrəmanlara xas olan xüsusiyyət
nümayiş etdirirlər. Əgər Brut qılıncla diktatorun həyatına son qoymuşdusa,
Tsitseron Sezara öz fikirləri ilə hökmünü oxumuşdu. Məslək bahadırları, az sayda
asketlər istisna olmaqla, gözəlliyi sevir, bu yolla işığa can atırlar. Böyük rus
yazıçısı F.M.Dostoyevski dünyanı gözəllik xilas edəcəyini dedikdə, hər şeydən
əvvəl ruhun, könülün gözəlliyini nəzərdə tuturdu. Böyük şəxsiyyətlər yetişdirən
xalqlar, ehkamlarda donub qalmış və ya təmənna ilə pozulmuş digərlərindən fərqli
olaraq məhz sivilizasiyanı irəli aparırlar. Qızıl və ya başqa bütlərin qarşısında diz
çökənlər isə canlı əzələlərin və kəsərli iradənin atrofiya olmasına səbəb olurlar.
İyrənc prinsiplər iyrənc adətlər kimi hökmən insanları uçuruma aparır. Bizim
qüsurlarımızı cilovlayan məğrurluq çox vaxt əks mövqedəki qüsurlara istiqamət
götürür. Qaniçənlərin məğrurluğu bu sahədəki iştahının doymasına əsaslanır.
Hollandiyada ispan ağalığının zülmünü qoruyub saxlayan hersoq Alba adamların
yandırıldığı tonqalda əllərini qızdırırdı. Torkvemada inkvizisiya qurbanlarının
artan çoxluğundan ilham alırdı. Hitler yəhudi problemini ölüm düşərgələri, qaz
“hamamları” ilə birdəfəlik həll edirdi. Tarix bu barədə bizə çoxlu nümunələr bəxş
edir, axı keçmişin gələcəkdəki əks-sədası gələcəyin keçmişə atdığı işıqdır.
Tiraniya tirandan çox yaşayır. Ar olsun o adama ki, öz obrazında təcəssüm
olunan mənəvi zülmət qoyub gedir.
Tarixin aydınlığı mərhəmətsizdir. Vaxtilə parıltı görünən yerə kölgə salır.
Tarix təkcə böyük zəka sahiblərini nişan verən panteon hesab edilməməlidir.
Orada elələri vardır ki, fövqəl istedadı hesabına liderliyə yüksəlmiş, min illər
ərzində azadlıq uğrunda yenilməz mübarizlər simvoluna çevrilmişlər. Frakiyalı
10
hesab edilən Spartak qul kimi qladiator məktəbinin sahibi tərəfindən satın
alınmışdı və b.e.ə. 73-71-ci illərdə İtaliyada qul üsyanına başçılıq etmişdi.
Romanın görkəmli siyasi xadimi Krassın başçılıq etdiyi sayca çox böyük ordu
Spartakın döyüşçülərini məğlub etdi və qul sərkərdəsi özü məhv oldu. Bu işdə
Pompey də Krassa köməyə gəlmişdi. Lakin tarix öz ədalətini biruzə verdi. Krass
parfiyalılarla döyüşdə 18 il sonra, b.e.ə. 53-cü ildə məğlub edilib, öldürüldü,
Pompey isə bundan beş il sonra Sezar tərəfindən Farsaladakı ağır
məğlubiyyətindən sonra Misirə qaçdıqda, orada öldürüldü. Ən böyük tarixi ədalət
isə ondadır ki, Krass və Pompey son yarım min illikdə yalnız Qədim Roma tarixi
ilə məşğul olanların diqqətini cəlb etdiyi halda, Spartak azadlıq məşəlini yuxarı
qaldıran, quldarlığın ləğvinin mümkün olduğu müjdəsini bəşəriyyətə çatdıran ilk
qəhrəman olmaqla, ölməzliyə, əbədi həyata qovuşmuşdur. İki min ildən artıq bir
müddət keçsə də, Spartak azadlığın sönməz günəşi kimi işıq saçmaqda, yol
göstərməkdə davam edir. Spartak qulları azad edə bilmədi, lakin əsrlər ərzində
dünyanın hər tərəfindən zülmə qarşı mübarizə aparanlar üçün mayak, yol göstərən
oldu. Bəşəriyyət Fermopil keçidindəki spartalıların igidliyi kimi, Spartakın zülmə
qarşı mübarizəsi qarşısında böyük ehtiramla baş əyməkdə davam edir.
Böyük şəxsiyyətlər bir qayda olaraq yaşadıqları zamanı və məkanı tərk edib
az qala əbədi həyata qovuşurlar. Onlar, əlbəttə, hansısa ölkəyə, xalqa və müəyyən
dövrə mənsubdurlar, lakin zaman və məkan çərçivələrini qırıb dağıtdıqlarından
başqalarından fərqlənməklə dünya vətəndaşlarına çevrilirlər. Qədim yunanlar
dünya vətəndaşlarını kosmopolites – kosmopolit adlandırırdılar. Kosmopolitizm
dünya vətəndaşlığı adlanan bir ideologiya idi. Bu anlayışda vətən ideyası bütün
dünyanın üzərinə yayılırdı, insanlar üçün ümumi ana, torpaq olduğu kimi, ümumi
vətən də dünyadır. Dünyaya xidmət həm də bəşəriyyətə, insanlığa xidmətdir. İnsan
həyatı əgər bir andan ibarətdirsə, onun mahiyyəti əbədi axındır. İnsan bir xalqın
içərisində dünyaya gəlsə də, əməlləri, mübarizəsi ilə kiçik bir icmaya deyil, bütün
dünyaya mənsub olduğunu sübut edir. Misal çəkdiyimiz Spartak da bütün dünya
xalqları üçün xeyirə qovuşmaq uğrunda mübarizənin simvoluna çevrildi.
Tarix təkcə onun səhnəsində baş verən və sonrakı dövrə, gələcəyə təsir
göstərən hadisələr yığını deyildir, həm də insan ehtiraslarının və ağlının həmin
hadisələrə göstərdiyi təsiri qeydə almaqla, böyük şəxsiyyətlər sərgisidir. Onlar heç
də ideal varlıqlar deyillər, digərləri kimi səhvlərdən də bütünlüklə qaça bilmirlər.
Lakin onların öz əməllərində kristallaşmış mənəvi boyu təkcə bu adamları əhatə
edənlər arasında fərqləndirməklə kifayətlənmir, həm də əsrlərin dumanından keçib
öz ruh qamətini yüksəltmiş olur. Bəzi şəxsiyyətlər həm də qüsurlu əxlaq
daşıyıcıları olurlar. Lakin bu onların tarixi düzəltməkdəki rollarını nəinki
bütünlüklə poza, heç azalda da bilmir. Seçim qaydasında onların bəzilərinə
müraciətə keçməmişdən əvvəl öz müdriklikləri ilə min illər keçsə də bəşəriyyəti
heyran edən şəxsiyyətlərə ani də olsa nəzər salmamağın özü də günah olardı.
Söhbət dünyanın məşhur yeddi müdrikindən gedir. Antik rəvayətlərə görə bu adı
daşımağa layiq olan iyirmiyə qədər dühanı aid etmək olardı. Yeddi müdrik, əlbəttə
ki, mifik deyil, tarixi şəxsiyyətlərdir və onların aforizmləri rəvayətlər əsasında
saxlanmışdır. Onların xarakteristikalarında isə qədim yunanların gördükləri və
11
nəyə can atdıqları əks olunmuşdur. Onlara Miletdən olan Fales, Afinadan olan
Solon, Korinfdən olan Periandr, Pittak, Spartadan olan Xilon, Priyenadan olan
Biant, Skifiyadan olan Anaxarsis daxildir.
Falesin (b.e.ə. 583 və ya 547-ci ildə ölmüşdür) ibarəli sözlərinə “Hər şeydən
böyük məkandır, çünki hər şeyi əhatə edir. Hər şeydən iti ağıldır, çünki hər şeydən
irəli qaçır. Hər şeydən güclü zərurətdir, çünki hamı üzərində hökm edir. Hər
şeydən müdrik zamandır, çünki hər şeyi açır” kəlamları daxildir. O, həm də
öyrədirdi ki, “Özünü dərk et!”
Solon ((b.e.ə. 560 və ya 547-ci illərdə ölmüşdür) Afinanın populyar arxontu
olmaqla, ona təklif edilən təkbaşına hakimiyyətdən imtina etmiş və Pisistratın
tiraniyasının qurulmasına mane olmağa cəhd etmişdi. Rəvayətə görə o, Xalq
yığıncağında bəyan etmişdi: “Vətəndaşlar! Sizin bəzilərinizdən mən ağıllıyam,
bəzilərindən isə daha cəsarətliyəm. Pisistratın yalanını başa düşməyənlərdən
ağıllıyam, başa düşüb, dillənməyənlərdən isə mən cəsarətliyəm”. Bundan sonra o,
dəli elan edildi və sürgünə yollandı. Solonun qanunlarında deyilirdi: “Özün
qoymadığın şeyi ölüm qorxusu altında da götürmə!”. “Gözü çıxardanın iki gözünü
də çıxarmaq lazımdır”. Onun başlıca aforizmi “Heç nə çox olmasın” idi.
Periandr (b.e.ə. 627 və ya 587-ci ildə ölmüşdür) Kinsemin oğlu və ardıcılı
idi, çevriliş yolu ilə hakimiyyəti tutmuşdu. Yaşlı vaxtında hamilə arvadını
öldürmüş, kənizlərini diri-diri yandırmış, oğlunu sürgünə göndərməklə labüd
ölümə məhkum etmişdi. Güman ki, o, demişdir: “Hökmdarın ən yaxşı mühafizəsi
nizə deyil, ümumxalq məhəbbətidir”. “Özünü təkcə xətaya görə deyil, həm də
niyyətə görə cəzalandır” sözləri də ona aid edilir.
Pittak (b.e.ə. 620-570-ci illər) Afina ilə müharibədə qoşunlara komandanlıq
edəndə afinalı sərkərdəni döyüşə çağırmış və aldatmaqla onu öldürmüşdü.
Hökmdar olduqda qanunları və idarəetməni qaydaya salmış, sonra isə
səlahiyyətlərindən imtina etmişdi. Ona bu ibrətamiz sözlər aid edilir: “Mülayimliyi
sev!”, “Hər şeyin vaxtını bil”.
Xilona (b.e.ə. 600-540-cı illər) belə nəsihətlər aid edilir: “Dilini saxla!”,
“Hədələmə - bu arvad işidir”, “Öz evində ağalıq etməyi öyrən!”
Biant (b.e.ə. 590-530-cu illər) məhkəmədəki nitqləri ilə məşhurlaşmışdı.
Demişdi ki, daha yaxşısı odur ki, dostlarının yox, düşmənlərin arasındakı
mübahisəni araşdırasan, dostlarından biri bundan sonra düşmən olacaq,
düşmənlərindən isə biri dostun olacaqdır. “Çoxluq – şərdir” məşhur aforizmi də
ona məxsusdur.
Anaxarsis (b.e.ə. VI əsrin birinci yarısı) çar nəslindən olan skif idi. Onun
nitqlərinin ağıllılığı afinalıların “skif kimi danış!” zərb-məsəlinə çevrilmişdi.
Afinaya gələndə Solona çatdırdı ki, onu görmək və onunla dost olmaq istəyir.
“Dostluğu vətəndə qururlar” cavabına o, etiraz etdi: “Solon elə vətənindədir, niyə
özünə əlavə dost tapmasın”. Onun bəzi məşhur iti sözləri bunlardır: “Hər bir üzüm
tənəyi üç salxım verir: həzz, sərxoşluq və ikrah hissi”, “Ən təhlükəsiz gəmi –
sahilə çıxarılan gəmidir”, “Bazar – qanunsuzluğun qanuniləşdirildiyi yerdir”.
Dünyanın yeddi müdriki barədəki lakonik məlumat heç də belə təsəvvür
yaratmamalıdır ki, yalnız iti düşüncə tərzinə, hazırcavablığa malik olanlar,
12
danışıqları zərb-məsələ çevrilənlər şəxsiyyət adlandırılmalıdır. Bu büsbütün səhv
fikir olardı. Bəzən savadsız şəxsiyyətlər belə adamları heyran edən ağıla və
qabiliyyətlərə malik olurlar və onlar öz əməllərinin miqyası ilə bəşər tarixinə
təkrarı olmayan hərbi qələbələr çalmaq və ya iri imperiyalar yaratmaqla düşmüşlər.
Çingiz xan, bu ad “Kainat hökmdarı” mənasını verirdi, dünyada misli bərabəri
olmayan iri qitə imperiyası yaratmışdı. Onun imperiyasının ərazisi 31 milyon kv.
kilometri əhatə edirdi, bu, XX əsrin imperiyası olan SSRİ ərazisindən 9 milyon kv.
