İLYAS ƏFƏNDİYEVİN “SƏN HƏMİŞƏ MƏNİMLƏSƏN” ƏSƏRİNDƏ MÜHİT VƏ
QƏHRƏMAN PROBLEMİ
Könül ŞƏRİFOVA
Bakı Slavyan Universiteti
sherifova.konul@mail.ru
Mühit və qəhrəman problemi bir-birilə vəhdət təşkil edir. Mühitin qəhrəmana təsiri nəticəsində qəhrəmanın xarakteri
açılır və şəxsi keyfiyyətləri üzə çıxır. Əsərdə verilən surətlərin hamısı təsvir olunan hadisələrin gedişində eyni dərəcədə
fəaliyyət göstərmir, amal uğrunda apardıqları mübarizəni, həyatı, insan münasibətlərini biri digərlərinə nisbətən daha
dərindən dərk edir, yüksək qiymətləndərir və bu cəhətdən başqalarından fərqlənir. Yazıçı həmin əsərdə irəli sürdüyü ideya
ilə əlaqədar fikir və arzularını, gəldiyi qənaəti də belə surətlər vasitəsilə ifadə edir. Bədii əsərdə qəhrəman təsvir olunan
hadisələrin mərkəzində durur, aparılan mübarizənin təşkilində və gedişatında mühüm rol oynayır. Bədii əsərdə danışılan
əhvalat , hadisə sənətkar tərəfindən yaradılan surətlərlə verilir və yazıcı onun vasitəsilə həyata, müəyyən ictimai quruluşa
öz münasibətini bildirir
Müasir dövr ədəbiyyatında lirik-psixoloji üslub özünü göstərir. İlyas Əfəndiyev ədəbiyyatımızda lirik-psixoloji
dramaturgiyanın banisidir. Onın əsərlərində qəhrəmanın hiss və həyəcanları, arzu və istəkləri, düşüncələri, mənəvi
iztirabları öz parlaq əksini tapmışdır.
Azərbaycan nəsrinin canlı, təravətli,bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində ,dramaturgiyamızda
lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin böyük yaradıcılıq xidmətləri olmuşdur. Onun “Sən həmişə
mənimləsən” əsəri ədəbiyyatımızda lirik-psixoloji üslubun təməlini qoymuşdur .
İlyas.Əfəndiyevin “Boy çiçəyi” və ya “Sən həmişə mənimləsən” pyesində daxili dramatizm və dinamikanın inkişafı
yüksək sənətkarlıqla işlənmişdir. Lirik-psixoloji dramda bitkin dinamik kompozisiya daxilində hadisələrin , fikrin hərəkət
vəhdəti maraq doğurur . Ümumiyyətlə, İlyas Əfəndiyevin pyeslərində milli təfəkkür, milli psixologiya , cilalanmış sərrast
dil, aktuallıq özünü göstərir .
Əsər ata qayğısından məhrum olan , atalığının təkidi ilə anası tərəfindən evdən çıxarılan Nargilənin zavod direktoru
Həsənzadəyə olan “qarşılıqsız” məhəbbəti haqqındadır.
Həsənzadə tənhalığa məhkum olunmuş insandır, onu yaşadan ancaq keçmişin xatirələridir. Lakin onunla belə
Həsənzadənin qəlbində həyat eşqi hələ də sönməyib , o, həyata vurğun insandır. Tənhalığın faciəsi bu surətlərin hər birinin
həyatında öz mütləq rolunu oynayır. Tənhalığın məngənəsindən qurtulmaq üçün Nargilənin anası Nəzakət sevmədiyi
Fərəcə getmək məcburiyyətində qalıb, həm də bu insana kölə kimi qulluq edir . Tənhalığın dəhşəti Nargiləni Həsənzadə
ilə görüşdürür. Nə yaxşı ki, bu görüş xoş sonluqla bitir. Nargilənin sevgidən daha çox xoş münasibətə və valideyn
məhəbbətinə ehtiyacı var. Əsərin ideyasına müvafiq olaraq Həsənzadə, onun mərhum xanımı Xurşid və Nargilə boy
çiçəyinin funksiyasını yerinə yetirirlər. Onlar bir-birinin həyatlarına müsbət təsir göstərib, onu xoş məcraya yönəldirlər.
Boy çiçəyinin özü quruyub xəzan olsa da, onun ətri qalır. Yaxşı əməllər də belədir, insan həyatdan gedəndən sonra belə
onun əməlləri daim yaşayır .
|