Səlahəddin XƏLİLOV
MƏHƏBBƏT
və İNTELLEKT
FƏLSƏFİ ESSELƏR
Bakı – 2006
1
Elmi redaktoru: Fuad Qasımzadə
akademik
Xəlilov S.S.
Məhəbbət və intellekt. – Bakı, «Nurlan» nəşriyyatı,
2006 – 176 səh.
Kitab dərk olunmuş və olunmamış məhəbbət
haqqında, onun mahiyyəti, formaları, tərkib hissələri
və sosial-mənəvi hadisələrlə əlaqəsi haqqında fəlsəfi
esselər toplusudur. Əslində elmi-fəlsəfi tədqiqat
səjiyyəsi daşıyan bu əsər təkcə mütəxəssislər üçün
deyil, həm də geniş oxucu kütləsi, xüsusən gənclər
üçün nəzərdə tutulmuşdur.
© S.S. Xəlilov
2
Ön söz
Məhəbbət mövzusu əsrlər boyu düşünən və
sevən insanların diqqət mərkəzində olmuşdur.
Əlbəttə, bu haqda heç düşünmədən sevənlər də
var, bu haqda çox düşünüb, amma ömrü boyu heç
sevməyənlər də var. Sevmək səadəti heç də
hamıya nəsib olmur. Həm sevib, həm də sevilmək
isə ancaq xoşbəxtlərin qismətidir.
Bu kitab öz məhəbbətini dərk etməyə ça-
lışmayanlar, yaxud məntiq çərçivəsində mə-
həbbəti imitasiya etməyə çalışanlar haqqında
deyil, dərk olunmuş məhəbbət haqqında, onun
mahiyyəti, formaları, tərkib hissələri və digər
mənəvi hadisələrlə əlaqəsi haqqında esselər
toplusudur.
Lakin məhəbbətin dərk olunması prinsipcə
mümkündürmü?
Yaxud buna ehtiyac varmı?
«Ağıllı düşünənə qədər dəli vurub çayı
keçmirmi?». Əlbəttə, aşiqin özü üçün o heç də
3
önəmli deyil. Lakin cəmiyyətdə aşiqin statusunu
düzgün müəyyən etmək, onun «haqqını» özünə
verə
bilmək,
ona
adekvat
münasibət
formalaşdırmaq üçün bu hadisənin sosial-mənəvi
infrastrukturu və digər mənəvi proseslər arasında
yeri düzgün müəyyənləşdirilməlidir. Yəni sevmək
üçün idrak tələb olunmasa da, ona obyektiv
münasibət bəsləyə bilmək üçün bu hissin dərk
olunmasına böyük ehtiyac vardır. Əxlaqi dəyərlər
sisteminin və hətta sosial-hüquqi normaların bu
məsələyə münasibətdə düzgün yönləndirilməsi
üçün məhəbbətin özünün tədqiqat obyektinə
çevrilməsinə, onun hərəkətverici qüvvələrinin,
motivlərinin araşdırılmasına ciddii sosial təlabat
vardır.
Şairlər bir qayda olaraq məhəbbəti tə-
rənnüm edir, nasirlər onunla bağlı sosial dra-
matizmi və ictimai təbəddülatları bədii vasitələrlə
işıqlandırmağa çalışır, psixoloqlar insanın
davranışında və mənəvi həyatında məhəbbətin
rolunu və motivasiyasını araşdırmağa çalışır,
sosial psixologiyada isə bu problem əsasən ailə
və lokal sosial qruplar kontekstində nəzərdən
keçirilir. Amma bütün bu yanaşmaların heç biri
məhəbbətin mahiyyətini açmaq iqtidarında deyil.
Filosoflar isə bu mövzuya həmişə böyük ehtiyatla
toxunurlar. Çünki məhəbbət insanın mənəvi
aləminin ən dərin qatlarında üzə çıxdığından və
əsasən qeyri-şüuri sferaya aid olduğundan onun
4
məntiqi təfəkkürlə şərhi çox çətindir. Amma hər
halda bu məsuliyyət fəlsəfənin üzərinə düşür.
Çünki bu mövzu elmin ümumiyyətlə girə
bilmədiyi, onun üçün qaranlıq olan bir sahədir.
«Qəlbin sarı simini» poeziya və musiqi daha
yaxşı çala bilir, amma C.Cübran demişkən,
«həyat onun qəlbini oxumağı bacaran müğənni
tapa bilməyəndə, onun dərrakəsi ilə danışan
filosof yaradır».
1
Lakin hələ qədim dövlərdən nəinki, təkcə
Şərqdə, həm də Qərbdə məhəbbət mövzusu
poeziyanın inhisarında olmuşdur. Qərb dün-
yasında Homerdən üzü bəri Şekspir, Bayron,
Göte kimi mütəfəkkir şairlər məhəbbət aləminin
işıqlandırılması
sahəsində
böyük
uğurlar
qazanmışlar. Lakin filosoflar bu probleminin
öyrənilməsinə xeyli sonralar cəsarət edə biliblər.
Bizim əsil saf məhəbbət hesab etdiyimiz duyğu
ənənəvi olaraq «platonik məhəbbət» adlandırılsa
da, nə Platon, nə də digər qədim filosoflar
sufilərin eşq konsepsiyası ilə müqayisə oluna
biləcək
hər
hansı
monumental
təlim
yaratmamışlar.
Bəli, bu mövzu Qərbdə də uzun müddət
bədii təfəkkürün ixtiyarına buraxılmış, bu pro-
blemə həsr olunmuş fundamental fəlsəfi əsərlər
və essələr ancaq Yeni dövrdə yaradılmışdır. Bu
1
Bax: Aida İmanquluyeva. Cübran Xəlil Cübran.
Bakı, «Elm», 2002, səh. 33-34.
5
sırada E. Svedenborqun «Ailə məhəbbəti» ki-
tabını
1
, Stendalın «Məhəbbət haqqında» esselə-
rini
2
, V.Solovyovun «Məhəbbətin mənası»
3
,
E.Frommun «Sevmək sənəti»
4
, D.Hildebrandın
«Məhəbbətin metafizikası»
5
əsərlərini xüsusi
qeyd etmək olar. Lakin Qərbdə bu cür fun-
damental tədqiqat əsərləri boş yerdə və ya yalnız
ədəbi-bədii material üzərində yaranmamışdır.
Platon «Pir» əsərində, Plutarx «Erot haqqında»
dioloqunda, B.Spinoza «Allah, insan və onun
səadəti haqqında» qısa traktatında məhəbbət
mövzusuna geniş yer ayırmışlar. Bütün başqa
filosoflar da bu mövzuya ara-sıra toxunmuş, insan
həyatında onun önəmli yerini qeyd etmişlər.
Sual oluna bilər ki, çağdaş tədqiqatçının
bu qədər ənənəvi bir mövzuda daha adekvatl bir
təlim işləyib-hazırlaması mümkündürmü? Bu
mövzuda Platon, Hegel, C.Sartr, E.Fromm kimi
böyük mütəfəkkirlərin yazdıqlarından sonra, nə
1
Э.Сведенборг. Супружеская любовь. М.,
2002, 544 с.
2
Стендаль. О любви. – Собрание сочинений
в 15-и томах, том 4, 1959.
3
Соловьев В.С. Смысл любви: Избранные
прозведения/ М., Современник, 1991.
4
Э.Фромм. Исскуство любить. – Душа
человека. М., «Республика», 1992, стр. 109-179.
5
Д. Гильдебранд. Метафизика любви. Санкт-
Петербург, 1999, 629 стр.
6
isə təzə bir söz demək, əlbəttə, çox çətindir. Lakin
məhəbbət mövzusu ənənəvi Şərq mövzusudur.
İbn Sinadan R.Taqora, Nizamidən Hafizə,
Füzuliyə və Cavidə qədər bütün böyük Şərq
şairləri məhəbbət mövzusuna müraciət etmiş və
böyük sənət abidələri yaratmışlar. Düzdür, bu
yazılanları hələ fəlsəfə dilinə tərcümə etmək tələb
olunur, lakin hər halda müəllif məhəbbət
mövzusunda Şərq ənənələrini nəzərə almaqla və
ya başqa cür desək, iki müxtəlif yanaşma tərzini
birləşdirməklə məsələni xeyli dərəcədə fərqli
müstəvidə nəzərdən keçirməyə çalışmışdır.
Kitabda nə Şərq ifratçılığı və mütləqçiliyi,
nə də ifrat Qərb rasinoalizmi və proqmatizm
mövqeyi qəbul edilir. Şərq mənbələrinə
münasibətdə də, qütbləri yox, onlar arasındakı
reallığı araşdırmağa üstünlük verilir. Nə mə-
həbbəti yerə endirən «Kama-Sutra», nə də onu
göylərə qaldıran «Leyli və Məcnun», Füzulinin
eşq konsepsiyası məqbul sayılır. Fikrimizcə, ilahi
məhəbbət hissindən fərqli olaraq, fərdi-insani
məhəbbət harada isə yer ilə göy arasında
olmalıdır. Bu baxımdan, düşünmək olardı ki, biz
daha çox Qərb təlimlərinə üstünlük veririk.
Amma XX əsrdə məhəbbət mövzusu artıq
Şərqdə də xeyli dərəcədə rasionallaşmış və
filosofların diqqətini cəlb etmişdir. Bizcə, bu
7
sırada böyük türk filosofu Hilmi Ziya Ülkenin
«Eşq əxlaqı» kitabı
1
xüsusi qeyd edilməlidir.
Müasir dövrdə «kütləvi mədəniyyətin»
klassik ədəbi-bədii irsi sıxışdırdığı, erotik mövzu-
nun göylərdən yerə endirildiyi və kütləvi
informasiya vasitələri ilə evlərə daxil olduğu bir
şəraitdə gənc nəslin diqqətinin bir daha platonik
məhəbbətə, onun ülvi mənasına yönəldilməsi
mənəvi həyatımızın aktual vəzifələrindən biridir.
Həm də müəllif məhəbbətin xalis ideya kimi
(Platon, Füzuli) və ya xalis fizioloji hadisə kimi
(«Kama-Sutra», Z.Freyd) anlaşılmasından fərqli
olaraq bu iki amilin sintetik vəhdətindən çıxış
edir və oxuculara daha realistik bir təlimin
əsaslarını təqdim etməyə çalışır. Bu mənada,
əsərin təkcə mütəxəssislər üçün yox, həm də
geniş oxucu kütləsi, xüsusən gənclər üçün faydalı
olacağına ümid edirik.
1
Hilmi Ziya Ülken. Aşk Ahlakı. İstanbul,
«Dünya», 2004, 352 s.
8
Məhəbbət duyğusu
Məhəbbət insanın özünü
başqasında tapmasıdır.
Hegel
İnsanlar arasında ünsiyyət hələ heç də
Mən-lər arasında ünsiyyət deyil. Qəlblərin təması
ünsiyyətin ən ali formasıdır.
