Bizim email:
arazbilgin@yahoo.com, bilgin.araz@gmail.com
28
185. İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı
batildən) ayıran (Qur’an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən
şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin
sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki,
fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona
("Allahu əkbər" deməklə) tə’zim və şükür edəsiniz.
186. (Ya Rəsulum!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən (onlara)
yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim
çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola
yetişsinlər.
187. Oruc gecəsi qadınlarınıza yaxınlaşmaq sizə halal edildi. Onlar sizin, siz də onların
libasısınız. (Bir-birinizə həddindən artıq yaxınsınız). Allah sizin özünüzə pislik
(xəyanət) etdiyinizi (yaxud nəfsinizə qarşı zəiflik göstərəcəyinizi) bilib tövbələrinizi
qəbul edərək sizi bağışladı; artıq siz onlara yaxınlaşın, Allahın sizə halal etdiyini
onlardan istəyin; sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için; sonra
gecəyə qədər orucunuzu tamamlayın; məscidlərdə ibadətdə (e’tikafda) olduğunuz
zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin. Bunlar (bu hökmlər) Allahın
hədləridir, bunları aşmayın! Allah (insanlara) hökmlərini bu cür bildirir ki, bəlkə,
müttəqi olsunlar!
188. Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin. Xalqın malının bir qismini
(onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı)
hakimlərə (rüşvət) verməyin!
189. (Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki,
bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə (Cahiliyyət
dövründə olduğu kimi) arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş (pis
əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan
qorxun ki, nicat tapasınız!
190. (Ey mö’minlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən
kənara çıxmayın. Allah həddi aşanları sevməz!
191. Onları (Məkkə müşriklərini) harada görsəniz öldürün. Sizi çıxartdıqları yerdən
(Məkkədən) siz də onları çıxardın. Fitnə (müşriklərin fitnəsi) qətldən daha şiddətlidir.
Onlar sizinlə Məscidülhəram yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın!
Əgər (orada) sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!
|