Microsoft Word Hazir secilmis eserleri mir celal doc



Yüklə 2,54 Mb.
Pdf görüntüsü
səhifə14/54
tarix30.12.2021
ölçüsü2,54 Mb.
#18854
1   ...   10   11   12   13   14   15   16   17   ...   54
VƏTƏN YARALARI 
 
Səngərimdən çıxanda, üzgüçü suya atılan kimi, ön xəttin atəşinə 
atılmışdım. Nə gurultu, nə alov, nə də, sanki dəhşətləri örtmək istəyən toz, 
duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də 
mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və  kəsif üfüqlərinə 
bir bayraq kimi açılıb-örtülən alov da mənəm. Döyüş sürəti və hərarətində 
özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə, qılçalarım 
hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə  sərildim. Sanki bir 
səs mənə deyirdi: "Bəsdir! Burax!" Lakin mən bunu eşitmək istəmirəm. 
Diqqətlə yaralarımı duymaq, özümə  gəlmək istəyirəm; bacarmıram.  İsti 
mayenin vücuduma axdığını  və axdıqca məni xoş  və sakit bir rahatlığa 
apardığını, olduğum aləmdən ayırdığını hiss edirəm. Ayrılmaq istəmirəm. 
Görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin  əli iləsə 
gözlərim örtülür, bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım 
tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükuta dalır, hava 
qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa dönür, get-gedə kiçilir, 
sularda əriyib, yox olurlar. 
Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar: birisi həsrətlərini, 
birisi  əziyyətlərini, bəzisi ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən 
bunları  xəyalıma gətirmədim. Bəlkə  də buna görə bunları keçirə  də 
bilmədim. Mən gözümü açanda, özümü isti, təmiz və sakit bir otaqda, rahat 
yataqda görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin təbəssümünü, 
gənc bir qızın tərimi sildiyini, su içirtmək istədiyini görəndən sonra duydum 
ki, həyata qayıdıram. Deyəsən məni bunlar, qalın kitabların mənası ilə 
silahlanmış həkimlər, şəfqət və mərhəmətdən yoğurulmuş qızlar qaytarırlar? 
Haraya qaytarırlar? Mən qapandığım, tapındığım hissiz sükut aləmindən 
qayıdıram. 
Ürəyimdə bir şadlıq var: dodaqlarım qaçdı, üzülmüş, qanını itirmiş, dəri 
ilə sümükdən ibarət sifətimə ilk təbəssüm işığı düşdü. Sonra, hardansa məni 
bir düşüncə yaxaladı. Haraya qayıdıram? 15 il ömür keçirdiyim, 
doğulduğum, böyüdüyüm, yorulduğum, dincəldiyim, dərd çəkdiyim, 
sevindiyim həyata qayıdıram! Orada hələ görmədiyim nələr var? 
Bunu nə kitabda oxumuşam, nə həkimdən eşitmişəm. Amma mənə elə 
gəlir ki, xəstənin fiziki həyatından çox mənəvi həyatı var. Onu möhkəm 
addımlar, taqətli ayaqlar, bükülməz dizlər yox, zəif və zərif xəyalar aparır. 
Bu xəyallar bəlkə də sağlamlıq zamanında adamın 
  