İnsan başqaları ilə nitq vasitəsilə əlaqəyə
girir. Nitq isə ancaq aşkar şüurun, təfəkkürün
ifadəsidir. Yəni insan özü üçün sözlərlə ifadə olu-
nacaq dərəcədə aydınlaşmamış bir ruhi-mənəvi
vəziyyəti başqasına da, təbii ki, çatdıra bilməz.
Daha doğrusu, sözlərlə çatdıra bilməz. Görünür,
məhz bu ehtiyacdan irəli gəlir ki, insan öz qəlbini,
mənəvi-emosional vəziyyətini, keçirdiyi hissləri,
təəssüratları qeyri-məntiqi yollarla – şeir, musiqi,
rəqs və s. vasitəsilə ifadə etməli olur. İnsan qəlbi
fərdi, unikal olduğundan hər bir emosional
vəziyyətin adekvat ifadə cəhdi – bədii yaradıcılıq,
bu prosesin nəticəsi isə sənət əsəri hesab olunur.
Hər bir sənət əsəri dəyərli olsa da, digər
insanların
uyğun
vəziyyətlərdəki
qəlb
yaşantılarını ifadə etdiyindən, onlar üçün də
doğma olur. Başqa sözlə, insanın xüsusi bədii
9
yaradıcılıq qabiliyyəti yoxdursa, o öz duyğu-
larının
analoqunun
başqalarının
yaratdığı
əsərlərdə axtarır və bunu tapdıqda xüsusi bir
doğmalıq hissi keçirir. Bədii əsər istehlakçı üçün
öz mənəvi-emosional dünyasını anlamaqda, qəlb
aləminə səyahətə çıxmaqda yardımçı olur, bir
bələdçilik edir.
Qarşılıqlı məhəbbət yeganə haldır ki, bir
insan qəlbi başqası üçün açılmış olur. Və bunun
üçün nə məntiq və nitq, nə də hər hansı bir
sənətkarın vasitəçiliyi lazım gəlir. Bir qəlbin
başqa qəlbin dilinə «tərcümə» olunmasına ehtiyac
qalmır. Çünki onlar genetik olaraq, eyni dildə
«danışırlarmış». Bu yerdə Bayronun məşhur
misraları yada düşür: «Məhəbbət könül səslərinin
harmoniyası, ürəklərin bir-birini anlamasıdır».
Şərqdə məhəbbətdən bir qayda olaraq
yüksək poetik pafosla və ya həzin lirikanın dili ilə
danışılır. Məhəbbət adətən ya şeir və musiqi ilə,
ya da dramatik səhnələrlə təqdim olunur.
Ya hüdudsuz sevinc hissi, ya xəfif kədər,
ya acı faciə!
Bir sözlə, məhəbbətin hiss və emosiyanın
bütün çalarlarında görüntüsü qələmə alınır və ya
nota köçürülür. Amma onun öz daxili quruluşuna
heç kim toxunmur. Ən başlıcası isə budur ki, ona
toxunmaq az qala günah sayılır. O, ancaq
kənardan seyr edilməli imiş. Onun öz real
dünyasına, iç aləminə nəzər salmaq elə bil ki, bu
10
ülvi duyğunun bakirəliyinə toxunmaq qədər
qəbahətli imiş.
Bəli, ənənəvi Şərq düşüncəsinə görə, mə-
həbbət elə bir aləmdir ki, bura ancaq aşiqlər girə
bilər, onların da beyni dumanlı olur. Ayıq adamın
baxışları artıq yad nəzər hesab olunur.
Məhəbbət ağlı başında olanlar üçün əl-
çatmaz olub qaranlıq qaldığından, sevənlər üçün
isə çox parlaq olub göz qamaşdırdığından, onu
hələ görən olmamışdır, – deyirlər. Və insanlar
şair təxəyyülünə güvənmək məcburiyyətində
qalmışlar. Şairlər də təbii ki, məhəbbətin özündə,
ya onun insanı necə dəli-divanə etməsindən,
vüsala çatmayan aşiqlərin eşq yolunda özünü
necə fəda etmələrindən bəhs etmiş, ya da vüsal
səhnələrini, guya məhəbbətin görünən tərəfləri
kimi vəsf etmişlər. Məhəbbətin iç dünyası isə
alınmaz qala olaraq qalmış, mənəvi körpüləri ağlı
başında keçmək mümkün olmamışdır. Bu
baxımdan, məhəbbət aləmi az qala «o dünya»
qədər müəmmalıdır. Sağ olanlar onu görməmiş,
gedib görənlər isə ağlı başında geriyə
qayıtmamış, bizə bir şey söyləyə bilməmişlər.
Bəs görəsən, eşq xəstəliyinə mübtəla olanlar
sağalandan sonra onu nəql edə bilərlərmi?
Ümumiyyətlə, bu xəstəlikdən
sağalmaq
mümkündürmü? Kimsə sağaldısa, onun eşqi nə
dərəcədə həqiqi eşq imiş?
11
Lakin başqa yol seçənlər, elmin, texnikanın
imkanlarından istifadə etmək istəyənlər də var.
Onlar ya qaranlıq dünyaya əlində lampa ilə, ya da
işıq aləminə gözündə tünd eynəklə gedənlər
kimidir. Başqa sözlə, ya əqllə tənzimlənən
mötədil eşq tərəfdarları, ya da öz fərdi eşqini daha
böyük bir eşqin işığında görənlərdir. «Güclü işıq
nisbətən zəif olanı qəhr edir» (Ş.Sührəvərdi) və o
daha seyirçinin gözlərini qamaşdıra bilmir, onu
müşahidə etmək mümkün olur.
