www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
180
180
Bu dövrdə Azərbaycan türkçülüyü, müstəqil və
demokratik Azərbaycan ideyasının əsas ideoloqu, Azərbaycan
türklərinin lideri Məhəmməd Əmin Rəsulzadə (1884-1955)
olmuşdur. O, Azərbaycan türk aydınları arasında ilk dəfə,
«ümmətçilik»dən «millətçiliy»ə üz tutaraq milli ideologiyanın
təməl prinsiplərini işləyib hazırlamışdır. Çünki 1915-ci ildən
işıq üzü görən «Açıq söz» qəzetində ilk dəfə olaraq «müsəl-
man», «tatar» əvəzinə «türk» sözünü işlədən, «Biz türkük!»
deyən M.Ə.Rəsulzadə bu surətlə «ümmət» və «ümmətçilik»
dövrünü rəsmən qapamış, «millət», «türk millətçiliyi»
dövrünün başlandığını elan etmişdir. M.B.Məmmədzadə
yazır: «Şeyx Cəmaləddin Əfqani kimi, Məhəmməd Əmin bəy
də islamiyyətin və müsəlmanlığın milliyyət deyil,
«ümmətçilik» ifadə etdiyini, milliyyətin isə din üzərində deyil,
dil və mədəniyyət birliyi üzərində qurulduğunu və bu milli
diriliyin təməlini təşkil edən milli mədəniyyətin ünsürlərini
izah edərək milli hərəkatın ictimai fəlsəfəsini qurmuşdur»
[154, 52]. Ə.Cəfəroğlunun fikrincə də, milli istiqlal
məfkurəsinin, milli ideologiyanın intişar tapmasında, «həqiqi
milliyyətçiliyin geniş yayılmasında» M.Ə.Rəsulzadə və onun
baş redaktoru olduğu «Açıq söz» qəzeti mühüm rol
oynamışdır [63, 151]. Belə ki, M.Ə.Rəsulzadənin öndərliyi ilə
ilk dəfə, həmin qəzetdə öz əksini tapan ideyalar get-gedə
bütün Azərbaycan türklüyünü əhatə etmişdir. Cəfəroğlu yazır:
«Onun «Açıq söz» qəzeti ilk dəfə milli cərəyanı ardıcıl və
şüurlu sistem halına saldı, milli mövzunun geniş oxucu kütləsi
arasında bir ilham mənbəyinə çevrilməsinə imkan yaratdı»
[63, 235].
H.Baykara da hesab edir ki, Qafqaz müsəlmanlarını
ümmətçilikdən millətçiliyə yönəldən, onları türkçülük-
|