73 
 
başına yol tapmır. Həyatın keşməkeşləri onlara növbə, yol, imkan vermir. 
İndi isə  əl-qolunu boş qoyub, yatağa uzanmış  bədən tamamamilə onların, 
qanadlı düşüncələrin ixtiyarındadır. Düşünürəm, görürəm ki, mən həyata 
azğın bir maraq üçün qayıtmıram, oynamağa gəlmirəm. Dolu süfrələr 
başında oturub yeməyə, qədəh sındırmağa, tərif deyib, tərif eşitməyə 
gəlmirəm. Məxmər stol dalında tabelərimin üstünə  qışqırmağa,  əmrlərə, 
fərmanlara qırmızı mürəkkəblə qol çəkməyə gəlmirəm. Nə qızlar, nə qayıq 
gəzintiləri, nə məzhəkədən qabaq başlayan, sonra da bitməyən qəhqəhələr... 
Məndə  qəribə bir arzu dinlənir: iki ömür istəyirəm.  İstəyirəm ki, ilk 
ömrüm - təcrübə  dərsi olsun; bu mürəkkəb dünyanı, qapalı adamları 
öyrənməyə sərf olunsun. İmtahandan çıxa bilsəm, mənə ikinci həqiqi ömür 
imkanı verilsin. Belə ömrün qədrini bilərəm. Mən yenidən bir körpə olum, 
anamın, o mehriban xilqətin qucağına atılım, isti nəvazişlərinə tutulum. 
Atamın sərin torpaq astanasında iməkləyim. Səsim gəlsin. Yıxıla-dura 
yeriyim, ağı qaradan, şirini acıdan, istini soyuqdan seçən, qayğısız körpəlik 
günləri başlasın... 
O günlər... məgər xəyal onları  gətirib yetirə bilərmi?.. Qapımızdan 
keçən su arxının başında oynardım, söyüd yarpaqlarından  əsən xəfif 
küləklər daraq görməmiş saçaq kimi dolaşıq saçlarımı üzümə tökərdi... 
Hanı mənim tay-tuşum? Aşıq atan, top oynayan, gizlənqaç yoldaşlarım? 
Vuruşub-barışdığım, atıb-tutduğum, ayrılıb-birləşdiyim yaşıdlarım? 
Bax, bunlardan doymamışam. 
Ömrüm yüz gündürsə, doxsan doqquzunu yurdumda, torpağmda 
yaşamışam. Doymamışam. 
Nəyini deyim? Xoş saatları, əziz günləri, munis axşamları... 
Heç bir zaman bu xatirələr cəbhədəki qədər  şirin olmur. Əsgər onları 
arxada qoyub gəlmişdir. Onları qorumağa, onları  hədələyən təhlükəni yox 
etməyə gəlmişdir. 
Səhra xəstəxanasından arxaya göndərilməli olduğumu eşidib, 
yoldaşlarımdan ikisi yanıma gəlmişdi. Biri mənim yaşıdım, məktəb 
yoldaşım Nəsrəddin idi. Bizi universitetdən, tələbəlikdən çağırmışdılar. Onu 
görəndə həmişə məktəbli uşaqların kitab çantası yadima düşür. Nəsrəddinin 
belə yaraşıqlı bir çantası var idi. Özü də qayişla belinə bağlardı. Bəzən onun 
çantasından tutub çəkişdirərdik, ha dönmək istərdi ki, görsün kimdir, 
bacarmazdı.  İndi Nəsrəddin bizim komandirin köməkçisidir. Komandir 
sirrini ona deyir, bərk yerlərə onu özü ilə aparır. 
  


74 
 
İkincisini cəbhədə tanımışam. Kolayır kəndindəndir. Mina arvadın oğlu 
Lətifdir. Atası çoxdan ölüb. Anası  kənddə nümayəndə idi. Qadınlar 
yığıncaqlarında onu stol başında, ayaq üstə durub, açarı mürəkkəbqabına 
döyən, sükut istəyən görərdin. Yaraşmasa da, həmişə sədrlik etmək istərdi. 
Lətif anasına oxşamır. Başıaşağı, üzüyola oğlandır. İki yaş bizdən kiçik 
olduğu üçün yüngülayaqlıq edər. Hər işə gedər, bəzən suyumuzu, 
çörəyimizi də hazırlar? Yürüşlərdə, gecə istirahət  əmri veriləndə, bir də 
görərdin Lətif çəkməsinin dabanı ilə yeri döyür. O, torpağı hamarlayıb, üç 
adam üçün "yataq" düzəldərdi.  Əleyhqazlarımızı başımızın altına qoyub 
tirtap düşərdik. 
Bunlar mənim yanıma həm görüşə, həm sifarişə  gəlmişlər. Mənim nə 
danışmağa, nə  də  əsəblərimə toxunacaq bir xəbər almağıma icazə var idi. 
Mən bu səhra xəstəxanasında 7 gün ərzində  həkimdən başqa yalnız bir 
şəfqət bacısını görürdüm. Yanıma gələn, məni dindirən olmadığına 
darıxırdım. Ancaq onu da duyurdum ki, mənə yaxınlaşmaq istəyənləri 
şəfqət bacısı buraxmır. Bəzilərini qaytarır, bəzilərinə  də yalan satır ki, 
"xəstə yuxudadır". Bu dəfə  mən çadır örtüsünün dalından Nəsrəddinin 
üzünü gördüm. Dərhal bacının səsi gəldi: 
- Yoldaş əsgərlər, xəstə yuxudadır, oyada bilmərəm. Mən dözmədim: 
- Oyanmışam, - dedim, - bacı, burax gəlsin. 
Bunu dedim, sevindiyimdən dikəlmək, dirsəklənmək istədim. Çarpayıya 
sarındığım, ya ağrıdan qorxduğum üçün dikələ bilmədim. Başım, ümidsiz 
kimi, balışa yapışıb qaldı. 
Yoldaşlar bir üzü xətir, bir üzü zor-güc özlərini mənim yanıma saldılar. 
Bacı onlara yalvarırdı: 
- Həkim bilsə, mənim atamı yandırar. Aman günüdür, tez gedin! 
Nəsrəddin ona təsəlli verdi: 
- Tez, arxayın ol, tez gedəcəyik. Lətif dedi: 
- İki-üç dəqiqə, artıq yox. 
Çadıra girəndən sonra Nəsrəddin nə bacıya baxır, nə  də onun sözünü 
eşidirdi. Mənim alnımdan öpüb, zəif əlimi ovcunun içinə almış, illər ayrısı 
kimi, həsrətlə söhbətə başlamışdı... 
Onlar yaralarımdan sarı mənə təsəlli verirdilər: 
- Güllə yarası əti bişirir, tez sağalır. Anan dua eləyir, yaxşı ötüşmüşsən, 
on-on beş günə duracaqsan. 
  


75 
 
Mən ağrılardan şikayət edəndə Nəsrəddin bir ədib kimi cavab verdi: 
-  İnanıram, sən daha çox ağrı duyarsan. Həyatla dolu adamlara, bütün 
hissləri ilə mükəmməl həyat keçirən adamlara hər yara əzabdır. 
Sən yorulmuş qoca, ya çox şeylərdən  əl üzmüş  bədbin deyilsən. Qoca 
ağacların gövdəsini yarıb içində ocaq qalayırsan, halına təfavüt eləmir. 
Sağlam, ucaboylu qovaq ağaclarının gövdəsinə bir bıçaq vurulsa, o saat 
yaşardığını görərsən. Belə  ağacların həyatı sağlam gənclərin həyatı kimi 
mükəmməldir,  əsl həyatdır. Sən belə  gənclərdənsən. Ancaq onu da bil ki, 
bir neçə ay sonra qovaq ağacının bıçaq vurulan yerini möhkəmlənmiş, 
bərkimiş görərsən. Sağlıq olsa, sən həm müalicə olunacaq, həm 
dincələcəksən, həm də ki... 
Lətif Nəsrəddinin ürəyindən xəbər verdi: 
- Həm də ki, vətənə gedəcəksən. 
Bu sözü deyəndə onların hər ikisi qızardı, gülümsədi, mənim gözlərimə 
baxdı. Mən bunun mənasını yaxşı anlayırdım. Onlar on illərə bərabər olan 
bir neçə aylıq cəbhə  həyatından aldıqları duyğu və  təsəvvürlərini yaxın 
adamlarına çatdırmaq istəyirdilər. 
Bacı Nəsrəddinin qarşısında dayanıb, xahiş edirdi. Nəsrəddin isə gözünü 
məndən ayırmırdı: 
- Səndən, - deyirdi, - heç nə istəmirəm. Bizim evə get, mənim yazı 
stolumun başında otur, kitablarıma, kağızlarıma fikir ver, gör qoyub 
gəldiyim kimidirmi? Gör mənə kağız-zad yazan, itirib-axtaran olurmu? 
Küçəmizdən bir neçə  dəfə o yan-bu yana keç, anamın sözünü-sorğusunu 
qulağında yaxşı saxla. Səndən hər  şeyi təfsilatı ilə soruşacağam... 
Univərsitetə, bilirəm gedəcəksən. Uşaqlara bir-bir salam de. 
Mənim  əvəzimdə bir lektoriyada sükut içində otur. Bu gördüyün 
gurultuları orada xatırla. Yəqin mənim abunə vərəqim durur, onu bir al, bax 
gör kitabxanaçı deyirmi ki: "Bu oğlan niyə kitab götürmür?". 
Lətif  Nəsrəddinə macal vermədi: 
- Özün bilirsən də, nə deyim. Arvad eşitsə, birbaş yanına gələcək. 
Bu şəkli ver, deyinən nigaran olmasın. Bacarsan, bir bizim məktəbə dəy. 
Gör  Ədil müəllim oradadırmı? Gör yenə  dərslər qaydasındadırmı? 
Uşaqlarını yadına salırmı? Gedən kim, qalan kim? Mənim adresimi 
direktora, Ədil müəllimə ver, bəlkə məktub yazan oldu. 
Nəsrəddin bir şey xatırlamış kimi Lətifə mane oldu: 
- Get bizdə də bir-iki gün qal. Qoy anam da oğul səsi eşitsin. 
Yəqin hazırlıq görəcək. Nahardan sonra mənim tarımı al, tozunu sil, 
 
