______________Milli Kitabxana_____________
278
və düzbucaqlı möhürlüyündən istifadə edirdilər. Metal rəsmlərdə
ay motivinin müxtəlif variantları cızılmışdır.
Uçar rayonunda III əsrə aid olan maraqlı bir gemma parçası
tapılmışdır. Onun üzərində ağacda oturub fleyta çalan
heyvanabənzər bir varlıq təsvir edilmişdir.
Qədim Azərbaycanda həkkaklıqdan mal sahibini göstərən
möhür, insanları bədxah ruhlardan qoruyan tilsim və bəzək kimi
də istifadə edilirdi. Tilsim olan gemmalarda ilahi qüvvələrin,
qədim totemlərin, allahların, xeyirxah ruhların təsvirləri verilirdi.
Həkkaklıq sənəti qədim Azərbaycanda təsviri sənətin
inkişafını və səciyyəvi xüsusiyyətlərini əyani surətdə göstərən
mötəbər mənbələrdəndir.
Heykəltəraşlıq Qafqaz Albaniyası incəsənətinin ikinci
dövründə (I-VII əsrlər) tərəqqi tapmışdır. Qədim plastik sənətin
müxtəlif nümunələrini üç qrupda ümumiləşdirmək olar. Birinci
qrupa qabartma tipli təsvirlər, ikinci qrupa dairəvi heykəllər,
üçüncü qrupa isə qəbirüstü abidələr daxil edilir.
Birinci qrupu Mingəçevirdən tapılan ucları qoyun, ilan başı
şəklində oyulmuş gümüş bilərziklər, daşdan, kəcdən hazırlanmış
əsərlər və gildən yoğurulmuş keramik nümunələr təşkil edir.
Zərgərlik sənəti bəhsində deyildiyi kimi, bilərziklər ən
qədim dini əqidələrdən olan totemizmlə əlaqədar olaraq heyvan
başları ilə bəzədilmişdir. Belə bilərziklər e. ə. IV-I əsrlərə və e. I
əsrinə aiddir. Lakin daha əvvəlki dövrlərdə tunc bilərziklər metal
kultu ilə əlaqədar olaraq insanları qorumaq «qüdrətinə» malik idi.
Odur ki, qədim azərbaycanlılar belə bilərzikləri həm qollarına
həm də qıçlarına salırdılar. Bu ayin qədim insanların metala, tunca
oddan törəmiş, od qüvvəsinə malik ilahi bir varlıq kimi pərəstiş
etmələrinin nəticəsi idi. Lakin zaman keçdikcə əcdadlarımız
metalların sirrinə daha çox bələd olur və dərk etməyə başlayırdılar
ki, tunc, gümüş adi şəkildə insanı qoruya bilməz, onlarda ilahi
qüvvə yoxdur, çünki onları insan özü yaradır və şəkildən-şəklə
salır. Ulu babalarımızın bu «kəşfindən» sonra ustalar tunc və
gümüş bilərziklərə və eləcə də başqa metal əşyalara totem
allahların surətini əlavə etməklə, onların ilahi «qüvvəsini» bərpa
etmiş oldular.
|