Elmin inkişafı sayəsində maddi dünya-nın,
təbiət hadisələrinin qanunauyğunluqları
öyrənilmiş və riyazi dəqiqliklə ifadə edilmişdir.
Amma hiss dünyası, mənəviyyat Şərqdə olduğu
kimi, Qərbdə də neçə əsrlər ərzində ancaq fəlsə-
fənin və poeziyanın predmeti olaraq qaldığından,
burada anlayışlar yüksək mücərrədlik sə-
viyyəsindən aşağı enməmiş, konkretləşməmişdir.
İlahi eşq yolunu tutanlar, hissi təcrübəyə və hissi
dünyaya biganə qalmış, hətta öz daxilinə
boylanmamış, onu öyrənməyə cəhd belə
göstərməmişlər.
Digər hisslər kimi, məhəbbət də bütöv, səlt
bir fenomen olaraq nəzərdən keçirilmiş,
«məhəbbət» adlandırdığımız hissi aləmin daxili
strukturu açılmamış, diferensial şəkildə öyrə-
nilməmişdir. Nəticədə, əslində bir-birindən xeyli
fərqli olan, hətta müxtəlif mahiyyətli duyğular
eyni bir ad altında əhatə olunmuşdur. Məhəbbətin
12
özünün fərqli növlərinə, hətta erotik məhəbbətin
müxtəlif mərhələləri və formalarına da eyni bir
hadisə kimi baxıldığından məsələyə aydınlıq
gətirmək mümkün olmamışdır.
Helvetsi hələ o vaxt yazırdı: «İşıq şüası
əslində şüalar dəstəsindən ibarət olduğu kimi, hər
bir hiss də ayrı-ayrı hisslərin cəmindən ibarət
olmaqla, birlikdə bizim qəlbimizdə müəyyən
istəyin yaranmasına və bədənin hərəkətə
gəlməsinə səbəb olur. Heç də hamı bu hisslər
dəstini ayıra biləcək prizmaya malik olmadığın-
dan insan çox vaxt onu canlandıran və hərəkətə
gətirən hissi bu hisslər toplumu içərisində ayırd
edə bilmir. Öz hərəkətlərimizin motivini müəy-
yənləşdirə bilməməyimizin səbəbi də elə budur».
Ağ işığın mürəkkəb olduğunu və müxtəlif
rənglərin sintezindən yarandığını fizika hələ
çoxdan açmışdır. Rəssamlar da hansı rənglərin
sadə, hansıların mürəkkəb olduğunu, bir neçə
rəngin birləşməsindən yarandığını çoxdan bilirlər.
Lakin poeziya təbii ki, işığı və ya hər hansı bir
rəngi vəsf edərkən onların quruluşunu, tərkib
hissələrini araşdırmağı, fərqləndirməyi heç
«ağlına» da gətirmir. Eləcə də sevinc, xoşbəxtlik,
məhəbbət də poeziyada bütöv bir fenomen kimi
tərənnüm olunur. Onların hansı sadə duyğuların
kombinasiyasından yarandığını, struktur və hətta
mahiyyət baxımından sevinc hissinin və ya
13
məhəbbətin bir-birindən fərqli nə qədər müxtəlif
formaları olduğu təbii ki, şairi maraqlandırmır.
Məhz belə bir kortəbii bütövlük, eyniyyət
mövqeyinin, «məhəbbət elə məhəbbət-dir»
sadəlövhlüyünün nəticəsidir ki, Şərqdə fərdi mə-
həbbətlə ilahi eşq fərqləndirilməmiş, olduqca
sinkretik bir «eşq təlimi» yaranmışdır. Dünyəvi
eşqi tərənnüm edən şairlər də sufilərin ilahi eşq
konsepsiyasından, və tərsinə, sufi şairlər fərdi
dünyəvi eşqi tərənnüm edən obraz və
təşbehlərdən istifadə etmişlər. Nəticədə bu iki
fərqli sahə pis mənada qaynayıb-qarışmışdır.
Ana, vətən məhəbbəti və digər məhəbbət for-
maları da həmin bu poetik texnologiyalardan
bəhrələnmişdir.
Qərbdə isə bizdən fərqli olaraq, məhəb-
bətə də rasional təhlil mövqeyindən yanaşılmış,
hətta onun müəyyən təsnifatları verilmişdir.
Hər hansı bir hissin mütləqləşdirilməsi,
ifrata çatdırılması Şərqdə məharət hesab olun-sa
da, rasional yanaşdıqda onun dağıdıcı mahiyyəti
üzə çıxır. Təsadüfi deyil ki, Qərbdə bu hadisə
iblisanəliklə (demonikliklə) əlaqələndirilir.
«Erot–demon» fikrini hələ Platon «Pir» əsərində
irəli sürmüşdü. Sonralar Qərb fəlsəfi və ədəbi-
bədii düşüncəsində bu ideya davam etdirilmişdir.
Rollo Mey özünün «Məhəbbət və iradə» əsərində
yazır: «Demoniklik dedikdə müəyyən bir şəxsi
bütövlükdə özünə tabe etmək gücündə olan
14
istənilən təbii funksiya nəzərdə tutulur. Seks və
eros, kin və nifrət, hakimiyyət ehtirası –
demonikliyə misal ola bilər».
1
Hər şey insanın arzularının, həyat idealının
necə formalaşmasından asılıdır.
Lakin ideal anadan gəlməmi olur, yoxsa
insanın yetişdiyi mühitdən və aldığı təhsildən
asılı olaraqmı yaranır? Burada hər hansı bir fikrin
xeyrinə qərar çıxarmaq düzgün olmazdı. Belə ki,
əxlaqi-mənəvi meyarlar kimi, estetik hiss də
insanın ümumi dünyagörüşündən, bilik və təhsil
səviyyəsindən asılıdır. Lakin estetik hiss ancaq
tərbiyənin məhsulu ola bilməz. O həm də insanın
yaranışından, genetik başlan-ğıcdan asılıdır.
Məsələn, uşaq doğulduğu gündən ona təlqin
olunsa ki, əyri burun gözəldir, – doğrudanmı düz
burunlu adamlar ona çirkin, əyri burunlular gözəl
görünəcək? Axı, kənardan təsirlə formalaşan
meyarlarla yanaşı, insana təbiətən verilmiş bir
ahəng duyğusu, qeyri-aşkar «gözəllik etalonu» da
vardır. İnsan məhz kənarda olanın həmin bu
daxili standartlara uyğunluğundan həyəcanlanır.
Daha doğrusu, kənar obyekt onun qəlb
dünyasında qeyri-aşkar şəkildə, passiv, cansız
formada olan hansı isə bir başlanğıca adekvat
olduqda həmin daxili cizgini, formanı, ideyanı
1
Ролло Мей. Любовь и воля. М., «Рефл-бук»;
К.: «Ваклер», 1997, стр. 127.
15
qıcıqlandırır, canlandırır. İnsan qəlbinin hansı isə
dərin bir qatında canlanma, oyanış baş verir.
İnsanı pərvazlandıran, həyəcanlandıran da məhz
bu daxili oyanış, daxili canlanmadır.
Bununla belə, hər şeyi belə bəsit bir mo-
dellə izah etmək də birtərəfli olardı. Yəni burada
söhbət heç də yalnız insana fitrən verilmiş olanla
bu fitrətin insandan kənarda gerçək mövcudluğu
arasında uzlaşmadan getmir. Sadə şəkildə,
əlbəttə, bu belədir. Lakin insan dünya ilə təmasda
olduqca, oxuyub-mənimsədikcə və yaşayıb-
öyrəndikcə onun Mən-i də, qəlbinin dərin
guşəsindəki ilkin fərdi-mənəvi varlığı da, genetik
kodlaşdırılmış sistem də müəyyən təkamülə
məruz qalır. Əlbəttə, qəlbin dərinliyində heç
toxunulmamış, bakirə guşələr də var. Qəlbin «sarı
simlər»i də var. Hər bir ilk təmas kimi, insanın öz
qəlb dünyasının hər bir guşəsi ilə ilkin görüşü də
əsrarəngiz bir hadisədir – bir oyanış, bir
doğuluşdur.
Bəli, insan hər dəfə yenidən doğulur, hər
dəfə Yeni bir əlaməti ilə, varlığının hər hansı bir
yeni cəhəti ilə bu dünyaya qədəm qoyur. Və həyat
sadəcə bir dəfə doğulmuş körpənin sonrakı
zahiri yaşayışından ibarət olmayıb, doğulma və
canlanma proseslərinin bütov bir silsiləsidir.
Əlbəttə, bu deyilənlər heç də hamıya aid
deyil. Kim isə ancaq bioloji varlıq olaraq doğulur
və sonra əsasən xarici təsirlərin, kənar ideyaların
16
icraçısı kimi mövcud olur. Bu bir qütbdür. Kim
isə ancaq öz qəlbinin hökmü ilə yaşayır və bu
dünyada da ancaq qəlbində olanları görür;
dünyanı öz mənəvi aləminin yaşantısına çevirir.
Bu da başqa bir qütbdür. Bütün real insanlar bu
iki qütb arasında yerləşirlər. Sadəcə kimidə
birinci taleyin, kimidə isə ikinci taleyin izləri
daha çox olur.
İstənilən halda həqiqi böyük sevinc qəlb
çırpıntısı, oyanma, canlanma, doğuluş mə-
qamlarının təzahürüdür. Əgər həyat, dünya başqa
notda köklənibsə, qəlblə heç vaxt rezonansa
gəlmirsə, bu, – həqiqi insani həyat deyil, sadəcə
bioloji mövcudluqdur. Həyat məhz hissi
yaşantılardır. Qəlbin bu və ya digər guşəsinin
işıqlanması, canlanmasıdır.
Böyük fransız mütəfəkkiri B.Paskal aşiqin
öz sevdiyi adam haqqında və onu nə üçün sevdiyi
haqqında təsəvvürlərini təhlil edərək yazır ki,
sevginin məhz nə ilə bağlı olduğunu
müəyyənləşdirmək asan məsələ deyil, kimi isə
sevirsənsə, əvvəlcə bu kimliyin nədən ibarət
olduğunu aydınlaşdırmaq lazımdır. Məsələn, sən
gözəl simalı bir afəti sevirdin, amma bir qəza,
yanğın və hər hansı başqa bir səbəbdən sifət
dəyişirsə, sən onu daha sevməyəcəksənmi? Əgər
o hətta xasiyyətini də dəyişirsə, əvvələr ona xas
olmayan yeni maneralara və vərdişlərə
yiyələnirsə, onu daha sevməyəcəksənmi? «Kimi
17
isə gözəlliyinə görə sevirlərsə, demək olarmı ki,
onun özünü sevirlər? Yaxud kimi isə düşün-
cəsinə, hafizəsinə görə sevirlərsə, onun özünümü
sevirlər? Yox, ona görə ki, gözəlliyi də, hafizəni
də itirmək mümkündür. Onda bəs «mən» harada
axtarılmalıdır? Sevdiyin əslində kimdir və ya
nədir?»
1
B.Paskal mühakimələrinin sonunda belə
qənayətə gəlir ki, əslində biz insanın özünü deyil,
onun ayrı-ayrı xasiyyətlərini, cəhətlərini sevirik.
2
Lakin məhəbbət haqqında elə bir düşüncə
də dərin kök atıb ki, əsl məhəbbət həmişəlikdir,
sevgi əbədidir, heç bir maneə, heç bir dəyişiklik
onu sarsıda bilməz. Bir Şərq adamı, bir sufi belə
düşünə bilər ki, aşiq məşuqun sifətinə yox,
ruhuna vurulur. Əbu Turxan demişkən,
«məhəbbət ruhlar arasında körpüdür». Lakin
ruhun özünə də konkret yanaşdıqda məhəbbətin
əslində hansı isə bir mənəvi keyfiyyətlə bağlılığı
üzə çıxa bilər. Yox əgər biz düşünsək ki,
məhəbbət ayrı-ayrı fiziki və ya ruhi-mənəvi
əlamətlərin, cəhətlərin deyil, onların bütöv
sisteminin, yekun təəssüratın sayəsində yaranır,
onda aşiq bu bütövlüyün, müxtəlifliyin
içərisindən məhz hansı isə bir əlaməti ayırırsa,
məhz bu əlamətə görə sevdiyini zənn edirsə,
1
Б.Паскаль. Мысли. – Мир и Эрос. М.,
Политиздат, 1991, 335с.
2
Yenə orada.
18
deməli bu, – əsl məhəbbət deyil. Duyğunun
bütövlüyü və onu strukturlaşdırmaq cəhdləri…
Məhəbbət
digər duyğularla yanaşı,
müstəqil mövcud olan sadə duyğu kimi. Altıncı
duyğu! Kimdə isə var, kimdə isə yox.
Məhəbbət – qəlb yarımçıqlığından doğan
bir hiss, – tamamlanmaya ehtiyac…
Məhəbbət – yarımçığın bütövləşmək əzmi!
Məhəbbət – hissənin tama, yarımçığın
bütövə doğru hərəkəti!
Məhəbbət – vahidin əzəmətinə, bütövün
gözəlliyinə, tamın harmoniyasına heyranlıq!
Məhəbbət – potensial duyğu kimi, sevmək
əzmi kimi!… Və məhəbbət iki tərəf arasında
münasibət kimi; ünvanını tapmış, konkretləşmiş
mənəvi-estetik proses kimi!
Bütövə daxil olaraq bütövləşmək, vahiddə
itərək vahidləşmək! Tamın harmoniyasına daxil
olmaq, harmonik aləmin sakini olmaq. İki
yarımçığın
birləşərək
bütövləşməsi
üçün
yarımçıqların əslində nə vaxtsa bütövün iki
parçası olması haqqında əsatirə inam (Platon
versiyası).
Ancaq bütövdən ayrılanlar yenidən bir-
ləşərkən bir-birini mükəmməl surətdə tamamlaya
bilərlər! Bu – keçmişə ekstrapolyasiyadır. Ancaq
yaranışdan, ilkin ideyadan bir bütövün hissəsi
kimi nəzərdə tutulanlar. Qurani-Kərimin Rum
19
surəsində yazıldığı kimi, taylar bizim özümüzdən
yaradılmışdır. Həvva Adəmin qabırğasından
yaradılmaqla artıq qabaqcadan onunla genetik-
fizioloji uyarlığa malik idi (bir bədənin başqa
bədənə, bir qanın başqa qana və s. uyarlığı).
İnsanlar bir-birinin hisslərinə necə bələd
ola bilərlər? Hər bir insan ancaq öz duyduqla-
rından xəbərdardır. Kim isə səndə dərin duyğu-
ların, ülvi hisslərin yaranmasına səbəb olubsa, bu
hələ onun sənə qarşı duyğuları barədə heç nə
demir.
Belə bir sadəlövh inam var ki, tamamlama
qarşılıqlı olmalı olduğundan məhəbbətin də iki
tərəfi var və mütləq əks-əlaqə yaranmalıdır.
İngilislər demişkən, «məhəbbət məhəbbətə
cavabdır». Başqa sözlə, ingilislər qarşılıqlı ol-
mayan məhəbbəti əsl məhəbbət hesab etmirlər.
Amma reallıqda çox vaxt belə olmur. Kim
isə sənin duyğuna qarşı nəinki adekvat reaksiya
göstərmir, hətta ona tam biganə qalır. Sevmədiyi
bəs deyilmiş kimi, üstəlik sənin sevginə
minnətdarlıq yox, narazılıq və bəzən hətta nifrətlə
cavab verir.
Amma əslində kim kimə minnətdar ol-
malıdır; sevilənmi sevənə, yoxsa sevənmi sev-
diyinə? Birinci mövqeyə görə, əlbəttə, sevən, –
onun qəlbini canlandırdığına, onda sevgi duyğusu
yaratdığına görə. Qoy, bu sevgi cavabsız qalsın.
20
Amma sevgisiz qalmaqdansa, cavabsız sevgi
yaxşıdır. İkinci mövqeyə görə, «əgər onu
sevməsəydim, bəlkə bir başqası ilə qarşılıqlı
məhəbbət yaşaya bilərdim» şübhəsi ön plana
keçir və insanda onu rədd edənə qarşı bir na-
razılıq yaranır. Amma kimdir günahkar? Qarşı
tərəf səni sevməkmi zorundadır?
Burada da iki hal fərqləndirilməlidir. Qarşı
tərəf sənin məhəbbətindən xəbərdardır, amma ona
etinasızlıq göstərir. İkinci halda sən öz böyük
duyğularını həqiqətdə olduğu səviyyədə çatdıra
bilmədiyindən o ancaq sönük bir hissi, nasiranə,
bəzən hətta bayağı bir münasibəti inkar etdiyini
düşünür.
Əslində sənin həqiqi böyük eşqin varsa və
onu qarşı tərəfə çatdırmaq mümkün olubsa, qarşı
tərəf buna biganə qala bilməz. Əslində sənin
sevgini duymaq sənə sevgi ilə cavab verməkdir.
Hətta o bunu qabaqcadan hansı isə səbəblərə
görə istəməsə də.
Çünki sevgini sevgidən başqa cür duymaq
mümkün deyil. Çünki məhəbbətin duyulması
yenə məhəbbətdir. Bütün qalan hallarda tərəf-
müqabil sənin həqiqi böyük sevgindən,
hisslərinin dərinliyindən xəbərsizdir. O sənin
münasibətini ancaq bir fakt kimi, hadisə kimi, –
dərk edir. Amma hiss etmir. Çünki qəlbdən
qəlbə hələ yol yoxdur. Yolun olması isə qarşılıqlı
məhəbbət adlanır.
21
«Məhəbbət könüldən könülə körpüdür», –
prinsipini rəhbər tutsaq, bir paradoks ortaya çıxır.
Ancaq bu halda hər şey aydın olur; hər iki tərəf
bir-birini sevəndə hisslərin ötürülməsi üçün yollar
açıqdır. Deməli, məhəbbət var. Yəni qarşılıqlı
məhəbbət, hər iki tərəfin bir-birini sevməsi
halında heç bir sual doğurmur. Lakin «biri o
birisini sevir, qarşı tərəfin isə heç xəbəri də
yoxdur», – variantında yuxarıda göstərdiyimiz
məhəbbət prinsipi işləmir və suallar ortaya çıxır.
Birinci sual: Bəs o səni sevmədiyi halda sən onu
necə sevə bilirsən? Yəni onun könlü sənin üçün
açılmayıbsa, sənin sevdiyin əslində kimdir, yaxud
nədir? Doğrudanmı onun özüdür, yoxsa söhbət
sənin sevgi idealının bir təsadüfi qığılcım
müqabilində kimə isə transformasiyasından gedir.
Yəni sən əslində qarşı tərəfin könül dünyasına,
mənəviyyat aləminə zərrə qədər də bələd
deyilsən.
Ancaq
özün-özünü
sevdiyinə
inandırıbsan, ancaq bu psevdohiss sənə hakim
kəsilib. Sənin sevgi aləmin gözəldir, amma bu
sənin ancaq öz aləmindir. Qarşı tərəf əslində
sənin üçün tam qaranlıqdır. Amma sən ona öz
könül evində yer verdiyindən, onu da özün kimi
zənn
edirsən.
Sənin
duyğuların,
təbiətə
münasibətin, insanlara münasibətin müsbətə,
aliyə
doğru
dəyişir,
duyğular
qapanır,
elektriklənir, canlanır. Lakin bu – əslində özündə
qapanma, qısa qapanmadır. Normal elektrik
22
cərəyanı naqilin əks tərəflərindəki gərginlik
fərqindən yaranır. Cərəyan bir tərəfdən başqa
tərəfə yönəlmiş olur. Qısa qapanma zamanı isə,
tənzimləyici müqavimət olmadığından yanğın baş
verir. Eynən Kərəmlərin yandığı kimi.
Alimlər qısa qapanmadan qaçır, şairlər isə
onu vəsf edir. Atomun böyük daxili enercisini
tədricən işlətməklə (atom elektrik stansiyası)
faydalı enerciyə çevirənlər də var, bu ener cinin
«qısa qapanmasından» yaranan gücə (atom
bombası) pənah aparanlar, aləmləri yandırıb-
yaxanlar da var. Əlbəttə, şairlər atomun güc-
qüdrətini vəsf etməli olsalar, onun elə yandırıb
yaxmaq xislətindən başlayarlar.
Bəli, «sevənlərin» böyük əksəriyyətinin
sevgi zənn etdikləri əslində həmin o böyük mə-
həbbət deyil. Amma bəs nədir? Digər tərəf-dən,
bunlar sonradan məhəbbətə çevrilirmi? Nəyin
bahasına?
Çevrilə bilər; ancaq mümkün olan ən
böyük qurban hesabına – ruhunu fəda etmək, öz
şəxsi Mən-indən keçərək bütünlüklə (və ya heç
olmasa qismən) qarşı tərəfin Mən-inə sığınmaq
yolu ilə.
Bizdə sevgilərin çoxu məhz bu formada
baş verir. Və ruhunu qurban verən çox vaxt
qadınlardır.
Ruhunu qurban vermək…
23
Qarşı tərəfin münasibəti sənin duyğula-
rından, bu duyğuların böyüklüyündən, saf-
lığından, ülviyyətindən yox, onları necə təqdim
etdiyindən asılıdır. Bu təqdimat, zahirilik, görü-
nən tərəf duyğulara adekvatlıq tələb etmir.
Bədii əsərlərin sevgi qəhrəmanlarından
götürülmüş təmtəraqlı sözlər və maneralar şəxsi
hiss kimi təqdim oluna bilər. Qəlbi boş bir
adamın dilindən dürr tökülə bilər. Məhəbbət
oduna yanan isə görüntü barədə düşünmür. Öz
həqiqi hisslərini bəlkə də ifadə etmək istəyir;
lakin burada o min illər ərzində məhəbbət şa-
irlərinin formalaşdırdığı gözəl ifadələr, yüksək
pafos və ya hansı isə şablon komplimentlərdən
istifadə etmədiyinə görə onun məhəbbəti açıla
bilmir, sönük görünür. Böyük hissin sönük ifadəsi
və olmayan hissin parlaq təqdimatı! İkinci halda
təqdim olunan əslində başqa bir ruhun yaşantıları,
daha doğrusu, onların mənimsənilməsi, öz adına
çıxılmasıdır.
Ruhların
transformasiyası!
Psevdoməhəbbət, ruh oğurluğu!
Cəmiyyətdə
başqasının
var-dövlətini
mənimsəmək, başqasına dissertasiya işi yaz-
dırmaq və yalançı alim olmaq və s. bu kimi hallar
heç olmasa ictimai rəylə məzəmmət olunur.
Yalançı aşiqlik, hansı isə aşiq obrazının
imitasiyası isə bəzən diqqətdən qaçır. Daha
doğrusu, bu məsələ fərdi münasibətlə bağlı ol-
duğundan, onu aşkar etmək, həqiqi hisslə saxtanı
24
fərqləndirə bilmək ancaq qarşı tərəfin həssaslıq
dərəcəsindən asılıdır.
Məhəbbətə bir proses kimi baxsaq, o, üç
mərhələdən keçir. Birincisi, ilk təəssürat, hey-
ranlıq, vurğunluq. Bu məhəbbətin romantik
çağıdır. Əgər məhəbbət vüsalla nəticələnmirsə, bu
hal yeni mərhələyə keçmir və axıra qədər davam
edir.
Evləndikdən
sonrakı
mərhələdə,
birgəyaşayış dövründə romantika xeyli dərəcədə
reallıqla əvəz olunur. Bu mərhələdə dostluq
münasibətləri məhəbbətin yeni forması kimi və
ya ilk romantik hissləri tamamlayan əlavə duyğu
kimi zəruri şərtə çevrilir. Əgər dostluq
yaranmasa, ailə münasibətləri tək bir romantik
hiss üzərində qərar tuta bilməz. Bu zərif hiss nə
qədər atəşin olsa da, birgəyaşayışın bütün ağır
yükünü daşımaq üçün yetərli deyil. Əksinə,
həyati gerçəkliyin hər bir konkret problemi bu
hissin sarsılmasına, sevənlərin yerə enmələrinə
yönəlmiş olur. Dostluq isə ilk növbədə ümumi
maraqlardan, məqsəd birliyindən qaynaqlanır.
Əlbəttə, xarakterlər arasında fərq dostlaşma
prosesini ləngidir, ona məne olur. Məhz bu
məqamda məhəbbətlə dostluq arasındakı fərq
özünü göstərmiş olur. Görünür, C.Labryuyer
deyəndə ki, «məhəbbət və dostluq bir-birini
25
istisna edir»
1
, – məhz bunu nəzərdə tutur. Lakin,
bizcə, bu fərqi belə qabartmağa ehtiyac yoxdur.
Çünki əslində bu ziddiyət məhəbbətin ilk
mərhələsinə, romantik dövrə aiddir. Ailə
qurulduqdan sonra isə dostluq qaçılmaz olur.
Daha doğrusu, evlilik mərhələsində əksliklər
üzərində qurulmuş tamamlama məhəbbətindən
fərqli olan yeni bir duyğuya – ümumi cəhətlər
üzərində qurulmuş eyniyyət məhəbbətinə ehtiyac
yaranır. Sonra isə bu iki məhəbbət növünün
sintezindən ailə məhəbbəti formalaşır ki,
övladlara olan məhəbbətin ortaqlığı onu daha da
gücləndirmiş olur. «Zaman dosluğu gücləndirir,
məhəbbəti isə zəiflədir»
2
fikri, görünür, bu
müşahidələr
əsasında
deyilmişdir.
Amma
C.Labryuyer ailə dostluğunun əslində məhəbbətin
növbəti mərhələsi olduğunu nəzərə almır.
Məhəbbətlə dostluğu qarşı-qarşıya qoymaq
cəhdləri də buradan yaranır.
Eyniyyət məhəbbətinin formalaşmasında
isinişmə prosesinin mühüm rolu vardır. Bu proses
tərəf-müqabilin ailə həyatında iştirakını mənəvi-
estetik auranın ayrılmaz tərkib hissəsi-nə çevirir.
Hər bir tərəfin «mən»-i yenidən formalaşır. Sanki
qarşı tərəfin arzu və istəkləri-nə uyğunluq
istiqamətində mənəvi transforma-siya başlanır.
1
Ж.Лабрюйер. Характеры или Нравы
нынешнего века. – Мир и эрос. М, 1991, стр. 92.
2
Yenə orada.
26
Əsl yetkin məhəbbətdən də məhz bu mərhələdə
söz açmaq mümkündür. İlkin mərhələ olan
romantik məhəbbət isə əslində məhəbbətin özü
yox, onun axtarışıdır.
Dostları ilə paylaş: |