 
 


76 
 
bağrına bas, bir çargah başla. İnan ki, üstümə yüz topdan güllə yağsa da, 
mən burada çargahın səsini eşidəcəyəm... 
Lətif tapşırırdı: 
- Kəndə gələndə kövşənə, Dişli qaya tərəfə  çıx. Durnagözlü bulaqdan 
ovucla, mənim  əvəzimə iç. Yazdır. Otur, bir quşları dinlə. Gör onlar nə 
deyir: dünyanın bu işləri onların mahnısına kar eləyir, ya yox? Yaşıl 
yamacdan dəstə tut. Lalə, bənövşə, nərgiz, nanə, xətmi, nilufər, nə desən 
taparsan. Yaş yarpaqları tök dəftərinin arasına, qurusunu bizə  gətir. 
Torpağın  ətrini oradan alarıq. Ax, o yerlər!.. Səcdəsinə düşmək, öpüb 
yalamaq, ürəyimi o torpağa, daşa sürtmək istəyirəm. 
Anama qabaqcadan heç nə yazmadım. Vağzalda düşüb yavaş-yavaş 
evimizə  gəlirdim. Anamı görməyə  tələsirdimsə  də, çoxdan ayrıldığım bu 
küçələri, yolları, bu məhrəm binaları, ağacları, hasarları diqqətlə  nəzərdən 
keçirmək həvəsi ilə yaşayırdım. Çalışırdım görüm nə  dəyişmişdir. Mənim 
qoyub getdiyim yerlərin nəyi və necə dəyişmişdir? Mənə elə gəlirdi ki, hər 
şey öz qaydasındadır. Yenə  də  həmin sentyabr axşamıdır.  Şəhərimiz 
möhkəm inam və etimadla ömrünü sürür. Uca çinarlar, yaşıl təpələr baş 
əyərək, cəbhədən gələn oğullarını salamlayır, cəbhəyə gedən oğullarına 
xeyir-dua verir. 
Anamı evdə tapmadım. Açarı bir-birimizə  bələdlədiyimiz yerdən 
götürdüm, qapını açıb, evdə rahatlandım. 
Bu evdə nə təzəlik var? 
Mənim əsgər şəklim stolun üstündədir. Məktublarım üst-üstə səliqə ilə 
qoyulmuşdur. Sanki anam bunları  hər gün oxuyur. Pəncərənin ağzında 
balaca və üzü bezlə tikilmiş bir qutu var. Yəqin etdim ki, anam yenə nəsə 
göndərir, istədim anamın cəbhə sovqatını açım, dəymədim. Kitab şkafının 
şüşələri tərtəmiz silinmişdi. Gələn qəzet və jurnallar sahmanla şkafın bir 
gözünə  yığılmışdı. Anladım ki, anam bunları  mənə saxlayır, - oxumamış 
qəzeti o, tərk etməz. 
Evin hər tərəfində bir qayğı əli gəzirdi. Bu, əməksevən və zəhmətdən 
həzz alan əsgər anasının əli idi. O, hər qədəmi oğul yolunda atırdı. 
Bunların hamısı mənə aydın idi. Lakin anlaya bilmədim ki, anam evin 
açarını  nə üçün həyətdə, xəlvət bir yerdə qoyub gedir. Qapını özündən 
başqa kimsə açmayacaq, bəs açarı kimə etibar edir? 
  
