22
Sovetlərin vaxtilə qadağan etdiyi dini dəyərlərin milli müstəqillik dövründə
bərpası zamanında belə şeirlər tamamilə yeni bir ovqatda multikulturalizmə xidmət
edir. Müasir Azərbaycanın başqa bir şairi də bu mövzuda qələm çalıb. Bu, ölkədə
xeyli populyar olan Ramiz Rövşəndir. Onun “Çarmıxdakı İsa” adlı bir şeiri var. Bu
şerdə müəllifin İsa Məsihə münasibəti klassik Azərbaycan şairlərindən fərqli olaraq
islam teologiyası ilə də səsləşmir, çünki müsəlmanlar çarmıxa çəkilən şəxsin İsa
olduğuna inanmırlar, Quran-da yazıldığı kimi həmin şəxsin bir başqası olduğunu
düşünürlər. Ramiz Rövşən isə xristianlıqda Ata-Oğul-Müqəddəs Ruh üçlüyü ilə
assosiasiya yaradan misralarında belə deyir:
Mən sənin oğlunam bu yer üzündə,
həsrətinlə göyə çox baxdım, Allah.
Axır ki, arzuma çatdım deyəsən,
ayağım üzüldü torpaqdan, Allah.
Daha yerlə göyün arasındayam,
çarmıxa çəkilib qalmışam daha.
Mismarlanıb ayaqlarım, əllərim,
özüm öz tabutum olmuşam daha.
Əlbəttə, şeirdə İsa Məsih ümumiləşmiş İnsan obrazıdır, yer kürəsindəki
əzablardan qurtulub Tanrıya qovuşmağa can atan İnsan obrazı ki, poetik təcəssümünü
İsada tapır. Və bu şeir dini şeir də deyil. Ancaq müsəlman oxucularına xristian
teologiyası prizmasından xitab edən şair dini tolerantlığa da, multikultural mühitə də
beləcə öz töhfəsini vermiş olur.
Yeri gəlmişkən, Azərbaycanın milli müstəqillik illərində multikulturalizmə
islam teologiyası baxımından da töhfə verənlər var. Onların arasında dini fikirdə
islahatçı imici qazanmış, Quranın Azərbaycan dilinə tərcüməçilərindən biri Nəriman
Qasımoğludur. Hazırda dinin tolerantlığın təbliğatçısı qismində fəaliyyət göstərən bu
ilahiyyatçı-alimin “İsa Məsih”, “Yamanlığa yaxşılıq: Bibliya və Quran işığında”
başlıqlı tədqiqatları, “İslamda etiqad azadlığı məsələsi” mövzusunda çoxsaylı məruzə
və çıxışları dini durumda da multikultural ovqatın yayılmasına xidmət edir. Onun
“Quranda və Bibliyada Ekoteologiya Ümumilikləri” monoqrafiyası beynəlxalq dini
və akademik çevrələrdə maraqla qarşılanmış, müəllifinə şöhrət qazandırmışdır.
Dostları ilə paylaş: