Xarici ticarət. Bəhreyni adətən «İran körfəzinin ticarət evi»
adlandırırlar. Ticarət mərkəzi kimi o, çox-çox əvvəllərdən şöhrət
qazanmışdır. Məhdud təbii ehtiyatlara malik olan, lakin əlverişli
coğrafi mövqedə yerləşən kiçik ölkə üçün ticarət iqtisadiyyatın
həmişə mühüm tərkib hissəsi olmuşdur. Əsrlər boyunca bu kiçik
arxipelaq ticarət məntəqəsi kimi, burada yaşayan əhali isə tacir,
dənizçi və mirvari ovçusu kimi tanınmışdır. Mirvari ovu tənəzzülə
uğrasa da ticarət əvvəlki kimi ölkə iqtisadiyyatında böyük rolunu
saxlamaqda davam edir. İqtisadçıların fikrincə müasir dövrdə
Bəhreynin regional ticarət mərkəzi kimi «çiçəklənməsinin» başlıca
amili İran körfəzində ağır sənayenin inkişafı ilə də əlaqədardır. Məhz
elə bu amil Bəhreynin geri ixrac (reeksport) məhsulları mərkəzi kimi
rolunu gücləndirir.
Geri ixrac əməliyyatından ölkə xeyli miqdarda gəlir əldə edir.
Geri ixracatda parça, paltar, ev əşyaları, ərzaq məhsulları, oduncaq,
dəzgah, metal avadanlıqları, sement və s. məhsullar üstünlük təşkil
edir. Digər ölkələrdən alınan bu məhsullar Küveyt, Qətər, Səudiyyə
Ərəbistanı və İrana satılır. Bəhreyn idxal etdiyi məhsullarının 40
faizini ixrac edir.
46
Bəhreyn neft, neft məhsulları, alüminium, plastik kütlə və s.
ixrac edir. Başlıca olaraq sənaye və kənd təsərrüfatı avadanlıqları,
nəqliyyat vasitələri, ərzaq məhsulları, sənaye malları və tikinti
materialları idxal edilir. Ticarət etdiyi ölkələr Yaponiya, ABŞ, Böyük
Britaniya, Almaniya, Hindistan, Səudiyyə Ərəbistanı, Avstraliya
İttifaqı və başqalarıdır.
Maliyyə sistemi. 1975-ci ildən sonra Bəhreyn beynəlxalq bank
mərkəzinə çevrildi və 2000-ci ilədək ölkədə 80-dən artıq xarici bank
filialı açıldı. Ərəb ölkələrinin ticarət banklarının əksəriyyətinin
Bəhreyndə şöbələri fəaliyyət göstərir. Ölkənin milli gəlirinin təqribən
20 faizi müxtəlif maliyyə əməliyyatlarından əldə edilən gəlirin
payına düşür. İran körfəzində son illərdə baş vermiş böhranlarla
əlaqədar digər Ərəb əmirlikləri kimi Bəhreyn də müəyyən mənada
zərər çəkmişdir. Ölkənin maliyyə bank sisteminə və sənayesinə
xüsusilə böyük ziyan dəymişdir. Bu zərərin bir hissəsinin neftdən
gələn gəlirin hesabına ödənilməsinə baxmayaraq maliyyə vəsaitinin
çatışmaması ilə əlaqədar Bəhreyn ölkənin iqtisadi inkişafı üzrə
nəzərdə tutulan bəzi layihələrin həyata keçirilməsini müvəqqəti
dayandırmağa məcbur olmuşdur.
Ölkənin pul vahidi Bəhreyn dinarıdır. Təsbit edilmiş kursa
görə 0,38 dinar 1 ABŞ dollarına bərabərdir (2005). 1975-ci ildən eti-
barən Bəhreyndə offşor bank əməliyyatlarının keçirilməsinə icazə
verilmişdir. Hazırda ölkədə onlarca offşor bank fəaliyyət göstərir.