 
  


77 
 
...Anam mənim bu sualıma köksünü ötürərək, cavab verdi: 
- Bala, - dedi, - çox vaxt səninlə oturub, söhbət eləyirdim. Sən cəbhədə 
bəlkə  də atışmadasan. Mən burada bardaş qurub, səni körpə çağında 
görürəm, dindirirəm, danışırsan, oynayırsan... Açar orada dursun. Mən onu 
yaxşı niyyətlə qoyuram. Elə bilirəm evimizdəsən. 
Sənin səfərin uğurlu səfərdir. Ürəyim mənə deyir ki: "Sən işdən 
qayıdanacan oğlun gələr, qapıda qalar. Açarı qoy get..." Gördün ki, 
niyyətim düz çıxdı, Allah düz adama niyyətinə görə verər. Şükür ki, gəldin 
çıxdın! 
Anam danışdıqca mənim ürəyim genişlənir, iftixar hissim alovlanırdı. 
Ürəyimdə deyirdim: "Bəşəriyyət hamısı analar qəlbi ilə yaşasaydı, dünya 
başdan-başa bir cənnət olardı. Bunların duyğusu, arzusu, xeyirxahlıq və 
mərhəmət dolu ürəkləri həmişə bizimlə, cəbhəçilərlədir. Bu müqəddəs qəlb 
sahiblərinin keşiyində durana zaval yoxdur!" 
Vətənin hava və sularındanmı, adamlarımızın "cəbhəçidir",- deyə mənə 
göstərdikləri qonaqpərəstlikdənmi, görüş sevincindənmi, nədənsə, mən çox 
tez dirçəldim. Özümü əvvəlkindən də möhkəm hiss etdim. Sağaldıqca, 
qüvvətə  gəldikcə  təkrar cəbhəyə qayıtmaq arzusu məndə alovlanırdı. 
Nəhayət, anam məni yola salmalı olduğuna inanandan sonra Nəsrəddinin 
də, Lətifin də anasını çağırdı.  İstirahət günü bizim evimiz səfər evinə 
oxşayırdı. Hərə bir sovqat bağlayıb gətirmişdi. Mən ha yalvardım ki: 
"Canım, bunların heç birinə ehtiyac yoxdur, bunu aparmaq özü çətin işdir", 
buraxmırdılar. Corab gətirən, papiros alan, fətir bişirən, xörək hazırlayan 
kim... Anam məndən xəlvəti bir qutu bağlamışdı. 
- Bala, - deyirdi, - bu, üçünüzün payıdır, açmazsan. Yetirən kimi 
Nəsrəddini, Lətifi çağırarsan, açarsınız. Bu, üç ananın səliqəsidir. Bir açın, 
bir oturun, bir yeyin, bir gəzin, bir vuruşun! 
 
* * * 
 
Cəbhəyə qayıdanda hərbi mütəxəssislər məni böyütmək, başqa yerə, 
yeni vəzifəyə göndərmək fikrində idilər. Mən yoldaşlarımdan ayrılmayım 
deyə, bundan yayındım, öz hissəmizə gəldim. Təəssüf ki, yoldaşlarının heç 
birini yerində tapmadım. 
Nəsrəddinin iki gün əvvəl yaralandığını, səhra xəstəxanasına 
gotürüldüyünü deyirdilərsə, Lətif haqqında açıq danışmırdılar. Mən dərhal 
  