kilometr böyük idi və ya Yerin quru hissəsinin beşdə birini, o vaxt məlum olan
Avroasiyanın 2/3-ni təşkil edirdi. Çingiz xanın imperiyasının ərazisi ABŞ-ın indiki
ərazisindən 3,5 dəfə böyük idi. Çingiz xan ilk dəfə həmin dövr üçün ən qabaqcıl
konstitusiyanı – “Yasanı” meydana gətirmişdi. O, anlamışdı ki, xalqı idarə etmək
üçün qanunlar lazımdır. Çingiz xanın qanunları sərt cəzalar nəzərdə tuturdu. Hərbi
yürüşlərində çoxlu qan axıtmasına baxmayaraq, buna istər arvadı Börteni xilas
etmək üçün boyu arabanın oxundan yuxarı olan bütün tatarları qırmaq haqqında
əmr verməsi, istər Xarəzmi işğal edəndə şəhəri qarət etmək siqnalı kimi uca bir
yerdən “İndi ot biçmək vaxtıdır” çağırışı ilə döyüşçülərini vəhşiliyə səsləməsi
nümunələri daxildir. Ancaq öz imperiyasının idarə edilməsində heç də qəddar
tədbirlərə əl atmırdı. Bir sərkərdə və dövlət xadimi kimi o, indiyədək öz
unikallığını qoruyub saxlayır.
Teymurləng və ya əmir Teymur savadsız adam olsa da şahmat oynamağı,
müdrik alimlərlə söhbət etməyi çox xoşlayırdı. O, öz imperiyasına Səmərqənd kimi
gözəl paytaxt şəhəri saldırmışdı və işğal etdiyi bütün ölkələrdən bura ən istedadlı
memarları dəvət edirdi. Köçəri tayfalardan olan ilk sərkərdə və dövlət xadimi idi
ki, bu günə qədər memarlıq abidələrinin gözəlliyi və möhtəşəmliyi ilə hamını
heyran edən bir şəhər yaratmaqla, gələcək üfüqlərə boylanmaqla öz
uzaqgörənliyinə əsl abidə qoymuşdur.
Pont çarı VI Mitridat Yevpator savadsız olsa da, otuza qədər dil bilirdi.
Misir çariçası Kleopatra təkcə öz dövrünün geniş yayılmış dillərini deyil, hətta
ölkəsindəki xalqların dillərini bilməklə, onlarla öz dilində ünsiyyətə girməklə
fərqlənirdi.
VI Mitridat da, Çingiz xan da, Termurləng də başqa fatehlər kimi çoxlu qan
axıtmışdılar, hərbi uğur qazanmaq üçün hiyləgərliyə də əl atırdılar, məsələn,
Mitridat bir gündə Kiçik Asiyada 80 min mülki romalının qətlinə səbəb olmuş,
Çingiz xan Çinə hücum vaxtı döyüşdə əsir götürdüyü çinliləri qabağa salıb öz
döyüşçülərini onların arxasınca düzürdü və özlərini müdafiə etmək üçün bu əsirləri
qəddarlıqla ölümə məhkum etməklə, onların əks tərəfdə döyşən həmvətənlərini isə
yaxınlarının günahsız qatillərinə çevirirdi. Hansı rakursdan baxılsa da, onlar heç də
dünya tarixində əlamətsiz ötüb keçən şəxslər olmamışlar, tarixi yaradanlar kimi
onun səhifələrini, tutduqları ərazilərdən fərqli olaraq əbədi olaraq zəbt etmişlər.
Bəlkə də şəxsiyyəti təkcə məşhur ağıl və fərasət adamları arasında axtarmaq
da düzgün deyildir. İnsan çox vaxt davranış motivasiyasına görə bütün
başqalarından yaxşı tərəfə fərqlənməklə, özünün həqiqətən də şəxsiyyət olduğunu
biruzə verir. Bununla əlaqədar german xalqlarının mifologiyasından olan bir
nümunəyə müraciət etmək istərdim. Bu əsatirdə deyilir ki, qüdrətli knyazlardan
13
birinin ailəsində bir qız uşağı dünyaya gəlir. Körpə gözəl cizgilərə malik idi və
yeniyetməliyə qədəm qoyduqda füsunkar bir gözələ çevrildi. Lakin qızın
anadangəlmə bir qüsuru da var idi – ağlayanda gözlərindən yaş əvəzinə daş-qaş
tökülürdü. Bunu qız özü üçün qüsur saysa da, valideynləri üçün ən arzu olunan,
sevinc gətirən bir xüsusiyyət idi. Onlar istəyirdilər ki, qız tez-tez ağlasın ki,
knyazın xəzinəsi daha da zənginləşsin. Ətrafdakı feodallar da bunu eşidib
oğlanlarına almaq üçün qıza elçi düşdülər, axı belə qızı almaq sehrli xəzinə
tapmağa bərabər olardı. Lakin qız hətta valideynlərinin təkidinə baxmayaraq belə
nikah təkliflərindən imtina edirdi. Bir dəfə bir gənc çoban qızı gördükdə ona
vuruldu, oğlan da ilk görüşdən qıza xoş gəlmişdi. Oğlan knyazın qızına elçi
düşdükdə, hamının təəccübünə səbəb olan bir hadisə baş verdi – qız çoban oğlana
ərə getməyə razılıq verdi. Knyaz çobanın cəsarətinə, qızının qərarına da məəttəl
qalmışdı, bu suallara cavab tapa bilmirdi. Ona görə ata qızının əlini xahiş edən
oğlanla görüşüb, belə qəribə istəyinin səbəbini öyrənmək istədi. Oğlan knyazın
“nəyə görə bu qıza evlənmək istəyirsən” sualına qısa cavab verdi:
- Qızınızı görən kimi ona vuruldum. Bircə şeyə and içmişəm ki, əgər ona
evlənsəm, ömrümdə bir dəfə də olsun onun ağlamasına imkan verməyəcəm.
Ata oğlanın pak hisslərini anlasa da, dünyada belələrinin olmasına öz
təəccübünü gizlədə bilmirdi. Digər bütün varlı elçilər qıza yalnız sərvət mənbəyi
kimi baxdıqlarından ona sahib olmağa can atırdılar, bu kasıb çoban oğlan üçün isə
daş-qaşın heç bir əhəmiyyəti yox idi, onun üçün ən vacib olan onun hissləri,
müqəddəs məhəbbəti idi.
Bütün başqaları maddi maraq prizmasından qızla nikaha girməyə çalışsa da,
çoban tam başqa motivasiya üzrə - sevdiyi qızla müqəddəs ittifaqa girmək barədə
düşünürdü. O, bilirdi ki, sevənlərin kəbini göylərdə kəsilir və göylər də onun bu
izdivacını alqışlayacaqdır. Təkcə bir motivasiya baxımından bu oğlanı şəxsiyyət
adlandırmaq daha düzgün olardı, çünki o, xalqının adlı-sanlı adamlarından, şöhrət
dənizində üzən feodallardan daha yuxarıda dayandığını təkcə bu məqsədinin saflığı
ilə sübut etmişdi.
İnsan daim həyatın irəli sürdüyü suallara cavab verməyə, imkanlar
çoxluğunda düzgün seçim etməyə çalışır. Şəxsiyyət müvafiq şərtlərdən yuxarıda
dayanmağa və öz hərəkətlərinin əvvəlki xarakterini də dəyişməyə qadir olur.
Günah hissini və qəzəb hissini aydınlaşdırmağın özündə şəxsiyyətə məxsus olan
xüsusiyyət meydana çıxır. Bunu biz bir qəribə yapon pritçasının timsalında
görürük. Samuray yolla gedirdi və bir rahiblə qarşılaşdı və ona müraciət etdi:
“Müdrik adam, mənə cənnətin və cəhənnəmin nə olduğunu söylə”. Rahib ona
baxıb, dedi: “Sən belə iri və güclüsən, ancaq çox kobudsan, səndə bu qədər güc
vardır, şüur isə tamamilə yoxdur, - sən heç vaxt cəhənnəmin və cənnətin nə
olduğunu başa düşməyəcəksən”.
Samuray hiddətləndi, qılıncını çıxarıb rahibi vurmaq istədi: “Mən səni bu
saatca yarı böləcəyəm, sən məni necə təhqir edə bilərsən?” Elə bu an rahib ona
dedi: “Bax bu – cəhənnəmdir”. Samuray fikrindən daşındı, qılıncı qınına qoydu,
rahibə baş əyib, üzr istədi. Bu vaxt rahib dedi: “Bax, bu isə - cənnətdir”. Əvvəlcə
14
kobudluqla hərəkət edən samuray öz reaksiyasını və düşüncə tərzini dəyişdirməyi
bacardı. Məhz belə davranışı onu şəxsiyyət səviyyəsinə yüksəldir.
Bunlar həyatda nadir hallarda da olsa rast gəldiyimiz nümunələr sırasına
daxildir. Tarixi yaradanlar isə daha nəhəng şəxsiyyətlər olub, əsrlər keçsə də
insanların maraq dairəsini tərk etmirlər. Onların ölməz əməllərinə ehtiramı isə,
əsasən özünün böyük amallarına bəşəriyyətin bəslədiyi vurğunlugun bir nümunəsi
kimi qiymətləndirilmək lazımdır.
Şəxsiyyətlərdən söhbət gedərkən, onların qüdrəti və zəkası, mərdliyi və
cəsarəti ilə fərqlənən bəzi əcdadlarını yada salmamaq insafsızlıq olardı. Axı onlar
əsrlər ərzində və nəsilbənəsil öz ağılları və əməlləri ilə nümunə rolunu oynamaqda
davam ediblər, insanları böyük ideallar uğrunda mübarizə aparmağa səsləyiblər.
Onlar bir-birlərinə bənzəmirlər, heç kəsi təqlid etməyə də səy göstərməmişlər. Ona
görə də gələcək nəsillər üçün müəyyən ali məqsədlərin simvollarına çevrilmişlər.
Onların hərəkətlərində bəzən gizli hazırlıq və hiyləgərlik nişanələri olsa da, böyük
əməllərində özlərinə məxsus olan qeyri-adi cəsarət nümayiş etdirmişlər. Onların
bütün həyatı igidlik, cəsarət üçün birinci əlamət olduğu kimi, ömürlərinin sonunda
da onun son təsdiqini üzə çıxaran axırıncı nəcib akkordu da vurmağı bacarırlar.
Onlar haqlı risqlərə getməkdən çəkinməmişlər, geri çəkilib xilas olmaqdansa, hər
cür sınaqlara sinə gərib həlak olmaq variantını da nəzərdən qaçırmamışlar.
Onların hər biri təkcə özlərinə ad-san, şöhrət qazanmamışlar, həm də
xalqlarını belə yüksəklik əlaməti ilə mükafatlandırmış, ölkələrinə özlərinin
şəxsində iftixar mənbəyi, sitayiş edilməyə layiq olan bir mehrab bəxş etmişlər. Ona
görə də onların təkcə əməlləri deyil, bəlkə də birinci növbədə ruhları yaddaşlara
həkk olunmuşdur. Vicdan yanğısı kimi, əlçatmazlığa can atmaq da heç vaxt
qocalmır, axı ömürün sonunda cismani həzzlər yoxa çıxdıqda insanlara əsasən
şöhrət həzz verir. Bəlkə də onların bəziləri həyatdan çox tez getmişlər, öz
becərdikləri ağacın meyvəsini dadmağa da macal tapmamışlar, lakin onlar sonrakı
əsrlərdə də yaşadıqlarından, bir qədər paradoksal görünsə də, ölümə də qalib
gəlmişlər. Onlarla bir dövrdə yaşamış milyonlar toz dənələrinə, kölgələrə
çevrilmişlər, özləri isə bəşəriyyətin əbədi yolçuları adını qazanmaqla, ömürlərini
min illərlə, yüz illərlə uzatmağa müvəffəq ola bilmişlər.
Təbii kataklizm dövrlərində, dəhşətli xəstəliklər yayılanda çoxları uzun
müddət əzab çəkməmək üçün gözəl və faydalı bildiklərinə nail olmağa can atır.
Onları nə Tanrıdan qorxu, nə insan qanunları saxlaya bilmir, çünki belə vaxtlarda
heç kəs öz cinayətinə görə məhkəməyə və cəzaya çatacağına qədər yaşamağa ümid
etmir. Belələri ağır hökm başlarının üstünü alana qədər həyatdan nə vasitə iləsə
səfehcəsinə həzz almaq istəyinə əsir olurlar. Şəxsiyyətlər isə ölümün onları kölgə
kimi izlədiyini hiss etdikdə belə, öz nəcib məqsədlərindən uzaqlaşmırlar. Aristotel
hesab edirdi ki, hər şey öz səbəb mənbəyinə və öz məqsəd təyinatına malikdir.
Böyük şəxsiyyətlər yəqin ki, böyük işlər üçün dünyaya gəlmişlər və xoşbəxtlikdən
onlar özlərinin məqsəd təyinatlarını da çox erkən anlamağa başlayırlar. Bu məqsəd
onlar üçün yol göstərən ulduz rolunu oynayır, ona çatmaq yolunda onlar hər cür
əzab-əziyyətlərə dözürlər, hətta özlərinin həyatlarını qurban versələr də,
bəşəriyyətin təəccübünə və heyrətinə səbəb olan bu məqsədin zəfərində,
15
təntənəsində bilavasitə iştirak etməsələr də, onların məhz hökmən baş verməsinin
ilkin şərtlərini hazırlayıb həyata keçirirlər, bunu isə özlərinə müqəddəs borc hesab
edirlər.
Təbabətin atası sayılan Hippokrat ilk dəfə insan orqanizminə, bütün təbiətin
tabe olduğu tarazlıq qanununa tabe olan mikrokosmos kimi baxmağa başladı.
İnsanın fəaliyyətinə də belə səbəblə şərtlənən münasibət bəslənirdi. Əlbəttə,
kainatla, makrokosmosla müqayisədə bütün insanlar mikrokosmos hesab olunurlar.
Təbiətin hər bir hissəsində kosmos mövcuddur, hətta otda da, böcəkdə də. Lakin
mikrokosmoslar
da
bir-birindən
fərqlidir, çünki insanlar istedadlarına,
qabiliyyətlərinə, zəkalarına görə müxtəlif ölçülərə sahibdirlər. Bu nöqteyi-nəzərdən
böyük şəxsiyyətləri fövqəl mikrokosmoslar hesab etmək olar və onlar bacarığı,
istedad və qabiliyyətlər mozaikasının bütün komponentlərini götürdükdə, hətta
onlarla eyni panteonda uyuyanlardan da xeyli fərqlənirlər.
Bəzi filosoflar, məsələn IV əsrdə yaşamış Sallyusti məntiqi sistemləşdirmə
planında allahların təsnifatını verir. Onlara görə fövqəlkosmik allahlar (Uran,
Kronos və Zevs) və kosmik allahlar var. Axırıncılar dünyanı yaradan, dünyanı
canlandıran və dünyanı qaydaya salanlara bölünürlər. Digər allahlar bu və ya digər
dərəcədə həmin 12 əsas allaha tabedirlər. Deməli allahlar arasında ierarxiya
bölgüsü heç vaxt pozulmur.
Əgər şəxsiyyətlər də belə təsnifləşdirilsəydi, yəqin ki, fövqəl şəxsiyyətlərlə
yanaşı böyük şəxsiyyətlər, həmçinin tarixi missiyasının miqyasına görə daha az
əhəmiyyətli olanlar dəqiq ölçülərində tanınardı. Təəssüf ki, belə təsnifat yoxdur,
ona görə də ayrı-ayrı xalqlar öz tarixi liderlərinə qiymət verdikdə ölçü hissini
unudub, mənəvi və zəka ölçüləri o qədər də böyük olmayan nümayəndələrini az
qala titanlar dərəcəsinə qaldırmağa çalışırlar və hətta Qədim Yunanıstanı da bu
yarışda kölgədə qoymaq kimi ağılsız bir cəhddə bulunurlar.
Aristotelin ən möhtəşəm konsepsiyalarından biri – ilk hərəkətverici zəka
haqqındakı təlimdir. Bütün eydosların (ideyaların) kosmik eydosunu Aristotel
“zəka” adlandırır. Belə ki, hər bir eydos hökmən həm də səbəb-məqsəd enerjisi
olduğundan, ümumi kosmik zəka birinci hərəkətverici kimi izah olunur. Bu birinci
hərəkətverici zəka təkcə ümumi kosmik enerji deyildir, həm də kosmosa
münasibətdə müstəqildir və ondan asılı deyildir. Kosmik zəka hər şeyi əhatə edir.
Kosmik zəka eyni zamanda düşünəndir və düşünüləndir. Birinci hərəkətverici zəka
ümumiyyətlə istənilən eydos kimi hökmən maddidir.
Böyük filosofun metodikasından istifadə edərək on müxtəlif tarixi şəxsiyyət
barədə qısaca da olsa söhbət açmaq istəyi meydana gəldikdə, seçim tam subyektiv
olsa da, müəyyən qanunauyğunluğun tələbləri də yaddan çıxarılmamışdır. Bu
şəxsiyyətlərin hər biri məxsus olduqları xalqların görkəmli insanları qalereyasında
ən hörmətli yeri tuturlar. Onlardan əksəriyyəti ilə öz xalqları əsrlər boyu fəxr
etmişlər və müasir nəsil də həmin ənənəni pozmağa cəsarət etmir. Onların çoxu öz
adı ilə epoxa yaratmışlar, bəzilərinin adı epoxaya verilməsə də, dünya tarixinin
zənginləşməsində onların rolu danılmazdır, heç bir şübhənin yaranmasına imkan
vermir.
16
Haqqında söhbət açılanların seçilməsi tam subyektiv xarakter daşısa da,
əvvəllər təcrübədən keçirilmiş metodikaya pozitiv münasibət bəslənilməsi də bu
məsələdə müəyyən rol oynamışdır. XX əsrin ikinci yarısında hələ ABŞ
prezidentlərinin sayı qırxa çatmayanda jurnalistlər, politoloqlar, tarixçilər arasında
ölkənin on ən yaxşı prezidentini seçmək barədə rəy sorğusu keçirilmişdi. Abraham
Linkoln rəy sorğusuna görə tarixdəki ən yaxşı prezident olmaqla, birinci yeri
tutmuşdu. Lakin onuncu yer tutan prezident müəyyən olunanda iki nəfər eyni
miqdarda səs topladığına görə 11 ən yaxşı prezident müəyyən olunmuş və onların
fəaliyyətinə dair xüsusi kitab buraxılmışdı. Kitabın üzərində 10 rəqəmi üzərindən
xətt çəkilib, “11 ən yaxşı prezident” yazılmışdır. Məhz bu təcrübəni əsas götürərək,
on tarixi şəxsiyyət barədə söhbət açmaq planlaşdırılsa da, formalaşan siyahıdan
kimisə pozmağa əl gəlmədiyindən, 11 tarixi şəxsiyyət barədə yazmaq lüzumu
yarandı.
Hər biri haqqında bir-iki sözdən ibarət məlumat da onların böyüklüyünü
təsdiq edir.
Böyük Karl ilk birləşmiş Avropanın yaradıcısı kimi öz böyük ideyasının
sönməz təsirini özündən min il sonraya – XX əsrə ötürmüşdü. Səlahəddin Yaxın
Şərqi səlibçilərin istilasından qorumaqla, Qərbin müstəmləkəçilik zülmünü bu
zonadan tarixən xeyli uzaqlaşdırmışdı. Kolumb özünə qədər olan dünyanın
sərhədlərini xeyli genişləndirmiş, Yer kürəsini yenicə məlum olan torpaqlar
hesabına xeyli böyütmüşdü. XXI əsrdəki dünyanın yeganə fövqəldövləti olan
Birləşmiş Ştatlar da öz mövcudluğunun ilkin şərtlərinin yaranmasına görə, yəqin
ki, bilavasitə olmasa da bu böyük səyyaha borcludur. Mikelancelo
heykəltəraşlıqda, rəssamlıqda elə sənət zirvəsi yaratmışdır ki, sonrakı beş əsr də bu
zirvəni başqa yenidən fəth edənlərin varlığı ilə öyünə bilməmişdi. Magellan ilk
dəfə dünya ətrafına səyahətə çıxmış, Qərbə üzməklə Şərqə başqa qapı açmış və
bəlkə də Makedoniyalı Aleksandrdan və Vasko da Qamadan sonra Qərblə Şərqi
birləşdirməyə və ya yaxınlaşdırmağa cəhd göstərmişdi. XIV Lui – Günəş Kral
Fransanı öz şöhrətinin zenitinə yüksəltmiş, onun mədəniyyətinin inkişafına
himayəçilik göstərmişdi. Böyük Yekaterina öz sələfi Böyük Pyotrdan fərqli olaraq
Rusiyada milli mədəniyyətin inkişafına mühüm töhfə vermiş, imperiyanın ərazisini
xeyli böyütmüşdü. Tomas Cefferson Amerika demokratiyasının atası hesab olunur,
o, prezident olanda ölkə ərazisini iki dəfəyə yaxın böyütmüşdü, özü də buna heç də
müharibə yolu ilə nail olmamışdı. Simon Bolivar yeganə beynəlmiləlçi idi ki,
bütöv qitəni ispan ağalığından azad olması uğrunda mübarizə aparmaqla, Cənubi
Amerika xalqlarının inkişafına əslində yeni yol açmışdı. Uinston Çörçill görkəmli
siyasi xadim olmaqla yanaşı, İkinci Dünya müharibəsində Hitler Almaniyası
üzərində qələbənin arxitektorlarından biri olmuşdu. Şarl de Qoll faşist işğalından
alçalan Fransanı düşmənə qarşı mübarizəyə qaldırmış, XX əsrin ikinci yarısında
dövlətin qüdrətinin və nüfuzunun yüksəlməsi naminə böyük işlər görmüşdü. Ona
görə də bu on bir nəfər tarixi yaradan və ya ona özünəməxsus naxış vuran
şəxsiyyət barədə söhbət açmaq istəyi meydana gəldi.
Dostları ilə paylaş: |