Nəqliyyatı, xarici ticarəti və maliyyə sistemi. Bəhreyndə
nəqliyyatın başlıca sahəsi gəmiçilikdir. Manamada beynəlxalq
miqyasda dəniz gəmiçiliyi ilə məşğul olan ondan artıq xarici şirkətin
şöbələri vardır. Beynəlxalq standartlara cavab verən liman Salman
şəhərindədir. Digərləri isə Manama və Sitra şəhərlərindədir. Sitra
limanından əsasən neft və qaz məhsulları ixrac edilir. Bütün
limanlarda yenidənqurma işləri aparılır. Belə ki, gəmilərin ərzaq və
su təhcizatı üçün anbarlar tikilir, tranzit gəmilər üçün körpülər
genişləndirilir, yükləmə-boşaltma mexanizmləri təkmilləşdirilir.
Bütün bunların İran körfəzi ölkələrinin iqtisadiyyatının sürətli
inkişafı sayəsində Bəhreyn limanlarının yük dövriyyəsi ildən-ilə artır.
Bəhreyndə dəmir yolu yoxdur. Avtomobil yollarının uzunluğu
3200 km-ə bərabərdir. Bunun 2430 km-i bərk örtüklü yollardır.
Ölkədə 3 təyyarə meydanı fəaliyyət göstərir. Beynəlxalq dərəcəli
təyyarə meydanı Mühərrək adasında yerləşir.
Bəhreyn həm xarici, həm də daxili rabitə vasitələri (İran kör-
fəzində ən güclü radiostansiya, yerin süni peykindən istifadə etməklə
teleks və telefon əlaqələri stansiyası) ilə yaxşı təchiz olunmuşdur.