78 
 
komissarın yanına getdim, təlaşımı görüb, mənə iki sətirlik bir yazı göstərdi. 
Orada savadlı bir əl rusca yazmışdı: "Demişdim, ele də oldu: döyüşçü 
ölməyəcəkdir!" Mən yazını oxuyub komissarın üzünə baxdım. Nəzərlərimlə 
soruşurdum. Nə soruşduğumu komissar bilmirdi: 
- Həkim yazır, - dedi, - Lətifin sağalmağına ümidimiz yox idi. 
Köks qəfəsinə iki güllə, bir mina qəlpəsi dəyib, ciyərinin başı zədələnib. 
Amma həkim Qiyaslı ümid verirdi. İndi isə Lətifin sağalmağı müəyyəndir. 
İki ay əvvəl mənim yanıma gələn yoldaşlarımı axtarıb, görüşmək üçün 
icazə aldım.  Ən  əziz sovqatı, anaların verdiyi bağlamanı  səhra 
xəstəxanasına gedən maşınların birinə atdım. 
Əvvəl Nəsrəddini tapdım. O, isti bir xalat geymiş, həyətdə  gəzinirdi. 
Yarası qolundan idi, həm də yüngül idi. Mənim gəlməyim onun üçün yox, 
xəstə yoldaşlarım üçün də bir bayram oldu. Şəhərimizdən, yollardan, 
əkindən, məhsuldan suallar verirdilər. Nəsrəddin ikilikdə söhbət üçün məni 
çəkib, palataların kənarına gətirdi. Torpaq üstündə dirsəklənib oturduq. Mən 
gördüklərimin hamısını nağıl etdim. Bıçağı  çıxarıb, bağlamanı açmaq 
istədim. Nəsrəddin mane oldu: 
- Qoymaram, - dedi. 
- Yeməli şeydir,xarab ola bilər. 
- Lətifsiz açmayacaqsan. 
Nəsrəddinin sözü qabağımı kəsdi, bıçağı qatlayıb cibimə qoydum. 
- Elə isə dur, - dedi, - dur, onun yanına gedək. 
Nəsrəddinin ucaboylu, zabitəli bir həkimi var idi. Başqaları həkim olub 
orduya gəlmişdilər, bu adam tibb təhsilindən əvvəl mükəmməl hərb adamı, 
böyük komandir imiş. Rəsmiyyəti çox sevirdi. Xəstələr və  ya bacılar ondan 
bir güzəşt xahiş etməli olanda ümidsiz əllərini tovlayırdılar. Buna görə də 
Nəsrəddin xahiş etmək istəmirdi. 
Mən həkimi "yumşaltmağı" boynuma aldım. Gözlədim. O, otağından 
çıxanda rəsmi vəziyyət alıb, məqsədimizi söylədim. 
- Sabah nahardan sonra yarım saat gedə bilər, - deyə o, icazə verdi. 
Həkim bunu deyib ötdü. Mən sabaha qala bilməyəcəyimi deməyə israr 
etməyə macal tapmadım. 
Mən bu gün Lətifin yanına getdim. Lətif ağır xəstəlikdən təzə ayılırdı. 
Rəngi-rufu qalmamışdı. Məni görəndə sevincindən ağladı. Məni də 
qəhərləndirdi. Narahat etməyim deyə, tez durdum. Bağlamanı onun yanına 
qoyub çıxdım. 
 


79 
 
Lətifin sağalıb hissəmizə qayıtmağı iki ay yarım çəkdi. Bu müddətdə 
anaların bağlaması gah onun çarpayısı başında, gah təcili yardım 
arabasında, gah istehkamda qaldı. Lakin açılmadı. Ancaq Lətif gələndən 
sonra üç səmimi yoldaş oturub, sovqatı açdıq. Burada albuxara, kişmiş, 
fındıqdan tutmuş Ordubad almasına qədər vardı. Yeməli  şeylərin altında 
adama bir əl dəsmalı, bir ətirli sabun, adama bir cüt toxunma əlcək var idi. 
Əlcəkləri  əlimizə taxdıq. Anamın sözü mənim qulağımda cingildədi: 
"Bir oturun, bir gəzin, bir vuruşun!" 
- Uşaqlar, - dedim, - bu əlcəklərdə analarımızın mehribanlıq istisi, 
vətənimizin dostluq sədaqətinin, birliyinin hərarəti var. Əllərimizə baxıb, 
analarımızın bizimlə, yanımızda olduqlarını hiss edirik. Onların mehriban 
ana nəfəsi bizi bəsləmiş, böyütmüşdür, bizi döyüşə  də, qələbəyə  də 
aparacaqdır. 
Lətif də, Nəsrəddin də ananın sözlərini təkrar etdilər: 
- Bir gəzək, bir vuruşaq! 
- Qoyun, - dedim, analarımızın surəti gözümüzün önündə, səsi 
qulağımızda,  əli ürəyimizdə olsun. Qoyun onlar oxşayıcı, məhrəm  əllərini 
həmişə bizim yaralarımızın üstünə çəkib sağaltsınlar. Sağ olaq, torpağımıza 
soxulan təcavüzkarları məhv edək! Analarımız sevinsin, arxayın yaşasınlar. 
Ana Vətən bizdən razı qalsın. 
 

Yüklə 2,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin