Formasına görə protokolun stenoqrafik, fonoqrafik, icmal və qısa (çıxışların tam mətni
yazılmayan) növləri vardır. Protokolda məruzəçilərin nitqi, müzakirələrdəki çıxışların mətni,
səslənmiş sual-cavablar və qəbul edilmiş qərar ifadəsini tapmalıdır. Protokolun qısa variantı o
zaman qəbul olunur ki, yığıncağın stenoqramı, məruzə və çıxışların mətnləri ona əlavə olunsun.
Protokolu ştatlı və ya seçilmiş katiblər tərtib edib onun doğruluğuna sədrlə bərabər
məsuliyyət daşıyırlar. Protokolun tərtibi zamanı onun tam hüquqi tamlığını
təmin etmək
lazımdır. Protokolun hüquqi tamlığı ona aid zəruri rekvizitlərin və protokoldakı məlumatın
düzgün qeyd olunmasını əhatə edir. Kollegial orqanların iclaslarında iştirak edənlərin tam
sayının yazılması siyasi hüquqi cəhətdən vacibdir. Protokol A4 formatlı
ümumi və xüsusi
blanklarda yazılır. Əgər protokol səhifələrinin sayı çox olursa, yalnız birinci səhifə blankda,
qalanlar isə adi kağızda yazılır. Protokol A4 formatlı adi kağızda da sənədləşdirilir.
Protokolun rekvizitləri aşağıdakılardır:
-idarənin adı;
-sənədin adı /PROTOKOL/;
-iclasın tarixi;
-indeks /nömrə/;
-iclasın yeri;
-təsdiqolunma qrifi /əgər protokol təsdiq olunmalıdırsa/;
-başlıq /kollegial orqan və ya protokollanan müşavirənin adı/;
-mətn /giriş hissəsi-iştirakçıların tərkibi və gündəlik/;
-EŞİDİLDİ, ÇIXIŞLAR, QƏRAR;
-imza /sədr və katibin/.
Giriş hissədə sabit məlumat /sədr, katib və iştirak edənlər/ və dəyişən məlumat /sədr, katib
və iştirakçıların adının, atasının adının baş hərfləri və familiyaları verilir/. İştirakçıların
familiyası əlifba sırası ilə /əvvəl orqan üzvlərinin, sonra isə dəvət olunanların/ yazılır. Dəvət
olunanlar 15-dən çox olduqda onların siyahısı protokola əlavə olunur. Hər hansı əlavə haqqında
protokolda mütləq məlumat verilir. Ona görə də dəvət olunanlar sözündən sonra «siyahı
protokola əlavə olunur» cümləsi yazılır.
Dəvət olunanların familiyalarından sonra mötərizədə onların işlədikləri idarənin adı və
vəzifələri yazılır. Kollegial orqanın üzvlərinin vəzifələri də qeyd olunur.
Gündəlikdə müzakirə edilən məsələlər əhəmiyyətlilik dərəcəsindən asılı olaraq
yerləşdirilir. Məsələnin adı adlıq halda yazılır. Məsələdən sonra məruzəçinin adı və soyadı
(bəzi hallarda adı və atasının adının baş hərfləri və familiyası, mötərizədə isə vəzifəsi) qeyd
olunur. Gündəliyə «Müxtəlif məsələlər», «cari məsələlər» və s.
bu tipli ümumi adlar daxil
etmək məsləhət görülmür. Hər bir məsələ konkretləşdirilməlidir.
Mətnin əsas hissəsi gündəlikdəki məsələlərə müvafiq ardıcıllıqla EŞİDİLDİ –
ÇIXIŞLAR-QƏRAR sxemi əsasında tərtib olunur. Bu sxem hər bir məsələ üçün ayrıca
verilməlidir. Ona görə də «EŞİDİLDİ» sözündən əvvəl gündəlikdəki məsələnin nömrəsi
yazılır. Bu məsələ ilə bağlı «qərar» hissəsi qərarlar müvafiq bəndə uyğun nömrələnir. Məsələn,
ikinci məsələ ilə bağlı birinci qərarın qarşısında «2.1.», ikinci qərarın qarşısında «2.2.» və s.
yazılır.
İclasın gedişində sədrin çıxışları «Sədr» sözündən sonra verilir.
EŞİDİLDİ bölməsində məruzəçinin adı, atasının adının baş hərfləri və familiyası yazılır.
Sonra tire işarəsindən sonra məruzənin tam və ya qısa məzmunu yazılır. Əgər məruzə mətninin
stenoqrafiyası yazılırsa və ya məruzəçi onu təqdim edirsə, onda məruzə protokola əlavə olunur.
Bu haqda protokola müvafiq qeyd edilir. Yəni «məruzə protokola əlavə olunur»
cümləsi
yazılır. Protokolda məruzənin qısaldılmış variantı da verilə bilər.
«ÇIXIŞLAR» sözündən sonra qoşa nöqtə qoyulur. Bundan sonrakı sətrdə bir abzas
buraxılmaqla çıxış edənin adı, soyadı yazılır, sonra tire qoyulur. Tiredən sonra çıxışın tam və
ya qısaldılmış variantı yazılır.
Bu bölmədə suallar və onlara cavablar yazılır. «Sual» sözünün əvəzinə sual verənin adı
və soyadı (yaxud adının və atasının adının baş hərfləri və soyadı) qeyd olnur. Bundan sonra
sual yazılır. Cavab verən məruzəçi deyilsə eyni qayda ilə onun haqqında məlumat verilir. Bəzi
hallarda familiyadan sonra çıxış edənin vəzifəsi qeyd edilir. Suallara cavablar və çıxışlar
vasitəsiz nitq şəklində qeyd olunur.
«QƏRAR» bölməsində xüsusiyyətinə görə fərqlənən bəndlər ayrı-ayrı punktlar şəklində
verilir.
Yığıncaqda müəyyən sənədin təsdiq edilməsi haqqında qərar qəbul oluna bilər. Bu halda
təsdiq olunan sənədin adına, tarixinə və nömrəsinə istinad olunmalı,
sənəd protokola əlavə
olunmalıdır. Sənədin protokola əlavə olunması onun müzakirəsi ilə bağlı «EŞİDİLDİ»
bölməsində və ya qərar bölməsində qeyd olunur
Protokol tərtib edilərkən məruzəçi və çıxış edənlər onunla tanış edilir və onların imzaları
alınır. Bu razılaşma imzaları sədr və katibin imzasından sonra yerləşdirilir. İmzalayan şəxsin
adı və soyadı (yaxud inisialları və soyadı) yazıldıqdan sonra imza edilir. İmzalayan şəxs ad və
soyadını öz xətti ilə yazmalıdır.
Protokolun tarixi yığıncağın keçirildiyi gündür.
Dostları ilə paylaş: